Nazilə GüLTAC: Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
İxtisasına uyğun olaraq həkim kimi çalışan Nazilə Gültac ədəbi fəaliyyətlə də məşğuldur. “Suya yazılan sevda”, “Yaşıl pıçıltı”, və “Qəlbdən dodağa” adlı üç şeir kitablarının müəlifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
BAKI- TƏBRİZ
Təbriz- Bakı,
Bakı – Təbriz.
Bir ucu torpaq,
bir ucu dəniz.
Sağı Araz, solu Araz.
Arzu bəyaz, ümid ayaz.
Xudafərinin hər daşında
dəli haray-
Haray! Haray!
Bir- birinin həsrətindən
qocalıbdı boz qayalar.
Yamacların üzü- gözü
ağlamaqdan ovulubdu.
Qartalların qıyyasından
yuxusu qaçıb dərələrin.
Bakı -Təbriz
Təbriz- Bakı.
Biri muğam,
Biri bayatı.
VƏTƏN
Parçalanıb, ələnmisən.
Oğulları didərgin – sən,
Dilim- dilim bölünmüsən,
Vətən!
Dağlarına dağ çəkilən,
Bağlarına dərd əkilən,
Gözü yollara dikilən,
Vətən!
Xarı gülü bəndə düşən,
Bülbülləri dərdə düşən,
Yolları kəməndə düşən,
Vətən!
BU YOLLARIN UZUNU
Bu yolların uzunu-
Qarabağa gedən yol.
Bu yolların uzunu
Bərabərdi eninə.
Bu yolların uzunu-
Sonsuz arzu karvanı.
Yollar arandan dağa,
Yönü Qarabağadı.
Bu yolların uzunu
İtib çiçək düzümü.
İzlər silinib gedib,
Daş göynədir dizimi.
Bu yolların uzunu,
Keçir Cıdır düzündən.
Taxmışam ürəyimə
Yolların üzüyünü.
UçUŞ
Gerçəklər dolanır göylərdə
ruhuyla, varlığıyla.
Diz çökmüşəm,
bir ürəyə.
Bağlı qapı önündə
sevgi duası pıçıldayıram.
Səsim yetmir
qapının o üzünə.
Qapının o üzü yoxmuş,
o üzü yıxılmış.
Başım üstdən keçir
durna qatarı,
qəlbimdə payızı
görməsin deyə.
Dərya gözlərimdə
rənglər yuyulub.
Bütün gerçəklər önümdə
öz rəngində…
İtmisən bu rənglərin içində.
MƏNƏ MƏKTUB YOLLAMA
Mənə məktub yollama,
Səsini, bir də qəlbini yolla.
Sabahlarım üşüyür,
axşamlarım əriyir.
Kül qabında siqaran,
divarlar arasında xatirən.
Sənli çox şey var, desəm.
Sevgimizin xətrinə ,
unutma son baxışımı.
Hərdən ovudacam ağrımı.
Atacam varlığımı
sınmış körpüdən,
gözlərimin dibinə.
O zaman daşan
göz yaşıma acıma.
Mənə məktub yollama,
sevgini yolla.
DİVAR
Dörd divar arasında
kiçilir göy üzü də.
Həsrətin kölgəsi-
qara bulud.
Dolanır göy üzündə.
İşıq da can verir,
dörd divar arasında.
Qapı üçün bir divarı
yıxmaq yetər.
Uçulan divardan
görünür həyat.
QAYIDIŞ
Qanadlanır,
öz- özündə çimir,
sərinlənir.
Havaya çilənir,
çiliklənir.
Su yenidən suya qarışır.
Büllurlaşır, saflaşır.
Baxdıqca suya,
suya dönürəm mən də.
Ovcumda bir damla su….
EY ADAM
Ayağımı qoymağa,
addım atmağa,
işləməyə, gəzməyə
düşünməyə
yer tapıram.
Əlimi uzatsam
tutmağa bir əl,
Arzularımı asmağa
budaq,
ürək sözümü yazmağa
yarpaq tapıram.
Təkcə qəlbimə
yer yoxdu.
Ey adam.
BAĞIŞLARAM
Sevincimə sədd çəkənim,
Sən çəkmə gəl mən çəkəni.
Mənə dönsən zülm edənim,
Sənə könül bağışlaram.
ürəyimdən min qəm keçir,
Qatar-qatar durnam köçür,
Məni dərddən, qəmdən keçir,
Sənə ümman bağışlaram.
Göynəyirəm için-için.
Söruşmursan niyə, neçün?
Bircə anlıq sevinc üçün,
Sənə ömür bağışlaram.
Hazırladı: Namiq Hacıheydərli