XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 20:50

Kafka və Borxes fantaziyasının təqlidi –Əziz Rzazadədən magiyalı realizm üslubunda HEKAYƏ

Üçüncü səhifədəki milçək

 

Akademiyanın qarşı tərəfinə – parka üz tutdu. Küləyin dağıtdığı uzun, pırtlaşıq saçlarını, sallanan qarnını, yöndəmsiz, yeyin addımını, dodaqaltı mızıldanmasını görən çayxananın daimi müştəriləri gülüşməyə başladılar; bu məkanda onu tanımayan yox idi.

Küncdəki daimi yerində, dairəvi masa arxasında oturub stula yayxındı. “Qulam, ciyərim yandı, kəkotulu çay…  həmişəki kimi…”, – sözü havaya atıb qoltuğundakı kitabları masanın bir kənarına yığdı, köşkdən indicə aldığı qəzetə göz gəzdirməyə başladı. İkinci səhifəyə yetişmişdi ki, cib telefonuna zəng gəldi. Dinməzcə danışığa qulaq asdı və elə gəldiyi kimi də tələsik ayağa qalxıb eyni istiqamətdə geri qayıtdı.

O, prospekti adlayıb yenidən Akademiya binasından içəri keçərkən külək gücləndi. Yayın cırhacırında sərin meh dalğası boynubükük söyüdləri azca silkələdi, bir neçə yarpağı yerə tökdü, masa üstündə unudulmuş qəzeti yerindən oynatdı, onu yerə saldı və sırayla əkilən yaşıl kolların dibinə dirədi, sonra kağız məmulatın ilk vərəqinin ucunu görünməz əliylə qatladı. Elə həmin an üçüncü səhifənin aşağı, sağ küncündə tarixçi-alim Elşad Qasımın oxumağa macal tapmadığı bir kriminal xəbərin başlığı və mətni göründü.

Külək dalğası hələ bir müddət də ilk vərəqin ucunu qatlanmış saxladı və orda, üçüncü səhifədəki o kiçik cinayət məlumatını sanki Tarixin özünə oxutdurdu, sonra meh dalğası öləzidi və vərəqin qatlanmış hissəsi aşağı endi.

Bağda, səki kənarıyla sırayla əkilən kolların dibində qalan qəzetin üçüncü səhifəsindəki kriminal xəbəri o gün neçə nəfərin oxuduğu önəmli deyil. Mühüm olan o məlumatdakı adamlar və cinayətin səbəbi idi. Amma ilk baxışdan bəsit bir ixtilafdan doğan qanlı qovğanın mahiyyətini Bakıda, nəinki Bakıda, hətta Yer üzündə bütünlüyü ilə anlayacaq kimsənin var olduğunu düşünmək yanlışlıqdı. Onu tam şəkildə şüurunda əridə və nəticə çıxara biləcək yeganə adam, olsa-olsa, Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elşad Qasım idi.

Hə, qətiyyətlə başqa heç kim. Ancaq o.

Yüz faizlik qənaətdi.

Bilirsinizmi niyə?

Hmm.

Axı nə yazılmışdı orda, hə? – deyə intizardan boğulanlar üçün:

“Dünən saat 17.30 radələrində Bakıda ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib. 35 yaşlı Zakir Binnətli arvadı, 32 yaşlı Elnarə Binnətlinin baş nahiyəsinə zərbə endirərək onu öldürüb. Cani könüllü şəkildə polisə təslim olub.

Cinayət hadisəsi ilə bağlı istintaq gedir…”

 

Bir gün əvvəl.

Gəlin ona mikroskopla deyil, Tarixin peysərindəki gözlə baxaq.

Zamanın başını çiyni üstündən çevirməsi.

Keçmişə boylanma.

Zakir Binnətlinin evində o gün olanlar.

Hadisəni danışan özüdü.

…Hava axınının üzümü necə yaladığını duydum. Səs lap qulağımın dibində eşidildi. Şappıltı. Gözlərimi ağır-ağır açdım. Başım üstə duran arvadımın qəzəbli gözləri və əlindəki rezin həşəratöldürücü.

