XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 19:40

“Nuh diyarı Naxçıvan” –Muxtar Qasımzadənin şeirləri

Nuh diyarı Naxçıvanın füsunkar gözəllikləri, təbiət abidələri, antik qalaları, orta əsr türk-islam memarlıq inciləri, dini məbədlər, məscidlər daim dünya səyyahlarının və alimlərinin diqqətini cəlb etmişdir.

Son onilliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin tarixi sərəncamları ilə maddi və mənəvi sərvətlərimizin bir çoxu bərpa edilərək özünə ikinci həyat qazanmış, keçirilən beynəlxalq konfranslar, simpoziumlar, müxtəlif dillərdə nəşr olunan məqalələr, kitablar diyarımızı dünyaya tanıtdırmışdır.

Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Tanınmış jurnalist Muxtar Qasımzadənin əlamətdar il münasibətilə nəşr edilən və aşğıda oxuculara təqdim etdiyimiz şeirlər kitabı əslində qədim diyara maraq göstərənlərə, tarix həvəskarlarına poetik bələdçi ola bilər.

Xatırladaq ki, Muxtar Qasımzadə 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. İbtidai sinfi 5, orta təhsili 7 nömrəli məktəbdə tamamlayıb. Naxçıvan Dövlət Pedoqoji İnstitutunu və Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 48 ildir ki, fasiləsiz olaraq, jurnalisitika sahəsində çalışır. 1000-ə yaxın kitabın redaktorudur, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şeirləri rus, ingilis, fars və fransız dillərinə tərcümə olunub. Bir neçə dəfə beynəlxalq poeziya festivallarında Muxtar Respublikanı təmsil edib. "Əcəmi" nəşriyyatının redaktorudur.

 

NAXÇIVANIMIN

 

Canım, gözüm, torpağım,

laylam, nəğməm, beşiyim.

Yurdum, yuvam, ocağım,

salam, evim-eşiyim.

Haçadağ kürsüm olsun,

İlqarından söz deyim

Atam Naxçıvanımın,

Anam Naxçıvanımın.

Tarix vüqar gətirib

qayasına, daşına.

Nuhdan xəbər gətirib,

çatıb müdrik yaşına.

Günəşimdir, Yer kimi

Mən dolanım başına,

dönüm Naxçıvanımın,

Anam Naxçıvanımın.

 

ƏSHABİ-KƏHF

 

Əl açdı göylərə yeddi kimsənə,

Bir olan Allaha inam gətirdi.

Tanrı könül verdi öz bəndəsinə,

Yeddi Kimsənəyə salam yetirdi.

 

Nuhçıxan ölkəsi vətənləriydi

Onlara dar idi doğma od-ocaq.

Yeddi müqəddəsə Allah biriydi,

Allahlıq eyləyən çoxuydu ancaq.

 

Dağ Yunus adında qəddar padişah-

“Mənəm tanrı” deyən zalım var idi.

Günlərin bir günü vəzir Təmleyxa,

Məslək dostlarıyla şahı tərk etdi.

 

Yeddi yoldaş olub yol getdi onlar,

Getdilər, getdilər Allaha sarı.

Şah qoşun göndərdi, tapılmadılar

Hər yerdə hifz etdi tanrı onları.

 

Bir kaha dibində yorğun düşdülər,

Üç yüz il yuxuya getdilər onlar.

Sağına, soluna keçdi mələklər,

Sоnundа murada yеtdilər onlar…

        

Oyanıb, gördülər gün tutub yeri,

Bulaqdan nişanə qalmayıb, belə.

Az qala Qitmirin itibdi qəbri,

Geydikləri libas gəlməyir ələ.

 

Onlar baş əydilər Tanrı sirrinə

Çöküb yalvardılar böyük Allaha.

Beləcə qeyb oldu “yeddi kimsənə”,

Pir oldu onların keçdiyi kaha.

 

Ziyarət edirik Əshabi-kəhfi,

İlk inanc yerimiz, qədərimizdi.

“İncil”də, “Tövrat”da, “Quran”da deyir

Tanrı ocaqları haqq yerimizdi!

 

  “FƏRHAD EVİ”

 

Şirin nə gözəliymiş

Fərhad nə gözəl oğlan.

Çapıb qayanı geymiş

Əyninə, gözəl oğlan.

 

Yaradıb yara-yara

Fərhad bəy otağını.

Köçürüb qayalara

Şirinin ağlığını.

 

Daş da quşa qoşular-

Taxıb qanad evinə.

Sağılıb ağ buludlar

Axıb “Fərhad evinə”,

Süddür divarı, damı

Alnında dan sökülür.

Döşündən “Ağ bulaq”mı?

Süd arxımı tökülür…

 

Biçənəkdən yuxarı

Qaya saray, dağ saray.

Mat qoyub səyyahları

Dörd otaqlı “Ağ saray”.

 

Şirin öldü-dedilər

Fərhad yandı xəbərdən.

Döndü dağlar, dərələr

Qanlıgölə kədərdən.

 

Yox, o sular göl deyil

Fərhadın göz yaşıdı.

Susdu sevdalı könül

“Fərhad evi” yaşadı.

 

Qonub güllər içinə

Şirinin sorağında.

Bənzər ağ göyərçinə,

Batabat yaylağında.

 

GƏMİQAYA

(Nuh əhvalatı)

 

Yeri, göyü, asimanı,

dəryaları oxuyanlar.

Ulduzları, kəhkəşanı,

yuxuları oxuyanlar

dolanırdı yer üzündə.

Dərgahına fal açanlar,

Allahına əl açanlar,

sabahına yol açanlar

dolanırdı yer üzündə.

Günəş niyə doğdu görən,

şimşək niyə çaxdı görən,

bulud niyə yağdı görən?!

Adamların zəkasında

düşüncələr sayrışırdı.

Gələcəkdən, olacaqdan

Həzrəti Nuh danışırdı.

Elə bil ki, özü deyil,

içində ruh danışırdı:

Yer üzünün bu üzünü

su alacaq.

Bizə böyük gəmi gərək

nicatımız o olacaq!

Dinləyənlər şəkk elədi,

bəziləri qəşş elədi.

Aram-aram dağıldılar

ancaq Nuha güvənənlər,

ona iman gətirənlər

dövrəsinə yığıldılar.

 

Uzunluğu yüz əlliydi,

qayım-ətək.

Eni altmış,

hündürlüyü otuz dirsək

tökdü bütün xəracını,

kəsdi xurma ağacını

o dərmədən nəfəsini,

hazırlatdı gəmisini.

Gəmisinə toplamışdı

hər canlıdan,

bir də yetmiş altı adam.

