XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 18:30

Tanınmış yazıçı Azad Qaradərəlidən hekayə:"QUDUZ"

   

AZAD QARADƏRƏLİ

                                                                     

Bu yaxınlarda arxivimi sahmana salırdım. Əlimə saralmış makina vərəqləri keçdi. İkinci nüsxə olduğundan çətinliklə oxunurdu. Bəzi yerləri isə heç oxunmurdu. Bu, 1992-ci ildə (Zəngilanda ) yazdığım “Quduz” adlı hekjayə idi. Təəssüf ki, hekayəni o zamankı kimi bərpa edə bilmədim. (Az qala, bütöv abzaslar oxunmurdu) Amma artıq                                  hekayəni tamam  xatırlamışdım və kompüteri açıb özəyi saxlamaqla yenidən işlədim.                                                              

***

Dağ əhlinin aşağı – arana tökülməsi ulduzların göydən tökülməsi kimidir. Tökülən ulduz işığını itirən kimi, dağdan qopan adamlar da dağlı duruşunu, vüqarını itirir. Yox. Demirəm ki, aran əhlinin vüqarı olmur. Sadəcə, dağ adamının özəl bir naxışı var ki, onu ayrısında görəmməzsən.

Dağlarda yaşayanlar, ya zəlzələdən, ya vəlvələdən ordan uzaq düşəndə onların  fəlakəti başlayır. Kimisi o yerlərin xifətini çəkib dərdə düşür, kimisi aranın boğanağını götürə bilmir, kimisi də o uca dağ havasının həsrətini çəkə-çəkə gerçəkdən havalanır. Mənim bu yazım bir zamanlar o dağlarda yaşamış adamların həyatındandır…

…Bizim rayonun bir çox kəndləri vaxtilə dağlarda yerləşirdi. Elə ki, Sovet höküməti quruldu, kolxozlaşma başlandı, beli naqanlı, papağı qırmızı ulduzlu, meşin gödəkçəli bolşeviklər dağ kəndlərindəki adamları döyə-döyə dağlardan aşağı tökdülər. Bu dağ ətəyində, düzəngahda boyu qısıq, yerəbaxan olacaqlarından qorxan dağ adamları oralarda ikimərtəbə, üçmərtəbə evlər tikdilər ki, özlərinə bir az hündürdən baxa bilsinlər. Beləcə, bu düzəngahlarda şəhərlər, qəsəbələr saldılar…

Amma o dağ kəndləri də boş qalmadı. Bizimlə qonşu ermənilər o boş kəndləri tutdular, hazır ev-eşikdə özlərinə gün-güzəran düzəltdilər. Kirvə dediyimiz bu qonşularla pis-yaxşı sovet vaxtı birtəhər dolanırdıq… Elə ki, 80-90-ların təlatümü başlandı, qonşularımız həmin dağlardan başımıza od ələməyə başladılar. Ya qayıdıb həmin dağlardan onları qovmaq lazım idi, ya da aşağıda yerləşən kənd-kəsəklərimizi, şəhər-qəsəbələrimizi də onlara verib hara gəldi getməliydik. İncəvara, mərd oğlanlarımız silaha sarılıb erməni daşnaklarını öz əvvəlki yerlərinə oturtdular. Belə vaxtlarda ermənilərlə bizimkilər arasında atışma düşür, cavanlarımız şəhid olurdu. Yəni lokal müharibə getməsə də, qan tökülür, həm onlardan, həm bizdən  gənclər gülləyə tuş gəlirdilər.

Mən onda rayon qəzetində işləyirdim və hərdən həmin şəhid gənclər haqqında yazılar da yazırdım. Bu oçerkləri oxuyanlar mənə məktub yollayır, zəng edir, yaxud redaksiyaya gələrək üzbəsurət minnətdarlıqlarını bildirirdilər.

Amma bir gün elə bir vəziyyət yarandı ki, bu yazıları yazdığıma görə məyus oldum.

Məktublar şöbəsinin müdiri Şəlalə xanım bir topa məktubu mənə verib bir-bir qol çəkdirdi kitaba. Sonda üçkünc, üstündə ünvan olmayan bir məktubu da göstərib göz vurdu:

– Adres yoxdur… Bax ha, sevgi məktubu-zad olar!

Mən elə Şəlalənin yanındaca məktubu açdım. Sevgi-zad nədi?! Başdan-ayağa ittiham idi!

“Salam. Sizin şəhidlər haqqında yazılarınızı həyəcanla oxuyuruq. Şəhid qardaşlarımızın adını əbədiləşdirdiyinizə görə sizə minnətdarıq! Amma biləsiniz ki, biz ölmək istəmirik. Daha doğrusu, biz istəmirik ki, siz ancaq ölülərdən yazasınız. Əsgər salamıyla!

