XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 12:51

Gənc alimin yeni kitabı çap olundu –İnsanlıq əleyhinə cinayətlərə aiddir

Bu günlərdə hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı nəşr olunub.

Strateq.az bildirir ki, kitabda Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilib.

Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmayıb, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var.

Kitabda müharibə cinayətləri və genosid cinayətinin insanlıq əleyhinə cinayətlərdən fərqli xüsusiyyətləri təhlil olunub, genosid və müharibə cinayətlərinin insanlıq əleyhinə cinayətlər olmadığı xüsusi vurğulanıb.

Xatırladaq ki, hər üç cinayət beynəlxalq cinayətlərin müstəqil tərkibə malik olan növləridir və kitabda bu cinayətlərin mahiyyətini izah etmək məqsədilə, beynəlxalq cinayət tribunallarının və müxtəlif dövlətlərin milli məhkəmələrinin təcrübələrinə istinad olunub və onların hökmlərindən konkret misallar göstərilib. 

Müəllif daha sonra Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş beynəlxalq cinayətləri araşdırıb və növlərinə görə onları təsnif edib, cinayətkarların cəzalandırılması ilə bağlı təkliflər verib.

Bununla yanaşı, 1990-cı ildə yanvar ayının 20-də Bakı şəhərində baş vermiş qanlı hadisə, Xocalı soyqırımı, azərbaycanlıların deportasiyası kimi məsələləri də beynəlxalq hüquqi aspektdən təhlil edib və onları beynəlxalq cinayətlərin növlərinə görə təsnifatlaşdırıb, habelə Azərbaycan Respublikası cinayət qanunvericiliyinin beynəlxalq hüquq normaları ilə müqayisəli təhlilini verib və təkliflər irəli sürüb.

Kitabda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu da tam şəkildə əlavə edilib.

Ümumilikdə tədqiqat işi ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.