– Siz yatın, əlahəzrət, bağışlayın ki, şirin yuxunuza haram qatdım. Yox, bağışlayın nədi, əfv edin… Qul xətasız olmaz, ağa kərəmsiz… Həşəratların ucbatından oldu. Lənətə gəlsinlər!

Hələ də yuxudan tam ayılmamışdım. Amma gözlərimdəki bulanıqlıq tədricən seyrəlir, ətrafı göz gəzdirirəm. Budur qarşımda, divanın yanında jurnal masası, üstündə boş siqaret qutusu, kibrit, külqabı. İçində saysız siqaret kötükləri, yanmış kibrit dənələri və… iri bir milçək. İndicə öldürülüb, anladığım qədər. Yox, hələ sağdır. Ön ayaqları ağır-ağır tərpənir.

– Evdə də işlə, çöldə də işlə, qədrini də bilməsinlər…

Nə deyim, hardasa haqlıdı, üç aydı işsizəm. Zoologiya İnstitutunda ixtisardan sonra ixtisasıma uyğun iş tapmaq müşküldü. Özüm də bezara gəlmişəm. Həyatımın gündəlik nizamı itib. Əsəblərim pozulub. Gündüzlər bekarçılıq, tanış-tunuşdan aldığım köhnə qəzetlərin mütaliəsi, dalbadal yandırılan siqaret, yuxu, siqaret, yuxu, arvadın işə gedişi və qayıdışı arası deyinmələr, televizor qarşısında mürgü… gecələr yuxusuzluq…

– Mənə bir az pul saxla.

– Baş üstə, əlahəzrət. Mən işləyim, sən pulu siqaretə ver, pərdələri, tavanı qaralt… – hönkürüb getdi.

Az sonra mətbəxdən səsi gəldi:

– Öldürəcəm özümü, daha dözə bilmirəm. Bu cür yaşamaq olmaz!

Sükut.

Saatın çıqqıltısına əsəbiləşirəm.

Divandan hələ də qalxmamışam. Gözlərim ixtiyarsız yumulur.

Yox, yata bilməyəcəm, qalxıram, qəddimi dikəldirəm. Bulanıq gözlərimlə yenə də otağı nəzərdən keçirirəm.

Elnarə artıq ayaqqabılarını geyinir. Dəhlizdən səsi gəlir:

– Bu qədər dostun-tanışın var, birinə deyə bilmirsən, sənə iş tapsın? – Əsəbiliyi hələ də keçməyib, batıq səslə danışır. – Sabah Novxanıya getmək lazımdı. Uşaq darıxır, onu nənəsigildən götürmək sənin boynuna…

Rahilə. Şirin balam. Yadıma düşür, son dəfə onu görəndə mətbəxdə süd içirdi, dodaqları süddən bığ qoymuşdu. Baş barmağımla sildim, balaca burnunu öpdüm, gülümsədi.

– Eee…

– Mətbəxdə… beş manat qoydum, bəsindi…

Nəhayət, qapı arasından başı görünür.

– Pəncərələri aç, siqaret iyindən adamın ürəyi ağzına gəlir, – sonra yadına nəsə mühüm bir şey düşübmüş kimi, – milçəkləri də öldür, biri də qalmasın, – deyir, – bilirsən ki, onlardan iyrənirəm, heç olmazsa bir işə yara…

Çöl qapısı çırpıldı. İndi təkəm. Tək-tənha. Yeni qutunu açıram. Siqaret yandırıram. Külqabı ağzınadək doludu. Həm də bu milçək… ürək bulandırır. Hələ sağdı. Necə də böyükdü. Dəhşət! Beləsini ilk dəfə görürəm. Az qala düymə boydadı. Doqquz millimetr, ya da on. Fantastika. “Boyuna-buxununa bax bunun!” Zil qara rəngdədi. Ayaqları tərpənir. Sanki nizamla, taktla. Bir, iki, üç… saniyə, tərpəniş. Fasilə… yenə tərpəniş. Can verir. Ölümə müqavimət göstərir. Yaşamaq istəyi, həyat eşqi hətta cəmi yüz iyirmi günlük ömrü olan həşəratda da ən güclü instinktdir.