Kərim və dostlraı, Qızılqaya postu, may, 1991-ci il”  

Redaktorumuz, ruslar demişkən “tupoy”un biri idi. Belə şeyləri qəti başa düşməzdi. Ona görə heç məktubdan bəhs etmədim. Sadəcə, dilə tutdum ki, maşını versin, gedib Qafanla üzbəüz postlarda dayanan könüllülərdən bir reportaj hazırlayım.

Kişi daş atıb başını tutdu:

– Dəlisən, – dedi. – Havayı gülləyə tuş gələrsən. Maşını da gücnən düzəltdirmişəm, qradnan vurub zay eliyərlər…

– Onda icazə ver, hərbçilərlə gedim. Maşın istəmirəm, – dedim.

Yenə razı olmadı. Dedi, get, batalyon komandiriynən görüş, onnan müsahibə al.

Əlacım kəsildi, götürüb raykomdakı dostuma zəng etdim. Dedim, bu zırramanı başa salın ki, birbaşa postlardan reportajlar hazırlamaq lazımdır, filan-pəşməkan…

Səhər işə glən kimi dedilər redaktor çağırdı. Getdim ki, yanında iki hərbçi var. Məni onlarla tanış edib dedi:

– Yoldaş katibin tapşırığıdır, bu gün gedəcəksən Qızılqaya postuna, ordakı uşaqlardan bir geniş reportaj hazırlayacaqsan. Bude, bu gün o posta yollanacaq hərbçiləri də çağırtdırdım ki, sənə bələdçilik eləsinlər. Di yaxşı yol, uğurlar! Amma ehtiyatlı ol, sən canın…

Sürücünün yanında əyləşib gözəl yaz havasını ciyərlərimə çəkirəm. Meşələrin, dağların min bir ətri  açıq pəncərədən içəri dolduqca özümü sehrli bir aləmdə hiss edirəm. Bura, iri, dar bir dərə kimidir. Dəmiryolu, maşın yolu bu dar dərənin içi ilə uzanıb Qafana sarı gedir. Əski türk şəhəri Qafana bizim camaat Qapan deyir. Onun yanındakı kəndin adı da Qapıcıqdır. Yəni bura hər mənada qapıdır – Qafqazın qapısı. Bu dar dərəyə el arasında Dardanyuxarı deyirlər.

Qəfil Süsən dağının sivri qayası süsüb qabağa çıxır. Əlin şəhadət barmağı kimi bizi hədələyir sanki. Bu “hədə”ni belə başa düşdüm:”Harda qalmısınız, ay axmaqlar? Belə getsə, bizim bu dağ-dərəyə, bu meşələrə əbədi həsrət qalacaqsınız!”

Üşəndim doğrusu. Yadıma böyük Əmir Teymurun buralara gəlişi və bu dağa ad qoyması barədə rəvayət düşdü.

…Əmirin nəhəng ordusu bu dağlarda azıb qalır. (Mən Əmir deyirəm haa! Rəvayətdə Topal Teymur deyilir. Ölürük də ayama qoşmaqdan yana. O boyda sərkərdəyə gah Topal Teymur, gah da Teymurləng demişik.) Hara gedirsə, yenə gəlib bu “Şəhadət barmağı”n yanına çıxır. Günlərlə bu dağlarda ac-susuz qalan orduya qotur xəstəliyi düşür. Əmir qəzəblə dağa baxb bağırır:

– Bu dağ susduqca, mənim ordumda  tələfat artacaq! Susan dağın bir sirri-sirpici olmalıdır axı! Ətrafı yaxşı-yaxşı gəzib-dolanın, bir ins-cins tapsanız hüzuruma gətirin!

İki ötər, üç deyən günü Əmirin adamları yaşı bilinməyən qoca bir kişi tapıb hökmdarın hüzuruna gətirirlər. O, qocanı təpədən-dırnağacan süzüb deyir:

– Hanı buranın adamları?!

Qoca özünü sındırmadan şəstlə deyir:

– Əmir sağ olsun, ordunun qabağı açılan kimi adamlar dağlara vurub özünü.

– Niyə?!

– Qorxublar, yəqin.

– Bəs sən niyə getməmisən?!

– Mənim ölümlü vaxtımdır, ya Əmir. Hara gedəcəm ki?

– Yaxşı, mənim orduma qotur düşüb… Dərdi varsa, çarası da olmalıdır buranın. Amma burda hər şey susur – bu dağ kimi!

– Hə, dərd verən, dərmanı da əsirgəməz. Bir qotur atı, bir də qotur əsgəri buraxın başına. Gedib özləri çarasını bularlar…

– Sən bizə deməzsənmi o çarəni?

