Gecə, üzü yuxarı
Və vaxtı-vədəsi gəldikdə düşmənin izinə düşər, buna “qüdsi savaş" deyərdilər.
…Uzun otel hollunun yarısına gəlib yetişdikdə, böyük ehtimalla gecikəcəyini düşündü. Qonşu bina qapıçısının izni ilə tində qoyub getdiyi motosikletini götürməkdən ötrü tələsik çölə çıxdı. Tindəki zərgər dükanındakı saat doqquza on dəqiqə qaldığını göstərirdi. Lazımi yerə gedib çıxması üçün hələ xeyli vaxtı vardı.
Günəş şüaları şəhər mərkəzindəki hündür binaların arasından süzülürdü. Və O (düşüncələrə dalaraq getdiyi zaman içində öz adını çəkməzdi), gəzinti həvəsiylə dəmir atına mindi. Mühərrik ayaqları arasında fınxırır, sərin küləkdən şalvarının balağı dalğalanırdı.
Mərkəzi küçəylə (çəhrayı və ağ) nazirlik binaları, sonra vitrinləri işıldayan dükanların yanından ötüb-keçdi. İndi yolun ən xoş hissəsi başlayırdı, əsl gəzinti: iki tərəfi ağaclı, uzun bir yol, seyrək maşın axını, alçaq hasarlı, səkilərədək uzanan bağçaların əhatəsində olan böyük villa qatarı.
Diqqəti bir az dağılmış olsa da, motosikletini, lazım olduğu kimi, yolun sağ tərəfiylə sürürdü, ancaq özünü, ixtiyarsız olaraq, doğmaqda olan bu günün təravətinə, azca uçucu həyəcanına təslim elədi. Odur ki, qəzadan yayına bilməsinə, yəqin ki, qəfildən qapıldığı dalğınlıq maneə törətdi.
İşıqforda qırmızı işığın yansa da, tindəki qadın piyada keçid zolağına çıxmışdı, o, bunu gördükdə, artıq iş işdən keçmiş, çarəsiz qalmışdı. Var gücüylə əl və ayaq əyləclərini basaraq motosikleti sola döndərdi. Bunun ardınca qadının qışqırığını eşitdi, zərbəni duydu və anidən kor oldu. Sanki birdən-birə yuxuya getdi.
Qəfildən özünə gəldi. Dörd-beş gənc kişi onu motosikletin altından çıxardırdı. Ağzında duzlu qan dadı duydu, dizi ağrıyırdı. Adamlar onu ayağa qaldırdıqları zaman da sağ qolunun ağrısına dözə bilməyib bağırdı.
Qulağına səslər gəlirdi: zarafatlar, təskinlik sözləri, amma onlardan heç biri başı üstündə toplaşaraq üzünə doğru əyilən adamlara aid deyildi. Yeganə təsəllisi tini dönərkən, həqiqətən yolun sağ tərəfiylə getdiyini başqalarının təsdiqləmələrini eşitmək idi. Boğazına qədər yuxarı qalxmış qusma istəyini boğmağa çalışaraq qadının aqibətini soruşdu. Yaxındakı aptekə aparıldığı zaman qəzaya səbəb olan qadının qıçlarındakı bir neçə cızıqla xilas olduğunu öyrəndi. “Yox, siz ona azca toxunmusunuz, amma əyləcə basarkən motosiklet aşıb…” Sonra hadisə şahidlərinin mübahisəli rəyləri, təfərrüatların təsviri, “yavaş-yavaş, əvvəlcə çiyin tərəfdən tutub qaldırın, aha, bax belə, çox gözəl” və kiçik aptekin alatoranında ona ağrıkəsici həb udduran ağ xalatlı kimsə.
Beş dəqiqə keçməmiş polis “təcili yardım”ı gəlib-çıxdı, onu döşəkli xərəyə qoydular: orda dümdüz uzana bilmək çox böyük rahatlıq idi. Qorxunc durumda olma təsiri bağışla da, yenə də yanındakı polis məmuruna tamamilə aydın və huşu özündə olaraq ünvanını dedi. Qolu demək olar ki, ağrımırdı, yalnız qaşının üstündəki çatdan axan qan bütün üzünə yayılırdı.
