XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 05:00

“TÜRK BİRLİYİ AYARI POZULMUŞ DÜNYAYA ÇƏKİ-DÜZƏN GƏTİRƏCƏK…”

“Türk Dünyası dünyaya qarşı deyil”– Əkbər QOŞALI

Strateq.az saytının bu dəfəki qonağı tanınmış yazar-publisist Əkbər QOŞALIdır.

– Xoş gördük Əkbər bəy! Yaradıcılıqda nə kimi yeniliklər var?

– Xoş gününüz olsun! Yaradıcılıq kəsintisiz bir prosesdir deyərdim. Yaradıcı insanın yeniliyi yalnız şeirdə, öyküdə, heykəldə, rəsmdə, musiqidə… ifadə olunmur- deyə düşünürəm. Bunlar yaradıcı insanın istedadının üzəvurması aktıdır, yaradıcılıqdakı yeniliyin təcallasıdır… Lakin o hərgün yenilik içindədir, hər gün yaradıcılıq prosesini hansısa formada davam etdirir: görür, götürür, qəbul edir, ötürür və sair… Həqiqi yaradıcı insanın sırf yaradıcılıqla məşğul olmadığı dövrdəki “başqa işlər”i də yaradıcılığın sonucu olaraq ortaya çıxan əsərə gedən yoldur, “toplanan hədlər”dir… Şair demiş, “Gözdən yaş çıxarmı ürək yanmasa?” – yaratdığına ürəyini qoymusansa, o yalnız qələmin, fırçanın, tişənin işlətdiyin materialla təmas anının məh­sulu deyil… O təmasa gələn yol, keçən vaxt var..! Hətta sinədəftərlik də, “qayibdən deyilənlər” də sənətçinin keçirdiyi hiss-həyəcanı, duyğu-düşüncələri ilə süslüdür (məhz həmin yaradıcı insanın qəlbi ilə yükümlüdür)…

Yer altındakı su illa da bir yerdən pırtlayıb çıxacaq, ancaq hansı ağacın dibinə, hansı dağın döşünə, hansı yamac qıyısına bulaq ömrü yaşadacaq? Hansı dərəyə çay ömrü bəxş edəcək? – budur məsələ…

Belə bir söz var, deyərlər, “əlləri ilə işləyən fəhlədir, əlləri və beyni ilə işləyən ustadır, əlləri, beyni və ürəyi ilə işləyən sənətçidir”! Uzun sözün qısası, əlim, beynim və əlbəttə, ürəyim bir nöqtəyə vurmayınca (üzə çıxartdığım yazıya özüm əmin olmayınca), yazdığım elə özümdə, öz bilgisayarımın bir “qovluğ”unda “fayl” olaraq qalır.

Yeniliklər əlbəttə, var. Rəhmətlik Hüseyn Arif necə deyirdi? –

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?

Gəzməyə çıxanda – çölün, çəmənin
üzünə gülməsi şeir deyilmi?

O qədər yazmadığım şeirlər, köçürmədyim hekayələr var… İnşallah 2015-ci ilə çox ümidim var, bu il ayrı-ayrılıqda şeir və hekayə kitablarımı nəşr etdirməliyəm. Baxmayaraq ki, hər il fərqli kitablar çıxarmışam, ancaq ilk və hələlik son şeir və hekayə kitablarım 2007-ci ildə çıxıb… Hesab edirəm, artıq vaxtdır, elə deyilmi?

Elədir. Ədəbi-ictimai mühitdə fəal olan aydınımız kimi ötən illərdə, aylarda bir çox türk ölkələrində oldunuz. Türk Dünyasından boylananda Azərbaycan və Azərbaycan ədəbi mühiti necə görünür?

– Yaxşı sualdır. Biz “Türk Dünyasından boylananda Azərbaycan və Azərbaycan ədəbi mühiti necə görünür?” sualına biganə qala bilmərik. Bizim türk dövlət və topluluqlarına səfərlərimiz turist səfəri, tacir səfəri deyil, təbii. Biz səfər etdiyimiz ölkələrdəki tədbirlərdə, istər-istəməz yazar müşahidəmizlə iştirak edirik. Sizə deyim, bizdən qıraqda bizi mənim gördüyüm, bildiyim qədəri ilə iki xətt üzrə tanıyırlar: rəsmi münasibətlər və klassikamızla, bir də populyarlığına komanda ilə çalışanların və bir çox hallarda Azərbaycanı, mədəniyyətimizi təmsil etməyə haqqı çatmadığını düşünüyüm adamlarla… Şəxsi münasibətlərdən qaynaqlanan olaylar da var, təbii. Təbii, təsəvvürün necəliyi də kimə, nəyə görə formalaşmağına bağlıdır. Bizimçün rəsmi mü­nasibətlər, eləcə də xalqlararası münasibət, ariflər qatında qərar görən baxış… daha önəmlidir. Gənəl dəyərləndirmə aparsaq, Azərbaycana ulu sevgiyə, qardaşca yaxınlaşımaya tanıqlıq etmiş olarıq.