 

Dəclə, Fərat sahilləri

gərnəşdilər.

Çaylar coşub birləşdilər.

Silkələnib

qalxdı gəmi su üzünə.

Mələklər dua oxudu

o üzünə, bu üzünə…

Yer partladı,

Gün çatladı,

buz qatları sındı Ərzin.

O zaman ki,

tərəddüdlər qucağında,

insan Allah sorağında

sürünürdü dizin-dizin.

Təndirlərin küfləsindən

su çağladı .

Yer ağladı, göy ağladı.

On üç fəsil

yanar-yanar sellər daşdı.

Dünyamızın bu üzünü

sular tutdu,

dağlar mavi dəryalarla

qucaqlaşdı.

Zəmiləri

su altında tel gətirdi

boylu-boylu qayaları

soyuq-soyuq əl gətirdi.

İnsan oğlu qəribsədi,

bir yanıqlı dil gətirdi:

“Dəryada gəmim qaldı,

biçmədim zəmim qaldı.

Məni Tanrım saxladı

o yanda kimim qaldı…”

Günəşə yalvaran,

Aya yalvaran

Ulduza yalvaran,

Suya yalvaran

əl açıb göylərə

dözür, dözürdü.

Tanrı sevimlisi,

Nuhun gəmisi

suların üzündə

üzür, üzürdü…

Gün keçdi, sıxıldı

təngidi tufan.

Axırda darıxdı,

səngidi tufan.

Qalxıb şükr etdilər

onlar Allaha.

Dalğalar gəmini

yormadı daha…

Ağrıya dəydi, döndü,

Kəmkiyə dəydi döndü,

Haçadağa süründü

batdı çənə, dumana

can atdı gündoğana

Göyləndi güldü yazı

qazlandı Qafaqazı –

Gəmiqaya göründü!..

Sular tərk etmişdi

azacıq dağı.

Boy verdi,

boyuna Qapıcıq dağı

Bərə-qayalığa

yan aldı gəmi,

Bütün canlılardan

boşaldı gəmi…

Yer üzünün göy üzünə

baxan yeri oldu ora.

Nuhçuların quraqlığa

çıxan yeri oldu ora.

Ləpələri çəkildikcə

təpələri görünürdü.

Adamların qaya üstə

ləpirləri görünürdü.

Kəlmə-kəlmə toxudular,

nəğmə-nəğmə oxudular:

“Səndir-səndir su yatdı,

tufan bitdi, ur batdı,

Bu dağda bir elat var,

Nuh andı Urdubatdı”.

Cığır açıb, daş oydular,

Yurdlarını qura-qura

ora-bura ad qoydular:

Ayıboğan, Çadır daşı,

Nəsir dağı, Xıdır daşı,

Palantökən, Qaranqucaq,

Tillək, Göydağ.

Qapıcığın gen sinəsi

ad qazandı: “Gəmiqaya.”

Nuh babamın məskənitək

məşəl kimi

alovlandı Gəmiqaya!…

 

Ayağım əlim olsun

Heşanım, vəlim olsun.

Yeri ha, dizim, yeri

Bir cüt öküzüm, yeri.

…Əkirdilər, biçirdilər,

yeyirdilər, içirdilər.

Sənətkarın tişəsindən

iz düşürdü qara daşa.

Nəğməkarın ürəyindən,

söz düşürdü qara daşa.

Bu daşların, qayaların

sayı sonsuz.

Eraların tarixində

payı sonsuz…

O yay çəkən səyyada bax

bərə daşda сян halı gör.

Bəri daşda sinəsi dağ

dərdə düçar maralı gör.

Gözlərindən yaşdı gələn

sanki deyir yaralıyam.

“Aman ovçu, vurma məni

mən bu dağın maralıyam”.

İrəliyə, geriyə bax,

qayalıqda “sürüyə” bax.

Dağ qoçunun

ox şəkilli buynuzları,

meşə salıb daş üstündə.

O zamandan bu zamana

qaya qalıb-

“beşqanadlı” quş üstündə!

Sinəsində

“kosmoqoniq” xəritələr,

yallı gedən ilk insanlar,

başlarında

çoxşaxəli “antennalar”…

 

Qədim, doğma Qobustanın

atasıdır, anasıdır

Gəmiqaya.

Nuh babamın nicat yeri,

xilasıdır Gəmiqaya.

Doğulanlar,

yaşayanlar oldu burda.

Dünyasını

dəyişənlər oldu burda.

Qəbirləndi, kəpirləndi

məzarıstan saldı burda.

Uzaqdaydı-

su altında uyuyurdu

hələ Fərat sahilləri.

Ancaq burda-

təzə yurdda

gündən-günə

çoxalırdı Nuh elləri…

İllər ötdü, ömür bitdi

Nuh babamız bu dünyadan

o dünyaya köçüb getdi.

Xan Arazın sahilində,

Nuh elində qəbir bitdi.

“Adını ozan ağlar,

dərdini yazan ağlar.

Burda Nuhum ölübdü,

qəbrini qazan ağlar…”

Ovundular, oxşandılar,

Yavaş-yavaş

aranlara daşındılar.

Törəndilər qız-gəlini,

mərd ərəni,

Yurd salanı, ad verəni:

“Nuhəcir”i, “Nuhdaban”ı,

“Nuhərəm”i…

Sal yazıda, gil yazıda,

“Avesta”da, “Bilqamıs”da

sətirləndi,

əsilləndi qaya-qalam.

Daş üstündə möhürləndi,

şəkilləndi qaya-qalam…

***

O zirvəni, o kürsünü

həqiqətin səsi bilin.

Dörd min metr ucalıqdan

tarixlərə hörmət deyir

Gəmiqaya!

Qoy eşitsin bütün dünya:

Bura Nuhun vətənidir

Nuhçıxandır-Naxçıvandır,

Diqqət, diqqət,

diqqət deyir Gəmiqaya!

1989

 

 

BABƏK QALASI

 

Bu dağ qürurlanıb, vüqarlanıbdır

köksündə ünvandı Babək qalası.

Sərilib üstündə xumarlanıbdır

elə bil aslandı Babək qalası.

 

Aza körpüsünə, Dər məbədinə

Dizədən Behruda, Tivi səmtinə,

Gilançay, Pirağa, Biləv kəndinə,

qoruqdu, qalxandı Babək qalası.

 

Səngər ağuşları otaq-otaqdı,

“qumbara” daşları qalaq-qalaqdı.

Badam ağacları üstündə bağdı,

sehrli ormandı Babək qalası.