– Ya Əmir! O çarə sənə, sənin qoşununa görükməlidisə, özü görükəcək. Mənim çalıx-balığımın bir anlamı yox. Cəh çarıq yırtar…

Əmir anlayır ki, qoca da dağ kimi susacaq. Ona görə bir yox, bir neçə qotur atı qotur əsgərlərlə birgə meşəyə buraxırlar. Atlar özlərini ora-bura sürtə-sürtə (qoturları qaşınır, dərilərini yandırırdı) gəlib dağın döşündə kiçik bir bulağa çıxırlar. Çatan kimi atlar özlərini vururlar bulağın gözünə. Bellərini sürtürlər bulağın yan-yörəsinə. Qotur əsgərlər daş-qaya ilə bulağın gözünü açırlar. Bir dəyirmanı işlədəcək qədər su çağlayır ordan. Axıb qarşıdakı iri çalaya dolur, olur gölməçə. Xəbər qoşuna gedirb çatır. Bir günün içində bütün qoşun əhli gölməçədə yuyunub sappasağlam olur.

Əmir adam göndərir ki, gedib qocanı gətirsinlər. Gedənlər xəbər gətirirlər ki, qoca qeyb olub. Əmir barmağını dişləyib deyir:”Onu göndərən göndərmişdi ki, bizə nicat yolunu göstərsin. Bu bulağın gözünü daha da açın, düzəldin. Buranın adı qaldı Qotur su. Bu dağa isə ayrı ad tapmadım. Elə susandı ki, susandı! Qoy Susandağ qalsın adı…”

Sürücü qəfildən əyləci basdı və mən fikirdə olduğumdan əlimi bir yerə bənd edə bilmədim – aşıb sürücünün üstünə düşdüm. Başımı qaldıranda anladım ki, sürücüyə tərəf aşmağım məni ölümdən qurtarıb – düz oturduğum səmtdə güllə kabinənin şüşəsini dəlib keçmişdi.

Yanımızdakı gənc zabitlə sürücü qaçıb kolluğa girmiş, ordan düşmənə cavab atəşi açırdılar. Mən isə hələ də maşında qalmışdım. Zabitin “maşından düşün”  dediyini eşidib yerə tullandım. Sonra qaçıb kolluqda bir çökəkdə gizləndim. Neyləyə bilərdim ki? Sovet vaxtı kənd müəllimlərini əsgərliyə aparmırdılar. Mən də o zaman müəllim işlədiyimdən hərbidə olmamışdım. Nə silah işlədə bilirdim, nə özünü qorumaq barədə bilgilərim vardı. Həyatımı bu çalada taleyin ixtiyarına buraxıb gözləməkdən başqa çarəm qalmadı.

Təxminən, yarım saat keçmiş ara sakitləşdi. Sürücünün səsini eşidib çökəkdən çıxdım. Gördüm ki,  zabitin qolunu sarıyır. Demə, atışmada zabit qolundan yaralanıbmış…

Yaralını qabaqdakı postda  tibbi hissəyə təhvil verdikdən sonra  Qızılqayaya yola düşdük.

                                          ***

Yol boyu sürücü Saleh döyüşlər zamanı başlarına gələnlərdən, komandirlərin fərsizliyindən odlu-odlu danışır, zabitin yaralanmasında özünü günahlandırırdı – mən gərək onu arxadan qoruyaydım. Arxadan vurdular Əmiri. Yazığın düz sağ qolunu qırmışdı. Axı o yaxşı tar çalır! Qolu şikəst olsa necə olacaq?!

– İndi getdiyimiz yolu, bax, o görünən Seyidlər kəndi tərəfdən, Lakatr səmtdən vururlar. Bizdə bir Quduz var, deyir icazə verin, bircə gecədə təkcə tutum o yüksəkliyi. Amma harda? Qoymurlar! Olmaz deyirlər…

Salehin köməkliyi ilə Kərimi tapdım. Köhnə tanışlar kimi görüşdük. Ködərək, güləriz bir oğlan olan Kərim yaxşı həmsöbətdi. Müharibənin ilk günündən könüllü gəlib bura. İki dəfə yaralanıb. Bir dəfə ölümün özünü görüb, amma dirilib. Dediyinə görə, qorxu hissini tamam itirib.

Salehlə birgə şəkillərini çəkdim. O biri uşaqların da şəklini çəkib dəftərçəmi açdım ki, qeydlər edim. Əlini dəftərimin üstünə qoydu.

