XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 09:03

Ədəbiyyat xalqdan uzaqlaşdı, yoxsa, xalq ədəbiyyatdan?!


Yazan da, yazmayan da, problemin mahiyyətini anlayan da, anlamayan da, bir sözlə, əli qələm tutan hər kəs gileylənir. Hər kəs gileylənir ki, indi kitab oxunmur, ədəbiyyat oxunmur, şeir oxunmur, oxucu ədəbiyyatdan uzaq düşüb və sair. Doğrudanmı oxucu ədəbiyyatdan uzaqlaşıb? Doğrudanmı kimsəni ədəbiyyat maraqlandırmır?

Məncə, oxucu ədəbiyyatdan uzaqlaşmayıb. Oxucular yenə əvvəlki yerində, əvvəlki məqamında və mövqeyindədi. Bəs dəyişən nədir?

İyirminci yüzilliyin ilk onilliklərində Azərbaycan mədəniyyətində və ədəbiyyatında üzeyir bəy vardı, Sabir vardı, Mirzə Cəlil vardı… Bu, o zaman idi ki, millətin böyük əksəriyyəti yazıb-oxumağı bilmirdi. Ancaq yenə bu böyük kişilər öz sözünü millətə deyirdi. Millətin anladığı dildə danışırdı onlar. Sözü karikatura ilə deyirdilər, yığcam və anlaşıqlı dildə söyləyirdilər. Bu da keçməyəndə musiqinin dili ilə anladırdılar.

Onların amacı şan-şöhrət sahibi olmaq deyildi, millətin yüksəlişi, maariflənməsi istəyi idi. Məhəmməd Hadinin dediyi kimi “millətinin xəttini imzalar içində” görmək eşqi idi. çox az insanın onları anladığı bu dönəmdə dama-dama göl oldular. Toplumdan millət yapdılar, azı çox etdilər, qaranlığı işığa qərq etdilər. Xalq da onları sevdi, dəyərləndirdi, əziz tutdu, unutmadı…

Sovet rejimi millətin sözünü deyən aydınları bir-bir güllələdi və ya sürgün etdi. Əvəzində rejimin sözünü deyən yazarlar ordusu yetişdirdi. Rejim onların oxunması üçün süni ədəbiyyatın süni oxucularını da yaratdı. Partıyanı və partiya rəhbərlərini öyən şairləri yetişdirdiyi kimi bu tipli şeirləri oxuyub əzbərləyəcək oxucuları da yetişdirdi.

Zaman keçdi, dövran dəyişdi, baxışlar dəyişdi, imperiya çökdü. Diğər sovet müstəmləkələri kimi biz də bağımsız olduq. Uzun onilliklər yazılan ədəbi örnəklərin çoxu gərəksiz oldu. Artıq, sovet yazarını oxuyacaq sovet oxucusu yox idi. Yeni oxucununsa, yazarı yoxdu. Yeni dönəmdə – 90-cı illərdə ədəbiyyatda nəhəng boşluq yarandı. Kim nə istəyir və necə istəyirsə ondan yazdı. Parnoqrafik yazılardan tutmuş postmodern yazılara, təriqətçi düşüncədən tutmuş kosmopolit düşüncəyə kimi hər cür örnəklər ayaq açdı ədəbiyyata.

Quruluş dəyişsə də ədəbiyyata diqtə sona çatmamışdı. Yenə diqtə vardı. Lakin, bu dəfə rejimin sifarişi yox, bir iqtisadi formasiyadan digərinə keçidin yaratdığı çətinliklərin və bazar iqtisadiyyatının yaratdığı diqtə idi. Bu diqtə mədhiyyə ədəbiyyatını yaradırdı. Sovet dönəmində sürgündən və güllələnməkdən qorunmaq üçün yazırdısa, indi ac qalmamaq üçün mədhiyyə yazırdı şair.

Bu boşluqdan yararlanaraq meyxanalar meydan sulamağa başladı. Ali niyyətlər üçün deyil, para qazanmaq üçün. Bütün bunlar isə xalqın ədəbiyyatı deyildi. Ədəbiyyat xalqın deyil, ayrı-ayrı adamların və zümrələrin marağına xidmət etməyə başladı. Bu bir həqiqətdir ki, millət tarixən iqtisadçıdan, hüquqçudan, həkimdən deyil, məhz şairdən nəsə gözləyib, umub. Küsəndə də umduğundan küsüb. Son 20-25 ildə ədəbiyyatdan küsdüyü kimi.

Bu, o zaman oldu ki, xalqın şairi xalqın yox, məmurun sözünü dedi, “millət vəkili” olmaq üçün millətinin yox, millətin haqqını yeyənlərin vəkili oldu, davasını satdı, prinsiplərindən üz döndərdi, yaxud, millətin dərdlərini dilə gətirmək əvəzinə yüksək çinli məmurlara mədhiyyələr yazdı, xalqın yazıçısı xalqın dilində düz-əməlli danışa bilmədi. Yazıçı olmayanlar yazıçı oldu, şair olmayanlar şair oldu. Romanı yazmadılar, yazdırdılar. Şeiri yazmadılar yazdırdılar. Ədəbiyyatın qeyrətini çəkməli olanlarsa ən yaxşı halda bu durumu susqunluqla seyr etdilər.

Təqaüdçü, müəllim müalicə olunmaq üçün çarələr arayanda, yataqxanalarda və kirayələrdə can çürüdən insanlarımız kirayə haqqını və kommunal xərcləri ödəmək üçün para axtaranda televiziyada hansısa aydınımız pafosla yüksələn iqtisadiyyatımızdan danışdı. Məktəblərimizdən nizam-intizam və şagirdlərin dərsə davamiyyəti sürətlə tənəzzülə uğrayanda kimsə ağızdolusu təhsilimizn inkişafından dəm vurdu. Beləcə televiziyalar da özünü gözdən saldı, baxımsız duruma düşdü. Xalq nə ədəbiyyatına nə də televiziyasına inandı…

Hələ ki, bu gün də ədəbiyyatımız xalqın ədəbiyyatı ola bilməyib. Bu gün gerçək Azərbaycan ədəbiyyatı ağır zərbə almış səndələyə-səndələyə, yıxıla-dura yeriməyə, yoluna davam etməyə çalışan insanın durumunu xatırladır. Ancaq bu ədəbiyyat yenidən dirçələcək, ayaqlanacaq millətin səsi və sözü olacaq.

Namiq Hacıheydərli