XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2017 - 16:39

Orxan Pamukdan qalmaqallı müsahibə:“İstanbulu məhv etdilər, daha burdan gedirəm”

İtaliyanın "La Stampa” qəzeti hər həftə yayımlanan ədəbiyyat əlavəsinin manjetinə Nobel mükafatlı türk yazar Orxan Pamukun müsahibəsini çıxarıb.

"Sevdiyim İstanbulu məhv etdilər” sərlövhəli müsahibədə müəllif türkləri kədərləndirəcək açıqlamalar verib. Pamuk siyasi baxışlarının Türkiyə və xüsusilə də, İstanbulun bugünü ilə səsləşmədiyini və artıq burada qala bilmədiyini deyib. Daha İstanbulda yaşamayacağını açıqlayan müəllif nəşriyyat və jurnalistlərin diqqətini çəkməmək üçün rəsmi açıqlama vermədən, səssiz və xəbərsizcə gedib-gəldiyini bildirib. "Tutti i libri” adlı əlavədə yer almış müsahibə Pamukun illərdir topladığı köhnə İstanbulun fotoları ilə bəzədilib. "İstanbul: Xatirələr və Şəhər” kitabının İtaliyadakı növbəti nəşri üçün reallaşdırılmış müsahibədə müəllif vurulduğu şəhərdən köks ötürərək danışıb: "Son 15 ildə İstanbul mənfi istiqamətdə dəyişir. Durmadan, sürətlə… Bu şəhərin yeni görkəmini, yeni havasını sevmədim, mənə doğma deyil. Xatirələrim yox edilmiş kimi hiss edirəm. Sevdiyim İstanbulu məhv etdilər. İndi bura daha varlı, amma daha çox əsirdir. İllərdir İstanbulun köhnə şəkillərini toplayıram. Niyə bilmirəm. İndi düşünürəm ki, yaxşı ki, yığmışam o fotoları. Xatirələrim artıq bircə bu fotolarda var”.

Pamuk özünün də dəyişdiyini etiraf edib. Müəllif bildirib ki, əvvəllər orta sinfə mənsub bir gənc olub, indi isə dünyanı şəhər-şəhər gəzən səyyahdır. Pamuk deyib ki, artıq əvvəlkindən fərqli olaraq, getdiyi yerlərdə memarlığa, şəhərin, insanların görünüşünə yox, həyat tərzinə, insanlar üçün təmin edilən azadlığa, imkanlara, şəraitə, fərqliliklərə göstərilən tolerantlığa, intellektual sinfin tutuğu yerə fikir verir: "Qərbli yazarlara paxıllığım tutur. Çünki onlardan müsahibə alanda "ölkələrinin siyasi vəziyyəti” ilə bağlı sual verilməsi çox-çox aşağı ehtimaldır. Mən Qərb və Şərq arasındakı İstanbul üçün körpü olmaq istəmirəm. Türkiyənin ümidli və işıqlı gələcəyi Qərbə meyildədir”.

Müsahibəsində müəllif İstanbulun sonsuza qədər onun evi olaraq qalacağını da vurğulayıb: "Bu həqiqəti heç nə dəyişməyəcək. Amma mən böyüdüyüm İstanbuldan çox fərqli bir yerə getmək artıq ürəyimcə deyil”. (artkasp.az)