– Şəklimizi qəzetdə verərsən, bəsdir. İstədiyimiz var hamımızın, görüb fərəhlənərlər… yazı isə… Biz sizi başqa məsələyə görə çağırmışıq. Bax, o yüksəkliyi görürsən – Adsız təpədir adı. Amma biz ora Quduz təpəsi deyirik. Bilirsiniz niyə? Orda bir oğlan var, ayaması  Quduzdur. O təpəni əmrsiz-filansız özü alıb. Orda da post qurub. Əgər o təpə bizdə olmasaydı, biz indi bu Qızılqaya postunda dayana bilməzdik. Ordan ermənilər Şayıflıyacan vururdular. Quduza görə bütün Dardanyuxarı  yerindən tərpənməyib. Biz istəyirik ki, Quduzdan yazasınız… Bizləri də ki, o yazının gözünə qatsanız da olar, qatmasanız da… Allaha and olsun ki, zor oğlandır! Düzdü e, müəllim, bir az xasiyyəti tünddür, amma igidliyinə söz yoxdur…  Bir iş var ki, bizim bu piyada komandirlərlə, vəzifəlilərlə yola getmir…

– Nə istəyir axı Quduz? – heyrətlə soruşuram.

– Nə istəyir?! Nə istəyir yox e, biz də Quduzla bərabər istəyirik ki, ermənilərin bir atəşinə iki atəşlə cavab verək! İstəyirik ki, ermənilərin kələyinə uyub yalançı danışıqlara getməyək… Onlar bizim kənd-kəsəyi atəşə tutanda biz də Qafanı vuraq. Amma hardan?! Qoymurlar ki. Komandirlər deyir, Qafana bir mərmi atmaq olmaz. Niyə balam?! Nə təhər olur, onlar bizim Xocalımızı qana boyayır, biz onların şəhərlərinə güllə ata bilmərik? Niyə qardaş, niyə əmoğlu, niyə?! Ona olar, mənə yoox!?

Xəndəyin içi ilə əyilə-əyilə gedirik. Kərim odlu-odlu danışır. Hərdən də dayanıb ətrafa nəzər yetirir. Nəhayət, başını səngərin yaş torpağına söykəyib deyir:

– Mən burdan geri qayıdıram. Çünki postu buraxa bilmərəm. Sizə adam qoşacam. Amma gərək ehtiyatlı olasınız. Çünki Quduzun postunacan açıqlıqla gedəcəksiniz. O təkəmseyrək ağacların arasıyla gedin ki, erməni duyuq düşməsin…

– Kərim, Quduzun öz adı nədir?

– Rəsuldur. Amma bəlkə  adını özü də unudub. Hamı Quduz deyir…

                                          ***

Günü səngərdə keçirdim. Birgə nahar da elədik. Bir-iki dəfə şəklini çəkdim. Amma söhbətə çəkə bilmirəm bunu. “Hə”, “elədir”, “nə bilim, vallah” kimi ümumi sözlərlə məni yola verir. Qaradinməzdir. Boy-buxunlu, boz üzlü, sərt baxışlıdır.  Bir-birinə bitişən qara qalın qaşları, qara qıvrım saçlarına uyuşmayan xınayı bığları, seyrək saqqalının arasından tük çıxmayan bitişmiş yara yerləri onu bir qədər vahiməli göstərsə də, adama qanım qaynayır. Di gəl ki, ha baxsam da, bu sir-sifətdən heç nə oxuya bilmirəm. Çöhrəsi də özü kimi sir verən deyil.

Əlacsız qalıb mən də onun kimi üstünə saman tökülmüş,  meşə ağacından özləri düzəltdikləri çarpayı kiminin üstünə sərilib balaca deşiklərdən ermənilərin postuna baxıram. (Bu balaca daxmacıq onların həm istirahət yeri, həm mətbəxi, həm də yataq yerləridir. İki nəfərdirlər. O birisi bayırda xəndəyin içində qarovulda dayanıb. ) Onsuz da Kərim gələnəcən burdayam. Tələsməli yerim yoxdur.

Qafan əl içi kimi görünür. Və mən hiss olunmadan başımı bir az yuxarı qaldırıb maraqla şəhərə baxıram. Bu vaxt bir güllə düz sağ çiynimin üstündən keçib blindajın arxa divarına girir. Quduz “əyilin!” deyib mənə sarı qışqırır. Sonra özü də bilmədən qəzəblə danışmağa başlayır:

– Baxın, mən istəsəm, o səngərdəki əsgərin yanından minamyotla Qafanı oda  bələyərəm! Qoymaram rahat nəfəs alsınlar! Mən bura qrad da gətirmişdim… Özü də ermənilərdən qənimət kimi ələ keçirmişdim. Kombat gəlib yalvar-yaxarla aşağı düşürtdü ki, bilirəm, əlin dinc durmayacaq, şəhəri qradla vuracaqsan… Mənim günümü Müdafiə Nazirliyində qara eliyəcəklər… Yaxşı,  erməni atanda olar, amma mən atanda ATƏT, Avropa Şurası o saat bəyanat verir… Gördünüz ki? Bir balaca başınızı qaldıran kimi, snayper atdı… Siz çölə çıxmayın, onların indi iriçaplı silahlardan atan vaxtıdır, – deyib  durbinlə müşahidəyə başladı.