 

Qalxdım, zirvəsindən görüm yerləri,

kəsdilər yolumu daş “əsgərləri”

Qorxdum, yarısından çəkildim geri

arxamca boylandı Babək qalası.

 

Söz düşər çox eldə yüz qalasından,

Tapılar az eldə iz qalasından.

Dolanıb qayıtsaq Bəzz qalasından

Biləvdə qalandı Babək qalası.

 

Ər oğlu ər olub, mərd saxlayıb o,

Ağır döyüşlərdə yurd saxlayıb o.

Babək Xürrəmidən ad saxlayıb o,

Milli qəhrəmandır Babək qalası.

 

 

OĞLAN QALA, QIZ QALA

(əfsanə)

 

Qədim Şərur elində,

Arpaçay sahilində,

dalıb dərin xəyala

durub üzbəüz qala-

Oğlan qala, Qız qala.

Arpaçay axıb gedir,

min illərdi ortadan.

Sel Saranı aparıb,

kədərlidir o vaxtdan…

İtirib baharını,

sinəsi dağlar görüb.

Dağılmış saçlarını,

əl çəkib, Araz hörüb.

Özünü lap üzübdü,

çay quruyub az qala.

Bəlkə ondan küsübdü

Oğlan qala, Qız qala.

Oğlan öz qayasından

qıza baxarmış hər gün.

Qız da öz qalasından

Yola çıxarmış hər gün.

Xallı kəpənək kimi

uçub gələrmiş çaya.

Oğlan da ovlağını

endirərmiş oraya.

Beləcə qovuşarmış,

Xançoban Sarasıyla.

Xançoban tanınarmış

Durnatel sonasıyla.

…Şeytan yüyrək ayaqlı,

tərəflər qanlı imiş.

Oğlan yoxsul, çarıqlı

Qız varlı, şanlı imiş.

Ancaq məhəbbət quşu

oxuyarmış ucadan.

Dünya qopsa ayrılmaz

Sara ilə Xançoban.

Dözmədilər paxıllar,

dikəldilər ilantək.

hökm etdilər qalalar

Ucalsın təzdən gərək.

…Bir gün açılsın deyə

məhəbbətin yolları,

Sarasından güc aldı

Xançobanın qolları.

El yuxuya dalanda

Xançoban oyaq oldu.

Məhəbbətin yolunda

daş dönüb yumaq oldu.

Gözdən axan yaşları

ağır daşdı elə bil.

Ağır qala daşları

fağır daşdı elə bil.

Salmışdı hər salını

qalayçılar qalaya.

Çapdı-tökdü yolunu

чайа чякди yolunu

qalan qaldı qalaya.

Bu gücü hardan aldı

Heç bilmədi Xançoban.

Arpaçaya yol açdı

sübhə kimi qaladan.

O tay qala bürcünə

Neyin səsi çatırdı.

Gedib sevgilisinə

düz nəfəsi çatırdı.

Qala divarlarından

uçub yarı gəlirdi.

Qanadlanıb qayadan

ona sarı gəlirdi.

Dalğalar ondan qabaq

qucaqladı Saranı.

Xançoban dalğalardan

soraqladı Saranı.

“Arpaçayı dərin olmaz,

Sara kimi gəlin olmaz

Apardı sellər Saramı

bir alagözlü yarımı…”

Arpaçay üzüquylu

düşdü xəcalətindən.

Küsdü çaylar, çeşmələr

çəkildilər o gündən.

Dözənmədi bu dərdə

sular yandı-töküldü.

Qaraldı Qara təpə

xiffətindən büküldü.

O günlərdən bu günə

nələr, nələr yaşandı.

Döndü sevgi mülkünə

əfsanələr yaşandı.

Arpaçay sahilində

Durub qoşa üz qala.

Yaşar Oğuz elində

Oğlan qala, Qız qala.

 

DUZ SARAY

(Duzdağın ibtidai şaxtasıdır)

 

O möcüzə təbiətin deyil, yox

O, insanın əllərilə yonulmuş.

Divarı duz, tavanı duz, yeri duz,

dörd bir yanı pilə-pilə yonulmuş.

 

Fəvvarədir büllur, bəyaz sütunlar

Hörüklənib qatar-qatar elə bil.

Qübbəsindən nur tökülür o ki var,

salxımları çil-çıraqdı, duz deyil!

 

Yüz illərdi, min illərdi eləcə

Duz-qurumlar pərdələyib qapını.

Himə bənddir, nəfəsinə səs dəyə

tökə bilər salxımını, camını…

 

Daş aləti, duz aləti yerində

şaxtalarda əmanətdir Duz saray.

Dünənimdən bu günümə xatirə,

otaq-otaq həqiqətdir Duz saray.

 

Yer altında ilmələnib, tellənib

ustaların əməlləri, izləri.

Oyma-oyma, burum-burum güllənib

“divanları”, “kürsüləri”, “mizləri”.

 

Qoy hər yanda eşitsinlər adını

günbatanda, gündoğanda desinlər.

Sarayların ən gözəli, xatını

Naxçıvanda – Duz dağında, desinlər.

 

ÇALXANQALA

 

Yer üzü bəy idi, xan idi onda

Ehey, ulu bəylər, xanlar, he, he, hey…

Adınız, sanınız vardı cahanda,

sizdən söhbət açır dastanlar hey- hey.

        

Dərdiniz-səriniz nəydi görəsən

bəlkə sərvətiniz, malınız şərik?!

Sizin əlinizlə bir idi vətən,

sizin əlinizlə o didik-didik…

 

Hər bəyin adına bir qala vardı,

Oğuz qala olsun, ya Çalxan qala.

Tarix cavabına çox intizardı

silkələn, danış di, a Çalxanqala.

 

Adın “Bəngidaş”dan,-şumerdən keçir,

Alın yazıların ömürdən keçir…

Səninlə öyünmək istəyirəm mən,

özündən öyrənmək istəyirəm mən.

 

Qaya parçasından ağır daşları,

sürtülən, yeyilən, yağır daşları

Nədən qalaqlayıb qala qurmusan?!

Axı, kimi kimdən sən qorumusan…

 

Mən belə düşündüm, sən dilini aç,

danış dərdlərini, a xaqan qala.

Divar daşlarının çatlayıb bağrı

danış, sirrini aç, a Çalxanqala!

 

Boylan Payız adlı öz humayına

Danış, dərdini tök

Cəhri çayına.

Çalxana-çalxana

içindən sökül,

Tökül, tarix kimi ovcuma tökül!

Yurdu qorumağa qala qurmusan,

yaddan qorunmağa qala qurmusan…

Düşüb, ildırımlar qazıb himini,

qala divarların əkilib yerə.

