XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 20:57

Kəşfiyyatçı kapitana həsr olunmuş “Şəhidlik zirvəsi”

Qarabağ savaşı başlayandan bəri minlərlə şəhid vermişik. Qəhrəman şəhidlərimiz haqqında yüzlərlə, minlərlə şeirlər, poemalar, məqalələr yazılıb, kitablar çap olunub. Bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən çapdan buraxılan “Şəhidlik zirvəsi” adlı kitab da məhz bu qəbildəndir. Kitab 2014-cü il aprelin 7-də cəbhənin Fizuli istiqamətində mina partlaması nəticəsində həyatını itirən kəşfiyyat bölük komandirinin müavini, kapitan Orucəliyev Ceyhun Pirəli oğlunun həyat və fəaliyyətinə həsr olunub.

Şəhid Orucəliyev Ceyhun Pirəli oğlu 1983-cü il oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Litseyə daxil olub. 2001-ci ildə Hərbi Litseyi bitirdikdən sonra təhsilini N.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. 2010-cu ildə baş leytenant, 2013-cü ildə isə kapitan rütbəsi alıb. Qısa müddət ərzində bir sıra medallarla təltif olunub. Həyat isə onu hər kəsə nəsib olmayan “Şəhid” adı ilə təltif edib.

Kitabda qəhrəman şəhid haqqında oçerklər, onu tanıyanların xatirələri və ona həsr edilmiş şeir və poemalar toplanıb. Əli Xələflinin “Bayrağımız qanımızdır”, Hacı Hətəmxan Quliyevin “Yol ocaqdan başlanır”, Şəhla Nəbiyevanın “Vətənə xidmət yolunun şəhidlik zirvəsi”, Təranə Arifqızının “Əbədiyyət yolu” məqalələri oxucuda dərin təəssürat yaradır. Tanınmış şairlərdən Vaqif Məmmədovun “Şəhid”, Xanəli Kərimlinin “Şəhidlik nəğməsi” şeirləri, Məmməd Tahirin “Qanadı yanmş pərvanə”, Sərdar Zeynalın “Vətəni unutmayaq”, Zeyqəm Vüqarın “Ucaldığın bir zirvə var” poemaları kitabda özünə yer alıb.

“Şəhidlik zirvəsi” kitabı ölümündən sonra III dərəcəli “İgidliyə görə” medalı ilə təltif olunan və şəhid kimi II Fəxri Xiyabanda dəfn olunan kapitan Ceyhun Pirəli oğlu Orucəliyevin xatirəsinə həsr olunmuş dəyərli bir hədiyyədir.

Məmməd Tahir