XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2015 - 18:34

Şairlər Dərviş Cavanşirin işığına yığışdı

11 aprel 2015-ci il tarixdə Bakı şəhərində yerləşən 129 nömrəli məktəbin “akt zalı”nda mərhum şair Cavanşir Eloğlunun (Dərviş Cavanşir) anım günü keçirildi. Cavanşir Eloğlu son onilliklərdə Azərbaycan şairləri içərisində özünəməxsus yeri olan qələm adamlarından biri olmuşdur. Cavanşir Eloğlu (Dərviş Cavanşir) 1954-cü il yanvarın 9-da Naxçıvanın Əliabad kəndində doğulub. Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almış və 1970-ci ildə orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildə tikinti sahəsində fəhləliklə başlamışdır. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982-1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985-1986),

“Yazıçı” nəşriyyatında redaktor (1986- 1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə sədr müavini (1989-1992), “Aydınlıq” qəzetində şöbə müdiri (1992-1995), “Xalq qəzeti”ndə baş müxbir (1995-1998) vəzifələrində çalışmışdır. Sonralar isə “Ulus” qəzetinin əməkdaşı olmuşdur. 20-ci yüzilliyin 70-ci illərində ədəbiyyata gələn Cavanşir Eloğlu 1992-ci ildən sonra Dərviş Cavanşir imzası ilə çap olunmuşdur. 1990-cı ildə Azərbaycan Yazıçılar Birliyinin, 1996-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib. Mərhum şairin “Gözümün ilk ovu” (1981), “ömrümüzdə yanan ocaq” (1989), “Mən qəribin qardaşıyam” (1996), “Durnalar qərib ölmür” (2000) və “Oynaş” (2002) adlı kitabları nəşr olunmuşdur.

11 aprel 2015-ci il tarixdə Bakı şəhərində yerləşən 129 nömrəli məktəbin “akt zalı”nda toplanan mərhum şair Cavanşir Eloğlunun qələm dostları şairin dərin məzmunlu poeziyasından, sufiyanə düşüncə və həyat tərzindən ürək dolusu söz açdılar. öncə şairin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra tədbirin aparıcısı K.Qədim ilk sözü yazıçı Mübariz Məsimoğluya verdi. Mübariz Məsimoğlu Cavaşir Eloğlunun poeziyasından, yaradıcılıq yolundan və şairin yaradıcılığındakı özəlliklərdən söz açdı. Sonra “Bütün şairlər bir az dərvişdi” – sözü ilə çıxışa başlayan Adilə Nəzərli şairin yaradıcılığından örnəklər gətirməklə onun daha çox dərviş həyatı yaşadığını önə çəkdi. Dərviş Cavanşirin çox sevilən şair olduğunu xüsusi vurğulayan Adilə Nəzərli şairin yaşantılardan doğan şeirlərindən örnək gətirdi. O, “Oxucu Dərviş Cavanşirin yaradıcılığında özünü tapır” – deyə sözünü tamamladı. Daha sonra yazıçı Əlabbas, məktəbin müəllimi Bədiyyə müəllimə çıxış etdi, 7-ci siniş şagirdi Türkanə mərhum şairin “Ayrıla bilmirəm” şeirini, 8-ci sinif şagirdi Novruzov Ayaz isə “Qaş qaralanda” şeirini söylədi. “Ulduz” dərgisinin şöbə müdiri şairə Fərqanə Mehdi Dərviş Cavanşirlə bağlı xatirlərini bölüşdü, şeirlərindən nümunələr söylədi. Bundan sonra söz tanınmış sufişünas Fəxrəddin Salimə verildi. Fəxrəddin Salim Dərviş Cavanşirin şeirlərinə sufi baxışı ilə dərin açıqlamalar verdi, mərhum şairin poeziyasının fəlsəfi tərəflərini önə çəkdi. Sonda isə sufi Mənsur Həllacın şərəfinə sazda “Mənsuri” havasını ifa etdi. Daha sonra tanınmış diktor, bədii qiraət ustası Eldost Bayram, şair Tofiq Nurəli, bədii qiraət ustası Tahirə Ağasıyeva, tanınmış şair və politoloq Heydər Oğuz və başqaları Dərviş Cavanşir haqqında ürək sözlərini dedilər, onunla bağlı xatirələrini bölüşdülər. Bütün çıxışların ana xəttində əsas düşüncə bu idi ki, Dərviş Cavanşir öz dəyərini almamış, öyrənilməsi və təbliği gərəkli olan dəyərli şairlərimizdən biridir.

Sonda Dərviş Cavanşirin şeirlərindən bir örnəyi strateq.az saytının oxucularına təqdim edirik:

Qınama qoca görünsəm

Hörün məni divarlara,

Divarlar uca görünsün,

O ucalıqdan baxanda,

Bu qapı-baca görünsün.

ölüm ikilikdən olub,

Dirim dirilikdən olub.

Demə igidlikdən olub

ürəyim haça görünsə.

çay daşı, çaylaq daşıyam,

Aranda yaylaq daşıyam…

Mən qəribin qardaşıyam,

Qınama qoca görünsəm.

Namiq H.