Az sonra düşmən biz olduğumuz post da daxil bütün postları, hətta dinc insanlar yaşayan kəndlərimizi top və qradlardan atəşə tutmağa başladı. Bir alazan mərmisi ölüm səsi çıxardaraq düz  blindajın böyrünə düşdü. Xoşbəxtlikdən nə Quduza, nə mənə qəlpə dəydi. Blindajın bir tərəfi dağıldı. Quduz hirslə çölə atıldı.

Təxminən, iki dəqiqə sonra  minamyotdan dalbadal atəş səsləri eşidildi. Qafanda aləm bir-birinə dəydi. Maşınları küçədə qoyub qaçdılar. Və mən Quduzgilin yanına getmək istəyəndə o özü geri döndü. Üzünü mənə tutub:

– Gördünüzmü, – dedi. – Bizim postlar hələ də susurlar. Amma kim bilir, bu mərmilər neçə insanımızın qanını tökdü. Şayıflının, Ağ kəndin, Şərikanın neçə evi dağıldı… 

Mən isə hələ də Qafana baxırdım.

Qafan… Uşaqlığımın, gəncliyimin şəhəri. Az qala, hər həftə nənəmlə bu şəhərə alverə gələrdik. Yazda göy-göyərti, əmənkömənci, möv (üzüm) yarpağı, yayda lobya, xiyar-pomidor, dağlarımızda bitən, çoxlu dərdin dərmanı olan nadir çaşır bitkisi, payıza doğru alma, armud, nar, üzüm, ceviz gətirib satardıq burda. Bu şəhərdə qorxusuz-hürküsüz gəzər, alverdən sonra yağ, kartof (bizdə kartof olmazdı, Qafanda isə bol idi), pal-paltar alıb geri dönərdik. Qorxusuz-hürküsüz deyirəm, ona görə ki, şəhərdə üç-üç, beş-beş gəzərdik. Buna görə də erməni dığaları bizə yaxın düşə bilməzdi. İlişəndə də iki-üç nəfərlə onların beş-altı nəfərlik dəstəsini pərən-pərən salardıq. Bircəciyinin burnu qanadımı, hamısı çığıra-çığıra qaçardılar.

Yaxşı yadımdadır. “Dinamo” Kirovabadla (indiki Gəncə) Qafanın “Lernaqors” komandası burda futbol oynayanda oyundan sonra möhkəm dava düşdü. Gəncəlilərlə Mincivan uşaqları birləşib erməniləri elə stadiondaca çırpdılar. Qatar stansiyasına gələndə isə, az qala, bütün Qafan üstümüzə tökülmüşdü. Amma yenə döyülən ermənilər oldu…

Babam deyərdi ki, erməni qan gördümü, tüpürəcək dabanına.

Bir dəfə qonşumuzun oğlu İlhamla bazarda lobya, çaşır  satırdıq. (Çaşırı ermənilər çox istəyirdilər. Yaxşı şoravası olurdu.) Orta yaşlı, yekəburun bir erməni mənə yanaşıb ədayla dedi:

– Çaşır kanya, ara?*

– Erqu manet.*

– Ərə, şandığa*, çaşır dağda bitir, bağda?

– Dağda.

– Ərə, o dağlar bizimdi, elə çaşır da bizimdi! Bizim olacax o dağlar!

Çaşırı kağız torbasına yığmağa başladı. Gözlərimə qan sızdı elə bil. Hələ uşaqlıq həddində olsam da, qorxu-hürkü bilmirdim. Əl atıb tərəzidən dəmir kiloluğu qapdım və yuxarı qaldırıb qışqırdım:

– Əlini çək!

Gözləri alacalandı, dalı-dalı çəkilib kəkələdi:

– Zarapat elədim, ali… – Sonra o biri tərəfədə nəsə tərəzidə çəkdirən arvadını hayladı. – Armanuş, Armanuş… Yeksteğ*… şandığa, tarazını yerə qoy ali… zarapat elədi da… booo…

Sarı kağızdan olan torbasını (o zaman bazar torbaları belə olurdu) içindəki çaşırqarışıq yerə salıb aradan çıxdı.