Döyüşdə vurulan əsgərlər kimi

yaralı daşların tökülüb yerə.

 

Dikəl, sınıq qalam, qırıq qoşunum

axan qanlarına qan alan qalam.

Danış, tarixinlə öyünüm, coşum,

Mənim Çalxanqalam, Qəhrəman qalam!

 

ƏLİNCƏ

 

Belinə kəmər kimi

bağlayıb sərt daşları.

Ehtiyat əsgər kimi,

saxlayıb mərd daşları,

sanki qoyubdu dincə,

                                      Əlincə.

 

Dörd qaplandı hovuzlar,

alır buluddan bacı.

Zirehlənib hasarlar,

qurulub taxtı-tacı-

miladdan çox-çox öncə,

                                    Əlincə.

 

Vuruşub zaman-zaman,

Düşməni əldən düşüb.

Olubdu yurda qalxan,

Miranşah dildən düşüb,

sıxıb Teymuru küncə,

                                    Əlincə.

 

“Şahtaxtı”- şah qalası,

dizində ərlər yatıb.

Şırımlanıb yaxası,

köksündə sirlər yatıb,

daş alnında düşüncə,

                                    Əlincə.

 

Burda Atabəy Özbək

qalaya bel bağlayıb.

“Xəzinəni” sonadək

Məlik Tahir saxlayıb.

Döyüşübdü ölüncə,

                                    Əlincə.

 

Atabəy dövlətinin

himni, bayrağıdır o.

Azəri millətinin

yaddaş çırağıdır o –

təzkirəmdir bütüncə,

                                    Əlincə.

 

NAXÇIVANQALA HAQQINDA BALLADA

 

Хan Arazın sаhilində 

bir qala var –

О, Naxçıvan qalasıdır.

Həzrəti-Nuh əyyamından

günümüzə qalasıdır.

 

Silkələyin bu qalanı,

açılmayan sirləri var.

Mağaralar licimində

vahiməli yerləri var.

Bura uzaq eraların,

yozulmamış yuxusudur.

Bu “zağalar”,

bu qalanın

ibtidai metrosudur.

Məlikməmməd

cəsarəti  istəyirəm

bu sehrli “metrolardan”

keçib gələ.

Qədim nağıl dünyamızın

Yel atında,

ya Simurqun qanadında

uçub gələ…

Buludların yağış dili

ovxarlayıb divarları.

Diksindirib bu qalanı,

şimşəklərin havarları.

Elimizin igidləri

döyüş üçün təbil çalıb.

Zaman-zaman abad olub,

zaman-zaman viran qalıb.

Karvan-karvan daşınıbdı,

şadlıq burdan “töhfə“ kimi.

Bir vaxt möhrə hasarları,

dərd gətirmiş qabar-qabar,

hürgücləri dəvə kimi…

Bu “karvanın” ləngərinə

dağlar fikri çənli baxıb,

Araz gözü nəmli baxıb…

Sükut qara libasında

Kahalara əsir düşüb.

Qərinələr gəlib keçib

Tənhalıqdan bu qalanı

dərd əridib, qəm üşüdüb…

Səs veriblər,

səs alıblar zağalardan.

Xoflanıblar

qəhqəhəli sədalardan.

Gil tavandan

bir gil qopub suya düşüb,

bütün qala haya düşüb…

Аtаğızlı ərənlərin

uğultulu səsi gəlib.

Lap uzaqdan

qaraltılar peyda olub –

Elə bil ki, bu qalanın

qayğısını, qeyrətini

çəkmək üçün

Dəli Həsən,

Dəli Domrul,

Neçə oğuz,

neçə oğul özü gəlib…

Qədim, ulu arxa kimi,

söykəyirəm

divarlara kürəyimi.

Nuh çıxandı doğma yerim,

el doğanın əri burda.

Şeyxim, pirim, peyğəmbərim-

Nuh babamın qəbri burda.

Zağalardan

keçə-keçə əyilirəm.

Əyilmərəm!

Bu yerləri görmək üçün

görün necə əyilirəm…

Əlin dəysə toza dönər,

zalım daşlar fağır daşdı.

Döyüşlərin heyrətindən

donub qalan,

yaddaşları yanıb qalan,

burda sükut uçqunları

ağır daşdı!!!

Хəyalımın yel атında

dünənimə boylanıram,

Yeddi arxadönənimə

boylanıram.

Bir sehirli yuxudayam,

Zamanların arasında –

Ya ordayam, ya burdayam.

Bürünürəm

qala boyda qaranlığa.

Qaradinməz sükutlardan

səksənirəm bir anlığa.

Elə bil ki,

mən yuxudan oyanıram.

Sıyrılıram

zağaların zülmətindən,

Günümüzün işığına

boyanıram.

Мən Naxçıvanqala adlı,

daş qanadlı

Çöhrəsindən nur ələnən,

təzələnən,

ehtişamın şöləsinə

üz tutram.

Ulu yurdun qibləsinə –

Nuh babamыn

türbəsinə üz tuturam.

Göstərirəm yerə, göyə

nəğmə qala, söz qalamı.

Ürəyimin işığına

bələyirəm öz Qalamı…

 

XARABA GİLAN HAQQINDA BALLADA

 

Ordubad mahalında

qədim bir şəhər vardı.

Zalım xilafətlərin

zülmündən yadigardı.

Ordular, qəbilələr

Hey üstünə yeridi.

İndi bu qədim şəhər

xarabalıq yeridi…

Çiliklənib çinilər

çin-çin olub tökülüb,

cin-cin olub tökülüb.

Sağsağan qanadıtək

saxsılar allı, güllü.

Daşlardakı kəpənək,

ya daşmı xallı, güllü?!

Ayağını yavaş bas,

səsini sal içinə.

Səsdi, səsə qulaq as

yazılıb sal içinə.

Dəyirman daşı kimi

sallanıb “val” içinə.

Sərdabələr qəbirdi,

döşənib lal içinə.

Neçə gözəli, mərdi

dalıb xəyal içinə.

Boyu, buxunu, qəddi

bükülüb şal içinə.

Dəbilqəsi, kəməndi

sərilib yol içinə.

Yurdun sevinci, dərdi

qazılıb gil içinə…

Oxu, oxuya bil ki,

qoru, qoruya bil ki

barı qoruğun olsun,

bir daş sənədin, bala,

bir daş varağın olsun!

Nəsillər sıralanıb

hörmətlə yeddi-yeddi.

Cecimlənib, ağlanıb

adətlə yeddi-yeddi.

Kürreyi-ərz hallanıb

cəhətlə yeddi-yeddi.

