XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 06:24

Get-gedə Mirzə Cəlil, Axundov, Sabir, Seyid Əzim aktuallaşır

Tanınan və sevilən şairlərimizdən olan Ayaz Arabaçının bu gün strateq.az saytına verdiyi müsahibəni sizə təqdim edirik;

Xoş gördük, Ayaz müəllim! Necə gedir işlər? Yaradıcılıqda nə kimi yeniliklər var?

– Mən yaradıcılıq sözünü çox böyük anlamda qəbul edirəm. Yəni özümü ədəbiyyatın sıra nəfəri saydığımdan yaradıcılıqdan danışmağı daha böyük və əzəmətli titulların daşıyıcılarının öhdəsinə buraxıram. Həm də bu sözün-bu yükün ağır məsuliyyəti məni çox qorxudur. Mən bir az balaca işlərlə məşğulam. Həm öz ağrı-acılarımı, həm xalqımızın düçar olduğu məhrumiyyətləri, həm də sevgi və iztirablarımı poetik dillə bölüşməyə çalışıram. Bu da böyük hünər sahibi olmaq demək deyil. Şirin arzuların və dərdli gülüşlərin sintezindən ətrafa boylanmadı mənimki. Yazmağı ruhumun ehtiyacı bildiyimdən qələmim ürək yanğılarımı göz yaşlarıyla səpələyir.

– Sizcə bu gün oxucu yazardan nə istəyir? Yazar oxucunun istədiyini yaza bilirmi?

– Bu gün bəlkə də oxucu heç özü də nə istədiyini bilmir. Zəngin həyat müşahidələrimdən deyə bilərəm ki, bu gün oxucu yaxşı maaş, firəvan həyat və sair peşindədir. Elə buna görə də kitablara, teatra, sərgilərə maraq əslində yox dərəcəsindədir. Oxucunu konkret vəziyyətlə əlaqədar təfərrüatlar daha çox maraqlandırır. Mən şeirlərimi oxucu marağına hesablayıb yazmıram. Söz yox, oxucudan münasibət gözləyirəm, istəyirəm ki, yazdığım sevilsin, oxunsun, lap elə təriflənsin. İlk növbədə böyük, ilahi sözün qarşısında sözlə davranışımı tənzimləyirəm. Narahatlığımı müfəssəl portret şəklinə salmağa çalışıram. Hər sözün tərcümeyi-halına baş vururam.

– özünüzü hökmdarın hüzurunda hiss etdinizmi heç?

– Fikirlərimi rahat və azad şəkildə ifadə edirəm. Hər zaman xalqımızın zəngin mənəviyyatını qorumağa çalışıram. Vətənimə hüsn-rəğbətim əksər şerlərimdə apaydın duyulmaqdadır. Bəzən istifadə elədiyim satirik detallar güman edirəm ki, işimizin xeyrinədir. Cəfəng şeylər, uydurmalar və sayıqlamalar təbiətimə və qələmimə zidd olan şeylərdir. Bir aydın təfəkkür yiyəsinin, yazı-pozu adamının ədəbiyyat tarixində və ictimai fikir tarixində görə biləcəyi işləri görmək üçün bütün gücümlə səfərbərəm. özümü hökmdarın hüzurunda hiss etmirəm.

– Niyə cəmiyyətimiz gənc şou əhlini ağsaqqal yazardan daha çox tanıyır?

– Şou əhli elədir ki, bütün günü efirdədir. Toylarda, el şənliklərindədir. Ağsaqqal ya qarasaqqal yazar üçün vəziyyət bir başqadır. Əvvala onun tez-tez efirdə görünmək imkanı yoxdur. Həm də efir üçün bu adamlar nə gəlir gətirmək baxımından, nə tamaşaçı toplamaq baxımından əlverişli deyil. Demək olar ki, şou hər sahədə uca boyu ilə seçilir. Görünür bu da kapitalizmin hələ öyrəşə bilmədiyimiz ən həyasız və sürtük bəlasıdır ki, düçar olmuşuq. İndi daha çox bayağılıq və lovğalığın təbliği gedir.

– Uzun illər öncə şeirlərinizin birində yazmışdız: “Yaddan çıxır Qarabağ”. Yenədəmi həmin düşüncədəsiz?