Qanı bir neçə dəfə dodaqlarıyla yaladı. Özünü yaxşı hiss eləyirdi. Nə edərsən, bir işdi də təsadüfən başına gəlib, bədbəxt hadisə, yataqda bir-iki həftə keçirər, vəssalam. Başı üstündəki adam dedi ki, motosikletinə elə də zərər dəyməyib, deyəsən. O: “Niyə əzilsin ki, bədənimlə üstünü örtmüşdüm”, – söylədi. Gülüşdülər, xəstəxanaya çatanda da polis onun əlini sıxdı, “Tanrı şəfa versin!” – dedi.
İndi ürəkbulanması yenidən baş qaldırırdı. Onu təkərli xərəkdə həyətin içiylə aparırdılar, quşla dolu ağacların altından. Kaş yuxuda olaydı, ya da huşunu itirəydi. Amma onu xəstəxanalara məxsus iy verən bir otaqda uzun müddət saxlayaraq anket doldurdular, paltarlarını çıxardılar, əyninə nəmiş, boz, uzun köynək keçirdilər. Qolunu ehtiyatla tərpətdilər, ağrımırdı. Şəfqət bacıları dayanmadan zarafatlaşırdılar; mədəsindəki sıyrılmalar olmasaydı, “yaxşıyam”, hətta “xoşbəxtəm” deyə bilərdi.
Onu rentgen kabinəsinə apardılar, iyirmi dəqiqə sonra da hələ nəm olan plyonkanı məzar daşı kimi sinəsi üstünə qoyub əməliyyat otağına aradılar. Ağ xalat geymiş uzun, arıq bir adam xərəyə yaxınlaşdı, rentgenin nəticəsini gözdən keçirməyə başladı. Bir qadının əlləri onun xərəyə yatan başını düzəldirdi. Sonra bir xərəkdən o birisinə qoyulduğunu duydu.
Ağ xalatlı adam gülümsəyərək yenə ona yaxınlaşdı, sağ əlində parlaq nəsə vardı. Adam onun yanağını oxşayaraq arxada duran birinə əliylə işarə verdi.
…Bu qəribə yuxuydu, çünki qoxuyla dolu idi, halbuki yuxularında heç qoxu duymazdı. Əvvəl bataqlıq qoxusu, bax orda, meşə yolunun solunda bataqlıqlar başlayırdı – gedənlərin bir daha geri qayıtmadığı o uducu palçıq yığını. Amma qəfildən pis qoxu seyrəldi, itdi, yerini daha qatı və tünd bir qoxu aldı, gecə kimi, asteklərin təqibindən qaçarkən içindən keçdiyi gecə. Hər şey elə təbii idi ki, insan ovuna çıxmış olan asteklərdən qaçmaq məcburiyyətində idi, yeganə ümidi də özlərinə, moteklərə bələd olan ensiz cığırdan sapmamaq üçün əlindən gələni edərək meşənin ən dərin guşəsində gizlənə biləcəyi yer tapmağa idi.
Onu ən çox hövsələdən çıxardan qoxuydu. Sanki yuxuya tamamilə dalsa da, yenə də bu adi olmayan yuxuya, bu dəqiqəyə qədər oyuna qatılmamış olan nələrsə müqavimət göstərirdi. “Dava iyi gəlir”, – deyə düşündü. İnstinktiv olaraq əliylə yun toxuma kəmərin arxasına keçirilmiş daş xəncərdən yapışdı. Gözlənilməz çıtırtını eşidincə çömbəldi və qaldığı yerdəcə titrəməyə başladı.
Bu qorxuda təəccüblü heç nə yoxudu, yuxuları həmişə qorxuyla dolu idi. Kol budaqları arxasında, aysız gecənin qaranlığında gizləndi. Uzaqda, böyük gölün əks sahilində keşikçilər tonqallar qalamışdı deyəsən, çünki səmada qırmızımtıl parıltı vardı.
Çıtırtı bir daha eşidilmədi. Yəqin, hansısa budağın qırılmasının səsiydi. Bəlkə də (özü kimi) qoxudan qaçan bir heyvanın. Ağır-ağır ayağa qalxaraq ətrafı dinşədi. Heç bir səs eşidilmirdi, qorxu da, qoxu da, qüdsi savaşın bihuşedici qoxusu onu tərk etmirdi. İrəliləmək, palçıq bataqlıqlarından yan keçərək meşənin göbəyinə çatmaq məcburiyyətində idi.
Qaranlıqda ayaq basdığı yeri görmədən, əl havasına, hər bir neçə dəfə dayanıb, meşə yolunun – cığırın sərt torpağına toxunaraq bir neçə addım atdı. Arxasına baxmadan qaçmaq istəyirdi, amma yanında qəfil guruldayan bataqlıq onu bundan çəkindirirdi. Cığır üzərində, qaranlıqda yönü tapmağa çalışdı. Məhz o vaxt onu ən çox qorxudan o pis, iyrənc qoxu dalğası üzünü yaladı. Və o, naümidliklə irəli atıldı.