Yerlər, göylər yaranıb

Hikmətlə yeddi-yeddi.

Oxu, tanı Gilanı-

Yeddi arxadönəndi.

Möhtəşəm şəhəriymiş,

ər qalası, əriymiş.

Dizə – qala qapısı,

Hey göz tikdi yad ona.

Gilançay su tanrısı,

Düylün möhürbənd ona.

Başdan aşarmış varı,

varmış asma bağları,

saxlarmış yoxsulları,

bağlarmış etibarı

neçə şəhər, kənd ona…

Gözüdarlar, darğalar,

qarabaşlı “qarğalar”

Dağıtdılar Gilanı,

o güllü gülüstanı.

Soldu, söndü, saraldı

çəkildi qeybə Gilan.

Tarixdə adı qaldı,-

qaldı Xaraba Gilan.

Nə yaxşı ki, yurdumun

daşı göyərən, bitən.

Miras kimi qoruyur,

tarиx kиmи oxuyur,

onu saxlayır Vətən.

 

GÜLÜSTAN

 

Culfa şəhərindən bir az yuxarı

tağları dağılmış bir körpü vardı.

Qolları uzalı qalan bu körpü,

Атаbəy çağından bir yadigardı.

İgid babaların, igid ərlərin,

aşıb karvanları burdan nə qədər.

Gedib Hindistana, Uyğurstana,

Uzanıb Təbrizdən, Qəzvinə qədər…

Gəl tutum əlindən, ay əziz bala,

qoşa addımlayaq , çıxaq bu yola.

Araz sahilini gəzək həvəslə,

Yan-yana düzülən karvansaraylar

bizi tarix yazan qoynuna səslər.

Gülüstan türbəsi – ona yaxşı bax!

Güllü yanağına, naxışına bax.

Durub məğrur-məğrur körpü başında

Şimşək çilikləyib dəbilqəsini,

qalıb ildırımdan qəlpə başında.

Sirli pıçıltısı, möcüzəsi var,

Üzündə elə bil Azərbaycanın

səmavi naxışdan xəritəsi var.

Əynində ulduzlu köynəyini gör,

daşlardan biçilən ətəyini gör.

Bir az yaxında dur, əziz qardaşım,

Ürəyi dumduru, təmiz qardaşım.

Sinə dəftərini aç Gülüstana,

nadir inci kimi göstər cahana.

Yaşı sяkkиz  yüzü haqlayıb, ötüb.

Yaşını o baba yaşına söykə,

başını o qala başına söykə.

Məbəd bil, möhür bil, zühur bil onu,

o açıq alnını daşına söykə!

 

XANƏGAH

 

Əlincə qalasından,

üç min dirsək yuxarı.

Gəlin, dərə yoxuşa

qalxaq gedək yuxarı.

 

Ceviz qocalıb tamam,

cadar-cadar qolları.

Kəndirlənib dizinə

Xanəgahın yolları.

 

Yüz illərdi beləcə,

Zaman dayanıb durub.

Heyran qalıb Əlincə,

Duman dayanıb durub.

 

Qovuşub müridləri

Mövlana Fəzlullaha.

Adlayıb on dörd əsri

yol gəlib Xanəgaha.

 

Xor oxuyur qəbrlər:

“Ya Fəzlullah Nəimi”.

Dağdı, daşdı müridlər,

şeиr deyir Nəsimi…

 

Sirri-Xudaya görə

bilir bu yer, göy nədir.

“İnsan üzü kitabə”,

gözəlliyi Ayədir.

 

Mat qoyub teymurları,

çatıb haqqa, kamala.

Hürufilər Nigarı,

can dildarı Fəzlullah.

 

Xaliqin qüdrətiylə

faili-Muxtar olub.

haqqın kəramətiylə,

ocaq olub, pir olub.

 

Memar Cəmaləddinin

ehtişamıdı türbə.

Şeyx Fəzlullah cəddinin

yanar şamıdı türbə.

 

ZORXANA

(Ordubad şəhərindəki Qeysəriyyə abidəsi nəzərdə tutulur)

 

Ortalıq coşdu birdən,

Zurnada “Cəngi” dindi.

“Bu meydan, bu da şeytan”,

Hünərin var, gir indi…

 

Genişqaldı, gözəldi

Ordubadın qoruğu.

“Zorxana” dюrd yüz ildi

köksündə göz muncuğu.

Güştü tutub neçə ər,

görüşüblər burada.

Sınanıb, bərkiyiblər,

öpüşüblər burada.

 

Ürəkləri coşdurub,

çalınıb “Güləşəngi”.

İgidlər səfə durub,

önə çıxıb zirəngi.

 

Güləşdi ha, güləşdi

atıl ər savaşına.

Meydana gir, güləş di,

çiçək yağsın başına.

 

Babalardan nişanə,

yadigardı Zorxana.

İgid varsa, buyursun

intizardı Zorxana…

 

 

KIRNADA “ALLAH EVİ”

 

(şeir tarixi fotoşəkil əsasında yazılıb)

 

Tanrı ayaq verib, əl verib ona

Qalxıb, qabarlanıb, boylanıb yerə.

Sanki qanad verib, qol verib ona

Səma qucağından sallanıb yerə.

 

Nəhəng hörümçəyə bənzəyir məbəd

Buğum ayaqları necə var, qalıb.

Ehtiram göstərib ona dörd cəhət,

Memar dörd yanından qapılar salıb.

 

Göylər yad eyləyib onu dörd dəfə

dörd Kitab göndərib hər qapısına.

Dörd tağ pəncərələr çatıb şərəfə,

hərəsi göz olub bir qapısına.

 

Üzünə üz düşüb, dodaq çəkilib

ümidlər asılıb Allah evinə.

Kərpic camalına sumaq çəkilib,

mələklər xətt salıb Allah evinə.

 

Adəm övladından hörmət görübdür,

müqəddəs hilaldı Kыrna məbədi.

Ulu tarixlərdən ziynət görübdür,

Sanki Tac-Мahaldır Kırna məbədi.

1999

 

ŞƏRQ (İSMAYIL XAN) HAMAMI

 

İtib-batan bir inciydi

Torpaq altda uyumuşdu.

Bir zamanlar çox istiydi

Tənhalıqdan soyumuşdu.

 

Künbəzləri dəlmə-deşik

Sütunları şikəst, çolaq.

İlləti çox, dərdi böyük

İçi küllük, sinəsi dağ…

 

Görən onu bu hallara

Kimlər idi salan belə?

“аrıyanlar”, “йarıyanlar”

Sağın belə, solun belə…

 

Ətəyində Bazar çayı

Naxçıvana carçı idi.

