XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 12:21

Fəzail İsmayıl Böyükkişi poeziyasından seçmələr –"Məni niyə şair doğdun, Ana?!"

Fəzail İsmayıl Böyükkişi  – 1 avqust 1957-ci ildə Gədəbəy bölgəsinin Nəriman kəndində (Xınna mahalında)  ziyalı  ailəsində anadan olub. 1975-ci ildən  mətbuatda şeirləri, poemaları, dram əsərləri, publisist məqalələri, eyni zamanda tibb elminə aid elmi-tədqiqat əsərləri ilə çıxış edir. Ötən əsrin 80-ci illərdən əsərləri xarici dillərə tərcümə olunub.

“Yadda  saxlar ellər məni” (1993),  “Gedək, ata ocağına” (1997), “Sökül, a dan yerim” (2000), 

“O gedən oldu” (2004),  “Tanrı dərdi mərdə verir” (2006),  “Bəs itən qeyrəti kim qaytaracaq?!” (2009),  “Atalı, Analı dünyam” (2015), “Sözdən saray qurmuşam” (2016) və sair kitabları nəşr olunub.

Ailəlidir. İki oğlu, bir qızı var. AYB-nin üzvüdür. İxtisasca həkim-cərrahdır. ATU-nin  ETM-də  işləyir.

 

ELƏ MƏNDƏN BAŞLANSIN

 

Azərbaycan! –

Nəzərində mən kiməm?

Hər kiməmsə, gəl, gizləmə,

Babəkəmsə, oğlum, söylə!

Sumbatamsa – əzizləmə,

Götür çırp yerə…

Ağzımdan qan daşlansın,

Xainlərin ilk cəzası

Elə məndən başlansın…

 

BİRCƏ QALMAYIM PİYADA

 

Ay murazım, muradım

Gəl-gəl, a köhlən atım.

Ayağım üzəngidə,

Könlüm Ərəbzəngidə

Pisliyini görmədilər yiyənin…

Al, bu da olsun yüyənin

Necə istəyirsənsə çap –

Dağda, daşda, qayada,

Amandı, bircə qalmayım piyada.

 

 

QALASIYAM

 

Bu şairlik nə yamanmış, yaman Ana, yaman Ana,

Niyə məni şair doğdun, aman Ana, aman Ana.

Olmazdımı, kövrək balan böyüdükcə təndə Ana?

Xəmirmi göy daşdan da sərt yoğraydın sən də Ana.

Bir az bağrı daş doğaydın,

Bir az yekə baş doğaydın.

Bu taleyi bəd gətirən,

Dərd üstündən dərd gətirən.

Paralanmış, yaralanmış bir millətin,

Altı xəzinə, üstü cənnət məmləkətin.

Bir şairi doğmayaydın,

Doğmuşdunsa, baxmayaydın

Bəlkədəcə boğaydın kaş.

Məni şair deyil ana,

Qaraca daş doğaydın kaş.

Gəl ağlama, gəl sızlama,

Fəryadıma, naləmə sən.

Məni elə bunun üçün,

Şair doğdun aləmə sən.

Canım Ana, gözüm Ana,

Nə sərt olub üzüm ana.

Görüşünə gələmmirəm, dözürəm mən,

Şikəstəmmi, çolağammı???

Taleyimdən küsürəm mən.

Gözlərimdi dönən qana,

Vətənim qan qoxur, Ana.

Yaşamaqdan doydum cana,

Ölüm məndən qorxur, Ana.

Qorxmasaydı alçaq ölüm,

Məni çoxdan aparardı.

Qoy ağlayım zülüm-zülüm

Mənim gözəl dünyam vardı.

Ləkəsizdi, tərtəmizdi,

Adın qədər o əzizdi.

Onu da bəd gələn zaman,

Mənə çox gördü ay Ana.

Siyasətdən danışırlar,

Gedirəmsə hansı yana.

Gətirdən yox yurdu ələ,

Bu milləti indən belə.

Siyasətlə böyüdürlər,

Siyasətlə keyidirlər.

Siyasətdə yedirirlər,

Siyasətlə dedirdirlər.

Coşub meydan sulayırlar,

Şairi də dolayırlar.

Bu şairlik nə yamanmış,

yaman Ana, yaman Ana?

Məni niyə şair doğdun,

Aman Ana, aman Ana?

Ona qurban olasıyam,

Elə şair qalasıyam!!!

 

 

GÖZDƏ BALA, GÖZDƏ BALA

 

Yandı kabab, közərdi şiş,

Mərhəmətin müşkül imiş,

Qağa, noldu bizim o iş?

Mülayim ol sözdə bala,

Gözdə bala, gözdə bala…

 

Yayı qəti salma saya,

Payızı çıx kefə, toya

Püşk at qış da düşsün vaya,

Lüt-üryan gəz yazda bala.

