XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 19:35

Yazıçılarımızın Yeni il XATİRƏLƏRİ


Hər yeni il özündən sonra bir xatirə buraxır. Bu xatirə qarşıdan gələn yeni ildə xatırlanır. Bəlkə həmin yeni il də yeni bir xatirənin təməlidir. Ancaq bəzi insanlar üçün xatirələr də əzab verir və onu xatırlamaq istəmirlər.

Kulis.Az yazarların Yeni il xatirələrini təqdim edir.

 

Baba Vəziroğlu

 Artıq real həyatla xəyallar aləmini qarışıq salıram… Bilmirəm, ən gözəl, ən yaddaqalan, sevincli, ümidli Yeni il bayramlarımı yuxuda yaşamışam, ya gerçəkdə?! Ona görə danışmağa, dilə gətirməyə, real həyatda baş verən olay kimi sizlərlə bölüşməyə qorxuram… Bir onu bilirəm ki, daha üzümüzə gələn yeni illər mənim üçün təqvim dəyişikliyindən başqa bir şey deyil… Bu qədər sadə və kədərli…

 

Səfər Alışarlı

– Mənim ilk Yeni il xatirəm kəndimizdəki sərhəd zastavası ilə bağlıdır. Rus dili müəlliməmiz zastava rəisinin arvadı idi, bizi yanvarın 1-də zastavaya yolka şənliyinə dəvət eləmişdi. Onda mənim nə televizor, nə də Yeni il haqqında anlayışım vardı. Yadımda qalan “Morozko” filmidi, televizorda göstərirdilər, indi hər dəfə bu filmi görəndə, ilk dəfə daxil olduğum zastava zalının iyini, oradakı əsgər və zabitlərin mehriban münasibətini və müəllimənin bir qədər təşvişli üzünü xatırlayıram. Düşünürəm ki, insan oyuncaq, həyat fani, zaman qəddardır.

 

Zahid Sarıtorpaq

– Moskvada tələbə vaxtlarımız idi. Dəqiq neçənci il olduğunu xatırlamıram, Yeni il gecəsiydi. Voloqdalı tələbə yoldaşım Vladislav Kakorinlə pulsuz-parasız oturmuşduq, bilmirdik neyləyək, bayramı necə qeyd eləyək. Şaiq Vəli də bir neçə gün idi ki, bizimlə bir otaqda qalırdı, onun da maddi vəziyyəti yaxşı deyildi. Həmin axşam harasa getmişdi, vaxt keçsə də gəlib çıxmaq bilmirdi. Dilxor olmuşduq. Gözləyirdik ki, o da gəlsin görək neyləyirik. Bir də gördük, qapı açıldı qucağında içki dolu bir qutu Şaiq girdi içəri. “Bu nədi? Hardan almısan?” – soruşduq. Dedi: “Trolleybusdan düşürdüm, içəridə bir-iki sərnişin vardı. Sürücü və o sərnişinlər arxamca qışqırdılar ki, yeşiyin qaldı, götür. Fikirləşdim ki, götürməsəm başqası götürəcək. Qayıtdım, götürdüm. Bu, bizə ürəyimizə görə qismət olmuş bir bayram payıdı…” O gecə sevincimizin həddi-hüdudu yox idi. Kef məclisi qurub sabaha qədər oturduq. Hələ yataqxanamızdakı uşaqlara da “görüm-baxım” elədik… Amma hayıf, ilini dəqiq xatırlamıram. Bir onu bilirəm ki, səksəninci illərin ortalarıydı. Bu, mənim yaddaşımda qalmış ən gözəl Yeni il axşamıydı…

 

Məti Osmanoğlu

 Ömrümün unudulmaz yeni illəri az olmayıb. Ən maraqlı xatirəmsə 1971-ci ilin 1972-ci ilə təhvil olunduğu gündür.