İndi gördüm, bax ha, başının üstündə nəsə parıldayır. Dairəvi, halqaya, üzüyəbənzər. Qızılı rəngdə. “Taclı… latınca nəyidi milçək… hə, xatırladım, muska… elə belə də yazılır, deyəsən, mus… ca.. “si”ylə… – deyə düşünürəm. – Hə, tacdı, doğrudan da tacdı!” – gözlərim bərəlir.

Yerimdən qalxıram. Yaxşı ki, evdə zərrəbin – böyüdücü şüşə var. (Hə, məktəbdə müəllimlik edən arvadım da bioloqdur. Bunu deməyi unutmuşdum?!) Rəfdən, mis haşiyəli taxta qutudan götürdüyüm zərrəbinlə milçəyi tədqiq edirəm. Gözlərim az qala alnıma çıxır. “Milçəklər hökmdarı! Taclı həşərat!” Bəs bu nədi, hə? Ağızcığının altında ağ saqqalı var. Yalnız mikroskopla görünə biləcək tük topası. Uzunluğu haradasa üç millimetr olar, bəlkə də beş. “Salam, ağsaqqal!..” İlahi! Bəs bu nədi?! Ancaq indi görə bildim, ayaqlarından birində tutduğu hökmdar əsası.

Öləzi tərpəniş. “Ölmə! Sən mənə lazımsan, ölmə, milçəklər hökmdarı!” Beynimdəki sözlər ixtiyarsız çölə çıxır. Cəmi yüz iyirmi günlük ömrü olan bu həşərat… yox, onun yaşı çoxdu… minilliklərlə ölçülən ömür… tarixin özüylə yaşıdlıq…”

Bu qeyri-adi varlıq məndə vəcdə oyadır, getdikcə daha çox həyəcanlanıram.

Minilliyin kəşfi. Biologiyada misilsiz inqilab. “Tarixin əsrarəngiz hadisələri üzərindən götürülmüş pərdə”, – Elşad bunu öz gözləriylə görsəydi, yəqin belə deyərdi. Buna kim inanar? Anidən qərar verirəm. Əlbəttə, ancaq o, başqa kim olacaq.

Cib telefonunda, yaddaşda nömrəni tapıb zəng edənə qədər gördüyümün yuxu olmadığına hələ də tam inanmıram.

– Səninlə görüşməliyik… Hə, elə bu gün… Bu saat… Neçədə?.. Yaxşı, ikidə, Cavid bağında… hə, həmişəki yerdə…

 

“Bəlkə də min yaşı var, ya da daha çox. Milçəklər hökmdarı. Yox, ona bu ad yaraşır, həşəratlar padşahı”, – metro qapıları bağlanarkən beynimdə götür-qoy edirəm. Şüurum, düşüncəm yalnız ecazkar milçəklə məşğuldu. Başqa heç nə beynimə girmir. Fikir daxılım xəyallar qurur: həşəratlar haqda möhtəşəm elmi kəşf, foto və tele-kameraların parıltısı, flaş-reportajlarda çəkilən adım-soyadım, bəyanatlar və şərhlər, İsveç, ah, İsveç, Stokholm, Nobel zirvəsi…

 

Vədələşdiyimiz vaxtdan yarım saat keçib. İsti və gözləyiş. Bircə dəfə zəng edib xəbərdar etdi ki, gecikəcək, amma çox yox. Hə, budur gəlir, tarixçi-alim Elşad Qasım. Tövşüyür, “Bağışla, heç cür tez çıxa bilməzdim”, – deyə üzrxahlıq edir. Sonra…

– Çay sifariş vermisən?

– Səni gözləyirdim.

Hiss eləyirəm ki, əzgin, yorğundu, qanı da qara. Qızarmış gözlərindən hirs tökülür.

