XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 12:31

Orfoqrafik lüğətdə dəyişiklik niyə qıcıq yaradır? –Yazı qaydalarımız haqda bir neçə söz

Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyası tərəfindən Azərbaycan dilinin orfoqrafiya qaydalarına bir sıra dəyişikliklər edilməsi üçün təkliflər irəli sürülüb. Qeyd edək ki, təklif edilən dəyişikliklər Azərbaycan dilinin orfoqrafiya qaydalarını əks etdirən 69 maddədən yalnız bir neçəsinə aiddir.

Həyatın müxtəlif sahələrində gedən inkişaf dildən də yan keçmir. Lüğətlərin tez-tez yenilənməsi həm də bu inkişafın sürətilə bağlıdır. Dildə işləkliyini itirən – ölən və inkişafla bağlı yeni yaranan sözlər lüğətlərin zaman-zaman yenilənməsini tələb edir. Lakin yeniliklər heç də həmişə asanlıqla qəbul edilmir və birmənalı qarşılanmır. Bu gün səs-küyə səbəb dilə yeni gələn leksik vahidlər deyil, dilimizdə mövcud olan sözlərin yazılışında təklif olunan yeni qaydalardır. Alınma sözlər üzərində aparılan bu düzəlişlər zamanında görülməyən işlərə, gec də olsa, nizam verir. Niyə nizam deyirik? Yazı nitq inkişafının sonrakı mərhələsidir. Deməli, şifahi nitq birincidir. Birinci varsa, sonra gələn, yəni yazı onun işarələrlə rəsmiləşən formasıdırsa, onda ikinci birinciyə uyğunlaşdırılmalıdır. Lakin lüğətdə sözlərin tələffüzü ilə yazı qaydaları arasında bəzi uyğunsuzluqlar mövcuddur.

Dilçilik İnstitutunun bu təklifləri yazını tələffüzə uyğunlaşdırmaq üçün vaxtilə diqqətdən kənarda qalmış bir qrup sözlərin orfoqrafiyasında düzəliş edilməsi haqqındadır. Əslində qoşa "ss" və qoşa "yy" ilə yazılan sözlərdə bu gün təklif olunan qayda, cüzi də olsa, orfoqrafiya lüğətinin əvvəlki nəşrlərində bir neçə sözə tətbiq edilib. Məsələn, mənbə dildə "kasset" kimi yazılan söz Azərbaycan dilinin orfoqrafiya lüğətində "kaset" kimi verilib. "-iyyat" şəkilçisi ilə yalnız "cəfəngiyat" sözü lüğətdə bir "y" ilə yazılıb. Qalan sözlərdə isə bu şəkilçi iki "yy" ilə yazılıb.

Göründüyü kimi, eyni seriyadan olan sözlər lüğətdə fərqli qaydada təqdim olunub. Bu fərqlilik yazı zamanı çaşqınlıq yaradır. Eyni qrupdan olan (məsələn, qoşa ss; -iyyət, -iyyat, -iyyə ilə yazılmış) sözlərin yazı qaydalarında vahidlik prinsipinin olmamasından daha çox qəbul imtahanları zamanı abituriyentlər əziyyət çəkir.

34, 35 və 36-cı maddələrdə indiyədək mənbə dildə olduğu kimi, qoşa "ss" ilə yazılan, lakin bir "s" kimi tələffüz olunan sözlərin bir "s" ilə yazılması təklif olunur. Mənbə dildə iki "ss" ilə yazılan və "senari", "şose", "ekspres", "konqres", "stres" kimi səsləndirilən sözlərdə tələffüzdə heç bir rolu olmayan ikinci "s"  hərfini yazmağın mənası nədir? Bir az dərindən diqqət etsək, görərik ki, əslində bunlar sıradan qalmış sözlərdir, bu gün bir "s" ilə yazılmaqla öz yerini tapır. Lüğətdə verilmiş "antena", "ton", "diaqram", "proqram", "stenoqram", "teleqram" kimi sözlər də mənbə dildə qoşa samitlə yazılıb, lakin bizim dildə qoşa samitlərdən yalnız biri tələffüz edildiyi üçün digəri, çox doğru olaraq, orfoqrafiya qaydalarında əksini tapmayıb.

37-ci maddədə "-iyyat" şəkilçisinin bir "y" ilə yazlması təklif olunur. Bu da çox təqdirəlayiq haldır ki, bu şəkilçidə tələffüzlə yazı bir-birinə uyğunlaşdırılır. Tələffüzlə yazı arasında fərq çox olduqca, yazılı və şifahi nitqdə qüsurlar da çox olur. Odur ki, "ədəbiyat", "cərrahiyə", "dövriyə", "fəaliyət", "maliyə", "üslubiyat" yazılışını ən düzgün variant hesab etmək olar.