Gözdə bala, gözdə bala…

 

Nə üstünə qışqıraram,

Nə qəlbini sındıraram,

Səni gizlin aşıraram,

Qayda budur bizdə bala,

Gözdə bala, gözdə bala…

 

Yol ölçməkdən yorulmuşam,

Bir az kefi durulmuşam,

Katibənə vurulmuşam,

İşin yoxdur qızda, bala,

Gözdə bala, gözdə bala…

 

Gələnlərin qaydına qal,

Gedənləri yadına sal,

Bu kreslo, o mülk, o mal,

Mürəs qalar düzdə bala,

Gözdə bala, gözdə bala…

 

GƏDƏBƏY

 

Sənsən mənim Yaradandan yurd payım,

Sənsən mənim canda canım, Gədəbəy!

Sənsən mənim eşqim, ruhum, harayım

İlk nəfəsim, son gümanım, Gədəbəy!

 

Səndə açdım bu dünyaya gözümü,

Səndə saldım cığırımı, izimi,

Səndə tapdım itirəndə özümü,

Bəyim, paşam, xan-sultanım, Gədəbəy!

 

Namərd kəslər çıxa bilməz qarşına,

Dolanaram mərdlərinin başına,

Məlhəminlə çatdım əlli yaşına,

Loğmanımsan, bil, loğmanım, Gədəbəy!

 

Təbabətlə pozulmazdır peymanım,

Çox dahinlə gözəl keçib dövranım,

Hatəm saxavətli Qoşqarı anım,

Unudulmaz elm azmanım, Gədəbəy!

 

İzin versən ağuşuna sığınam,

Şairinəm, mən hamıdan yaxınam,

Gələn günün, ötüb keçən çağınam,

Əbədilik adım-sanım Gədəbəy!

 

Çəmənində şeh içində bataram,

Dağ döşündə yorulanda yataram,

Şah dağının zirvəsinə çataram,

Gəl-gəl deyir Savalanım, Gədəbəy!

 

Təbrizimin bənzərisən dünyada

Ərdəbildə dönərəmmi mən yada?!

Nizamiyəm, Şəhriyaram mənada,

Qüdrətimi niyə danım, Gədəbəy!

 

İstəmədin vaxtsız yanıb, sönəm mən,

Sarsılam mən, yeniləm mən, sınam mən,

Qeybdən gələn sözlər axar sinəmdən,

Külə dönüb ah-amanım, Gədəbəy!

 

Sevindirrəm obanı da, eli də,

Nə bəxtim tərs, nə də düşüb kilidə,

Əsərlərim sığmaz neçə cilidə,

Ayazlayıb çən-dumanım, Gədəbəy!

 

Bədxah deyər: "Bir buna bax, nə deyir?

Şeiri varmı, hardan oldu bu şair?"

Açılmamış xəzinəyəm, bilməyir…

Möhtəşəmdir xanımanım, Gədəbəy!

 

Allah bilər, dünyalara sığmaram,

Şükür yenə, haqq yolundan çıxmaram,

Dahilərdən söz dilənib, yığmaram…

Sözlərimdi asimanım, Gədəbəy!

 

Gəda deyil, mərd oğulam, mərd gədə,

Sınırmərəm tənə, təhqir, şər, hədə,

Saymayanı saymayıb da hər vədə,

Oğuz əhdim, türk peymanım, Gədəbəy!

 

Qoç Koroğlum ərzin ciyərparası,

Köksündədi Koroğlumun qalası,

Başkəndimdə oldun haykın bəlası,

Azərbaycan qəhrəmanım, Gədəbəy!

 

Vətən şəhidləri hər vaxt diridi,

Sanki Mustafa bəy dürdü, yeridi,

Hayk qoşunu biçildikcə əridi,

Bayram etdi İrəvanım, Gədəbəy!

 

Hər daşın, hər qayan yenə bir səngər,

Böyüyür Məzahir, topçu İsgəndər,

Ordada atəşkəs vursa da ləngər,

Tab gətirməz Əhrimanım, Gədəbəy!

 

Haça qayam üzü daim haqqadı,

Zülfüqar zərbindən iki şaqqadı.

Soruşur dünyadan bu nə hoqqadı? –

İmam Əli Şahmərdanım, Gədəbəy!
 

Əziz rəsulumun ağzında dili,

Qayalıqda şahə çəkdi Düldülü.

Qayanın ortadan qırıldı beli,

Kafir oldu müsəlmanım, Gədəbəy!

 

Bir sözüm var hər qızına, oğluna,

Şəkk -şübhələr gətirməsin ağlına,

Uymasınlar sakson-mason nağlına,

Nicatımdır din-imanım, Gədəbəy!

 

Sən varsan, mən varam, könlü baharlı,

Yaşaram qeyrətli, namuslu, arlı,

Başı qarlı dağlarıntək vüqarlı,

Ədalətim, haqq-divanım, Gədəbəy!

 

Fəzailəm, "Boz qurd"unam, ulayım,

Daşın öpüm, torpağını yalayım,

Gəl, boynuna qollarımı dolayım,

Candan əziz mehribanım, Gədəbəy!

 

MƏNİ

 

Yeri-göyü, ərşi-gürşü yaradan,

Vətən qınağına gətirmə məni.

Millətin dərdinə çarə qılmasam,

Millətin çiynində götürmə məni.

 

Arazdan çağlayan harayam, hayam,

Bu qatı zülmətdə Günəşəm, Ayam.