Tapılmazdı ekiz tayı

Hamamların tacı idi.

 

Nə yaxşı ki, ömür çatdı

Öz hökmünü verdi zaman.

Ulu Öndər əl uzatdı,

Cavanlaşdı “İsmayılxan”

 

Hovuzları, günbəzləri

Bu gün açıb zanbaq kimi.

Üç əsrlik dəhlizləri,

Cilvələnib çıraq kimi.

 

Unudubdu çoxdan dərdi,

Qovuşubdu abad çağa.

Yer altında məhkum idi

İndi çıxıb azadlığa.

2000

 

BUZXANA

 

Çiynində səhəngi,

əlində camı.

Uşaqdan böyügə

Şirin İslamı

hamı tanıyırdı

bizim şəhərdə.

İşləri düşərdi

xeyirdə-şərdə.

Suyu Kəblə Musa,

Qızlar bulağı,

buzu, Buzxanadan

gətirərdi o.

Alışan ürəyin,

yanan dodağın

yanğısın buz ilə

söndürərdi o.

Bazarı dolanar,

toya girərdi

Suyundan içənlər

“şahı” verərdi.

…İndi o mənzərə

uzaqda qalıb,

Köçüb İslam dayı,

Buzxana qalıb.

İslamın özü heç,

babasından da

çox-çox qədimlərdən

vardı Buzxana.

Çayların ağappaq,

sal buzlarıyla

yayı bəs edərdi

o Naxçıvana…

Bəlkə də yaşından

beş yüz il ötüb

Durub sağ-salamat,

kərpici bütün.

Babamın bu nəhəng

“buz dolabı”na

nə zaman istəsən

buz yığ, buz götür…

Gün keçib, əriyib

baharı, yazı.

Yel vurub, içində

yengələr gəzib.

Buzxana üşüyüb

xatirələrdə,

Buzuna tamarzı

ürəklər əsib…

Bu gün şad günüdü,

abad günüdü.

Bəzənib yenidən

Daşı, kərpici.

Xeyirxah əllərlə artıb sevinci.

Durub görkəmində,

ilkin çağında.

Yaşayar tarixin

yadigarıtək

Naxçıvanqalanın 

qonşuluğunda.

 

BƏKİR OĞLU ƏCƏMİ

 

O əllərin nə qəribə möcüzə,

О əllərin nə qəribə sehr imiş.

Yaratdığın neçə məğrur abidə

Azərbaycan torpağına mehr imiş.

 

Ey Əcəmi, hər baxışın öncədi,

Hər naxışın daşda bitən qönçədi.

Yaxın gəldim, baxım hələ necədi,

Toxunanda, gördüm təzə-tər imiş.

 

Hər türbəni gəzidm dönə-dönə mən,

Qüdrətinə sevgi deyim, ya nə mən?!

Sehrləndim öz yerimdə yenə mən,

kaşıların başdan-başa şeir imiş…

***

Keçmiş zamanda,

Nuhçıxan adlı

gözəl məkanda

müdrik, nurani

memar yaşarmış.

Onun ürəyi

xan Araz kimi

coşub, daşarmış.

Adamlar onu

çox sevərmişlər.

Hörmət, ehtiram

göstərərmişlər.

Kimiymiş görən

o bəxtəvər kəs?

Bilmək istəsə

yaxına gəlsin,

dinləsin hər kəs.

Söyləyək ona,

qəlbən vurulsun

Ustad Bəkirin

memar oğluna…

***

Bəkir zəkalı

bir insan idi.

Yaradan əli

qızıldan idi.

Şanı, şöhrəti

ellər aşmışdı.

Ancaq qocalmış,

ahıllaşmışdı.

Oğlu Əcəmi

hələ uşaqdı.

Ata bilirdi

yalnız Əcəmi

ona dayaqdı.

Bir gün çıxdılar

eyvana qoşa.

Dönüb baxdılar

hər yana qoşa.

Zərli eyvanın

açıq hər yeri.

Onlar buradan

seyr elədilər

doğma şəhəri.

Baxıb gördülər

hər yan yaraşıq.

Memar Bəkirin

üzündə işıq

boylandı qəsrə,

özü tikdiyi

neçə cameyə.

Dönüb söylədi

o, Əcəmiyə:

Bir gün köçərəm

əməlim qalar.

Göy minarələr-

heykəlim olar.

Hərbiş körpülər,

o dörd-beş qala,

istəməzdim heç

özümdən sonra

yarımçıq qala,

nisgilim ola…

Atanın sözü,

istəyi vardı.

Bunu oğluna

hey arzulardı.

Daş sənətini

yaşatsın deyə,

şan-şöhrətini

yaşatsın deyə!

***

Həyət-bacada

dünənə kimi,

Palçıqdan “evlər”

quran Əcəmi

on beş yaşına

çatmışdı artıq.

Ata sözündən

düşdü qəlbinə

sanki bir işıq.

Mavi gözləri

Ümidlə doldu,

dikəldi başı.

Göy qurşağıtək

çatıldı qaşı.

Qoşa çıxdılar

sabahdan yola.

Müəllim oldu

ata oğula.

***

O vaxtdan aylar,

illər keçmişdi.

Bəkir dünyadan

çoxdan köçmüşdü.

Oğlu Əcəmi

neçə türbəyə

naxış salmışdı

Atanın yolu

bir memar kimi

ona qalmışdı.

***

Doğma məkanda-

Nəqşicahanda

hələ o zaman,

məşhur pəhləvan

Üzeyir oğlu

Yusif varıydı.

El sərkərdəsi,

elin yarıydı.

Qoç oğullara

öndər idi o.

Qoçüstü adlı

Kiçik Qalaya

sərdar idi o.

Xələfi üçün

şan olsun deyə,

Türk əcdadına,

gözəl abidə

ucalsın deyə,-

elçi göndərdi,

sifariş verdi

gənc Əcəmiyə.

…Qatdı gecəni

gündüzə memar.

Durdu zamanla,

üz-üzə memar.

Qürub bilmədi,

dan üzü hördü.

Ay nuru içdi,

gün üzü hördü.

Deyilən vaxta

işini gördü.

Məğrur türbənin

qoydu başına

dərviş papağı.

Qızıl suyuna

çəkdi qurşağı.

Sirlə suvadı

o, səkkiz tağı.

Zərə tutuldu

səmavi türbə.

Hikmətlə doldu

mavi kitabə.

Yazdı üzünə

Memar Hədisi.

Beləcə gəldi

bu yer üzünə

Üzeyir oğlu

Yusif türbəsi.

***

Artıq Əcəmi

məşhurlaşmışdı.