– Bu, mənim uzun illər öncə yazdığım şeirə işarədir. Qarabağın yaddan çıxması qeyri-mümkündür. Ən azı bunu xalqımız unuda bilməz və unutmağa haqqı çatmaz. Qarabağ bu gün yağıya nifrətin və qəzəbin qabarıq ifadəsidir. Söz yox bəzilərinin vicdanında Qarabağ həqiqəti dərin sükuta dalmışdır. Amma bizim qəlbimizin ritmi və ahəngi Qarabağdı. Qarabağ vəfamız, namus və ismətimiz, acılı-şirinli xatirələrimiz özümüzə, anamıza münasibətimizdir…

– Yeri gəlmişkən, Qarabağı və itirilmiş digər torpaqlarımızı nə zaman işğaldan azad edəcəyik? Torpaqlarımızın azad olunması üçün hansı addımlar atılmalıdı?

– Torpaqların nə vaxt azad ediləcəyi barədə məncə politoloqlar proqnoz verə bilər. Mən bir şair kimi təsəllidən və ümiddən başqa bir şey deyə bilmərəm. Həm də burda xarici amillər və böyük dövlətlər faktoru var.

– Bu gün ziyalılarımızın cəmiyyətimizdəki yeri və mövqeyi sizi qane edirmi?

– Bu gün ziyalının tutduğu mövqe və yeri barədə uğurlu bir şey söyləyə bilmərəm. İçi özüm qarışıq xirtəyə qədər problemin və borcun içində olan nə qədər desən ziyalı var. Və mən bütün bu şeyləri Allahın ümidinə buraxmışam.

– İmperiya dönəmində azadlıqdan yazan şairlərimiz, azadlıqda niyə susqundular? Hər şey əladımı?

– Görünür onlar konseptual-kateqorial şəkildə azadlıqlarına qovuşublar ona görə də bu mövzuya qələm bulamağa ehtiyac qalmayıb.

– Yazıçı, şair ancaq yazmaqla məşğul olmalıdı, yoxsa ictimai-siyasi həyatda da fəal şəkildə görünməlidi?

– Yazıçı indiyədək yetərincə ictimai həyatda olub. Həm yazı-pozusuyla, həm içtimai fəallığı ilə gündəmdə olan kifayət qədər mötəbər isimlər var. Siyasət bir az qorxulu məsələ olduğundan bu sahədə yazıçı tez hörmətdən düşür və ya düşürürlər. çünki, hesab eləyirəm ki, hər iki sahədə xalqın sevimlisi olmaq bir əldə iki qarpız tutmaq kimidir. Ola bilsin ki, istisna hallarda uğurlu nümunələr də olsun.

– Yazıçıya dövlət qayğısı olmalıdırmı? ümumiyyətlə bu gün dövlətin yazıçıya münasibəti sizi qane edirmi?

– Yazıçıya qayğı hər zaman olmalıdı. Həm dövlət, həm xalq tərəfindən. Bu sahədə addımlar atılsa da uğurlu nəticə yoxdu hələ ki. Burda da yerlibazlıq, qohumbazlıq və sair bu kimi xilafi-şər işlər əsas rol oynayır.

– Keçən əsrin əvvəllərində Azərbaycanda oxumuş və üzdə olan qələm adamlarının sayı yüzdən az idi. Bu insanlar məhdud sayları ilə qəzet və dərgi çıxarırdılar, partiya qururdular və heçdən dövlət yaradırdılar. Yüz il sonra – yəni bu gün Azərbaycanda minlərlə qələm adamı və yüz minlərlə ziyalı var. Amma cəhalət baş alıb gedir. Sizcə niyə?

– Elə bil ki, əsrin əvvəlinə dönmüşük. Get-gedə Mirzə Cəlil, Axundov, Sabir, Seyid Əzim aktuallaşır. Yəni ədib demiş: Qulaqlar kar, gözlər kor, hisslər tap, zövqlər məhv. Hər yanda ələmli qəhqəhələrin fəryadı. Məncə indi daha çox yorğanı başımıza çəkdiyimizdəndir…

Söhbətləşdi: Namiq Hacıheydərli