Mən də sənin kimi təkəm, tənhayam,

Gözündən, könlündən itirmə məni.

 

Tanıdım doğmanı, dostu, yadı da,

O ülvi sevgini, eşqi, odu da,

Çırpdılar başıma təmiz adı da,

Murdarlar içinə ötürmə məni.

 

İzin ver, ölüncə mərd qulun olum,

Qorqudun, boz qurdun, türk ulun olum.

İnsanlıq aşiqin, haqq yolun olum,

Layiqsiz ad-sana yetirmə məni.

 

Fəzail sınarsa, tala ömrünü,

Yandırıb yax, oda qala ömrünü,

Çıxart cızdağını, çıxart kömrünü,

Barıdıb, bərkidib bitirmə məni.

 

DOSTLAR

 

Gen günümdə, dar günümdə,

Ən əziz kimsəmdi dostlar.

Sehirli söz aləmimdə,

Əbədi Xəmsə”mdi dostlar.

 

Sevdikləri uca haqdı,

Kimsəsizə əl tutmaqdı,

Bu dünyaya mərd qonaqdı,

Səxada Hatəmdi dostlar.

 

Söyləməz, hər yetən dərdi,

Necə vaxtsız gedən dərdi,

Görünəndə vətən dərdi,

Göz yaşı Zəmzəmdi dostlar.

 

Tanrı agah uğurundan,

Qopub türkün bağrından,

Çəhlimindən, cığırından,

Alınmaz qalamdı dostlar.

 

Nə sərt imiş dərdin üzü,

Özümüzlük dərdin özü..,

Hey korladıq ömrümüzü,

Bağrı qan laləmdi dostlar.

 

Kimdi mənə mən tək qənim,

Yandı yenə cismi-tənim,

Ah millətim, ah vətənim,

Bu nə dərd-ələmdi, dostlar?

 

Gedilməzdir xeyrim, şərim,

Nəyim var ki, nə də verim…

Qul bazarı qulluq yerim,

Könlüm dərddən dəmdi, dostlar.

 

Nalə çəksəm yer-göy ağlar,

Həsrətim bağrımı dağlar,

Alovlanar buz bulaqlar,

Alışan sinəmdi dostlar.

 

GƏZƏRSƏN MƏNİ

 

Yamanca keçmişəm dünya cənginə,

Yaxana əl çatmaz, çırpam ənginə,

Quyruq bulayansan daim zənginə,

Yoxsulam asarsan, kəsərsən məni.

Öldürüb, çıraqla gəzərsən məni.

 

Məsum bir körpətək boynuna düşdüm,

Göz açdım cəhənnəm qoynuna düşdüm,

Olmazın küy-kələk oynuna düşdüm,

Doğruyam, tapdayıb əzərsən məni.

Öldürüb, çıraqla gəzərsən məni.

 

Xoşuma gəlməyən başıma gələr,

Nə bəlan varsa da qarşıma gələr,

Axırda kəfənlə bürmələr, bələr,

Çox sağ ol, nə gözəl bəzərsən məni,

Öldürüb, çıraqla gəzərsən məni.

 

Verdin kef-damağı, verdin əclafa,

Saymadın mən kiməm kim, ay binəva,

Allahlı bəndəyəm çəkirəm cəfa,

Bərk sıxır məngənən, üzərsən məni,

Öldürüb, çıraqla gəzərsən məni.

 

Səni dağıdandı dostun, həmdəmin,

Özünsən usdadı, daha nə qəmin…

Dərdinə loğmanam, mənəm məhləmin,

Yarana, xorana düzərsən məni,

Öldürüb, çıraqla gəzərsən məni.

 

Fəzail sel kimi coşar, çağlayar,

Səni murdarlardan yuyar, carlayar,

Günəşdən də ötə yanar, parlayar,

Sanarsan əbədi əsər sən məni!

Haqqın dərgahında gəzərsən məni.

 

 

TÜRK QALİB GƏLƏCƏK

 

Ruhumu dilləndir, eynim açılsın,

Bir sənin eşqinlə yazaram, Allah.

Könlümü nurlandır, nurlar saçılsın,

Yoxsa qaranlıqda azaram, Allah.

 

Çoxdandı toy-şana çağıran olmur,

El-oba gözündə pərtləşirəm mən.

Yasda da çevrilib dağ-aran olmur,

Mərhumun ruhuyla dərdləşirəm mən.

 

Məni ki ülvidən ülvi yaratdın,

Bəs niyə qınağa gəlirəm, Allah?

Cəhənnəmə dönən məkana atdın,

Yamanca sınağa gəlirəm, Allah.

 

Şairdir bəşərin olub-qalanı,

Şairi asarlar, güllələyərlər.

Şair haqqı deyər, deməz yalanı,

Şairin başına kül ələyərlər.

 

Şairlik deyildir dolaşıq işlər,

Şairi dost deyil, düşmən sayırlar.

Mənim də üstümə qıcanır dişlər,

Mənim də kölgəmi qılınclayırlar.

 

Od-alov qarsıdır üzümü, Allah,

Bu cəhənəm məkan, qanlı dar meydan.

