XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 12:26

Dissident şair İsfəndiyar Coşğun:"Mən bilən ay camaat, bəsdi daha yatdığımız!" - İLK DƏFƏ

Məhəmməd Hatəmi Tantəkinin vəsiyyəti millətin ixtiyarında…

Dissident şair İsfəndiyar Coşğunun şeirləri ilk dəfə “strateq.az”-da

İsfəndiyar Coşğun Azərbaycanın XX əsr tarixinin önəmli şairlərindən biridir. Əslən Cənubi Azərbaycandan olan şairin Milli Azadlıq Hərəkatında da xidmətləri olub. Onun milli hissləri tərənnüm edən, yadların millətimizin başına açdığı oyunları nəzmə çəkən şeirləri 1988-ci ildə başlayan “Meydan” hərəkatında dillər əzbərinə çevrilib. Xüsusilə, rusların Azərbaycana etdiklərini sərt dildə səsləndirən şair, heç nədən qorxmadan hələ Sovet dövrünün “dəmir pərdə”sinin güclü olduğu zamanlarda bu gerçəkləri millətinin diqqətinə çatdırıb. O zamanlar təbii ki, bu cür şeirlər və əsərlər nəinki qadağan idi, hətta onu oxumaq, dinləmək də hünər tələb edirdi. Amma İsfəndiyar Coşğun qorxmadan bu şeirləri yazır, milli düşüncəli insanlar isə əzbərləyir, beləcə, bu şeirlər dillərdən-dillərə nəsillərdən-nəsillərə ötürülürdü. İsfəndiyar Coşğun zəmanəsinin dissident şairi idi və özü demiş, “o saf cığırla tək gedən” də elə özü idi.

Uzun illər İsfəndiyar Coşğunun şeirləri elə gizlin də qalıb. Amma bu günlərdə bir təsadüf İsfəndiyar Coşğunun “sandıq şeirləri”nin bir hissəsini rastımıza çıxarıb. Məhəmməd Hatəmi Tantəkinin vəsiyyətini həyata keçirmək üçün İsfəndiyar Coşğunun şeirlərini eksklüziv olaraq strateq.az saytında yayımlayırıq. Zaman-zaman dərc olunan bu şeirləri bəlkə bir gün kitab halında da Oxucuların ixtiyarına vermək olar və inanıram ki, o günü görəcəyik.

Milləti ayaqda saxlayan şeirlərin müəllifi dissident şair İsfəndiyar Coşğuna, bu külliyyatı göz bəbəyi kimi qoruyub qardaşı Tomridə əmanət edən Məhəmməd Hatəmi Tantəkinə Allahdan rəhmət diləyir, bu qiymətli əsəri qoruyub Nemət Pənahlıya verən Tomridə və nəhayət, onu əsl sahibinə çatdırmaq üçün mənə əmanət edən Nemət Pənahlıya təşəkkür edirəm. Və bu böyük əsərin növbəti bir neçə şeirini onun əsl sahibinə – Uca Millətə təqdim edirəm.

Əvəz Zeynallı

Xüsusi olaraq “Strateq.az” saytı üçün

***

İsfəndiyar Coşğun

 

Arsız olum

 

Bilmirəm neyləyim heç, mən də bir az arsız olum,

Unudum həm Vətəni, həm eli diyarsız olum.

 

Baxıram millətimin halətinə, qəm görürəm,

Getdikcə gənclər olur burda ağlı kəm görürəm,

Almır heç kəs vecinə çoxlarını, dəm görürəm,

Mümkünmü böylə halda mən yazıq qubarsız olum.

 

Bəzənir qız kimi oğlanlarımız, saçlı gəzir,

Anlamır mənasını, ermənitək xaçlı gəzir,

Geyinir qırmızı şalvar, cibi sarğaclı gəzir,

Bunların ortasında mən necə əğyarsız olum.

 

Özümü danlayıram qanmayım, ancaq qanıram,

Qanıram dərdə düşüb, od tuturam, odlanıram,

Görürəm əhli-qələm hırna vurur, lap yanıram,

Elə bil əmr olunur, təkcə mən qərarsız olum.

 

O dərdi ki mən çəkirəm, gəlmir heç kəsin vecinə,

İçib “arax”dan hamı, dönüb ursiyyət gicinə,

Şair deyəndə sözün, arxalanır el gücünə,

Yaramır el mənə, bəs mən necə yararsız olum?

 

Etmişəm ömrümü puç, “deyim həqiqət” deyərək,

Nə səbəbdən yaşayım, qəlbimi qan eyləyərək,

Daha son qoymaq üçün dərdə-qəmə mən də gərək,

Deyim, gülüm, danışım – bir balaca arsız olum

Şikəst olum, şil olum – müxtəsər, yararsız olum.

1968-ci il

****

Rus verən “azadlıq”

 

Mən bilən ay camaat, bəsdi daha yatdığımız,

Əli qoynunda qalıb, dərdi-qəmə batdığımız.

