XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 17:40

Xəlil Rzanı “Facebook”da dostlar siyahısından çıxarmaq –Sosial şəbəkədə müzakirələrə bəzi iradlar - MÖVQE

Əziz Rzazadə

Strateq.az

 

Neçə gündür sosial şəbəkələrdə Xəlil Rza Ulutürk barədə qeydlərin müzakirəsi gedir. Sayca nə birinci, nə də sonuncu müzakirə. Bunu tam əminliklə iddia edə bilərəm. Çünki yaxından-uzaqdan tanıdığım adamların xislətinə və cəmiyyətin bir üzvü kimi, sosial şəbəkə aludəçilərinin maraq dairəsinə bələdəm.

Üstəlik, heç vaxt bu bihudə müzakirələrə müstəqim, birbaşa qoşulmadığımdan, olub-bitənləri kənar seyrçi kimi izləyə-izləyə, sözün əsl mənasında, az qala adamşünas olmuşam.

Bilmirəm, düz başa sala biləcəyəmmi, ədəbiyyat, hər halda, elm deyil, onda “iki vur iki” axtarmaq boşuna vaxt itkisidir. Odur ki, istənilən şairin şəxsiyyəti və şeri mübahisə mövzusu ola bilər. Hər kəsin öz istedad və zövq meyarı var. Bir şer kiminsə könlünü oxşaya bilər; başqa bir kimsə "vay, indi qaytaracam" deyər.

Xəlil Rza poeziyası da istisna deyil. Amma bir müstəsnalıq var: şairlə birlikdə onun şəhid oğlunun ruhuna həqarət bağışlanmaz xətadır. Çünki şəhid – sıradan bir fani deyil.

O, vəzifəsindən, fəxri adından, tanınma dərəcəsindən asılı olmayaraq, hamının və hər kəsin tabutu qarşısında təzim etməli, kəfənini öpüb qisasını yerdə qoymayacağına and içməli insan, artıq bizimlə olmayacaq bizlərdən biridir. Hətta etnik kimliyi, valideynlərinin şəxsiyyəti, ölümündən sonra təltif olunub-olunmaması belə heç bir əhəmiyyət daşımır. Əslində, şəhid adının özü ən ali mükafatdır.

Və ən bəsit həqiqət: mən, sən, biz, hətta Xəlil Rza ilə bərabər, şəhid Təbrizə də dil uzatmış şəxs, məhz ona borcludur. Həyatını hamımız üçün fəda edənə, sağ qalmaq, həyatın dadını çıxarmaq, göz dolusu yaşamaq, ən kiçik uğurlarımıza görə sevinmək, qısası, saysız fellərlə ifadə oluna biləcək hər şeyə görə ona – şəhidə dönə-dönə minnətdar olmalıyıq.

Əlbəttə, atalar oğullarına görə məsuliyyət daşımır. Amma AYB üzvü olan valideyninin Xəlil Rza barədə status yazmış oğlu ilə qabaq-qənşər oturub ən azı buna görə ona “həyat dərsi” verməsi, hətta qulağını burması, məncə, yaxşı olardı.

(Doğrudur, bir iş də var ki, şair atanın bunu edib-etməyəcəyini də heç vaxt bilməyəcəyik.)

Sosial şəbəkədə müzakirələrə gəlincə, şəhid Təbriz "yaddan çıxıb", diqqət daha çox Xəlil Rzaya yönəlib; onun poeziyasının tərif və tənqidinə.

"Facebook"da şairə və şəhidə dil uzadana qınaq cümlələri də küçə folklorunun nümunələridir. Misal gətirməyə heç ehtiyac yoxdur. Buna qınaq deməyə də dil utanır.

Həqiqi qınaq bilirsinizmi nədir? O sətirləri yazmış "Facebook" istifadəçisinin yazdığını görməməzliyə vurmaq və sakitcə dostluqdan silmək.

Qoy öz şişirdilmiş, özünəvurğun eqosu ilə yalqız qalsın!

Bu arada, Xəlil Rza ilə eyni və ya daha əvvəlki ədəbi nəsildən olan şairlərin qələmə aldıqlarından seçmələr paylaşılır.

 

Mənasını itirmişdir köhnə, çürük sözləriniz

O üçrəngli bayrağısa görməyəcək gözləriniz!

Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,

Çürük, murdar firqəniz də, özünüzdən tez ölmüşdür.

"Erginə qon, boz qurd" kimi əfsanələr sizin olsun,

İstanbulda qab yalayan divanələr sizin olsun…

… Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,

Siz hey hürün, nə eybi var: "İt hürsə də, karvan keçər".

 

Süleyman Rüstəmin misralarıdır. Kim haqqında yazdığı da çoxdan, lap çoxdan məlumdur.

