XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 23:09

Şair-publisist Namiq Hacıheydərli: “Bizdə bir nəfər də olsun peşəkar tənqidçi yoxdur”

namiq-222.jpg

 

Şair-publisist Namiq Hacıheydərli Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni Strateq.az-ın oxucularına da təqdim edirik:

 

– Şair olmaq necə hissdir? ümumiyyətlə bu istedadı hisslərlə ifadə etmək olarmı?

– Şair olmaq məsuliyyətdir. çiynində bir ömür yük daşımaqdır. özünü yurdda və millətin taleyində baş verən hər şeyə cavabdeh kimi hiss edərək yaşamaqdır şair olmaq. Sözsüz ki, dediklərim şairlik missiyasının nə demək olduğunu idrak edənlərə aiddir.

– Deyirlər, insanın ən operativ tənqidçisi özü olmalıdır. Aşkar fikirlərini biruzə verməsə də daxilində özünün hansı səviyyədə olduğunu bilir. Namiq Hacheydərli bu tənqidi daxilində saxlayır, yoxsa…

– Hər insan özünün kim olduğunu bilə bilməz. İnsan özünü bilsə, tanısa, daxili imkanlarını aşkara çıxarmağı bacarsa, möcüzələr yaradar. İstər lovğalıq, eqoistlik kimi mənfi xüsusiyyətlər, istərsə də aşağılıq kompeksi insanın özünü tanımamasından qaynaqlanır. Dediyiniz daxili tənqid də bunun üçün lazımdır. Təkcə tənqid yox, həm də daxili öygü lazımdır. İnsan özünə divan tutmağı və özünü ödülləndirməyi bacarmalıdır. İnsan təbiətin özü kimidir. Yəni gecəylə gündüzün, tikanla çiçəyin, işıqla qaranlığın, pisliklə yaxşılığın, ruhla cismin, Tanrı ilə İblisin  vəhdətidir  insan varlığı. Sən içindəki Tanrınımı böyüdəcəksən, şeytanımı, çiçəyimi suvaracaqsan, tikanımı, işığınmı tərəfində olacaqsan, qaranlığınmı? Ruhunmu istədiklərini edəcəksən, cisminmi? Bütün bunlar insanın seçimidir. Bu anlamda insanın sonsuzadək seçim imkanları var. İnsan iblis ola bildiyi kimi, Allahlaşa da bilər. Bütün bunlar isə özünü idrakdan keçir.

– Sizi daha çox milli türk ruhlu poeziyanın nümayəndəsi kimi tanıyırlar. Mən bildiyim Namiq Hacıheydərli maraqlı məhəbbət şeirləri də yaza bilər, təbiət təsvirlərini özündə əks etdirən poetik nümunələr də yarada bilər. Nə üçün daha çox milli ruh?

– Bəlkə də bu sahədə daha çox boşluq olduğunu görürəm, ondandır. Digər tərəfdən bu sahə bizim ən ağrılı tərəfimizdir. Hazırda bizdə toplum olaraq milli ruh yetərincə oyanıq deyil. Bu həm də ondan irəli gəlir ki, bizdə bu günə qədər milli ideologiya yoxdur. Biz millət olaraq hara gedirik, yolumuz haradır, hədəfimiz nədir? Bütün bunlar bəlli deyil. Azərbaycan toplumu olaraq qeyri-müəyyən yol gedirik. İslam adı altında ərəbləşdik, müasirləşmə adı altında qərbi yamsıladıq. Hər şey ola bildik özümüz olmaqdan başqa. Biz biz edəcək, özümüzə qaytaracaq, ruhumuzu diri tutacaq, bütövləşdirəcək, vahidləşdirəcək Milli İdeologiyamız işlənib hazırlanmalıdır. Əgər belə bir ideologiyamız olararsa, insanlarımız məscidə türk girib vəhhabi çıxmayacaq, gəlmə ideologiyalar bizdə qəbul olunmayacaq. Erməninin kilsəsi xristianı erməniləşdirir, İranın məscidi müsəlmanı irançı edir, Ərəbistan məbədləri əcnəbini ərəbləşdirir. Bizdə isə dövlətə və millətə böyük xidmətlər edə biləcək insanlarımız yadlaşır, irançılaşır, ərəbləşir, ruslaşır… Nədəni bu ki, Milli İdeologiyamız yoxdur. Nəsimi filmində maraqlı bir məqam var. Hamı Nəsiminin öldürülməsini tələb edərkən Əmir Teymur, “nə vaxtacan baş kəsib, qan tökməklə zəfər qazanacam? Bəs hanı sizin kəlamınızın qüdrəti”? – deyir. Bu gün bizdə də eyni yanlış siyasət var. Zor tətbiq etməklə, həbslə, qorxu yaratmaqla hansısa ideologiyanın qarşısını almaq istəyirlər. Əksinə, belə olanda yad ideologiyanın dirəniş gücünü artırmış olursan. Gəlmə ideologiyaların qarşısına yalnız milli ideologiya ilə çıxmaq lazımdır. İdeoloji silahları yalnız ideoloji silahlarla susdurmaq olar. Bu üzdən milli düşüncəli aydınlarımıza böyük imkanlar tanınmalıdır, onlara meydan verilməlidir.