Bizim kəndlə Rustavi şəhərinin arası təxminən 15 kilometrdir. Bibilərimdən biri – Nigar mamam o vaxt Rustavidə Kürün üstündə “Sorok şestoy” deyilən mikrorayonda yaşayırdı. Nigar mamamın oğlu Mədəd mənimlə tay-tuş idi. Kənddə yaşayan bibimin oğlu Məhəmmədlə qərara gəldik ki, yeni ilə Rustavidə qarşılayaq. Bu, evdəkilərin də ürəyincə oldu. Xeyli kənd sovqatı düzəltdilər və bizi təntənə ilə Rustaviyə yola saldılar. Sovqatlarımızın arasında diri bir xoruz da vardı… Problemsiz Rustaviyə çatdıq, şəhərarası marşrutla “Sorok şestoy”a gəldik. Məlum oldu ki, qonaq gəldiyimiz evi heç birimiz tanımırıq. Binaların arasında vurnuxmağa başladıq. Rastımıza çıxanlardan heç biri azərbaycanca danışa bilmir, biz də öz sözümüzü rusca çatdıra bilmirdik… Kimə yaxınlaşırdıqsa, birinci sual bu olurdu ki, xoruzu neçəyə satırsınız. Bu sualı hər eşidəndə ikimiz də cin atına minirdik. Axır ki, bizimlə yaşıd olan azərbaycanlı bir oğlanla rastlaşdıq. Sevincək Mədədi soruşduq. Atasının-anasının adını dedik. Məlum oldu ki, bu oğlan da bizim kimi şəhərə Yeni il qarşılamaq üçün qonaq gəlib və heç kimi, heç yeri tanımır. Məhəmməd hirsindən oğlana söydü və “tanımadığın şəhərdə nə işin var?!” – deyə öz “müdrik” məsləhətini bildirdi…   

Beləcə evi axtara-axtara günü axşam elədik. Azından 50 adam xoruza müştəri çıxdı. Anacaq xoruzu satmadıq. Axşam, sözün hərfi mənasında, xoruzumuz qoltuğumuzda suyumuz süzülə-süzülə kəndimizə – Sadıqlıya qayıtdıq. Bizi əməlli-başlı ələ salırdılar. Hamının da iradı bu olurdu ki, gərək xoruzu sataydınız…

 

Kəramət

Çox-çoxdanın söhbətidi, bir dəfə dostumla yeyib-içdik, axşamüstü "Sahil" metrosunda dedim ki, gəl gedək bulvarda gəzək bu qarda axşamüstü, sonra ayrılarıq, indi bulvar da yalqızdı. "Bu qarda?" sualıyla özünü metronun isti ağuşuna atdı. Gedib "Bulvar" yalqızlığında o yana-bu yana qaçır, qartopu düzəldib qağayılara atırdım, birdən hardansa bir polis çıxdı: “Ay vətəndaş, neynirsən, dəlisən?” – soruşdu və yaxınlaşıb qoluma girdi. "Yox, dəli deyiləm, şairəm" – dedim. Duruxdu, fürsəti fövtə verməyib əks-hücuma keçdim: “Bəs, nəçənnik, bu qarda-şaxtada, "Novıy qod" axşamı bulvarda nə gəzirsən?” "Birinci xidməti işimdi, ikinci mən də hərdən şeir yazıram" Dedim, onda Yeni ilin mübarək! Qarşılıqlı səslənərək biri-birimizi yola saldıq.

 

Zahir Əzəmət

– Doğrusu, Yeni illə bağlı elə bir parlaq xatirəm yoxdur. Uşaqlığımda Novruza önəm verilirdi. Tələbəçiliyimiz və əsgərliyimiz yoxsulluq illərinə düşdü. Araqla “zakuska”nı qoşa tuta bilmirdik. Ailəlik illərində də bayramın özündən daha çox, bayramı necə yola vermək haqqında düşünməli olursan. Əsas odur, uşaqlar gülsün.

