XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2017 - 21:13

“Sərbəst şeirimizdən bir nümunə” –Aydın Qacar Sabir Yusifoğlunun şeirləri haqda yazdı

Aydın QACAR

 

"Facebook"da şeiri oxuyub, qısa rəy bildirmişdim: "Altında kəhər atın yox, çubuq at minəsi yaşın – elə şairə "çırpıb dizlərimi getdim" demək qalır. Ancaq çox gözəl deyibsən şair, xeyli feyziyab oldum, əzbərimdə qalacaq nümunələrdəndi, var olasan!"

Sabir Yusifoğlu da tənbəllik etməyib əlüstü, köhnə dostunu tərifləmişdi: "Minnətdaram, Aydın bəy. Siz M. ARAZ məktəbini şərəflə
keçənlərdənsiz. Sizi SÖZdə aldatmağa kimsə cəsarət eləməz!"

 *** 

Taleyinin, bəxtinin rəngi üzünə çıxmış, özünə "bəxtim özümtək qaraşın"  deyən Sabir Yusifoğlunun bu qısa şeiri Bakıdan uzaqda, istirahətdə olduğum isti yay günlərində bir daha qarşıma çıxdı, böyük məmnuniyyətlə təkrar gözdən keçirdim və fikirlərimi bir qədər geniş bölüşmək istədim.

Ədəbiyyata, incəsənətə qəbul olunmuş ümumi yanaşmalar öz yerində. Söz adamının yanaşması isə bir qədər fərqli olur, tutaq ki, kiçicik bir mətni, poeziya nümunəsini oxuyur və bir andaca fərqli aləmə, sehirli bir dünyaya düşürsən… Sözlər, duyğular, yaşantılar "tüstülü iynə" kimi birbaşa venaya işləyir və həkim – şair hələ əlini, iynəsini çəkməyib, ancaq  sən artıq "qızışmısan",  sözün yaratdığı  aləmin sehrində, diktə olunan fondasan. O fonu, o tonu yaşayırsan… Nəbzin müəllifin, oxuduğun mətnin, şeirin nəbzi ilə bir vurur, xoşbəxtsən, sözün yaşatdığı, yaratdığı auradan zövq alırsan.

Sabir Yusifoğlunun qeyd etdiyim şeirini oxuyanda da həmin hissləri yaşadım. "Oğru kimi hasar aşan, şair canına daraşan" dərdi görmək, duymaq istəyənlər, qonaq ola bilərlər – şairin son güllətək gicgaha sıxdığı sözlərə:

Bu tərəflər

Nə boynundan asılası,
nə qoynuna qısılası…
Urəyimdən qıfıl asıb,
yumub gözlərimi, getdim.

Silinib kitab-dəftərdən,
dönüb çatmadığım yerdən,
qana batmış bu şəhərdən
yığıb izlərimi, getdim.

Dedilər bəxt var,
baxtım…
Yox!
Vaxt öldürməyə vaxtım yox.
Altımda kəhər atım yox,
çırpıb dizlərimi, getdim.

Oğru kimi hasar aşıb-
dərddi
canıma daraşıb.
Bəxtim özümtək qaraşın,
gicgahıma son güllətək
sıxıb sözlərimi, getdim.

 …O vaxtlar Sovet qoşunlarının çıxarılması ilə bağlı Polşada, Almaniyada keçirilən kütləvi etirazların birində, elə ruhən Sabir Yusifoğlunun bu şeirinə bənzəyən bir plakat qaldırmışdılar: "İVAN,  İDİ  DOMOY!".  Üç sadə sözdən ibarət bu şüar peşəkar siyasətçilərin də, hər an qan tökməyə hazır duran hərbiçilərin də dediklərindən, etdiklərindən daha təsirli, həlledici, ağrısız və "rus ayısı" üçün də məqbul idi, mənim aləmimdə.

Sabir Yusifoğludan sitat gətirdiyim bu şeirin də ruhu o qədər sakit, rahat, sərt çağırışlardan, pafosdan uzaqdır ki, adam oxuduqca, sakitləşir… Elə bil, şair şeiri ilə – özünə də, bu rejimi quranlara da, "İvan, idi domoy!" plakatı qaldırır. Baxmayaraq, sərt yazı manerası, hətta həcv yazmaq təcrübəsi də Sabirə yad deyil.

"Nə boynundan asılası, nə qoynuna qısılası…" – kimi qısa, ancaq son dərəcə tutumlu, mənalı ifadə ilə oxucunu bir dünya ülvü hissin, yaşantının içinə atıb tezcə də "Urəyimdən qıfıl asıb, yumub gözlərimi, getdim"  qərarı verən şairlə ilk baxışdan barışmırsan, ancaq  bu, elə mülayim, elə yatımlı edilir ki, qəbul etməmək olmur.

Kitab dəftərdən də silinir, izlərini də yığır və çox asanlıqla çıxıb gedir şair – "qana batmış bu şəhərdən".  

Yaxud sərbəst şeirin imkan verdiyi düzülüşə və bu düzülüşdən doğan mənaya bax:

Dedilər bəxt var,
baxtım…
Yox!
Vaxt öldürməyə vaxtım yox.

 

Şair həm də bu halı ilə barışa bilmək böyüklüyü, müdrikliyi nümayiş etdirir:

Altımda kəhər atım yox,
çırpıb dizlərimi, getdim.

Sərbəst şeirə hörmət, nüfuz qazandıran belə nümunələr ədəbi mühitimizdə, gündəmdə yüzlərlə, minlərlədi!  Bir qayda olaraq heca vəznində yazan şairlər zərurətdən sərbəst şeirə keçəndə effektli alınır. Bu şeirin daşıdığı yükü, dəyəri doğrudan da heca vəzninə sığışdırmaq heç cür mümkün olmazdı.

Ancaq sərbəst şeir adı ilə janrı urvatdan salan cızma-qaraçıların da sayı-hesabı  yoxdu. Əfsus! Bir var – bu nümunədə olduğu kimi, sözə fikir yükləmək, bir də var – söz yığınına sərbəst şeir deyib, sözü abırdan salmaq. İndi təfəkkür, fikir yükü daşımayan sərbəst "şeir" nümunələrinin çoxluğundan, sərbəst şeirə ikinci növ məhsul kimi yanaşanlar da çoxdur və onları qınamaq da olmur.

Sabir Yusifoğlunun yaradıcılığına az-çox bələd olan adam kimi vurğulamaq istəyirəm: onun haqqında söz açdığım bu şeirindən də qat-qat mənalı, tutumlu, oxucunu heyrətləndirə bilən çox sayda şeirləri var. Sadəcə, Bakıdan uzaqda, nişanıma gələn bu şeir oldu, sağlıq olsun…

Mənim söylədiklərim isə oxucu mövqeyidi, bu sahənin mütəxəsisləri başqa rəydə də ola bilər və onların fikri, təbii ki, əsas götürülməlidir. 

01 avqust 2017