…Palatadakı başqa bir xəstə:
– Çarpayıdan yerə düşəcəksən, – dedi. – Qurcalanma, dost.
Gözlərini açdı, günorta vaxtı çoxdan keçmişdi, günəş o qədər aşağı enmişdi ki, şüaları palatanın böyük pəncərələrindən güclə içəri düşürdü. Qonşu çarpayıdakı xəstəyə sarı çevrilib gülümsəməyə çalışarkən, qarabasmanın son səhnəsini az qala bilək gücü ilə beynindən dartıb qopardı. Gipsə salınmış qolu cürbəcür, ağır cihazlarla havada asılı qalmışdı. Sanki kilometrlərlə qaçıb gəlmişdi, susamışdı. Amma ona çox su vermək istəmirdilər, yalnız dodaqlarını islatmağa yetəcək qədər – bir qurtum. Hərarəti yavaş-yavaş artırdı, istəsəydi, yenidən yuxuya gedə bilərdi, amma o, oyaq qalmanın dadını çıxarırdı, gözləri yarıqapalı halda o biri xəstələrin danışıqlarını dinləyib, arada-bərədə sualları cavablayırdı.
Çarpayısının yanına kiçik, təkərli xərəyin yanaşdığını gördü, sarışın şəfqət bacısı ombasını spirtlə sildi, şişman iynəni ətinə batırdı. İynənin birləşdirildiyi nazik rezin boru o biri ucunda içində maye olan şüşəyə bağlanmışdı. Palataya gənc təcrübəçi həkim girdi, əlindəki yarımetal, yarımeşin cihazı, – kim bilir nəyi ölçmək üçün, – sağlam qolunun üstünə qoydu.
Gecənin hökm saatı yetişdi. Hərarəti asta-asta bütün bədənini bələyir, hər şeyin teatr binoklu görünüşünə qədər kiçildiyi hala sürüklənirdi. Onların hamısı həm gerçək, həm də zərif idi, amma eyni zamanda, ikrah doğururdu. Darıxdırıcı filmə baxarkən də belə olur, “hə, nə edək, küçədə olmaq bundan betərdi”, – deyə düşünüb kinonu sonadək izləyirsən.
Bir fincan qızılı rəngli, gözəl ət suyu – bulyon gətirdilər; soğan-sarımsaq, kərəviz və cəfəri iyi verirdi. Böyük ziyafətdən daha qiymətli olan bir fal çörək yavaş-yavaş yeməyin içində əridi. Qolu heç ağrımırdı, yalnız tikiş vurulmuş qaşından bəzən isti qan axırdı. Çarpayısıyla üzbəüz olan böyük pəncərələr tünd-mavi qaraltılarla tutulduğu zaman yuxuya getməkdə çətinlik çəkməyəcəyini düşündü. Arxası üstə yatmaq bir az narahatlıq yaradırdı, amma dilini quru, həddən artıq isti dodaqlarından toxundurduqda yenə də ətsuyunun dadını duyub dərin məmnunluqla köksünü ötürdü.
Öncə o an üçün korlaşan, bulanıqlaşan hisslər eşitdikləri səslər içərisində cəmləşərək bir-birinə qarışdı. Yuxarıda, ağac budaqları ilə xətlərlə bölünmüş səma nisbətən işıqlı olsa da, zil qaranlıqda arxaya baxmaqdan qaçırdı. “Cığır, – deyə düşündü, – cığırı itirdim”. Ayaqları yarpaq və palçıqdan ibarət xalı üzərindəydi. Və indi bir addım belə ata bilmirdi, atsaydı, budaqlar qıçlarını qırmanclayacaqdı. Nəfəsini içinə çəkərək, qaranlıq və səssizliyin dalanına dirəndiyini anlayırdı, aşağı əyilib ətrafı dinşədi. Cığır bəlkə də lap yaxındaydı.