İndi sualınızın ikinci tərəfinə, sevgi şeirləri məsələsinə cavab verim. Sevgi şeirləri daha çox əyləncə duyğularına xidmət edir, bu üzdən ciddi ədəbiyyat deyil. Əlbəttə, ədəbiyyatın hədəfi gözəllikdir. Lakin unutmaq olmaz ki, gözəl olan heç də gözəllik deyil. Sevgi şeirlərinin əksəriyyəti cismani arzudan, qurşaqdan aşağı istəkdən qaynaqlanır. Füzuli qəzəllərini ilahi eşqlə, Tanrı sevgisiylə bağlayırlar. Halbuki onun qəzəlləri əksər hallarda qadın cisminin tərifindən başqa bir şey deyil. Qadın gözəlliklərini tərif edən qəzəllər orta yüzilliklərdə pornoqrafik film effektini verirdi. Bu səbəbdən belə qəzəllərə  meyl güclü idi. İndi şairlər gözəllərin “xətti-xalına”, “gül camalına” şeirlər yazmır. çünki hər şey göz önündədir artıq. Şeiri oxumaqdansa, o şeirdə təsvir olunan gözəlliyə baxmağı daha məqbul hesab edirlər. Sadə bir misal deyim: bu gün Füzulinin heç bir qəzəli Roza Zərgərlinin fotosu qədər “like” qazana bilmir.

– çağdaş poeziyamızın bu günündə sizcə ədəbi qurumlar və media orqanları lazımı səviyyədə prosesi əhatə edə bilirmi?

– Heç bir qurum və media ədəbi prosesi bütünlüklə əhatə edə bilmir. çünki hər kəs görmək istədiyini görür. Hər kəs dünyagörüşünə və marağına  uyğun olanı axtarır. Bu dediklərim ədəbiyyatşünaslarımıza da aiddir. Azərbaycanda bir nəfər də olsun professional tənqidçi yoxdur. Hətta bizdə olduqca məhdud dünyagörüşlü ədəbiyyatşünaslar var. Tədqiqat obyektindən qırağa çıxmağı bacarmayan, etnik və dini mənsubiyyətin fövqünə yüksələ bilməyən darıxdırıcı, məhəlli düşüncəli tənqidçilərimiz var. Təkcə Əsəd Cahangir həmkarlarından öz üstünlüyü ilə seçilir. Lakin onu yalnız Azərbaycandakı həmkarları ilə müqayisə ediriksə, deməli o da xeyli böyüməlidir. Könül istərdi ki, heç olmasa Əsəd bu sahədə istinad yerimizə çevrilə bilsin.

– Media qurumları demişkən sayt işlətmək üçün maliyyə tələb olunur. Bu da kapitalizmin bir mediavari prinsipidir. ümumiyyətlə kapitalizm ədəbiyytala birlikdə yaşaya bilərmi?

– Kapitalizm paranın hakim olduğu ictimai-iqtisadi formasiyadır. Bu quruluşda hamı danışsa da, son sözü pul deyir. Zənninmcə, belə bir dönəmdə ədəbiyyata daha çox gərək var. Dəyərləri yaşatmaq və sabahlara daşımaq üçün. Eyni zamanda kapitalizmin gətirdiyi imkanlar sonucunda kapitalistlərin aşırı dərəcədə harınlamaması, az da olsa mənəvi dəyərlərə sayğı duyması üçün. Bu baxımdan kapitalizm dönəmində ədəbiyyatın üzərinə daha ağır görəvlər düşür.

– Gənc yazarların yaradıcılığını yaxından izləyirsiz. Məlumdur ki, ədəbi prosesdə iştirak esən və ya iştiraka çalışan gənclərin əksər hissəsi poeziyaya üz tutur. Dramaturgiya zəifləyib. Nəsrə isə çox az imzalar gəlir. əgər bu uğurdursa çox həddini keçməyibmi? Yox əgər problemdisə səbəbi nədir?

– Gənc yazarların poeziyaya üz tutması təbiidir. Diqqət etsəniz, görərsiz ki, gənc yazarların poeziyası az qala bütünlüklə sevgi motivləri üzərində qurulub. Sevgi etirafı, sevgi yaşantıları, nakam sevginin etirafı və sair. Bu da yaşla bağlıdır. Yaş ötdükcə, təcrübə artdıqca, zamanla gənclər də öz yolunu tapacaq. Bəziləri gəldikləri kimi də ədəbiyyatdan gedəcəklər, nədən ki, özlərini axtara-axtara yerlərinin ədəbiyyatda olmaqdıqlarını görəcəklər.