– Bu günlərdə iş çoxdur, seminara hazırlaşıram, məqaləni təcili təhvil verməliyəm, – sanki fikirlərimi oxuyur. – Hə, de görək fövqəladə nə baş verib? Yoxsa işə düzəlmisən. – Siqaret yandırır, cavabımı gözləmədən: – Təbrik edirəm, – deyir, – bekarçılıqdan qurtulmana sevindim.

Nədən başlayım, bilmirəm, taclı milçək haqda söhbətə necə giriş verim.

– Qulaq as, sənin o dissertasiyan vardı ha… Heyvanların tarixdəki rolu haqda, – çaydan bir qurtum içirəm, həyəcandan boğazım quruyub.

– Unut. Dərdimi təzələmə, – həvəssiz, daha çox da küskün tərzdə deyir. – Nahaq yadıma saldın.

– Səbəbsiz deyil, – dedim. – Qulaq as, xətrinə dəymək fikrim yoxudu. Amma mənə öz nəzəriyyəni bir daha danış, sənə inanılmaz bir fakt verəcəm.

– Zarafata heç vaxtım yoxdu, Zakir, – deyir, masanın üstündəki qovluğu açır, kağızları səliqəyə salır. – O dissertasiya mövzusu dəfn olundu. Başa düşürsən, öldü nəzəriyyə.

– Hələ də mənə inanmırsan?! – dilə tutmağa başlayıram. Deyəsən, ipə-sapa yatmağa başlayır, tədricən. Hə, bilirəm, o ömrünün beş ilini məhz bu elmi işə sərf edib. Elşad Qasım, tarix üzrə fəlsəfə doktoru, istedadlı yaşıdım, parlaq zəka…

– Hər şey çox sadədi. Elə heyvanlar var ki, onlar tarixin axışına, irəliləyişinə və aqibətinə birbaşa təsir göstərib. Məsələn, atlar. Qədim dövrdə qurulan bütün imperiyaların onun sayəsində həyata vəsiqə alıb, yəni süvari ordusuz böyük dövlət yaratmaq mümkünsüz idi. Heç bilirsən istilaçı Kortesi ucsuz-bucaqsız Amerika qitəsində çoxsaylı yerli qəbilələrin ordularından xilas edən nə oldu? Yenə də atlar. – Çayından qurtum-qurtum içir, yavaş-yavaş havasına girir. Onun ucadan danışığına, ədalı əl hərəkətlərinə bu çayxanada artıq vərdiş ediblər. Sanki səhnədədi, özünə ayrılan rolunu oynayır. Qonşu masalarda oturanlardan kimisi irişir, kimisi onun davranışına gizlətmədən lağ edir, kimi də bütün baxışlarını kənara çəkmədən maraqla dinləyirdi.

– Siyahını itlərlə, hətta milçəklər, ağcaqanadlaradək davam etdirmək olar, dostum…. Qulam, çayımızı təzələ…

– Məni həşəratlar daha çox maraqlandırır. Məsələn… ağcaqanadlar… milçəklər…

– Milçəklər? Ha-ha-ha, – uğunub getdi. – Qulaq as, axı bütün bunları sənə dönə-dönə danışmışam, nəyinə lazım?! Yox, sən məndən nəyisə gizlədirsən…

– Davam elə, deyəcəm, həşəratlardan danışmamısan, dəqiq yadımdadı.

Çayını içməmiş söhbətin ardı gəlmir.

– Qulaq as, bəlkə, çeynəməyə nəsə sifariş verəsən, mədəm sıyrılır?! Hə, bağışla unutdum, işsizsən, səndə pul nə gəzir, ciblərin boşdu, düzdü?.. – siqaret yandırır, indicə söndürmüşdü, məni də eyni xəstəliyə yoluxdurur. – Həşəratlar ən azı atlar qədər bəşər tarixinin taleyinə təsir edib. Hmmm… Nəmrud yadındadı da, hə?

– Nəmrud?