 

Etimad Başkeçid

 2000-ci, ya da 2001-ci il idi. Rusiyanın İnta şəhərində çıxan «İskra» qəzetində işləyirdim. Rusiyada Yeni il bayramını bir ay əvvəldən qeyd etməyə başlayırlar, bir ay sonra qurtarırlar. Hamı bayram əhval-ruhiyyəsində, ayın 30-nu gözləyirdik. 30-da ənənəyə görə korporativimiz olmalıydı. Korporativi öz aramızda «sabantuy» adlandırırdıq – ruslara elə gəlir, sabantuyda kefin nə istəyir eləyə bilərsən. Sözüm onda deyil.

Tərs kimi, dekabrın axırlarına yaxın, qəzetdə böyük bir «çp» çıxdı. Birinci səhifədə şəhər merinin şəkli baş-ayaq getmişdi, rubrikalar bir-birinə qarışmışdı, məqalələrin redaktə olunmamış variantları, qaralamalar çap olunmuşdu. Səhər-səhər işə gələndə gördük ki, redaktorumuz Valeri Qennadyeviç qarşısına çıxanı söyüb-yamanlayır, ən yüngül söyüşü «sukalar, pidaraslar» idi. Halbuki qəzetin maketini özü imzalamışdı. Nə isə, redaksiya maşınında şəhəri dolaşıb, qəzetin satılmamış nüsxələrini topladıq, ertəsi gün yenidən çap elədik. Redaktor bəyan elədi ki, “sabantuy” barədə xəyal qurmaya bilərsiniz. Bu təxminən yas elan etmək kimi bir şey idi.

İki gün sonra, axşam tərəfi iş yoldaşım Pavel otağıma gəldi. Bic-bic gülümsəyib, dedi ki, Valeri Qennadyeviçi korporativə razı salmaq üzrədir. Təffərrüatını danışmadı. Ertəsi gün redaktor Pavellə məni koridorda görüncə şikayətlənməyə başladı ki, maşınından səs gəlir, səs onu dəng eləyib. Pavel redaksiyada maşından başı çıxan yeganə adam olduğu üçün onu maşının yanına apardı ki, baxsın. Pavel maşının ora-burasına keçdi, sükan arxasına keçib bir-iki dövrə vurandan sonra qayıtdı ki, maşında heç bir problem yoxdur.

– Necə yəni? Bəs bu səs nədir? – Valeri Qennadyeviç bir-iki yağlı söyüş söydü.

– Maşından səs gələr də! – Pavel özünü o yerə qoymadı.

Səhərisi gün redaktorla Paveli yenə maşının yanında gördüm. Məlum oldu ki, Valeri Qennadyeviç maşını servisə aparıb, amma orada səsin mənbəyini tapa bilməyiblər. Redaktor lap hövsələdən çıxmışdı. Xeyli çək-çevirdən sonra Pavel redaktorla sövdələşməyə başladı, dedi ki, maşını düzəldə bilər, amma əvəzində Valeri Qennadyeviç korporativə icazə verməlidir. Redaktor Paveli nə qədər dilə tutdu, hədələdisə də, xeyri olmadı, axırda razılaşdı. Valeri Qennadyeviçlə mən redaksiyaya girdik, Pavel isə, həyətdə maşınla məşğul olmaq üçün qaldı.

Bir azdan Pavel yanıma gəldi. Üzü gülürdü.

– Düzəltdin? – soruşdum.

– Əlbəttə! – Pavel gülə-gülə ovcunu açıb göstərdi.

Ovcunda kiçik bir zınqırov vardı, bizim kənd yerlərində bu cür zınqırovları heyvanların boynuna bağlayırlar ki, itəndə asan tapsınlar. Sən demə, Pavel zınqırovu maşının harasınasa bərkidibmiş… Bunu Valeri Qenndyeviçə korporotivin yalnız qızğın çağında dedik. O, dayanıb bir müddət matdım-matdım üzümüzə dikildi, sonra birdən-birə şaqqanaq çəkib gülməyə başladı…