Onun şöhrəti

ellər aşmışdı:

Bərdə, Səmərqənd,

Marağa, Dərbənd,

bilmədi sərhəd

Əcəmi eşqi.

Nur kimi daşdı,

axdı, qarışdı.

Səs verdi ona,

söz verdi ona

Nizami eşqi.

Qalmışdı heyran,

ona çox xaqan.

Eldəniz oğlu

şah Qızıl Arslan.

Böyük Məhəmməd-

ünlü Atabəy

Cahan Pəhləvan…

Bir gün dolaşdı

bütün şəhəri

xəbər quş kimi.

Elçi göndərib

Cahan Pəhləvan,

Deyir saraya

gəlsin Əcəmi.

***

Gənc Əcəminin

yeri başqaydı.

Şaha bərabər,

günəşə taydı.

Bəzəndi saray

büsbütün əlvan.

Əyan-əşrəflə

qəbul eylədi

Bəkir oğlunu

Cahan Pəhləvan.

Söylədi ona:

– Ey böyük ustad,

qoy Tanrı versin

Sənə güc, qanad,

bir türbə yarat,-

Ana türbəsi.

Üzündə olsun

ismət pərdəsi.

Nurdan tökülsün,

o, mələk olsun.

Şərqdə birinci,

o gərək olsun!

***

… İşə başladı

dahi sənətkar.

Aylar ötüşdü,

keçdi ruzigar.

Bəkir oğluna

güc verdi xaliq.

Yüz on beş aya

türbə ucaltdı.

Anaya layiq

qiblə yaratdı.

Baxanlar dedi

kaşanədəndir.

Boyu-buxunu

ilahidəndir.

Ulduz falıdı

dörd “medalyonu”.

Yalnız münəccim

oxuyar onu.

Naxışı incə,

naxışı qönçə,

Hələ gör necə

təzədi, tərdi.

Hər Ayəsi zər,

mat qalıb bəşər.

Allahu-əkbər

bu necə sirdi…

Yatır qoynunda

Mömünə Xatın.

Müqəddəs ana,-

müqəddəs qadın.

Ziyarətinə

El-oba gəldi.

Hamı könüldən

baxıb söylədi:

Kərpic anamız,

bacımızdı o.

Şərəf-şanımız,

tacımızdı o.

Memar nəfəsi,

mehridi türbə.

Nəqqaş nəğməsi,

şeiridi türbə.

 

QARABAĞLAR TÜRBƏSİ

 

Gözəlim Qarabağlar,

bağları barı bağlar.

Dumanı kəmər eylər,

başına qarı bağlar.

 

Boylu sütunların ortası xalı,

Sanki əl gəzdirib bahar boyuna.

Vətən küləyindən məst olub halı,

vurul bu türbənin çinar boyuna.

 

Kərpici gül butası,

narıncı, gül butası.

İlmələri bənövşə,

göy bürcü gül butası.

 

Gözləri ümidlə baxıb dörd yana,

yol çəkən həsrətin sonu bitməyir…

İndi işıq düşüb dörd qapısına,

nə vaxtdır yanından kölgə itməyir.

 

Çevrilib daşa mərdi,

verib baş-başa mərdi.

O qoşa minarəmi?

ya durub qoşa mərdi…

 

Durub, inamla durub

Tanrının qüdrətindən,

On iki qardaş kimi

baş-başa sütunları.

Naxışlanıb, süslənib-

memar öz hikmətindən

verib igid görkəmi,-

ona qala vüqarı.

 

Yolunu sal türbənin

sən qüzey qapısına,

bəlkə oxuya bildin

Əhməd Əyyub adını.

Yeddi yüz əlli ildir

gözlər dikilib ona,

ruzigar soldurubdur,

düşmən oyub adını.

Bir həndəsə elmidir

Cilalanıb üzündə,

nəbati varaqlara

bənzər kənarələri.

Dan yeritək ağarır

yazıları köksündə,

bənövşəyi səmadı

sanki kitabə yeri…

Bir az bənizi qaçıb,

xal düşüb qurşaqlara.

Naxışları göz açıb,

zillənib uzaqlara.

Qızıl camdı haləsi,

Mələk tacıdı sanki.

Qarabağlar türbəsi

Sənət bürcüdü sanki.

 

Qoynu boşalıb, dolub

Şamdı çil-çıraqları.

Naxışlara tutulub,

Allanıb yanaqları.

 

Bürünüb kaşılara

kərpici güllü türbəm.

Bənzər yaza, bahara

Firuzə xallı türbəm.

 

İMAMZADƏ

 

Qərib qonaq, yesir qonaq, baş qonaq

Müsibətlər çəkən anın olubdur.

Türk elləri qollarını açaraq,

Könül dostun, pasibanın olubdur.

 

İmam nəsli, seyid nəsli müqəddəs

şəhadətin çırağına dönüblər.

Yüz illərdi təziyəsi kəsilməz

Haqq evinə, ocağına dönüblər.

 

Yanan çıraq, yanan ocaq, yanan şam,

şölələnib İmamzadə adına.

Türbə qurub, göstəriblər ehtiram

Müsəlmanlar əsilzadə adına.

 

Yapışıblar kərpicindən, daşından

Qərib İmam, qərib Xanım deyiblər.

Məhəbbəti, gözlərinin yaşından

tökə-tökə “din-imanım” deyiblər.

 

Müqəddəsdir imamların nəfəsi,

ocaqları ziyarətdir, ziyarət.

Harda varsa İmamzadə türbəsi

o torpağa şərafətdir, şərafət.

 

CAVİDİN MƏQBƏRƏSİ ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

 

Etdi azadə gəzən ruhumu qərq,

Daldım əfsanəsinə sözlərinin

Qəlbimin aynasına doldu şəfəq,

Uyudum nəğməsinə sözlərinin.

 

Xəyyamın sübhə çəkən məclisi şən,

Sənətə hikmətin ahəngi düşüb.

Sevda əldə dolanır badəsi şən,

Şəraba qovsü-qüzeh rəngi düşüb.

 

Yalvarır, səcdə edir xəstə bəşər

Ulu Peyğəmbərin hikmətlərinə.

Çırpınır qaibanə səsdə bəşər,

Ağlayır yer üzünün dərdlərinə.

Tərpədir dörd tərəfi çərxi-fələk

Dəli knyazlara, Casmenlərə bax.

İblisin qəhqəhəsi odlu külək,

Püskürən, ərzi boğan kinlərə bax.

 

Altun üstündə cahan çarpışıyor

Qoca Teymur dayanıb çöhrəsi kin.