Dramaturgiyanın zəifləməsi isə təbiidir. Nəsiminin “şeir zamanı deyil, Afət”- dediyi kimi, dramaturgiya zamanı deyil, Yeqzar bəy! Dram millətlərin həyatında yaşanmış və ötmüş bir dönəmdir. Yüz il əvvəl teatrla insanlar yönətilirdi, teatra tamaşa edən insanın iç dünyası dəyişirdi, qadın çadrasını atırdı. Kino meydana gəldi, teatr bir qədər arxa plana keçdi. Bu gün kinolar artıq arxa plana keçməkdədir. Daha effektli, daha təsirli janrlar yaranmalıdır və sözsüz ki, bunlar olacaq. Eyni zamanda indi yığcam yaradıcılıq örnəklərinə gərək var. İndi heç kim oxumaq üçün 1200 səhifəlik roman axtarmır. Mümkün qədər az sözlə çox mətləbləri ifadə edə biləcək janrlara gərək var. İnformasiya mənbələri o qədər çoxalıb ki, oxucu qarşısındakı əsərə “tez ol, sözünü de”!- düşüncəsi ilə yanaşır.

– Hər şeyin bir çərvivəsi oldğu kimi ədəbiyyatın da bir çərcivəsi olması lazımdı. çərçivəsiz pəncərədən külək rahatca daxil olduğu kimi, çərçivəsiz ədəbiyyata giriş çox rahatdı. Girişi çox olan yerlər həmişə insanı sıxır. Ona görə də təqdimatlar çox sönük keçir. Dediklərimlə razlsınızmı?

– Ədəbiyyat təəssübkeşi kimi çıxış etməyini alqışlayıram. Amma narahat olmağa dəyməz və bundan əsla rahatsız deyiləm. Lap gündə yüz kitab çıxsa da, təqdimatlar ard-arda düzülsə də, hər şey ələnəcək. Tarixdə yenə gerçək ədəbiyyat qalacaq. İmkanlı istedadsızların qalın-qalın kitablar buraxmasından isə nəinki rahatsız olmaq, hətta buna sevinmək lazımdı. Qoy nəşriyyatlarımız və orada çalışan insanlarımız evlərinə çörəkpulu aparsınlar. Bəlkə də bu, Tanrının təqdiridir.

– Aylar öncə yeni sayt açmaqla bağlı düşüncələrinizi demişdiz. Nəhayət, Doqquz.az adlı sayt fəaliyyətə başladı. Saytın necə olacağını düşünürsüz, əsasən hansı sahələri əhatə edəcək?

– Doqquz.az saytı əsasən elm, araşdırma, təhsil, mədəniyyət və ədəbiyyat saytı kimi fəaliyyət göstərir və belə də davam edəcək. Azərbaycanda kifayət qədər xəbər saytları var. Bu saytlar o qədər çoxdu ki, hətta bəzən bir-birləri ilə rəqabətə girmək və daha “operativ” görünmək üçün hansısa körpüdən keçəndə inəyin qıçının əzilməsini, hardasa camışın ağ balasının olmasını, qaynana ilə gəlinin dalaşmasını xəbər adına sırıyırlar oxucuya. Elm, təhsil, araşdırma sahəsi isə arxa planda qalıb. Bu səbəbdən saytımızda bunları əsas istiqamət olaraq götürdük və qısa müddətdə saytın ətrafına bu yöndə xeyli sayda müəllif toplaya bildik.

 – Namiq Hacıheydərliyə nə vaxtsa yazdığı və unutduğu şeiri imzasız təqdim etsələr, nə reaksiya göstərər?

– Bu duyğunu yaşamadım deyə dəqiq ifadə etməkdə çətinlik çəkirəm. Yəqin ki, xatırlamağa çalışaram və o şeiri qoruyub saxlayana minnətdar olaram.

– Son olaraq gənc yazarlara sözünüz və iradlarınız. çünki tərəzinin gözündə irad daha ağırdı.

– Gənc yazarlara sözüm ancaq uğur arzulamaq olar. Layiq olduqlarını haqq etməyi diləmək ola bilər. İradım və məsləhətim isə ola bilməz. Ona görə ki, gənclərin yanılmaq və səhv etmək hüquqları var. Məsləhət ona görə olmaz ki, hər gəncin özünəməxsus ömür yolu və düşüncə tərzi var. Hansısa yaxından tanıdığın gəncə konkret adacağı addımla bağlı məsləhət verə bilərsən, amma ümumi məsləhət effektli olmaya bilər. Hətta yanlış ola bilər.

Sadəcə istəyim odur ki, gənclərimiz özlərini aşkara çıxarmağa, çərçivələrə sığmamağa çalışsınlar. Sonda bir daha Nəsimini yad edək: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.

 

Söhbətləşdi: Yeqzar Cəfərli