Şəfəq vaxtı onu görə bilərdi. İndi cığırı tapa bilmə ehtimalı yox idi. İxtiyarsız olaraq xəncərin dəstəyindən yapışmış əli bataqlıq hörümçəyi kimi boynuna, qoruyucu həmailinə doğru uzandı. Dodaqlarını güclə tərpədərək bərəkət duasını oxudu, bütün moteklərin Xeyir və Şərin hakimi saydığı Ən Ulu Ana-ilahəyə yalvardı. Bununla bərabər, ayaq biləklərinin palçığa daha dərin batdığını duyurdu. Bu qərib meşədə qaranlığa sığınması getdikcə dözülməz olurdu.
Qüdsi savaş yeni Ayın doğmasıyla bir vaxtda başlamış və üç gün-üç gecəydi ki, davam edirdi. Meşənin dərinlərində gizlənə bilərsə, bataqlıq bölgəni keçdikdən sonra da cığırla gedərsə, döyüşçülər onun izini itirərdi bəlkə də. Onların indidən xeyli adamı əsir götürdüyünü düşündü. Amma önəmli olan sayı deyil, tanrıların təyin elədiyi mübarək dövrə yetişmək idi. Kahinlər dönüş iznini verməyənədək ov davam edəcəkdi.
Hər şeyin öz nizamı və sərhədi vardı. Mübarək dövrün içində idilər və o, ovçuların ərazisindəydi.
Bağırtıları eşidincə yenidən əlini xəncərinə atdı. Üfüqdə sanki göy od tutub yanırdı, lap yaxınındakı budaqlar arasında irəliləyən məşəli gördü. Burnu savaş qoxusunu aldı. İlk düşmən hücuma keçib boynuna atıldıqda, daş xəncəri qəbzəsinə qədər təcavüzkarın sinəsinə sapladı. Məşəllər ətrafını bürümüşdü, sevinc hay-həşiri eşidilirdi. Bir, ya iki dəfə xəncəri havaya qalxdı, sonra arxadan atılan kəmənd onu geri dartdı.
…Yanaşı çarpayıdakı adam:
– Bu qızdırmadandı, – deyirdi. – Mənim onikibarmaq bağırsağımı əməliyyat edəndə eyniylə bu cür idim. Bir az su iç, görərsən, elə rahat yatacaqsan ki…
Arxada qoyub qayıtdığı gecəylə müqayisədə, üzü yuxarı yatdığı yer, palatadakı alatoran ona daha xoş gəldi. Qarşı tərəfdəki divarın lap yuxarısında bənövşəyi rəngli lampa lap himayəçi göz kimi keşik çəkirdi. Öskürək səsləri, dərin tənəffüslər, pıçıltılar eşidilirdi. Hər şey xoş, etibarlı və mərhəmətli ovqat yaradırdı, nə qovan vardı, nə də… Amma qarabasmanı düşünmək istəmirdi artıq. Onu əyləndirə biləcək çox şey vardı. Qolundakı gipsə, bu qolu rahatlıqla havada saxlayan çarxlara baxdı. Çarpayısının yanındakı gecə masasının üstünə bir şüşə mineral su qoymuşdular. Şüşəni başına çəkib suyu içdi.
Palatadakı cürbəcür qaraltıları artıq ayırd edə bilirdi: otuz çarpayı, şüşə qapılı şkaflar. Qızdırması düşmüşdü azca, deyəsən, üzü sərin idi. Qaşının üstündəki yara sızlayırdı. Bir anlığa oteldən çıxışını, motosikletini tindən götürərək necə “yəhərlədiyini” xatırladı. Aqibətin belə olacağı kimin ağlına gələ bilərdi ki?!
Qəza anını yada salmağa çalışdı. Qəti şəkildə müəyyən elədi ki, həmin yerdə sanki uçurum vardı, heçlik, nə etsə də doldura bilməyəcəyi boşluq, – bunu anladıqda çox hirsləndi. Toqquşma ilə yerdən qaldırıldığı an arasında, huşunu itirdiyinə görəmi nədir, heç bir şey görə bilmirdi. Yalnız bu boşluq, bu heçlik, əbədiyyət boyu davam eləyən bir duyğu vardı içində. Yox, zaman belə deyil, daha çox şey kimi idi, nədi o… bu boşluq içindən sərhədi keçmişdi, ya da qaçaraq ucsuz-bucaqsız uzaqlıqların kənarına gəlib çıxmışdı sanki.
