ANAR
Xalq yazıçısı
Ana vətənin qoynuna qaytarılmış Cocuq Mərcanlya getmək yazıçılarımızın böyük arzusu idi.
İllər boyu – atəşkəsdən qabaq da, sonra da – dəfələrlə döyüş bölgələrində, hərbi hissələrdə olmuş, görüşlər keçirmişik. Yazıçılarımızın müdafiə naziri Zakir Həsənovla çox məhsuldar və vacib görüşündən sonra ordumuzla əlaqələrimiz daha da möhkəmləndi, yeni vüsət aldı. Birgə tərtib etdiyimiz layihələr sırasında yazıçıların Çocuq Mərcanlıya səfər etmək niyyəti də vardı. Oktyabr ayında bu arzumuz Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığıyla həyata keçdi.
Cocuq Mərcanlı ərazisində ilk ziyarətgahımız Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin şərəfinə ucaldılmış xatirə kompleksi oldu. Qarşısına çiçək dəstələri qoyduğumuz lövhələrdəki şəkillərə baxıram, adlarını, doğum yerlərini oxuyuram. Azərbaycanın müxtəlif bölgələrində həyata göz açıb şəhidlik zirvəsinə müqəddəs Qarabağ torpağında ucalmış bu cavanların doğum illərinə nəzər etdikcə adamın ürəyi parçalanır. Lap gənc idilər. Bütün həyatları, təhsilləri, sevgiləri, əmək fəaliyyətləri, valideynlik sevincləri qabaqda idi və bunların heç biri qismətləri olmayacaq. Ölüm hər yaşda ölümdür. Amma gənc yaşında dünyadan getmək ömrünün böyük hissəsini özünlə aparmaqdır. Yenə də şəhid şairimiz Ülvinin bütöv bir nəslin məramnaməsi kimi səslənən misralarını xatırlayıram:
Həyat üçün doğulmuşduq
Vətən üçün ölməliyik.
Cocuq Mərcanlıda tikilmiş səliqəli evlər, yaraşıqlı məktəb binası, Şuşadakı məscidin bir qədər kiçildilmiş memarlıq biçimi qəlbimizi iftixar hissiylə doldurur. Məscid minarələrindən ucalan azan – dinimizin da haqq işimizə dəstək verməsi kimi səslənir. Kənd amansız düşmən hədəfində olanda da buranı tərk etməyən ailə başçısının əlini sıxıram, mətanəti, kişiliyi üçün təşəkkür edirəm ona.
Bu gün Lələtəpə zirvəsində üçrəngli bayrağımız vüqarla dalğalanır və bu kənd də, qurtulmuş torpaqlarımız da bu bayrağın təhlükəsizlik təminatı altında yaşayır.
İşıqlı dərs otaqlarını gəzirik, bəzi sinif otaqlarında dörd-beş şagird var. Uşaqların da, müəllimlərin də gözləri elə bir işıq saçır, elə bir sevgi, xoşgörü, mehribanlıq ifadə edir ki, düşünürəm: nə yaxşı ki, xalqımızın əsrlərdən gələn bir ənənəsiylə yeni nəsilləri nifrət, düşmənçilik, qisasçılıq ruhunda yetişdirmirik, amma eyni zamanda elə tərbiyə edirik ki, hər an vətənin azadlığı yolunda hər fədakarlığa hazır olurlar.
Hələ XX əsrdə ulu öndərimiz Heydər Əliyev Horadizi azad etmişdi. Horadizdə də olduq. Geniş xiyabanlar, müasir abad binalar, yaşıllığa qərq olmuş parklar Horadizi cəbhə xəttində yerləşən istehkama yox, firavan, sakit kurort şəhərinə bənzədir. İzdihamlı toplantıda görüşdüyümüz, çıxışlarını dinlədiyimiz şəhər sakinlər də rahat, gələcəyə arxayın, ümidli və nikbin insanlardır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli iradəsiylə azad edilmiş Cocuq Mərcanlı kəndi də azad olunacaq, doğma vətənə qovuşacaq kəndlərimizin, şəhərlərimizin, rayonlarımızın ilki kimi həmişə tarixdə bu şərəfli adla yaşayacaq. Cocuq Mərcanlı cocuqlarının xoşbəxtliyi də məhz bu tarixi kənddə yaşamalarında, oxumalarında, gələcəyə ümidlərində və bu ümidlərin doğrulması yolunda görəcəkləri böyük quruculuq işlərindədir.
Cocuq Mərcanlıdan ayrılarkən bir daha Lələtəpədə dalğalanan bayrağımıza baxıram və mənə elə gəlir ki, bu bayrağın geniş kölgəsi bütün müvəqqəti işğal olunmuş torpaqlarımızın üstünə düşür.