XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2017 - 01:35

Mayor Hafiz Təmirov yazır:"Kitab oxuduğunuza görə, sizə təşəkkür edirəm…"

Hafiz Təmirov,

polis mayoru

 

İştirak etdiyim tədbirlərin birində eşitdiyim “Cəmiyyət yenidən kitaba qayıdır, gənclərimiz kitaba üz tutur” fikri neçə vaxt idi ki, beynimdə ilişib qalmışdı. Elə həmin tədbirdə gözünü telefondan, vatsapdan ayırmayan gənclər yaşlı adamın sözünə gülümsəməklə, sanki, iradlarını bildirmişdilər. Etika xatirinə biri bir kəlmə söz deməmişdi. Çünki tədbirdə iştirak edənlərin arasında, həqiqətən də, kitabı sevənlər, bircə kitabının işıq üzü görməsini arzulayan yazarlar var idi. 

Dünyanın necə yaradıldığını, hardan gəlib, hara getdiyini də kitablar anladıb bizə. Biz Yaradanın da ilk əmrlərini kitabdan oxumuşuq. O kitab ki, səmadan gəldiyinə görə, dünən olduğu kimi, bu gün də müqəddəsdir. Elə isə müqəddəs olan bir şeydən imtina etmək, sizcə, nə deməkdir, ondan imtina edənlərin aqibətini yaxşı olacağını kim deyə bilər?

Bu, birmənalı belədir: kitabdan imtina etmiş cəmiyyət öz varlığını şübhə altına atmış olur.“Kitablardan yan keçənlər öz səadətlərindən yan keçir” kəlamı dünən üçün də aktual idi, bu gün də aktualdır.

Sadə bir müqayisə aparaq. Elə həyatın içindən. Çoxumuzun kompyuter almağa, son texnologiyalardan istifadə etməyə imkanı yoxdur. Amma bu gün hər kəs kitab alıb oxuya bilər – sadəcə istək və həvəs olsun. Və daha bir müqayisə: televiziyada, radioda gənclərimizə ünvanlanan hər hansı bir sual qarşısında onların gözlərini necə döydüklərini görmüsünüzmü? Qarşısındakı şəxsə fikrini aydın, səlis, məntiqli şəkildə ifadə etməyi bacarmayan bir gənc dövlətini, millətini təmsil edə bilərmi?

Kitab ən gözəl özünütəqdimatdır. Oxuduğun kitablar artıq sənin haqqında fikir, rəy formalaşdıra bilir. Geniş mütaliən insanlar arasında fərqlənməyini şərtləndirir.

İndiki zamanda hər oxuyan, əlbəttə ki, canı-dildən oxuyan Molla Pənah da olar, şeyx Nizami də…

Kitab yeganə vasitədir ki, ona virus düşmür, hakkerlər onu sıradan çıxara bilmir. Kitab etibarlı dost kimidir, oxuduqca, daha yaxından tanıdıqca ona güvəncin artır.

Mən müasirliyə, texnoloji inkişafa qarşı deyiləm. Ancaq bir acı gerçəkliyi görüb də onu yazmamaq olmur. Texnologiya əsri insanlarımızın beynini basqı altında saxladığından, sanki, bizdə hər şey kompyuterləşib. Az qala, hisslərimizin dilini belə, şifrələrlə başa düşür, ürəyimizlə dərdləşmək üçün kodlardan istifadə edirik. Müasirlik ölümümüzə belə, yol açıb. Məsələn, qulaqcıqlar…

İndi metroda, avtobusda kitab oxuyanlara çoxları maraqla baxırlar. Adama elə gəlir, kitab oxuyanı kitab oxuduğuna görə ələ salacaqlar, onu aşağılayacaqlar ki, keçmiş zamanda qalıb…

Belə qənaətə gəldim ki, biz doğurdan da mütaliəyə qayıtsaq, bunlar baş verəcək: dünyanın inkişaf etmiş dövlətləri sırasında yerimiz olacaq, qanuna hörmət edəcəyik, paxıllıq hissi bizi tərk edəcək… Sadaladıqlarım “Beşikdən qəbr evinə qədər oxuyun” fikrini, sizcə, özündə ehtiva etmirmi?