– Türk Dünyasının birliyi ülküsü gerçəkləşəcəkmi sizcə? Bu ülkü gerçəkləşərsə, bundan bizlər nə qazanacağıq, dünya nə itirəcək?

ümumiyyətlə bu birliyin gerçəkləşməsi üçün kimlər hansı addımı atmalıdır?

Türk Dünyasının, türkün qazandığı yerdə dünya itirməz! Türk Dünyası dünyaya qarşı deyil, türk birliyi, həm də, ayarı pozulmuş dünyaya çəki-düzən vermək baxımından yararlı olacaqdır… Türk Dünyasında birlik qutsal görəvdir – qutsalsa, demək illa da baş tutacaq!

Kim nə etməlidir? – Dövlət öz işlərini görür, xalq öz yaddaşını itirməyib, aydınlarımız olumlu ölçüdə çalışmalarda bulunur. Ancaq dövlət və topluluqlarımızın vətəndaşı olan bütün aydınlar aydın deyil, bəziləri var qaranlıqdır, bəlkə… özləri də, yazı-pozuları da dolaşıqdı, “pult”ları hardan idarə olunur, bilmirsən…

üstəlik, bizi hamı sevmir, hamıdan sevgi də gözləmirik… Nəinki sevmirlər, bizə haqq etmədiyimiz nifrətlə dolub-daşanlar da var. Ən adı­yamanı da “Ermənistan dövləti”dir. Deməli, türk birliyi çoxvektorlu, gərgin əməkli çalışmalar tələb edir. Ən başlıcası, ümid, inam və sarsılmaz iradə tələb edir. Hüseyn Nihal Atsız demiş, “yufka yürəklilər”in (başqa sözlə, “ağciyər”lərin) meydanı deyil bu meydan…

Görüləcək çoxlu iş var, ancaq çırmanacaq qollarımız da var, əvəlAllah!

ötən ayın sonlarında İranla “altılıq” (“5+1”) ölkələri arasında razılaşma imzalandı. Bu razılaşmanın perspektivdə Azərbaycana nə kimi təsirləri ola bilər?

– Türk Dünyasının birliyi ilə bağlı sualdan İran, yaxud “altılıq” ölkələrinə keçmək nə qədər qərib görünsə də, elə bir o qədər də başadüşüləndir.

İran adı ilə xəritədə o yer göstərilir ki, orada bizim dədə-baba torpaqlarımız yerləşir, o tor­paq­larda qardaş-bacılarımız yaşayır. Orada yaşayan soydaşlarımz dünya azərbaycanlılarının təqribən üçdə iki bölümünü oluşdurur. Orada baş verənlər, ora ilə bağlı baş verənlər bizimçün, əlbəttə, ilgiçəkicidir, diqqətçəkicidir. Onu deyim ki, o razılaşma, Rusiya-Ukrayna münasibətləri, daha doğrusu münasibətsizlikləri, Qərb-Rusiya münasibət­siz­likləri fonunda təzahür edən, təcalla tapan bir durum kimi gəlir mənə… Azərbaycana nə xeyri, nə ziyanı olacaq? Xeyri hansısa “üçlük”dən, “beşlik”dən, “altılıq”dan gözləmədiyimiz üçün ziyanı olmasa, bu elə xeyir olacaq – deyərdim. Ziyanı olmaması üçün də, xalq öz dövlətini, dövlət öz xalqını qorumalıdır, qoruyur, qoruyacaqdır deyə inanıram.

– Tam da bu yerdə, gəlin yenə ədəbiyyata dönək… Folkner “milləti ədəbiyyat yaradır”, Beliniski isə “ədəbiyyat millətin mənəvi həyatının diriliyidir” –deyirdi. Necə düşünürsüz, ədəbiyyatımız millət yarada bilirmi və millətin mənəvi həyatının diriliyini təmin edə bilirmi?

Ədəbiyyatımızı kimlər yaradır? – bu millətin övladları. Ədəbiyyat qıraqdan-başdan təsir­lənmədən də, yarada bildiyimiz bir hadisədir… Elə alanlar var, biz Batıdan yararlanırıq – b
unu nə danır, nə də bundan utanırıq. Batının Doğudan yararlandıqlarını göz önünə gətirsək, Batı batar… Gənəl olaraq, Doğulu-Batılı, Güneyli-Quzeyli dünya dünyadır – inkişafın, tərəqqinin hamıya, hər kəsə dəxli var, böyük gəlişmələrdə aşağı-yuxarı hamının qatqısı, payı var.

Folkner də, Belinski də özlərinə görə haqlı buluna bilər. Mənə qalsa, Belinskinin deyimi daha sərrastdır. Ədəbiyyat yaradan deyil, yaradılmışıdır, ancaq dirilik faktoru kimi qəbul edilə bilər.