Az sonra Qafanda yaşayan qohumumuz Əfsəy Qafar (arvadxasiyyət olduğuna görə ona belə deyirdilər) bir erməni arvadıyla yanımıza gəldi. (Baxdım ki, bayaqkı erməninin Armanuş dediyi qadındır.)

– Ə, telıın qadasın alım, dəlisən, nəsən? Hamazap qağamın xətrinə niyə dəymisən? Onun Qapanınan bir hürməti var e! Sən hələ səvin ki, o sənnən çaşır alır… Gəl, gəl Armanuş bacı, çaşırdı dayna. Dağda bitən şeydi. Manıt yarımnan apar… Ə ayna dur. Özüm çəkəcəm… Sapas, spas*, qoy yaxşılarınnan yığım…

Bu arvadsifətin qolundan tutub vızıldatmaqdan özümü güclə saxladım…

…- Gəldilər! Aşağı əyilin! İndi başlayacaqlar!..

– Kim gəldi?! – Həyəcanla soruşuram.

Durbini gözündən ayırmadan:

– Saqqallılar! Bax, o qayanın dibinə yığışırlar. Onların “Kobra” adlı dəstəsinin üzvləridir. Elə ki, axşam düşür, səpilirlər bizim postların ətrafına. Hamısı da bronojiletdədi. Gecə snayperlə “ov” eləyirlər. Postda yuxulayan uşaqları oğurlayırlar. Eşitmiş olarsınız, aşağıdakı postdan iki milisoneri diri tutub aparmışdılar… Bayırdakı oğlanı da götürüb bax o görünən Çəkədin kəndinə girdim gecəynən. Fermanın bütün işçilərini qabağıma qatıb gətirdim. Yeddi adam idilər: dörd qadın, üç kişi. Qadınlar yalvarır, ağlayırdılar. İki kişi də onlara qoşulub deyirdi ki, ara, bizim nə günahımız var axı? Amma içlərində biri vardı, daşnakın yekəsiydi. Qızıl qırmızı üzümə dirəşdi ki, ara Bayraməliyəcən bizimdir, hamısın alacağıq. (Əli Bayramlıya Bayraməli deyirdi oğraş.) Avtomatın qundağı ilə ağzının üstündən vurdum, dişləri töküldü… Ürəyim soyumadı, bir daraq patronu boşaltdım o qanlı ağzına… Məni bir ay ora-bura çəkdilər ki, dinc ermənilərə divan tutmusan…

Mən onun birdən-birə danışmağa başlamasına sevinərək dedim:

– Bəs milisonerlər nə oldu?

– Dəyişdilər. Altı nəfəri diri vermişdim, bir də öldürdüyüm daşnakın meyidini verib, milisonerləri aldılar… Yazıqları tamam şikəst eləmişdilər… Deyəsən, hələ də xəstəxanadadılar…

O nəfəs dərmədən durbinlə müşahidə edirdi. Mən isə qara nöqtə kimi qaynaşan erməni saqqallılarına baxa-baxa, düzü, sarımı udmuşdum. Amma özümü o yerə qoymurdum. Belə qorxmaz oğulun yanında qorxduğumu biruzə versəm, ölüm mənə fərz olardı – babamın sözü olmasın.

– Rəsul, uşaqlar sənə niyə “Quduz” deyirlər?

Durbini gözündən aralayıb ani məni süzdü. Birdən dodağı qaçdı. Sonra yenə əvvəlki halına qayıtdı. İçindən gələn bir ah çəkdi.  Avtomatını çiynindən aşırıb ona dirsəkləndi – elə bil yıxılacağından ehtiyat edirdi.

– Bu, uzun söhbətdi, – dedi. Yenə dirsəklərini səngərə dayayıb o tərəfi durbinlə nəzərdən keçirməyə başladı. Onun belə sərbəst hərəkəti, qorxusuz-hürküsüz halı mənə də sirayət etdi. İnandığımız haqqı, daha qorxmurdum.

– Mənnən olsa, siz daha kazarmaya qayıdarsınız. Bu dəstə gəldimi, mütləq bir hoqqa çıxardacaq. İçlərində sərrast atan snayperlər də var. Əsasən də qızlardır. Nə işdir, bilmirəm, həmişə ilk atəşi bura – mən dayanan səngərə atırlar.

– Yox, hələ vaxtıma var. Bir də ki, Kərim söz verib ki, özü gəlib məni aparacaq… Yaxşısı budur, sən danış…

– Nə danışım axı? – Hiss elədim ki, o özü də susqunluqdan bezib. Dərdini danışmağa adam axtarır. Ona görə dalbadal suallarımı yağdırdım:

– Niyə sənə “Quduz” deyirlər? Niyə səndən komandirlərin xoşu gəlmir? Niyə qaş-qabağın açılmır?