– Hə, gəl indi məni də tanıma… İbrahim peyğəmbərin zamandaşı, zalım hökmdar… Hmmm… Allahın cəza olaraq göndərdiyi ağcaqanad onun burun dəliyindən beyninə hərəkət edir, dəlilik həddinə çatan Nəmrud da başını divara çırpa-çırpa ondan xilas olmağa çalışır. Hətta beynini dişləyən ağcaqanada görə başına dəyənək, şapalaq, vurdurur, sonda da ölür. Ha-ha-ha… Nəmrudun ordusunu da həşəratlar məhv edir…

– Buna əminsən?

– Nəyə?

– Ağcaqanad məsələsinə.

– Əlbəttə. Doğrudu, bu, dini rəvayətlərdə söylənir, sən belə şeyləri bilməzsən və bəzi ravilər ağcaqanad əvəzinə milçək sözü işlədirlər. Amma Quranın “Bəqərə” surəsində, 26-cı ayədə ağcaqanaddan bəhs edilməsi məncə təsadüfi deyil. – Ayəni bütünlüklə əzbər oxuyur: – Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha kiçiyini (ya böyüyünü) misal gətirməkdən çəkinməz…”

– Ağcaqanad?

– Hə, ərəbcə “bəuzə”di ağcaqanad… Milçək və hörümçəklə bağlı da vəhylər var. “Həcc” surəsində, gərək ki, ayə 73-dü və “Ənkəbut” surəsində, səhv etmirəmsə, 41-ci ayə. Hmm…

– Milçək…

– Hə, “zübəbə” ərəbcə milçək deməkdi. Bir şiə hədisində Abbasi xəlifəsi Mənsurun məclisdə milçəkdən çəkdiyi əziyyətdən də söz açılır. Bunu dissertasiyamda yazmışdım. Hmmm… Xəlifə Mənsur nə qədər qovsa da, milçək yenə gəlib onun üzünə qonur. Mənsur hirsli-hirsli hüzurundakı Əhli-Beyt imamından soruşur ki, Allah nə üçün milçəyi xəlq edib? İmam dərhal cavabı verir ki, onun vasitəsilə zalımları incidib alçaltmaq üçün…

Arxa masada oturan və bayaqdan irişən iki oğlan qəfildən ciddiləşdi və söhbətimizə qulaq kəsildilər.

– Qulaq as, bütün danışdıqlarım kiməsə qeyri-ciddi görünə bilər. Amma bu gerçəkdi. Diqqətli baxışdan kənarda qalmış həqiqət… Məsələn, – yenə siqaret yandırır, – Makedoniyalı İsgəndərin güclü baş ağrısından öldüyü söylənir. Bəlkə elə o da Nəmrudun aqibətiylə üzləşib. Amma bir ehtimal da var ki, Böyük İsgəndər Hindistan səfəri zamanı ya milçəklərin, ya da ağcaqanadların yaydığı yoluxucu xəstəliklərdən birinə yoluxub. İşə bir bax, Yunanıstanın, Kiçik Asiyanın, İranın, Hindistanın, Babilistanın, Misirin fatehi bir həşəratın öhdəsindən gələ bilmir və əzəmətli imperiya parçalanır. Tarixin gediş dəyişdimi? Dəyişdi. 33 yaşlı fatehin ölümüylə. Bəs qatil, yaxud təqsirkar kimdi? Həşəratlar.

Mən sirrimi açmaq istədim. Amma Elşad Qasımı artıq saxlamaq mümkün deyil.

– Amma təkcə Makedoniyalı İsgəndərin imperatorluğu həşəratlar ucbatından çökdümü? Yox. Məsələn, bu günədək iddia olunur ki, minillik Roma imperiyasının varlığına son qoyan qot kralı Alarikdi. Cəfəngiyat! Roma yenə də milçəklər və ağcaqanadların daşıyıcısı olduğu xəstəliyin ucbatından tələf oldu. Elə Alarikin özü də bir il sonra yoluxucu mərəzdən öldü.

Elşad Qasımdan sözü qısa etməsini rica edirəm. Əbəs. Dinləyicilərin sayı artır. Elşad Qasım auditoriyasını genişləndirir.