– Folknerdən, Belinskidən öz abidə-insanlarımza keçək. Bilirsiz, son dönəmdə tez-tez tarixi şəxsiyyətlərimiz təftiş olunur. örnəyi, bilən də, bilməyən də, anlayan da, anlamayan da Babəkin tariximizdəki rolunu və yerini təhlil etməyə çalışır. Kimisi onu qəhrəman, kimisi sovet dönəminin şişirtdiyi tarixi şəxsiyyət, kimisi “sapıq” adlandırır. Onun müsəlman olduğunu iddia edənlər də var. Siz necə düşünürsüz? Kimdir Babək?

Gəlin ordan başlayaq ki, müsəlman olmaq ayıb deyil, lakin müsəlman olmamaq da yaradılmışın seçim hüququdur. Yaradan öz sonuncu elçisinə demirdi ha, hamını müsəlman elə, deyirdi, müsəlmanlığa, İslama çağır. Başqa sözlə, gələnin savabı, gəlməyənin günahı öz boynunadır.

Babəkin İslamı qəbul etdiyini iddia edənlərdən biri də mənim dostum, tanınmış araşdırmaçı yazarlarımızdan Ceyhun Bayramlıdır. Dostum, hətta bu iddiasını kitablaşdırıb da… O öz iddiasını hər nə qədər elm dili ilə, qaynaqlara istinadən əsaslandırmağa çalışsa da, mən onun mövqeyini paylaşmıram, necə deyərlər, içimə sindirə bilmirəm. Bilmirəm, Babək adı da, İslam adı da də­yərlidir, dəyərdir… Məhz yüksək elm dəyərli də münasibət tələb edir, ərəbcəni, farscanı, qədim dilləri yaxşı bilən mütəxəssislər həqiqəti gün işığına çıxara bilərlər- deyə düşünürəm.

-Bir neçə gün öncə ortaq dostumuz Ayaz Arabaçıya ünvanladığım bir sualı eynilə sizə də ünvanlamaq istəyirəm: Keçən yüzilliyin əvvəllərində Azərbaycanda oxumuş və üzdə olan qə­ləm adamlarının sayı yüzdən az idi. Bu insanlar az sayları ilə qəzet və dərgi çıxarırdılar, partiya qururdular, heçdən dövlət yaradırdılar… Yüz il sonra – yəni bugün Azərbaycanda minlərlə qələm adamı və yüzminlərlə aydın var. Amma cəhalət baş alıb gedir. Sizcə niyə?

Bir az dartışmalı mövzudur. örnəyi, “bugün… yüzminlərlə aydın var” deyirsiz, məncə, “…bu­gün yüzminlərlə diplomlu var” desək, daha düzgün olar, elə deyilmi?

Hər dövrün öz tələbi, öz çağırışı, öz gerçəkliyi vardır. Başqa sözlə, nə necə olubsa, elə olmalıydı – yaxud artıq olan olub, keçən keçib. Unutmayaq ki, müəyyən zaman kəsiyindən sonra, sanki keçmiş bugündən əziz olur – yaşlı insanlar da tez-tez deyir: bizim vaxtımızda belə idi-filan…

Bir də Azərbaycan dünyadan təcrid olunmayıb, dünyada baş verən proseslər bizə də təsir edir, bizdə baş verən proseslər də dalğa-dalğa dünyaya yayılır. Əgər cəhalət varsa, o yalnız və sırf Azərbaycan üzrə deyil – deyə inanıram və inanıram ki, su müəyyən km. axdıqdan sonra özünü təmizlədiyi, torpaq kimyəvi tullantıları müəyyən vaxtdan sonra neytrallaşdırdığı kimi xalq da zamanla qaranlıqları yarır, işığı üzə çıxarır…

Sizin üçün ədəbiyyat nədir? çağdaş Azərbaycan ədəbiyyatı üzərinə düşən tarixi missiyanın öhdəsindən gəlirmi?

Ədəbiyyat hər bir ədəbiyyatçı üçün həm özəl, həm də gənəl anlam daşıyır. Bir yazıçıya, şairə görə ədəbiyyatın yaşamda, rəftarda, ruhda… özəl yeri var, lakin əksəriyyət tərəfindən qəbul edilmiş tərifi də var. Ədəbiyyatın tərifini xatırlatmağa ehtiyac yoxdur təbii. Mənə görə Ədəbiyyat öz kökündən başlayır, milli ədəbiyyat öz milli kökümüzdən başlayır, mənim yazdıqlarım öz könlümdən su içir, orada öz ürəyim döyünür, əgər yazdığım uğur qazanırsa, demək o idrak süzgəcindən keçib… Ədəbiyyat bu anlamda özümlükdür – əllə, könüllə, beyinlə özümləşən bir yaradıcılıq aktıdır.

– Əkbər Qoşalı nədən razı, nədən narazıdır?

Bu sual nə üçündür, əziz dost? Razı olduqlarımla razı olmadıqlarım gecəylə gündüz kimi, sağla sol kimi, yaxşıyla pis kimi… bir-biri ilə dəngədədir sanki…

Məncə yaxşı bir söhbət alındı, elə deyilmi? Şəxsən səndən çox razıyam. Yetər , sən də məndən narazı qalmayasan…

Söhbətləşdi: Namiq HACIHEYDƏRLİ