XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 17:23

KİMİ OXUMALI?!

Son vaxtlar ədəbiyyata axın edən gənclərin sayı artmaqdadır. Gündən-günə ədəbiyyata marağın artması təbii ki, sevindirici haldır. Ancaq təəssüf ki, bəzi gənclər sadəcə şeir yazmağı ədəbiyyatı bilmək kimi başa düşürlər. Halbuki, sadəcə özün yazıb, özün də oxumaq ədəbiyyat demək deyil. Ədəbiyyat istedadla biliyin vəhdətində formalaşmalıdır. Bunun üçün isə özündən əvvəlki, hətta müasiri olduğu şair və yazıçıların əsərlərini oxumaq lazımdır, hətta şərtdir.

Bu fikirlərdən yola çıxaraq bəzi ədəbiyyatda öz sözünü demiş ziyalılarımıza “Şairlik iddiasında olan gənclərə oxumağı vacib bildiyiniz beş Azərbaycan şairi kimlərdir?” sualı ilə müraciət etdik. Aldığımız cavabları sizə təqdim edirik:

Şair Namiq Hacıheydərli: “Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk”.

Şair Səlim Babullaoğlu: “Klassik dövr: Nizami, Xaqani… Müasir dövrdən (XX əsr) Mikayıl Müşfiq, Rəsul Rza, Ramiz Rövşən… Bir də bütün şairlər”.

Yazıçı Rasim Qaraca: “Şərq və milli poeziya ənənəsi üzərinə yazılmış heç bir şairi oxumasınlar. Tamamən Qərb poetik baxışını mənimsəmiş çox az sayda şairimiz var. AYO çərçivəsindəki bir neçə şairi örnək göstərə bilərəm. Məsələn, Nərmin Kamalın şeirləri gənclər üçün çox yaxşı örnək ola bilər.

Şair Qalib Şəfahət: “Həmişə yaxşı şeirlərə qarşı həssaslığım olub. Şeiri şeir olduğuna görə sevmişəm, kimsə yazdığına görə yox.

Mən məsləhət verməyi o dərəcədə xoşlamıram. Ona görə ki, hər bir fərdin ədəbiyyata baxışı fərqli və müxtəlifdir. öz mövqeyimi və ədəbiyyata baxışımı deyə bilərəm. İlk dəfə yaradıcılığına marağım olan Səməd Vurğun və Mikayıl Müşfiq olub. Bilmirəm nədən onların yaradıcılığı mənə daha yaxın olub? Sonralar ədəbiyyata baxışımda yeniləşmələr oldu. Bəxtiyar Vahabzadə, S.Rüstəmxanlı, Z.Yaqub, N.Kəsəmənli, Ramiz Rövşən, Musa Yaqub və s. şairlərin yaradıcılıqlarına maraq yarandı.

Hal-hazırda tövsiyyə edəcəyim Abbas Tufarqanlı, Məhəmməd Füzuli, Vaqif Səmədoğlu və iki böyük türk şairi Nəcib Fazil Qısakürək və Nazim Hikmətdir. Bəlkə də zaman-zaman şairlərin yaradıcılığına qarşı da münasibətim fərqli ola bilər.

Şair Eluca Atalı: “Məhəmməd Füzuli, Məhəmməd Hadi, M. Şəhriyarın Azərbaycan türkcəsində olan şeirləri, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən”

Yazıçı Etimad Başkeçid: “Bunlar beşdən, hətta iyirmi beşdən də çoxdur. Mütləq oxunmalı olanlar- Füzuli, Vaqif, Aşıq Ələsgər, Hüseyn Cavid, Ramiz Rövşən, Aqşin Yenisey”.

Şair Rəşad Məcid: “Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Ramiz Rövşən”

Şair Əkbər Qoşalı: “öncə onu deyim ki, şairlik iddia deyil, taledir- necə deyərlər, şair olmurlar, şair doğulurlar. Hər halda, gənc yazarlara önərəcəyim beş Azərbaycan şairi olaraq Məhəmməd Füzuli, Mikayıl Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun və Məmməd İsmayılın adını çəkə bilərəm”.

Yazıçı Azad Qaradərəli: “Nizami Gəncəvi, Füzuli, Sabir, Əli Kərim, Eldar Baxış”.

Şair Qəşəm Nəcəfzadə: “Mənimçün yaxşı şairlər iki yerə bölünür: öyrədən və öyrətməyən, stimul verən və stimul verməyən şairlər. M.Füzuli, Rəsul Rza, Əli Kərim, Vaqif Bayatlı Odər, Qəşəm Nəcəfzadə stimul verən şairlərdir”.

Tənqidçi Cavanşir Yusifli: “Füzuli, Nəsimi, Müşfiq, Əli Kərim, böyük və kiçik Şəhriyarlar. Düzdür, mən altısının adını çəkdim, əslində siyahı daha böyükdür. Ən əsası beş – altı şairin üstündə dayanmamaqdır, əsas məsələ misraların arasında bir yerdə səni gözləyən mesaja ulaşmaqdır. Dünyaya şair kimi gəlməyin içində bir faciə var”.

Şair Sayman Aruz: “Şəhriyar, Səhənd, Söhrab Tahir, Səməd Vurğun, Rəsul Rza”

P.S. Sayman müəllim iki fərqli siyahı təqdim etdi. Digər siyahıdakı şairlər: Mövlanə Cəlaləddin, Nizami, Nəsimi, Nazim Hikmət, Pablo Neroda.

Tənqidçi Əsəd Cahangir: “Füzuli, Hüseyn Cavid, Rəsul Rza, Ramiz Rövşən, Salam Sarvan”.

Şəhanə Müşfiq