– Amma və lakin… – səsini azca qısdı, sanki hansısa möhtəşəm sirrin üstünü açmağa hazırlaşırdı. Həşəratlar təkcə imperiyalar dağıtmayıb… həm də onların xilaskarı olub… Hmmm… Oliver Kromvel. Çarlzı taxtdan endirən, İngiltərəni cümhuriyyət, özünü də parlamentdə lord-protektor elan eləmiş Kromvel. 1658-ci ildə malyariyaya yoluxdu. Öldü. 13 gün sonra cümhuriyyət ləğv olundu və İkinci Çarlz taxta çıxarıldı. Yəniii… ingilis monarxiyası öz bərpası üçün yenə də milçəklərə və ağcaqanadlara borcludu. – Nəhayət, nəfəsini dərdi. – Napoleon əsgərləri xəstəliyə yoluxmasaydı indi ABŞ-ın nə Luiziana ştatı, nə də müstəqil Haiti dövləti vardı…

Belə getsə, söhbət çox uzanacaq.

– Dayan, dayan, – güclə sakitləşdirirəm. – Səncə, bu gedişi, yaxud özün demişkən, tarixin axarını idarə etmə varmı? Yəni həşəratların tarixdə görünməz iştirakı sırf təsadüfdü, yoxsa…

– İlahi iradə, – Elşad Qasım hökmünü verdi. – Başqa nə olacaq ki!?

– Yaxşı, bu həşərat sürüsünə başçı lazım deyildimi? Bir növ, rəhbər kimi…

– Demək istəyirsən ki, Süleyman peyğəmbərin ixtiyarındakı cinlər kimi, onları da itaətdə saxlayan nəsə, ya da kimsə olub?

– Hə… tutaq ki, milçəklər hökmdarı…

– Bir çox qədim mifologiyalarda onsuz da milçəklər şərin təcəssümü sayılır. Heç bilirsən ki, qədim-qaim İran əsatirlərində milçək ölümün təcəllisi sayılırdı? Nasu – ölüm mələyi. Romadakı Herkules məbədində ona qurbanlar kəsilirdi. Assuriya və Finikiyada isə Velzevula – İblisə verilən adın özü belə “milçəklər hökmdarı” kimi tərcümə olunur. Əhdi-Cədiddə bu barədə…

– Milçəklər hökmdarı! – yerimdən atıldım.

Lord of the Flies. Uilyam Holdinqin bu romanını oxumusan?.. Əh, sən haradan biləsən…

– Mən milçəklər hökmdarını tapmışam, – səsimi qısaraq dedim.

– Bax hər dəfə belə edirsən, ciddi söhbətə pəl vurursan, – Elşad Qasım əsəbi görkəm alır. – Tam ciddi deyirəm, – and içirəm ki, inansın.

– Di bəsdi, məni uşaq sanırsan…

– Düymə boyda milçək, beləsini ancaq Afrikada görə bilərsən.

– Sese milçəyiylə adi ev milçəyini səhv salmırsan ki, zooloq?

– Yox, bu adi ev milçəyidi, amma… taclı, hökmdar əsalı. Hətta qar kimi ağappaq saqqalı var…

– Dayan, dayan, işdən çıxmamışdan, altı ay əvvəl Afrikaya ezamiyyətə gedən sən deyildin?! – mənə şübhəli, hətta qorxmuş nəzərlərlə baxmağa başladı. Qəfildən ayağa qalxdı. – Yox, dostum, yüzdə-yüz keçici xəstəliklərdən birinə yoluxmusan.

– Qorxma, sese milçəklərinin yaydığı nə Qambi, nə də Yuxu tripanosomuna yoluxmuşam… Yerinə otur.

Çiynindən tutub az qala zorla oturduram. Deyirəm ki, iddiamın isbatlayacaq əyani dəlilim var. İnanmaq istəmir, amma inandıra bildim. Bu kəşflə hər ikimizin qazanacağı mənfəəti təsəvvürünə gətirəndə, tərəddüd etmədən:

– Heç başa düşürsən bu kəşfin əhəmiyyəti nə qədər böyükdür? – deyir. Sonra elə mənim kimi pıçıltıyla: – Bəs hanı o milçək? – deyə soruşur.