O zərbə, səkiyə şiddətli çarpılma. Hər nəysə, ətrafdakılar onu yerdən qaldırarkən qaranlıq uçurumun dibindən çıxıb xilas olmuş, içinə sonsuz rahatlıq çökmüşdü. Sınmış qolunun sancısı, yarılmış qaşından axan qan, dizindəki ağrı – bütün bunların arasında gün işığına çıxması, ağlının başında olması – sənə dəstək verən, sənə kömək edən gerçəklərə görə fərəh duyurdu. Doğrusu, qəribə şey idi bu. Bir gün öz iş yerindəki – laboratoriyadakı həkimdən bunu soruşmalıydı. İndisə yuxu yenə ona güc gəlir, asta-asta öz girdabına çəkməyə başlamışdı. Yastıq elə yumşaq idi ki… qızdırmalı boğazında da mədən suyunun tamı qalırdı. Yuxarıdakı lampanın bənövşəyi rəngli işığı sönükləşir, sönükləşirdi…
Arxa üstə yatdığı üçün, üzü yuxarı ayıldığı zaman da özünü arxa üstə görüncə təəccüblənmədi. Amma özünə gəldikdə üzüqoylu olduğunu gördü, o rütubətli qoxu, nəm qayaların qoxusu nəfəs yolunu tıxayır, onu həqiqəti qavramağa məcbur edirdi. “Aç gözlərini, dörd bir yanına bax, ümidsiz”. Mütləq şəkildə zil qaranlıqla əhatələnmişdi. Ayağa qalxmağa cəhd etdikdə əl-qolunun bağlı və ayaqlarının buxovlu olduğunu gördü. Buz kimi soyuq daşa bağlamışdılar onu. Daşın soyuqluğu çılpaq kürəyinə, qıçlarına sancılırdı. Sərsəm halda çənəsiylə həmailinə toxunmağa çalışdı, amma tilsimin boynundan çıxarıldığını anladı. Vəssalam, sonu çatmışdı, artıq heç bir dua ona nicat verə bilməzdi…
Ta uzaqdan, sanki zindanın sal divarlarından süzülürmüş tək bayram təbillərinin səsi eşidilirdi.
Onu məbədə gətirdilər, Teakallinin yeraltı hücrələrindən birində aqibətini gözləyirdi. Qışqırıq eşitdi, divarları sarsıdıb sədalanan bir qışqırıq. Sonra iniltiylə bitən daha bir qışqırıq. Qaranlıqda bu hayqırtıları qoparan oydu – özü qışqırırdı, çünki hələ sağ idi, daha yaşayırdı, bu hayqırıtıyla bütün bədəni başına gələcək olanı, labüd sonu özündən iraq tutmağa çalışırdı. O biri zindan hücrələrini dolduran tayfadaşlarını düşündü və bu an qurbangah pillələrini bir-bir qalxanları. Boğuq bir qışqırış qopardı yenə, ağzını belə aça bilmirdi, əngi yerindən çıxmışdı və sona qədər gərilmiş kimi idi; ağzı ağır-ağır açılırdı, elə bil rezindən idi.
Taxta rəzənin qıcırtısı onu qamçı zərbəsi kimi sarsıtdı. Qıvrılaraq ətinə işləyən kəndirdən xilas olmağa çalışırdı. Daha güclü olan sağ qolunu bacardığı qədər gərdi, amma canının ağrısı dözülməz həddə çatınca bu səydən imtina etmək məcburiyyətində qaldı. Qoşatay qapının açılmasını sakitcə izlədi və məşəl qoxusu burnunu dəldi. Qurşaqlarına bağlanmış mərasim bezlərindən xaric, əyinlərində heç nə olmayan məbəd kahinləri ikrahla süzərək onu yaxınlaşdılar.
İşıq şölələri onların tərli üzlərdən, tüklərlə bəzədilmiş kəmərlərində əks olunurdu. Kəndir boşaldı, onun yerini tunc kimi möhkəm və sərt əllər tutdu. Onu yuxarı qaldırdılar, yenə üzü üstəydu. Dörd kahin-xidmətçi onu kif iyi verən daş dəhliz boyu əllərində aparırdı. Məşəlçilər qabaqda gedirdi, divarlarından su damlayan keçidi güclə işıqlandıraraq. Tavan elə alçaq idi ki, xidmətçilər başlarını əymək məcburiyyətində qalırdı.
Nəhayət, çölə çıxarırdılar onu – bu da aqibət. Üzü yuxarı, məşəl şölələriylə işıqlanan bir, bir yarım metrlik sərt qaya daşlarının altından keçirirdilər…
Tavan yerinə ulduzların göründüyü, çığır-bağır eşidildiyi, geniş, qədim-qaim ehramın pillələri qarşısında sərgiləndiyi zaman sonu çatmış sayıla bilərdi. Keçid heç cür qurtarmaq bilmirdi, amma tezliklə onun da sonu görünəcək, birdən-birə ulduz dolu səmanı görəcəkdi, amma hələ yox. Qızılı kölgələr içində, üzü yuxarı, kobud şəkildə çəkib aparırdılar onu, necə müqavimət göstərsin ki?! Həmailini boynundan qoparmışdılar, gerçək ürəyini, can mənbəyini.