Burda kim dinləsin sözümü, Allah,

Zahiri insandı, batini şeytan.

 

Kəndlərim öyünmür qızla, oğulla,

Çoxalır anbaan şəhərə gələn.

Bakımda çal – çağır, sauna, villa,

Bir də ki tozanaq, körpü, göydələn.

 

Hanı Vətənimin aranı, dağı? –

Silinib dəftərdən satılan yurdlar.

Bakı qul bazarı, quldur oylağı,

Mələşir quzular, ulayır qurdlar.

 

Allahım, sən məni cihada köklə,

Bitib tükənməsin hayım-harayım.

Qoşa görüm Koroğlumu Babəklə,

Dönsün Çənlibelə vətən sarayım.

 

Türk oğlu türk demiş, haqlı kəlmələr,

Türk niyə yurdunda dilənməlidir?

O keçəl həmzələr, yadlar, gəlmələr,

Türkün ələyində ələnməlidir.

 

Türk sadiq qulundur yaranan gündən,

Bunu ki, sən gözəl bilirsən, Allah!

Bəşər nicat tapıb aliliyindən,

Odur, türkü əzəl bilirsən, Allah!

 

Harda varsa fitnə, şeytani mərəz,

Orda hər kim varsa, türk orda yoxdur.

Yox türkün qəlbində paxıllıq qərəz,

Türkün könlü də tox, gözü də toxdur.

 

Gözəllik, saflıqdır türkün heyrəti,

Naqislik zənn edər duymamazlığı.

Türkün toxunulmaz namus, qeyrəti

Qandırar qanmaza saymamazlığı.

 

Türk dözər dözümün son həddinəcən,

İstəməz bir damla nahaqq qan tökə.

Türk yurdun alarsa zülmət, duman-çən,

Türk olar al Günəş, istər dan sökə.

 

Kimsə qınayammaz türkü haqq üstə,

Kim türkə toxunsa diz çökəcəkdir.

Yenə türk övladı qovğada, qəsdə,

Yenə türk al Günəş – dan sökəcəkdir.

 

Kimsə tamahının həddin keçməsin,

Haram loxmaların boğması vardır.

Bəşər yaşlaşdıqca vəhşiləşməsin,

Sevinsin türk adda doğması vardır.

 

Türk haqda söyləmiş bir alman sərraf…

Var olsun türklüyü, coşsun, çağlasın.

Türkdə var ədalət, türkdə var insaf,

Dünyanı türklərə verin, saxlasın.

 

Nə deyim türkə xor baxan kəslərə,

Mən desəm, deyərlər sən millətçisən.

İndi türkə qarış çıxan kəslərə

Dahi cavab vermiş – dahiyə əhsən.

 

O alman olsa da, sevirəm onu,

Tusim, Bəhmənyarım, Sührəverdimtək.

Kaş bəşər anlasın, birdir ilk, sonu,

Özüdür vuran da, yeyən də kötək.

 

İblis qəh-qəh çəkib gözdən yayınar,

İstər sağalmasın Araz mərəzi.

Türk tanrı nurunda çimər, yuyunar,

İblisi qəhr edər qəsdi, qərəzi.

 

İblisdir imansız, dinsiz, məsləksiz,

Kimdir iblis – bəşər dərk edəcəkdir.

Türk qalib gələcək iblisə şəksiz,

Araz da mərəzin tərgidəcəkdir!

 

BU KEÇƏN, O KEÇƏN, O GƏLƏN İLLƏR

 

Saysız dərd içində yanan, qovrulan,

Ahı ərşə çıxan, külü sovrulan,

Yurdu yağmalanan, eli qovulan,

Xiffəti illərdi bu keçən illər,

Nifrətli illərdi bu keçən illər.

 

Kimsəm yetməz hey çəkdiyim fəryada,

Bircə qeybdən gələr mən deyən səda,

Of, nələr çəkmədim, nələr dünyada,

Həsrətli illərdi bu keçən illər,

Hicrətli illərdi bu keçən illər.

 

Bu qədər dərdlərlə dinirəm necə?

Özüm öz gözümdə sönürəm necə?

Dönürəm xəyala, dönürəm heçə,

Dəhşətli illərdi bu keçən illər,

Vəhşətli illərdi bu keçən illər.

 

Niyə yox, heç dərdimi dinləyən Allah,

Mənəmmi elə hey inləyən Allah?

Məhəmməd hümmətin, qulunam vallah,

Fitrətli illərdi bu keçən illər,

Qüdrətli illərdi bu keçən illər.

 

Necə nərə çəkim, necə at çapım?

De, kimi axtarıb, de, nəyi tapım?

Haqdanmı üzümə bağlanıb qapım,

Töhmətli illərdi bu keçən illər,

Möhnətli illərdi bu keçən illər.

 

Adəm-türk övladı sayılıram mən,

Qəflətdən nə çətin ayılıram mən,

Hər an Nəsimim tək soyuluram mən.

Zillətli illərdi bu keçən illər,

İllətli illərdi bu keçən illər.