Ciblərimi eşələyirəm. Birdən onu evdə saxladığım yadıma düşür. Of, bu qədər də yox!

– Evdədi. Onu boş kibrit qutusuna qoydum. Mizin üstündə qalıb unutqanlıqdan…

– Necə yəni evdə? Sən o, fantastik artefaktı özünlə gətirməmisən?

Sanki yuxudan ayıldım. Üzüntüsü anidən mənə sirayət elədi. Təlaşlandım. Birdən…

– Bağışla, heç ağlıma gəlməyib. Hmm… Gəl belə danışaq, indi evə gedəcəm, sabah burda görüşürük.

– Neçədə?.. Yox, sabah alınmayacaq. Təəssüf ki… Ya da axşam, yeddidən sonra, nə deyirsən?

– Oldu.

– Milçəyi bir qutuya qoy, yox, flakona. Spirtli flakona… Əh, zooloqa da məsləhət verməyəcəm ki. Özün bu işi məndən yaxşı bilirsən…

 

Metro qapılarından milçək kimi, vızıltıyla… yox, vıyıltıyla çıxıram. Evə tələsirəm. Amma köhnə tanışım yolumu kəsir.

– Zakir…

Yarım saatlığa vaxtımı alacağımı deyir. Amma zirzəmi kafedə düz bir saat ləngiyirəm. Dərdimizi paylaşır və içirik. İçki beynimə vurur, amma milçək yadımdan çıxmır.

 

Qapını açan Elnarə gələnin kim olduğuna da baxmır, dönüb mətbəxə gedir. Ayaq ütə güclə dururam, şüurum ayaqlarıma dolaşır, arvadımın arxasınca nəsə mızıldayıram.

Qonaq otağındakı masanın üstü boşdur. Zərrəbin yerinə qoyulub, içində milçək, həşərat kralı olan kibrit qutusu isə masada yoxdur.

Mən, əlbəttə, bunu bilmirəm, bilmirəm ki, saat yarım əvvəl Elnarə otaqda təmizlik işləri aparıb, o – Nasu – ölüm mələyi, Velzevul – İblisin təcəllisi, sadəcə doqquz santimetrlik həşərat – minillikləri adlayan məxluq, Tarixin yaşıdı – təmizlik işləri zamanı, ev süpürülərkən, mizin üstü silinərkən öncə sellofan paketə qoyulub, sonra məhəllənin girişindəki zibil qutusuna atılıb, daha sonra plastik qab və metal yığan səfillər onu – paketi içində köhnə-kürə əşyalar olduğundan zibil qutusundan götürüb, özləriylə aparıblar.

Naməlum istiqamətdə. Onunla birgə mənim daimi iş, uğurlu karyera, yüksək maaş və şöhrət paketimi də qamarlayıb məchulluğa hədiyyə veriblər.

Otağı ələk-vələk edirəm, döşəməyə baxıram, künc-bucağa, külqabıdan tutmuş zibil səbətinə kimi… heç yerdə o yoxdu. Dəlilik dərəcəsinə çatıram. Barmaqlarım düyünlənir. Çanağın qarşısında duran Elnarə sualımdan çaşıb-qalır. Kəkələyə-kəkələyə:

– Hanı o? – deyirəm.

– Nə?

– Milçək!

Son sözü var gücümlə dedim. O qorxudan qışqırır, sualımı dönə-dönə təkrarlayıram, saçından tutub masaya çırpıram, o, qonşuları haylayır. Sualımı dönə-dönə, qəzəblə təkrarlayır, məsələni izah edirəm, yenə qışqırır, imdad diləyir.

Yoxdur, olmayacaq, onu bir daha görə bilməyəcəm, hər şeyin sonu çatdı, son, mütləq son. Amma mətbəxdə yerə yıxılaraq səssiz-səmirsiz qalmış Elnarə bunu bilmir və heç vaxt bilməyəcək də. Hətta mənimlə bərabər, Tarixi nədən məhrum etdiyini də.