Durbini mənə uzatdı. Daşnaklar elə bil hansısa ayin icra edirdilər. Bir-birinin üstünə atılır, xornan nəsə oxuyur, bir-birinə nələrisə anladırmış kimi hərəkətlər edirdilər. Bildim ki, içib kefləniblər. Arın-arxayın çalıb-oynayır, atılıb-düşürdülər.

Birdən Quduz yumruğunu səngərin daş-kəsəyinə çırpıb qeyzlə dedi:

– Baxın. Görün, necə arxayındırlar. Dəqiq bilirlər ki, onların bu keyfini pozan olmayacaq. Olsa-olsa mən, axmaq Quduz bir-iki güllə atacam. Onda da sabah bizimkilər məni soxacaqlar, siz də bağışlayın itin götünə!.. Müəllim, mən belə şeylərə dözə bilmirəm! Onları basıram gülləyə və sabah komandir buracan gəlib bilirsən nə deyir? Deyir ki, elə eləmə ki, çevik dəstədən uşaqlar gəlib səni burda güllələsin?! Siz başa düşürsünüz onlar mənə nə deyirlər?! Mənə deyirlər ki, erməniyə güllə atsan…

Durbini qaytarıram. Onun sözünü tamamlamasını gözləmədən deyirəm:

– Bəs bu “Quduz” nədi axı?

Onsuz da tutqun olan sifəti daha da tutqunlaşır. Kiprikləri gözünü tamam örtür. Sifətinə meyid rəngi çökür. Qırıq bir səslə deyir:

– Xocalı faciəsindən bir-iki ay keçmişdi. Kazarmada oturmuşduq.Birdən ratsiyada əvvəl ermənicən, sonra da bizim dildə danışmağa başladılar. Diqqətlə qulaq asırdıq.

– Ara, ay torklar, sizin qızlar burda, yanımızdadırlar… İstəyirsiniz bir-ikisini göndərək, kef çəkin!.. Xa-xa-xa!..

Mən ayağa qalxıb silahıma sarı qaçdım. Komandir ətəyimdən tutdu:

– Ay Rəsul, fikir vermə. Bizi qıcıqlandırmaq istəyirlər… Atəşkəsi pozmaq olmaz…

Birdən ratsiyadan qadın-qız səsləri gəlməyə başladı. Bizim qızlar qışqırır, imdad diləyirdilər. Komandiri də avtomatla vurub yıxdım. Bir baş topxanaya yüyürdüm. Avtomatı topçuların üstünə tutub qışqırdım:

– Qafanın bütün yaşayış məntəqələrini, məktəbi, bağçanı, administrativ binaları hədəfə alın! Atəş!!!

Topçuların onsuz da ürəyindən idi. Həmin gün Qafanı yurd elədik. Bax o tərəfi – sovxoz deyilən yeri, Çeremuşkanı, bazarı, Mis mədənini – hamısını vurduq tank və toplarla. Sonra qrad qurğuları da işə düşdü. O gün bütün Qafan əhli ev-eşiyini buraxıb Qacarana qaçdı.

Məni o gecə həbs elədilər. Bir topçu demişçdi ki, avtomatı boynuma dirədi, qorxudan şəhərə atəş açdım. O oğlanı uşaqlar sonradan burdan qovublar. Amma nahaq, mən axı doğrudan da elə eləmişdim… Nəysə, Bakıdan bir müstəntiq gəlmişdi. Əhvalatı danışdım ona. Dedi, get. Səni buraxıram. Quduz canavar kimi aparmısan özünü. Amma yaxşı eləmisən. Quduza qarşı quduz olmalısan… O, bu, adım qaldı QUDUZ!.. İndi bu sözə özüm də öyrəşmişəm…

Durbini bir tərəfə atıb ciddi-ciddi mənə baxdı:

– Yox. Daha siz burada qala bilməzsiniz! Qayıdın aşağı. Mən onları yaxşı tanıyıram. Bu gün dişləri qana batıb. Sizin maşında yaralanan bilirsən kimdir? Bizim rotanın zampalitidir. Dəhşət oğlandır. Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağayevin, Mirzəbala Məmmədzadənin kitablarını bizə oxuyur. Neçə hərbi marş əzbərlədib bizə. Onun yaralanması yaxşı olmadı.

– Getmirəm, – dedim. –Mən də sizinlə qalacam bu axşamı.

– Ata bilirsiniz?- Maraqla soruşdu.

– Yox, -dedim. – Öyrədərsiniz, ataram.