 

Yığılın bir yerə, dümdüz oturub düz danışaq,

Çağırın gəlsin İvan, burda üzbəüz danışaq,

Altmış ildir o deyir, bir kərə də biz danışaq,

Məlum olsun ona da ağla, huşa çatdığımız.

 

O, bura zorla gəlib, zorla da döndü vəkilə,

Fəhləni, kəndlini yoldan eyləyib, tutdu dilə,

Verdiyi vədələrin heç izi də yoxdur hələ,

Görünür, çatmır ona örtülü söz atdığımız.

 

Əcəba, söylədiyi cənnəti-rizvan bumudur?

Hər şeyə sahib olan fəhlə və dehqan bumudur?

Qəm, kədər bilməyəcək qayğısız insan bumudur?

Bəsdi boş vədələrə başımızı qatdığımız.

 

Fəhlənin işlədiyin büsbütün ondan qoparır,

Kəndlinin var-yoxunu kolxoz adıyla aparır,

Üstəlik kim danışır, xox eləyib bağrı yarır,

Belədir, bəli, bizim rus verən azadlığımız,

Mən bilən ay camaat, bəsdi daha yatdığımız!

1969-cu il

***

 

Tərsinədir

 

Anlamıram, nədən bizim hər işimiz tərsinədir,

Adətimiz, ənənəmiz, vərdişimiz tərsinədir.

 

Gizləməyin nə mənası, nöqsan içində batmışıq,

Milli mənafe hissini yerli-kökündən atmışıq,

Yurdu fənaya kim verib heykəlini ucaltmışıq,

Məlum olur ki, büsbütün keçmişimiz tərsinədir.

 

Düşməni qardaş eyləyib, qardaş ilə yad olmuşuq,

Əcnəbi inkişaf edib, amma ki biz şad olmuşuq,

Büsbütün olmasaq da, gic-gic kimi bir zad olmuşuq,

Adicə yol gedişimiz-gəlişimiz tərsinədir.

 

Getmirəm heç dərinlərə, üzdəki halı göstərim,

“Vodka” əlində qərq olan əhli-əyalı göstərim,

Mətləbi çox uzatmayıb tək bu misalı göstərim,

Avtobusa, tramvaya minişimiz tərsinədir.

 

Haq söz ürəkdə paslanır, çünki açıb deyəmmirik,

Gülməli hala qalmışıq, başqaların bəyənmirik,

Varsa da Lənkəranımız, adi xiyar yeyəmmirik,

Guya ki ay canım-gözüm, öz dişimiz tərsinədir.

 

Ali savad alanların adi savadı yoxdur heç,

Məktəbə getməyin daha ləzzəti, dadı yoxdur heç,

Qatqarışıq düşüb hamı, şəxsin öz adı yoxdur heç,

Müəllimlərimiz yazan 3-5-imiz tərsinədir.

 

Diqqət edin həkimlərə, xəstə də dərman axtarır,

5-10 qoparmaq eşqinə milis gəzir, qan axtarır,

“Molla”mız hiylə gəlməyə əhli müsəlman axtarır,

Kilsədə tərsə xaç vurur, keşişimiz tərsinədir.

 

Ömrümüzün dörddə biri növbələrdə gedir bada,

Sərvətin onda doqquzu bəxş edilir çünki yada,

Hər nə olursa haqq olur, bizlər üçün azdı bu da,

Başdan-ayağa cəhdimiz-təlaşımız tərsinədir.

 

Musiqimiz batıb gedir, tappa-turup düşüb dəbə,

Evlərimizdə xalçanı etmiş əvəz həsir, gəbə,

Müxtəsəri bu ölkədə indi gündüz dönüb şəbə,

Səbəb budur ki, başdakı dəmkeşimiz tərsinədir.

1977-ci il

***

İxtiyarım olsa

 

Versələr ixtiyar mənə, hər şeyi izhar eylərəm,

Çoxlarının açıb pasın aləmə aşkar eylərəm,

Mənliyi cibdə axtaran ağlı gözündələr ki var

Başlarına mən onların bu dünyanı dar eylərəm.

 

El malını xımıs-xımıs el adına yeyənləri,

Rütbə və şöhrət eşqinə yadlara baş əyənləri,

Döşlərinə dəmir taxıb özlərini öyənləri,

Tənqidimə hədəf seçib, dərdə giriftar eylərəm.

 

İsti otaqda özlərin şir yerinə qoyanları,

Cızma-qaralar uydurub xalqımı xam sayanları,

Əcnəbilərlə birləşib, yurdu çapıb-soyanları,

Zəncirə bağlayıb qotur it kimi murdar eylərəm.

 

Söyləyərəm ki, bəs hanı qeyrəti-arınız sizin,

Başdan-ayağa hiylədir cümlə şüarınız sizin,

Pıçıldaram ki rədd olun, …ay nə ki varınız sizin,

Açın deyin həqiqəti, yoxsa özüm car eylərəm

Versələr ixtiyar mənə, bax belə rəftar eylərəm.

1977-ci il

Strateq.az