Qəfil sıçrayışla xəstəxana gecəsinə döndü, o yüksək, itaətli, çılpaq tavana, onu hər tərəfdən əhatə edən yumşaq alatoranlığa. Qışqırdığını güman edirdi, amma qonşuları rahat yatıb xoruldamaqdaydılar. Gecə masasının üstündəki şüşənin suyu bir az qabarcıqlanmışdı; pəncərələrin tünd-göy qaranlığı qarşısında duran yarışəffaf şəkildəydi. Güclə nəfəs alırdı, ciyərinə daha çox hava almağa çalışırdı, göz qapaqlarına hələ də yapışıb qalan kabusları unutmağa çalışırdı. Gözlərini yuman kimi qarabasmalar dərhal canlanırdı. Yerindən dik atılırdı. Təpədən dırnağa əldən düşmüş, tükənmiş haldaydı. Amma artıq oyaq olduğunu, gecə növbətçisinin – şəfqət bacısının bir zənglə yanına gələcəyini, dan yerinin tezliklə ağaracağını qəti şəkildə xəyalına gətirdikdə, rahat nəfəs alırdı. O saat da dərin, rahat yuxuya gedəcəyi, qarabasmalar görməyəcəyini təsəvvürünə gətirdi…
Gözlərini açıq saxlamaq çətin idi, yuxu ona güc gəlirdi. Son cəhdi edərək sağlam əlini su şüşəsinə uzandı, amma götürə bilmədi, barmaqları yenə qapqara bir boşluğu qamarladı. Keçid, sonu görünməz kimi uzanırdı, sal daşlar və zərrin parıltılar bir-birini əvəzləyirdi.
Məbəd xidmətçilərinin çiynində üz yuxarı aparıldığı zaman boğuq bir inilti çıxardı, çünki tavan sona çatmaq üzrə idi. Hündürlük artır, kölgələr uzanırdı və rahiblər qədlərini düzəldilər. Lap yuxarılarda naziklənmiş Ayın işığı üzünə düşdü, amma gözləri onu heç görmək istəmirdi, gözləri dəlicəsinə açılıb-yumulurdu, kənara baxmaq istəyir, yenə də palatanın yüksək, qoruyucu tavanını tapmağa çalışırdı.
Gözlərini nə zaman açırdısa gecəni və Ayı görürdü, o ulu, geniş ehram pillələriylə qalxarkən, başı aşağı sallanırdı, təpədəsə tonqallar yanır, səmaya qırmızı od dilimləri və tüstü ucalırdı. Və qəfildən qanla işıldayan qırmızı qurbangah daşını gördü, daşın üstündən götürülərək şimal pillələrilə aşağı yuvarlanan qurbanın sallanan ayaqlarını.
Son ümidlə göz qapaqlarını sıxdı, inləyərək oyanmağa çalışdı. Bircə saniyəliyə ona elə gəldi ki, yuxudan ayıla biləcək, çünki yenə də arxası üstə yataqdaydı, yalnız başı yastıqdan sürüşüb sallanırdı. Amma burnunu ölüm qoxusu dəldi, iliklərinə qədər qana bulanmış kahinin əlindəki daş bıçaqla ona yaxınlaşan qaraltısını gördü.
Gözlərini yenə yummağı bacarsa da, bir daha yuxuya getməyəcəyini artıq bilirdi, çünki oyaq idi, əsl yuxu o biri, başqaydı, bütün yuxular kimi mənasız… bu yuxuda ayaqları arasında vızıldayan böyük, metal bir böcəyə minmişdi, ecazkar bir şəhərin qəribə yollarında odsuz, tüstüsüz yanan qırmızı-yaşıl işıqlar altından şütüyüb-gedirdi. Yuxuların hədsiz aldadıcılığı içində onu yerdən qaldırdılar və əli bıçaqlı kimsə yanına gəldi, üzü yuxarı, yumulu gözlərlə üz yuxarı yatdığı yerdə, ehram pillələriylə qalxaraq, tonqallar arasından keçərək.
Tərcümə: Əziz Rzazadə