Güldü. Əli ilə avtomatını tumarladı:

– İndi öyrənmək vaxtı deyil. O zampalit oğlan sizin də məqalələrinizi bizə oxuyurdu. Gedin, siz bizə qələminizlə lazımsınız…

– Yaxşı, gedirəm, dedim. –Ancaq mümkünsə, bir qədər də ailənizdən danışın.

Çöhrəsinə bir qara örtük çəkildi elə bil. Gözlərinin işığı sönən kimi oldu. Alt çənəsi əsdi.

– Bir anam, bir də bacım vardı… Bacım çörək yayır, anam da təndirə yapırmış. Bax, bu əclafların atıdığı qradın mərmisi düz təndirxanamıza düşür… Anam o saat ölmüşdü. Bacımın da ki, üz-gözü tamam yanmışdı. Dözmədi, sirkə içib öldü… Vəssalam. Daha gedin. Məndən heç nə soruşmayın…

                                                   ***

Kazarmaya təzə çatmışdım ki, atışma başladı. Erməni birləşmələri hər tərəfdən Quduzun postuna hücum edirdilər. Komandirin yanına qaçdım ki, deyəm, ona kömək göndərsinlər. O isə telefonla mərkəzlə danışırdı. Məni görüb gülümsündü. Handan-hana dedi:

– Müəllim, qoy ara səngisin, sizi yola salacam…

– Mən başqa şeyə görə gəlmişəm… Quduza kömək göndərin! Ermənilər onun postuna hücuma keçiblər!

Komandir güldü. Başını bulayıb dedi:

– O post xəritədə bizdə hesab olunmur, müəllim. Quduz öz yanından, naxalnı gedib girib ora… Mən ora əsgər çıxarda bilmərəm… Mərkəzlə danışdım, icazə vermirlər…

Atışma isə şiddətlənirdi. Bu vaxt hava telefonundan Rəsulun səsi gəldi:

– Komandir, mən yaralanmışam! Sən toplara əmr elə onların sağ cinahını vursun. Yoxsa bizim postu alacaqlar!..

Mən özümü saxlaya bilməyib qışqırdım:

– Əgər siz Quduza kömək etməsəniz, mən bütün bunları yazacam! Özü də, rayon qəzetinə deyil, respublika mətbuatına!

Əlacsız qalan komandir telefonla əmr etdi:

– Topçular və tankçılar! Düşmənin sağ cinahına zərbə!

                                                                   ***

Bir azdan Quduzu xərəkdə gətirdilər. O həm qolundan, həm ayağından yaralanmışdı. Qan itirdiyindən bütün vücudu titrəyirdi. Məni görüb gülümsündü. Onu kazarmanın tibbi hissəsinə apardılar.

Məlumat verdilər ki, bu atışmada iki nəfər hərbçimiz həlak olub. On bir nəfər yaralanıb.

Bir az sonra məni Kərimin müşayəti ilə təhlükəli zonadan uzaqlaşdırıb rayon mərkəzinə yola saldılar.

                                          ***

 İki gün sonra “Quduz” adlı məqaləmi  redaktorun stolunun üstünə qoydum. O, yazını oxuyandan sonra məni yanına çağırdı:

– İndicə batalyona zəng vurdum. Sənin qəhrəmanın xuliqanın, ekstremistin, narkomanın biriymiş. Ay əzizim, bu hökümət qəzetidir axı! Elə yanındaca iki nəfər şəhid olub… Niyə onlardan yazmamısan?! Sən şəhidlərdən yaxşı yazırsan axı…

– Birdən onlar da narkoman, xuliqan, ekstremist çıxdılar, onada nə olacaq? – deyə hikkəylə soruşdum. Heç kişinin tükü də tərpənmədi:

– Noolsun?! Öldü, qurtardı… Ölüləri mühakimə etmirlər… Gözlə, bu qəhrəmanın da ölər, sonra ondan da yazarsan…

Hiss elədim ki, ağlımı itirirəm. Yumruğumu düyünləyib stola necə çırpdımsa, üstünə saldığı şüşə cilik-cilik olub əlimi doğradı. Bəlkə də, ömründə qan görməyən redaktor əvvəl pəncərəyə, sonra qapıya tərəf yüyürüb qışqırdı:

– Quduz oğlu quduz!

 

1993-2016, Zəngilan-Bakı

—————————————————————————————

*Ara – (ermənicə müraciət forması) “a gədə” anlamında

**Kanya – (ermənicə) neçəyədir?

***Erqu  – (ermənicə) iki

****Şandığa – (ermənicə) köpək oğlu

*****Yeksteğ – (ermənicə) bura gəl

******Spas – (ermənicə) “yaxşı”, “bəsdir”, “dayan” mənalarında