 

Min illər nərəydim, haray-hay idim,

Məğribdən, Məşriqə coşqun çay idim,

Meteydim, Bilgəydim, Sabutay idim,

Heyrətli illərdi bu keçən illər,

Qeyrətli illərdi bu keçən illər.

 

Osman Qazı, Əmir Teymur varıydı,

Onda türkə köks ötürmək arıydı,

Hər kim türklə toqquşsaydı xarıydı,

Cürətli illərdi bu keçən illər,

İbrətli illərdi bu keçən illər.

 

Şah Xətaim ər libası geyərdi,

Ər igidi elə ərtək öyərdi,

Hardan hara Azərbaycan deyərdi?!!

İffətli illərdi bu keçən illər,

Qüvvətli illərdi bu keçən illər.

 

O zaman mən alnı açıq türk idim

Könlü güldən zərif, daşdan bərk idim,

İndi necə desin misgin, türk yetim?

Hörmətli illərdi bu keçən illər,

Şöhrətli illərdi bu keçən illər.

 

Türk qalıb çarəsiz, pəjmurdə, məyus,

Keçrilər hey başa dələduz, dəyyus,

Türkdən qisas alar ingilis, fars, rus

Minnətli illərdi bu keçən illər,

Lənətli illərdi bu keçən illər.

 

Hələ var fransız, yahudi, yunan,

Türkün qüdrətini türkdən çox qanan,

Türk haqqın tapdayıb, gizləyib, danan.

Heybətli illərdi bu keçən illər,

Neybətli illərdi bu keçən illər.

 

Türkdə yüksəkdisə ağıl, səviyyə?

Türk yurdun tapdanıb bəs susur niyə?

Verildi Qarabağ hayka hədiyyə.

Səybətli illərdi bu keçən illər.

Qeybətli illərdi bu keçən illər.

 

Hayk keçibdi Naxçıvana, Gəncəyə,

Hayk yenə istəyir, demir fərziyyə,

Yenə bənzədirlər haykı hərzəyə,

İşrətli illərdi bu keçən illər,

Rüşvətli illərdi bu keçən illər.

 

Can çıxsın, ya düşüm təşviş, təlaşa

Necə deyim, ey türk, ey vətən yaşa?

Düsturu dəyişsək ayaqdan başa,

Millətli illərdi bu keçən illər,

Hümmətli illərdi bu keçən illər.

 

Türk tanrı quludur, türk olmaz yasar,

Türk yerə ayağını şir təkin basar,

Türk ərzə ən gözəl qanunlar yazar,

Dövlətli illərdi o gələn illər,

Ülfətli illərdi o keçən illər.

 

AY DƏDƏ

 

Bu ölkədə hər zülümə dözmüşəm,

Bir özgədir hekayətim, ay Dədə.

Əllərimi yer üzündən üzmüşəm,

Allahadır şikayətim, ay Dədə.

 

Talançılar talamaqdan doymayır,

Nə qələtdir tutduqları duymayır,

Bir tikəsə millət dada qıymayır,

Dözülməzdir fəlakətim, ay Dədə.

 

Olmaz bunca hiylə, kələk, fitnə, fel,

O qazancı yel aparar, ya da sel,

Rəzalətə sinə gərmir daha el,

Hanı sınmaz dəyanətim, ay Dədə?!

 

Yaşamazdım bir kimsəyə qul kimi,

Döşənməzdim ayaqlara çul kimi,

Mən həyadan qızarardım pul kimi,

Getdi abrım, ləyaqətim, ay Dədə!

 

Qul balalar qəpik tapıb hallanır,

Bu minikdən o miniyə tullanır,

Səhər naxra, axşam axra yollanır,

Yetişibmi nəhayətim, ay Dədə?

 

Belə olmaz Hayesinə vartazar,

Ev deyirəm göstərirlər dar məzar.

İş güc üçün niyə çəkim, ahu-zar,

İşgücümdür səfalətim, ay Dədə.

 

Bu Vətənə can qıyana qıyırlar,

Düz deyəni məntək düzdə qoyurlar.

Şişə çəkib yanar közdə qoyurlar,

Kül olmaqdır səadətim, ay Dədə.

 

ANLAYACAQSAN

 

Atamın könlündə bəslənə dünya,

Sehirli, ovsunlu, möcüzəlidir.

Qabarlı ovcunda gizlənən dünya,

Gözəl dünyamızın ən gözəlidir.

 

Atamın gözündə gülür dan yeri,

Günəşi yuxudan oyadır atam.

Bəxtəvər anamın bəxtəvər əri,

Dözümdə, təmkində qayadır atam.

 

Atam bənzər başı qarlı Şah dağa,

Atam uluların məsləkdaşıdır.

Atamın ürəyi ipəkdən yuxa,

Atamın sözləri məhək daşıdır.

 

Atacan, borcunu verdin şərəflə,

Kaş mən də qaytarım oğul borcumu.

Deyirsən, atanı gəl az təriflə,

Məgər düşündüyün şairlik bumu?

 

Yaxşı bax, güləürz o şən cavana,

Yerişi, duruşu gör nə gözəldir.

Səninsə qafiyən girdimi dona,

Xəyalın cürbəcür heca düzəldir.