Özüm də bir əlavə, həm də öncədən xəbərdarlıq edim: bu misralar da Səməd Vurğunun qələmindən çıxıb –

 

İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,

Ucalsın göylərə şərəfi-millət!..

– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..

– Bir dayan!
– Nə dedin? – O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…

 

Mən hər cür müqayisənin əleyhdarıyam. Amma söz məqamına düşdüyündən bir neçə misal çəkim: söhbət Şekspirdən gedərkən, məgər hansısa ingilis saysız faciə və komediyalarnin müəllifi, eləcə də ingilis dilinə 3 mindən çox söz gətirmiş şairin tarixi-real həyatda hiyləgər dəllal və sələmçi olduğunu yada salırmı? Yaxud cazibə qanunu kəşf etmiş Nyutonun Kral Zərbxanasının naziri olarkən, neçə-neçə adamı dar ağacından asdırdığını deyirmi?

Bəlkə hansısa rus ziyalısı “Ustad və Marqarita”nın müəllifi Mixail Bulqakovun həyatın dibinə endiyi günlərdə Stalinə yalvarış məktubları yazdığını dilə gətirir? Və ya SSRİ-Rusiya himninin sözlərini qələmə almaqla tarixə düşmüş şair Sergey Mixailkovun “xalqlar atası”nın qızı haqqında yazdığı iddia olunan “Svetlana” şeri ilə tanındığını?..

“Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir” misralarının müəllifi olan Xəlil Rzanın da, daha yaşlı ədəbi nəsildən olan Süleyman Rüstəmin, Səməd Vurğunun da bu gün tonqala atılası, bəlkə də tonlarla şeirləri – söz yığını var. Amma bu ədibləri yaddaşlarda saxlayan nədir?

Səməd Vurğunun ədəbi dilimizə gətirdiyi təmizlik, saflıq, bahar ruhu, Süleyman Rüstəmin ürəkdən gələn səmimi misraları. “Dörd ay vardı ananın gözləri yol çəkirdi, / Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi”

Tarix hamıya qarşı mərhəmətlidir, üzünə yüz söyülsə də, yalan-doğru təriflənsə də, hamını və hər şeyi, fərqinə varmadan bağrına basır. Onun üçün doğma-ögey, dost-düşmən, müstəbid-milli qəhrəman fərqi yoxdur. 

Biz, insanlar isə Tarixə münasibətimizi hisslər və fərdi baxışlarımızla ifadə edirik. Bu mənada, o keşməkeşli, dolaşıq, ziddiyyətli dövrü, daha dəqiq, ötən əsrin 30-cu illər mühitini gözləri ilə görməyən, canlı şahidi olmayan adamların keçmişi mühakimə etməsi çox asandır.

Nə var ki… iki cümlə yaz, “şərəfsiz”, “vicdansız” sözlərinin ardınca da üç nida işarəsi qoy, bitsin-getsin.

Şərt o zaman kəsiminin tanınmış ictimai-siyasi, ədəbi aktyorlarını müttəhimlər kürsüsünə çıxarmaq, müttəhimi dinləmədən barəsində hökm çıxarmaq deyil.

Əsas məsələ təqvimdə 2018-ci il olduğu halda, hələ də mənən müdhiş keçmişdə qalmağımız, zamanla aşınmamış siyasi-ideoloji qəlibləri qorumamız, köhnə bütləri yıxıb, eyni xammalla yeni şəxsiyyətə pərəstiş kultu yaratmağımızdır…

Odur ki, mən hərdən ən azı sosial şəbəkəyə baxdıqda, özümü keçmişdə, doğma adamların belə bir-birinin üzünə durduğu 37-ci ildə hiss edirəm…

P.S. Fikir vermisinizmi, həmişə təsadüfdənmi, ya bilərəkdən, bu sayaq mübahisə-müzakirələr ciddi mövzuların yarandığı zaman ortaya çıxır və onları kölgədə saxlayır. Məsələn, baş nazirin müavini 2020-ci ilə qədər Azərbaycanda yoxsulluğun ləğv ediləcəyini açıqladığı günlərdə ard-arda intihar xəbərləri və canına qəsd edənlərdən birinin 700 manat təhsil haqqını ödəyə bilməyən yoxsul gənc olduğu ortaya çıxır. “Ya səbr!” deyə gözləyirsən ki, indi coşqulu ictimai qınaq və üzüntü ifadə olunacaq. Amma… Yəni ayların, illərin, qərinələrin ötüb keçməsi Azərbaycanda heç nəyi dəyişməyib? Adama baxırsan, qiyafət, qılaf təzə, qafa köhnədir. Hətta tövbə edib, Kəbəni yeddi yox, yeddi yüz dəfə dolansın, içində ki Kəbə yoxdur…




Yuxarı Əvvələ Ana Səhifə