XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 11:10

Dövlət Dili Komissiyasının yeni üzvləri nikbindirlər:“Dillə bağlı gedən söhbətlərin hamısı nəzərə alınıb”

 

Prezident İlham Əliyev noyabrın 13-də Dövlət Dil Komissiyasının yeni tərkibini təsdiq edib. 16 ildir komissiyaya rəhbərlik edən baş nazir Artur Rasi-zadədən bu səlahiyyətlər alınıb. Yeni tərkibə əvvəlkindən düşməyənlər də var.

28 üzvdən ibarət komissiyanın sədri prezidenti İlham Əliyev, sədrin müavinləri I vitse-prezidenti Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.

Komissiyanın tərkibində sabiq təhsil naziri Misir Mərdanov, Azərbaycanın Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu, xalq şairi Fikrət Qoca, yazıçı Əkrəm Əylisli, "Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin sabiq baş direktoru İsmayıl Vəliyev, Prezident Administrasiyasının humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə, Milli Məclisin sabiq deputatı Nizami Xudiyev, Azərbaycan Prezident Administrasiyasının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Yusif Hümbətovun və digərlərinin adları yoxdur. Onları yeniləri əvəz ediblər.

Qeyd edək ki, əvvəlki komissiyanın fəaliyyətindən daim narazılıq ifadə olunurdu. Yeni tərkibin müsbət fəaliyyətinə ümidlər isə kifayət qədər yüksəkdir.

BakuPost.az xəbər verir ki, komissiyanın yeni tərkibində yer alan xalq şairi Sabir Rüstəmxanlı tərkibdə dəyişikliklər olduğunu deyib: "Düzdür, komissiya üzvləri sırasında elələri var ki, dil məsələləri ilə məşğul olmayıb. İşinə, vəzifəsinə, bu işə yardım edəcəyinə görə ora daxil edilib. Hər halda bu tərkibdəki komissiyanın statusu yüksəlir. Bu onu göstərir ki, dövlətin dilə münasibəti müstəqillik dövründə başlayan proseslərin davamı kimi həyata keçirilir. Son vaxtlar dillə bağlı mətbuat və ictimaiyyət daxilində gedən söhbətlərin hamısı nəzərə alınıb. Dilimizin gələcəyi ilə bağlı yarana biləcək çətinliklərin qarşısını almaq üçün real addımlar atmaq istəyirlər”.

Dövlət Dil Komissiyasının yeni üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov modern.az-a açıqlamasında komissiyanın  görəcəyi işlərdən danışıb: "Bu gün dünyada dillər arasında güclü rəqabət gedir və zaman-zaman müəyyən dillər buna dözə bilməyərək sıradan çıxır. Rəqabətə dözümlülük yaratmaq üçün  həmin dildə kitab çap etdirmək, mətbuatın fəaliyyəti, hətta dilin dövlət dili statusu da kifayət etmir. Müasir dünyada dili qorumaq üçün onun tətbiqi imkanlarını genişləndirmək lazımdır. Bu mənada dilin tətbiqi imkanlarından biri kütləvi informasiya vasitələridir. Etiraf etmək lazımdır ki, bu gün KİV-lərin bir qisminin dilində qüsur var. Sözlər düzgün yazılmır, aparıcılar istədikləri kimi danışır, Azərbaycan dilinin lüğət tərkibində olan sözlər kənarda qalır, qrammatik quruluş pozulur və.s. Bütün bunlar dilin potensialını, nüfuzunu aşağılayır. Bu səbəbdən Dil Komissiyasının fəaliyyəti mütləqdir. Bu baxımdan komissiya KİV-in dilinə   nəzarətlə bağlı tədbirlər planı hazırlayacaq”.

B.Xəlilov qeyd edib ki, reklamların, filmlərin, kitabların dilində ciddi qüsurlar var: "Eyni zamanda hazırda kitab çapına ciddi nəzarət lazımdır. Kitablarda sözlərin orfoqrafiyasının düzgün yazılmadığı, korrektə işlərinin peşəkar olmadığı müşahidə edilir. Açığı, nəşriyyatların bir çoxunun peşəkar  redaktor və korrektorları yoxdur… Ona görə də yeni tərkibdə yaranan Dövlət Dil Komissiyası dili sevdirməyin  yolları araşdırmalı və təqdim etməlidir”.

Dövlət Dil Komissiyasının yeni üzvlərindən daha birisi, xalq yazıçısı Mövlud Süleymanlı isə bildirib ki, hazırda  insanların dilimizə yanaşma tərzi əsas problemlərdəndir: "Məndən başlayaraq sizə qədər-problem hər kəsdədir. Biz əyəndə də düz əyirik, düzəldəndə də düz düzəldirik. Bu məsələyə qayğı, diqqət lazımdır ki, dili qoruya biləsən. Necə ki, özünə görə ağac əkirsən, ev tikirsən, eləcə də, dilə belə yanaşmalıyıq. Dili ayaqlar altına almamalı, hörmətsizlik etməməlisən. Qışqırtının içində də dil var”.

Komissiyanın yeni üzvü, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov isə "Report”a deyib ki, prezidentin imzaladığı sərəncama uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanacaq.