XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 20:50

Kor yazar Borxesin “Şərq boxçası”ndan –3 qısa HEKAYƏ

Doqquzuncu qul

Şirvanşah İbrahim fatehin taxtını öpdü. Onun bəxşişləri, tatarların dediyinə görə, hər biri doqquz ədəd olan ipək parça topu və atdan ibarət idi, amma qulların sayındakı əskiklik müşahidəçinin gözündən yayınmadı – səkkiz.

"Doqquzuncu mənəm", – İbrahim dedi.

Bu yaltaqlıq Teymurun təbəssümü ilə mükafatlandırıldı.

 

***

Cazibəli gözlər

Əhvalat bir adamın dörd min dinara kölə qız alması ilə başlayır.
Bir gün həmin adam gözlərini qıza dikdi və sonra göz yaşlarlına boğuldu. 
Qız ondan niyə ağladığını soruşdu. Adam
cavab verdi: "Elə gözəl gözlərin var ki, mənə Rəbbə ibadət etməyi unutdurur".
Qız tək qaldıqda gözlərini oydu. Adam onu bu vəziyyətdə gördü və ağrıdan sarsıldı. 
"Niyə özünə zülm etdin? Dəyərini düşürdün".
"Mənə məxsus heç bir şeyin səni Rəbbə ibadətindən uzaqlaşdırmasını istəmirəm".
O gecə adam yuxusunda bir səs eşitdi:
"Qız sənə görə dəyərini azaltdı, bizim üçün artırdı və biz
onu səndən aldıq". 
Adam yuxudan ayıldıqda, yastığının altında dörd min dinar vardı. 
Kölə qız isə ölmüşdü. 

 

***

 

Ölümün üzü

Gənc iranlı bağban şahzadəsinə dedi ki:

– Məni xilas edin! Bu səhər Ölümlə üz-üzə gəldim. Surətində elə təhdidkar ifadə vardı ki! Elə bu gün lütfünüzə sığınıb cəlayi-vətən olmaq, bir möcüzə ilə İsfahana yollanmaq istəyirəm.

Mərhəmətli şahzadə atlarını ona borc verdi.

O gün ikindi çağı şahzadə Ölümlə qarşılaşdı və ondan soruşdu:

– Bu səhər niyə bağbanımıza təhdidkar surətlə baxmısınız?

– Təhdidkar deyildi üzümdəki ifadə, – deyə o cavab verdi. – Əksinə, heyrətlənmişdim. Çünki bu səhər bağbanla İsfahanda rastlaşmalı, axşam da canını anlmalıydım. 

 

Tərcümə: Əziz Rzazadə