 

Oğlumsan, halına yanır ürəyim,

Canım-ciyərimsən, göz bəbəyimsən.

Uşaq ha deyilsən, tənbeh eləyim,

Tökülüb-itirsən, təmiz geyinsən.

 

Yəqin məzəmmətim dəydi xətrinə,

Şeirində məni də danlayacaqsan.

Bir qəpik vermərəm yüz min sətrinə,

Məni ata olsan, anlayacaqsan.

                                              1980

 

SƏN SİRLİ DÜNYAMIN GÖZƏLLİYİSƏN

(Qızım Gülövşəyə həsr edirəm)

 

Sən ey ömür gülüm, ey dan ulduzum,

Xoş tale, xoş yığval Gülövşə qızım.

Sən sirli dünyamın gözəlliyisən,

O qadir Allahın hökmünə əhsən.

Səni fitrətindən incə yaratmış,

Səninlə gözəllik zirvəyə çatmış.

Anamın adını vermişəm sənə,

Anamtək əzizsən Gülövşəm mənə.

Əfsus, Anam səni görə bilmədi,

Yox, Anam yaşayır, Anam ölmədi.

Sən onun ömrünün mabədi oldun,

Bu dünya durduqca əbədi oldun.

Bu dünya nurlanar öz nurun ilə.

Namusun, ismətin, qürurun ilə.

Məsum bir körpəsən sən hələ qızım,

Taleyin üzünə kaş gülə qızım.

Ömrün aza bilməz dumanda, çəndə.

Fatmeyi- Zəhranın nuru var səndə–

Vüqarın yenilməz, əzmin mətindir.

Zeynəb dəyanəti dəyanətindir.

Hələ çox yaşaram, coşub çağlaram,

Lazım gəlsə, ərzi tutub saxlaram.

Qıymaram atadan qalasan yetim,

Qız üçün atadan əziz var de kim?!

Şairəm, sərvətim şeirimdir mənim,

Şerim də ilahi xeyrimdir mənim.

Çəkdiyim əzablar sənə yəqindir,

Şair qızı olmaq, qızım, çətindir.

Yenincə müşkülü səbr eləyərsən,

İnşallah, atanla fəxr eləyərsən!

Havayı ötüşməz gecəm, gündüzüm

Olar öz cığırım, qalar öz izim.

 

GÜLÜM

 

Bu nə görkəm, bu nə qamət,

Seçilmirsən güldən, gülüm.

Vallah, səni qaçırardım,

Utanmasam eldən, gülüm.

 

Kimə açım yar dərdimi?!

Xəyal bəhrə, bar verdimi?!

Məcnunluq şad xəbərdirmi…

Yığılmıram çöldən, gülüm.

 

Çoxalarsa da gəlib-gedən,

Az tapılır qəlbən sevən,

Öz insafın – o sən, bu mən,

Məhəbbəti böl tən, gülüm.

                                   1981

 

 

SONAM

 

Varlığıma qor doldurub,

Nə qaçırsan yana, sonam.

Gizlin-gizlin can qovurub,

Salma məni qana, sonam.

 

Danışmıram, naz satırsan,

Danışmıram, söz atırsan,

Ürəyimi oynadırsan,

Qorxmursanmı sına, sonam?..

 

Dilbər mindir, sənəm yüzdür,

Od püskürən sinəm közdür,

Bilirsən ki, sözüm sözdür,

Övladıma ana, sonam.

                                1984

 

 

ÜZ- ÜZƏ

(İstəkli dostum, xalq yazıçısı
İsmayıl Şıxlının 70 illiyi münasibətilə)

 

Yetişdin dadıma o dar ayaqda,

Çinar pöhrəsini sazaq vurmadı.

Təzə iməkləyən körpə uşaq da,

Öz-özünə ayaqüstə durmadı.

 

Cahandar ağalar sarsılmaz olur,

Səni nişan verdi Cahandar ağa.

Kişilər anadan kişi doğulur,

Kişitək gedirlər qara torpağa.

 

Yamanca tələsdim, yamanca burda,

Qara torpaq belə cəllad olanmaz.

Şəkər xəstəliyin dinc dursun orda,

Əsəb də ömrümü məndən alanmaz.

 

Şöhrət gəzən kişi deyil, xanımdır,

Şöhrəti daş-qaştək sanar möcüzə.

Səni məğrur görmək toy-bayramımdır,

Səninlə yüz yaşda durum üz–üzə.

                                                   1989

 

 

İMRANDAN OLMAZ

 

Çoxsa aşıq, yanşaq obada, eldə,

İmranım tək gəldi, İmrandan olmaz!

Keçsə çox qərinə, çox fəsil, il də

Səsi nə gözəldi, İmrandan olmaz!

 

Elin şənliyində coşdu, çağladı,

Elin matəmində qara bağladı,

Dərdi Göyçəylədi, Qarabağladı,

Axırdı, əzəldi, İmrandan olmaz!

 

Hey haqqa sığındı, haqqa yar oldu,

Ustadların haqq sözünə vuruldu.

Durna gözlü bulaqlartək duruldu,

Qartaldı, bülbüldü, İmrandan olmaz!

 

Nurani ömrünün nurdu mənası,

Nur yığdı, nur yaydı könül dünyası,

Elə sərraf olub ata-anası,

Ələdüşməz ləldi, İmrandan olmaz!

 

Uymazdı şöhrətə, enməzdi taca,

Körpəylə körpəydi, qocayla qoca.

Kin – qərəz bilməzdi o Qafdan uca,

Qəlbi qızılgüldü, İmrandan olmaz!

 

Ozan sənətində pirdi İmranım,

İlahi sevgidi, sirdi İmranım!

Deməyin məzardı, yerdi İmranım!

Müqəddəs məşəldi, İmrandan olmaz!

 

Fəzail, dünyaya hər gələn gedər,

Boş keçən ömür-gün hədərdi, hədər.

Kamildi Adəmdən Xatəmə qədər,

Xeyirxah əməldi, İmrandan olmaz!

Qəlblərdə heykəldi, İmrandan olmaz!

 

 

DÖRDLÜKLƏR

 

Yaxşı ki, dünyanın qəlbi sınmayıb,

Yaxşı ki, dünyada mən varam hələ.

Odur ki, dünyamız alovlanmayıb,

Odur ki, insanlar dönməyib külə.

 

Dəli könlüm saf eşqimi götürüb,

Yubanma, Bakıdan dağlara qayıt.

Ömrügünü məhəbbətə ötürüb,

Sevdiyin o gözəl çağlara qayıt.

 

Dağılıb xəyalım asiman kimi,

Hər səmtə, hər yana, Yer kürəsinə.

Hopacaq torpağa o leysan kimi,

Dönəcək baharın cücərtisinə.

 

Yamanlar yolumu kəssə də tək – tək,

Min – min yaxşı insan çatar köməyə.

Bir də ki, düzünü söyləyim gərək,

Vurğunam tikanlı yol yeriməyə.

 

Azğınlar xor baxdı bu can yanğıma,

Sınmaz sadəliyin səmimiyyəti.

Baş əydim ağsaçlı, qartal xalqıma,

Gör nələr yaradıb onun fitrəti!..

 

Nə qarğışa düşüb Vətən torpağı

Nə yaman göz tökür bu yurd, bu ocaq.

Qeyrət qaytaracaq itən torpağı,

Bəs itən qeyrəti kim qaytaracaq?!

 

Nə deyim dövlətə, nə deyim vara,

Gəldi – gedərkidir, qalası deyil.

İxiyar keçibdi köhnə qurdlara,

Onlar da bu yurdun balası deyil.

 

Kimsəsizə arxa duran kimsəyəm,

Həzz alıram təmənnasız “sağ ol”dan.

Mən hələlik yazılmamış “Xəmsə”yəm,

Nizamim də gəlib – keçdi bu yoldan.

 

Dolandım dağları, dərdim azalsın,

Dərdimin üstünə dərd dərdi dağlar.

Dərdimi dağlara sərdim azalsın,

Dərdlərim kök atıb, cücərdi dağlar.

 

Son ölüm sözüylə köçüb dünyadan,

Sonrasa bir ovuc torpaq oluruq.

Ayrılıb cərgədən, çıxıb sıradan,

Təkcə yaxşılıqla yadda qalırıq.

 

Yarı düşünəndə, yarı ananda,

Ən isti qan gəzir damarlarımda.

Yarsız yaşayanda, yarsız qalanda,

Özüm də qalmıram ixtiyarımda.

 

Gözüm gözəllərdən yarı soruşdu,

Dedilər ki, nəyə lazım bu söhbət.

Tale ulduzumuz göydə qovuşdu,

Bir yerdə qovuşa bilmədik fəqət.

 

"Gecə- gündüz dəyişkəndi", dedilər,

Mənim gündüzümün gecəsi getməz.

Başa çıxdı başdan basan gədələr,

Sürtülən üzlərin keçəsi getməz.

 

Xalq var ki məruzdur işgəncələrə,

Xalq da var işgəncə verib həzz alır.

Dalmışam nə ağır düşüncələrə,

Onsuz da şairlər vaxtsız qocalır.

 

Hökmdar yaşayır ölüncə, əlbət,

Xeyri varsa, az da deyil xatası.

Mən şairəm, sərvətimdi məhəbbət,

Ölən deyləm, əbədiyəm, qadası.

 

Niyə qarğamayım qansız fələyi,

Qansızlığın təndirində bişməyib.

Yer üzündə heç bir xalqın taleyi,

Xalqım qədər acılığa düşməyib.

 

Nədənsə çox sevir çox gəl – gedi,

Heç kimin işinə qarışmaq olmur.

Əvvəllər şairlər səmimi idi,

İndi şairlə də danışmaq olmur.

 

Mənim dərdli dünyam dərdlə gözəldi,

Bu nə gözəllikdi, bilə bilmirəm.

Başıma nə qədər müsibət gəldi,

Nə qədər gələcək, hələ bilmirəm.

 

Kimə sərgərdanam, kimə səfiləm,

Kimə də qeyrətli, arlıyam, Allah.

Bu dünya varından varlı deyiləm,

Mən də dərddən sarı varlıyam, Allah.