Qeyddəki "qəyyum", "səyyah", "səyyar", "səyyarə", "təyyar" kimi sözlər ona görə istisna kimi verilib ki, həmin sözlər iki "y" ilə tələffüz olunur və odur ki, həmin səslər yazıda qoşa "yy" ilə əks olunmalıdır.

Yazı ilə bağlı vəziyyəti yüngülləşdirən bir məqam da "ehtiyat", "mərsiyə", "saniyə", "təhkiyə", "tərbiyə", "təziyə", "tövsiyə" tipli sözlərlə bağlıdır. Bu sözləri "-iyyət", "-iyyat", "-iyyə" şəkilçili sözlərdən fərqləndirmək yazı zamanı çətinlik yaradır. Bunun da çıxış yolu həmin sözləri əzbərləmək olurdu. Təklif olunan qaydaya əsasən, artıq bu sözlər eyni cür yazılacaq və bununla da problem aradan qalxmış olacaq.

Mürəkkəb sözlərin yazılış qaydalarında verilən "alğı-satqı" sözünün yazılışı da mübahisə doğurur. "Çal" feilindən "-ğı" şəkilçisi vasitəsilə "çalğı" ismi düzəldilir və buna heç kimin etirazı yoxdur. "-ğı" dörd cür yazılan şəkilçidir, kar və ya cingiltili samitdən sonra gəlməsindən asılı olaraq, iki qrupda tətbiq edilir: kar samit qarşısında "-qı, -ki, -qu, -kü", cingiltili samit qarşısında  "-ğı, -gi, -ğu, -gü" variantı işlədilir. "Çal" feilinin son samiti "l" cingiltili olduğu üçün məhz "-ğı" variantı seçilib. "Al" feili də "l" samiti ilə bitir və deməli, həmin məqamda bu sözə də eyni şəkilçi artırılmalıdır.

Bəs niyə bu düzgünlük bir qrup insanlarda hiddət doğurur? Düzdür, xalq həmin sözü "alqı-satqı" kimi ifadə etməyə öyrənib, amma səhvi öyrənən, düzü də öyrənər. Necə ki, son illərə qədər hətta bəzi ziyalılar da "çatışmazlıq" sözünü "çatışmamazlıq" şəklində işlədirdilər. Bu gün buna etiraz edənlərin bəziləri leksikonunda "xoşbəxtlik" sözünü "xoşbəxtçilik", "tələbəlik" sözünü "tələbəçilik" kimi – lüğətdə olmayan formada işlədirlər.

"İlə" qoşmasının bitişik və ayrı yazılması ilə bağlı yazılarda xeyli səhvlər gedir. "İlə" birgəlik və vasitə bildirən qoşmadır, saitlə bitən sözlərdən sonra həmişə ayrı, samitlə bitən sözlərdə isə bitişik (-la, -lə) və ayrı yazıla bilir. Lakin bəzi mücərrəd mənalı sözlərdə bu qayda pozulur: "vasitəsilə", "etibarilə" və s. "Uşaq ilə", "maşın ilə" sözlərində bu qoşmanın yaratdığı məzmun çaları "vasitəsi ilə", "etibarı ilə" sözlərində özünü doğrultmur. Odur ki, bu sözlərdə qoşmanın şəkilçiləşmiş formada bitişik yazılmasını doğru hesab etmək olar.

Vaxtilə alınma sözlər "adəm – adam", "övrət – arvad", "cəmal – camal", "kəmal – kamal"; "maşina – maşın", "vyodra – vedrə" şəklində dilimizin qaydalarına uyğunlaşdırılmışdırsa, bu gün geçikmiş düzəlişlərin belə səs-küyə səbəb olması başa düşülmür.

Orfoqrafiya qaydalarına edilən təkliflər haqqında onu deyə bilərik ki, Dilçilik İnstitutunun xeyli gecikmiş bu təklifini ana dilimizin orfoepiyasının bəraət alması kimi dəyərləndiririk. Eyni sistemə daxil olan sözlərin vahid prinsiplə yazılmasını alqışlayırıq.  

Təklif edərdik ki, "attestat" və "opponent" sözlərinin də orfoqrafiyasında düzəlişlər  edilsin…

 

Kəmalə Şahinqızı