Dövlətçilik şüurunun formalaşmasında ədəbiyyatın hansısa rolu varmı və bu istiqamətdə yürüdülən siyasət nə dərəcədə effektlidir? Bu suala ədiblərin prizmasından baxmağa çalışdıq.
Mövqeyini öyrəndiyimiz şair Namiq Dəlidağlının fikrincə, ədəbiyyat əsasən bədii təfəkkürün formalaşmasına xidmət etsə də, ictimai həyatımıza da təsiri danılmazdı: “Geniş mənada cəmiyyətin təfəkkürünün formalaşmasında ədəbiyyatın rolu böyükdü. Əsasən, milli mənlik şüurunun hər bir xalqda, millətdə inkişaf etməsində bədii təfəkkürün həlledici təsiri vardır. Bu baxımdan, dövlətçilik şüurunun yaranmasında və formalaşmasında ədəbiyyat mən deyərdim ki, əsas amildi. Bunu biz yaxın keçmişimizdə yaşadıq. ötən əsrin 80-ci illərində milli şüurun oyanmasında, xalqın azadlıq arzusuna mənən hazır olmasında 60-cı illərdən başlayaraq ədəbiyyatımızda milli hissləri təbliğ edən əsərlərin yaranmasının böyük təsiri olmuşdu. Bu baxımdan, dövlətçilik şüuru bədii ədəbiyyatsız formalaşa bilməz”.
Hər bir ədəbiyyatın hansısa bir milli təfəkkürün məhsulu kimi özünəməxsus olduğunu bildirirən şairə görə, ədəbiyyat kosmopolit olmamalıdır: “Bizim də ədəbiyyatımızda son dövrlərdə yad elementlər artmaqda davam edir. Mən cəmiyyətimizdə yeni-yeni formalaşan milli dövlətçilik şüurunun inkişaf etməsində ədəbiyyatın kənarda qalmamasını arzu edirəm”.
Filologiya üzrə fəlsəfə doktoru Arif Əsədovun fikrincə də tarixi ədəbi mətnləri diqqətlə təhlili edəndə bizim bədii fikirdə mövcud olan stereo- düşüncənin təsdiqləndiyini müşahidə etmirik: “Yəni ədəbiyyatımıza görə tariximizi mərhələ və dönəmlərə ayırmırıq. Bu proses əksinə baş verir. Ədəbiyyatımız tarixi təbəddülatlardan doğub. Bu baxımdan ədəbiyyatın xronoloji təhlili göstərir ki, hadisələr ədəbiyyatı yaradıb”.
Ədəbiyyatın əksər hallarda kütləyə ünvanlandığını və mövcud siyasi qurumun təbliğini reallaşdırdığını düşünən filoloq bu nöqteyi nəzərdən ədəbi fikrin rolu danılmaz olduğuna inanır: “Modern mənada dövlətçilik şüurundan və demokratik təsisatların aşılanmasından söhbət gedəndə, tədris xarakterli ədəbi nümunələrdən başlamalı, dərsliklərdə və proqramlarda bu yöndə əsərlərdən geniş istifadə etmək zəruridir”.
Şair-publisist Elşən Əzim isə bu barədə bir az fərqli düşünür. Onun fikrincə, ədəbiyyatı hər hansı ideologiyanın təbliğat maşınına çevirmək çağdaş dövrümüzdə mümkünsüzdür: “Söz azadlığının mövcud olduğu demokratik bir ölkədə ədəbiyyat qarşısınsında tələb qoymaq doğru olmaz”.
Bununla belə Elşən Əzim dövlətçilik şüurunun formalaşmasında ədəbiyyatın da rolunun olması qənaətindədir: “Fəqət bunu keçmiş Sovetlər dönəmində olduğu kimi konkret sifarişlər şəklində yox, azad sözün hüdudsuzluğu səviyyəsində etmək lazımdır. Əslində orta əsrlərdən üzübəri Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarını görmək mümkündür. Nizami Gəncəvinin əsərləri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hələ feodal dövründə böyük Nizami yaratdığı obrazlarla özünün ədalətli şah, azad insan arzularını gündəmə gətirirdi”.
XIX əsr ədəbiyyatındakı maarifçilik xəttinin XX əsrin əvvəllərində müstəqil Azərbaycan cümhuriyyətinin yaranmasında az rol oynamadığını deyən Elşən Əzim Azərbaycanda dünyəvi elmlərə yiyələnən ziyalı zümrəsinin yetişməsində bu dövrün önəmini vurğulayaraq dedi: “Bu gün də dövlətçilik şüuru bədii əsərlərdəki inadırıcı, canlı obrazların, müasir oxucunu düşündürən mövzu müxtəlifliyinin hesabına formalaşa bilər. Eyni zamanda çeşidli ədəbi müsabiqələr, mükafatlar təsis edib bu yönümdə konkret işlər görmək olar”.
Dövlətçilik şüurunun formalaşmasının yalnız ədəbiyyat siyasəti ilə başa gəlməyəcəyini deyən filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun müəllimi Təranə Turan Rəhimli bununla belə kompleks təbliğat işinin qurulmasında mühüm vəzifənin ədəbiyyatın üzərinə düşdüyünə inanır: “Ədəbiyyat bədii fikrin diqqətini hər hansı bir ideoloji məsələ üzərində cəmləşdirdikdə mütləq müsbət nəticə əldə edə bilir. Bunu ötən yüzilliklərin ədəbi təcrübəsi də dönə-dönə təsdiqləyib. Dövlətçilik şüurunun formalaşması yönündə ən yaxşı təbliğat əlbəttə, bu mövzuda yüksək bədii siqləti ilə oxucunu cəzb edən, sənətkarlıq qüdrəti ilə ona təsir etmək qüvvəsində olan əsərlərin yazılmasıdır. Bu bir roman da ola bilər, dram əsəri də, kinossenari də… Lakin burada bir çox faktorlar nəzərə alınmalıdır: ədəbi janr məsələsinin operativliyi, müasir oxucunun bədii zövqü, bədii həqiqəti dərk etmə səviyyəsi və s”.
Gənclər arasında təbliğat işinin genişləndirilməsi və gücləndirilməsinin ədəbi mühitin əsas prioriteti olduğunu deyən alimin fikrincə bunu çox sadə şəkildə həyata keçirmək olar: “Universitetlərdə, orta məktəblərin yuxarı siniflərində gənclərin sözügedən mövzuda əsərlər yazmış yazıçılarla, dövlətçiliyimizin mövqeyinin möhkəmlənməsində önəmli xidmətləri olmuş siyasətçilərlə görüşlərinin keçirilməsi, dərs prosesində mövzuların dövlətçiliklə əlaqələndirilməsi gözlənilən nəticəni verə bilər”.
Yazıçı və tərcüməçi olan Əyyub Qiyasa görə isə ədəbiyyat dövlətçilikdən kənarda, daha çox insalığın əhatəsində hərəkət edərsə daha böyük iş görər: “Ədəbiyyatda yaranan obrazlar və mövzu insanlığın formalaşması üçündür. Dövlətçilik insanlıqdan sonra gəlir.”
Namiq Hacıheydərli