 

Vətənim nə qədər göz dağım çıxsın,

Bu nə qatı zülmət, nə çən-dumandı?

Çal aşıq o sazı, cızdağım çıxsın,

Daha dözəmmirəm, Allah, amandı…

 

Aldanma dünyaya, yalandı yalan…

Ona kim uyarsa aldanar gedər,

Allahdı ilk – axır, əbədi qalan,

Qeyrisi qeyb olar, daldanar gedər.

 

Kamil insan ömrü taraz, mizandır,

Naqis ömrü sirlər dolu müəmma.

Ölməyə nə var ki, ölmək asandır,

İnsantək yaşamaq çətindir, amma.

 

Hər yetənə baş əymə, gəl başınla,

Nəyin varsa, onu bil ki, başdadır.

Yalnız fəxr et, doğma torpaq – daşına,

Doğma yurdun dadı, tamı başqadır.

 

Şair Vurğun şeirin, söz-söhbətinlə,

Hatəm səxavətin dillərdə gəzir.

Odu azalmayan məhəbbətinlə,

Adımız çox uzaq ellərdə gəzir.

 

Şair, dost olasan ən əvvəl sadə,

Sözlərin uyuşsun yay – kaman kimi.

Yazanda yazasan Vurğundan ötə,

Yaşaya biləsən Süleyman kimi.

 

Söz kərpicin gərək elə hörəsən,

Sonralar olmaya çatı, şairlər,

Aldada bilərmi xalqı, görəsən,

Təbi saxta, özü lotu şairlər?

 

QAN, QAN, QAN…

 

Havam qan, suyum qan, torpağım qan, çörəyim qan,

Sözlərimdən qan damır, könlüm qan, ürəyim qan.

Qan çıxıb taleyimə, hər anım qan, həyatım qan,

Məsləkim, əqidəm qan, xoş günüm, nicatım qan,

Qanla yoğrulmuşam, bələyim qan, beşiyim qan,

Qardaşım qan, sirdaşım qan, evim-eşiyim qan.

Eşqim, həvəsim qan, gəlib-gedən nəfəsim qan,

Bu arıq-quru cılız canda dar qəfəsim qan.

Canım qan, cananım qan, bu cismim, bədənim qan,

İçdən, çöldən bölünən yaralı Vətənim qan.

Qanımın haqdan qeyri yox kimsəsi, heç kəsi,

Qanım haqdan çağlayan bir dirilik çeşməsi.

Qanım ilahi qanun, qanım hüdudlar aşan,

Qanım ərzə sığışmaz, heç asiman, kahkaşan.

Qanımın damlası, cismimin zərrəsi deyil,

Bilin söz bazarında dəllal olmaz Fəzail.

Bir əbədi xeyirxah, ilahi ifadəyəm,

Şairəm şeirimlə kainata şahzadəyəm.

Adəmdən Hatəmə sevdiyim qan, sevənim qan,

Necə ki, diriyəm qanam, ölsəm kəfənim qan.

Koroğlum qan, Qıratım qan, Misirim qan, Cəngim qan,

Metem, Teymurun qan, Tomrisim, Ərəbzəngim qan.

Haqqımı tapdayan kəsə qəzəb-nifrətim qan,

Yurdumu yağmalayana gücüm, qüdrətim qan.

Qılınclar kölgəsində dinim, imanım qan,

Kamilləşmə yolunda axır gümanım qan.

Şairi şair duyar, qadam qan, qırğınım qan.

İmaməddin Nəsimim qan, Səməd Vurğunum qan.

Onlar əllini aşmadı, əllini aşıram qan,

Bəlkə artıq yaşayıram, yoxsa çaşıram qan.

Onda keç qanım, keç canımda, taqət dözümdən,

Son damla qanımatək, süzülüb gəl gözümdən.

De, nə olub sənə türk, yoxmu damarında qan???

Ya qanında ilahi eşq-həyəcan, din-iman?!

Qanımı töksə namərd, sanma Tanrı unudar,

Harda olsa, əlbəttə, qanlını qanım tutar.

Bunu demiş Füzulim bu qaniçən dünyaya,

İndisə guş qılalım rübaisində mənaya.

“Xunabə töküb dideyi giryanımdan,

Sənsiz boyadım yer üzünü qanımdan,

Öz qanımı eylərəm özümlə dəva

Getməzsə əlim nola giribanımdan”.

Buş balası Buş bala olur, ABŞ-a baş bala,

Yerdə qalan Buş balalar baş olmasın, nöş bala?

Türk yer üstə qanın boyar, türk nahaq qan tökməz,

Türk qandan qorxmaz, kimsəyə baş əyməz, diz çökməz.

Burda Göyçə, Qarabağ, Zəngəzur, İrəvan qan,

O tayda lap çox mahal qan itirir anbaan.

İndi qanımdanmı qorxum, mən Azərbaycan?

Qanımı yarana dərman bil, sən Azərbaycan!!!

Sən bütöv, sən azad olmayınca Azərbaycan?!

Sənə kim göz diksə bircə sözüm var – Qan, Qan, Qan!!!