Bir tərəfdə əsir Afət oxuyor

Şaha, xaqanlara hər naləsi kin.

 

Kəpənəklər dolaşır güllü yeri,

Bağrıqan lalələrin könlün alır.

Azərin sülh havalı nəğmələri,

Ucalır, hərb evinə lərzə salır.

 

Sənanın qəlbi tutub göy üzünü,

Xumarın eşqi ilə orda uçur.

Cavidin yerlər udubdur özünü,

Ruhusa doğma səmalarda uçur…

 

Ana torpaqda yanan məqbərəsi,

Dağıdır dərdi-qəmi Cavidimin.

Sankи ağ şamdı onun məqbərəsi,

Alışır qəlbi kimi Cavidmin.

 

XAN EVİ – “XALÇA EVİ”

 

Ziynətini vuran əllər

ilhamını eldən alıb.

Tağlarını quran əllər

Camalını güldən alıb.

 

Qürrələnib “Xan dikində”

toydan çıxan bəy kimidir.

Eyvanları gün rəngində

Otaqları ay kimidir.

 

Gəlir-gedir yaxın, uzaq

Muzey olub nimdaş evi.

Qumaş geyib otaq-otaq,

Xalçalanıb dörd tərəfi.

 

Sərgilənib, baxışlanıb

Əriş-arqac gülzarıdır.

Çəmən-çəmən naxışlanıb,

Xan evinin baharıdır.

 

Hanaları, cəhrələri

qəməltisi, qayçısı var.

Çeşid-çeşid tikmələri,

Divar-divar xalçası var.

 

Ürəyinin tellərindən

Qopan eşqi, həvəsidir.

İlmələrdə zirvələnən

O, Kamilin “Dahi”sidir.

 

Butaları cığır bilib

Xalça üstə düşüb izə-

At belində qonaq gəlib,

Xan evinə “Abbas Mirzə”.

 

Bir tərəfdə “Leyli-Məcnun”,

Bir tərəfdə “Üç xaqan”ı.

Bir yanında “Salma söyüd”,

bir yanında “Gülüstan”ı.

 

Tariximdən söz bitirib

xalça anam, xalça bacım.

Xan evitək abidədir,

muzey kimi sənət tacım.

2000

 

HAÇADAĞ

 

Başında həmişə dumanlar gəzər

Çağlayar, qaynayar, daşar Haçadağ.

Çiçəklər köksündə yazıya bənzər,

Olar ilk bahara şüar Haçadağ.

 

Qoşa buynuzu var maral timsalı,

Olub Naxçıvanın hüsnü, cамalı.

Dağlar maralına bənzər bu halı,

Sevən ürəkləri oxşar Haçadağ.

 

Hərdən şimşəklərin gələr tuşuna,

Göylər ildırımı çaxar başına,

Xırda təpələri yığar başına,

Özü sərkərdəyə oxşar Haçadağ.

 

 

ABİDƏ QAYAM

 

Bir qaya dikəlib çay yatağında,

Min ildir beləcə dayanıb, durub.

Sellər ayağını qazıb nə qədər,

Köksündən nə qədər zərbələr vurub…

 

Yerindən tərpədə bilməyib onu

Sular sərt qayamı aşa bilməyib.

Tufan hənirtisi, dalğa oyunu,

Onu yedəyinə qoşa bilməyib.

 

Çox gövdəli daşlar helləncə dönüb,

Qapazlar altında selə düşübdü.

Dalğa qabağında gülüncə dönüb,

Aran həvəsiylə lilə düşübdü.

 

Mənim igid qayam, аbidə qayam

Yenə öz yerində vüqarla durub.

Sonsuz səmalara göz qoya-qoya,

Məğrur sinəsindən qartal uçurub.

 

Düşüb axınlara yol azmayıbdır,

Dalğanı dizinə bağlayıb qayam.

Çılpaq uşaqları qorxuzmayıbdır,

Günəvər köksündə saxlayıb qayam.

 

Sinsimiş, qarımış ərik ağacı,

Odur, qollarını salıb boynuna.

Yenə əvvəlkitək söyüddür tacı,

Üstü unlu iydə körpüdür ona.

 

Aran həvəsiylə düşməyib küyə,

Dağlı balasıtək sınanıb durub.

Bir vaxt görüşünə gələrəm, deyə

Ömürlük bir yerdə dayanıb, durub.

 

Müqəddəs sayıram mən öz qayamı,

Onun sinəsində çox uyumuşam.

Burda keçirmişəm uşaqlığımı,

Ən böyük dincliyi burda duymuşam.

 

Məbəd tək öpürəm mən öz qayamı,

Budur, dayanmışıq yenə üz-üzə.

Uşaqlıq dostuyuq, qoy bilsin hamı

Qayamla hər görüş bayramdır bizə.

 

 

ORDUBADDA ÇİNAR GÖRDÜM… 

 

Bir çinar oynayır bulaq başında,

Çalır havasını yaz küləkləri.

Təzə gəlin kimi duvaq başında,

Açılıb yanlara ağ biləkləri.

 

Sakit dayananda əli titrəyir,

Möcüzə göstərir sanki rəqsdə.

Əyilir, yıxılır, beli titrəyir

Ağac görməmişdim belə həvəsdə.

 

Günəş əl gəzdirir zərif döşündə,

Şehli nəfəsini küləklər udur.

Bəyaz sinəsinə işıq düşəndə,

Yarpaq-əllərini üzünə tutur.

 

Bu sevda olmasın canını üzən,

Bu halı gül açan yaza oxşayır.

Mağar ortasında naz ilə süzən

Bir boylu-buxunlu qıza oxşayır.

 

Bir çinar oynayır bulaq başında,

Sular camalına ayna tutubdur.

Süzür gəlin kimi duvaq başında,

Ağac olduğunu lap unudubdur…

 

TUT AĞACI

 

Meyvəsindən şirə axar, bal tökülər,

Ürəklərə bir dərmandı tut ağacı.

Hər il onun bəhrə-barı eyni gələr,

Bu ellərçün ərməğandı tut ağacı.

 

Əsrlərdən-əsrlərə əmanətdir,

Bağımızda şirin nemət, bərəkətdir.

Qapılara tut paylamaq, bir adətdir,

El deyib ki, bir ehsandı tut ağacı.

 

Gövdəsini cadar basıb, qırış alıb,

О bir yaşıl abidədir, canlı qalıb.

Kölgəsində Dədəm Qorqud qopuz çalıb,

Hər ağacdan qocamandı tut ağacı.

 

QIZLAR BULAĞI

 

Qaya pilləkəndən enib gəlirəm

Yanında qalmağa, Qızlar bulağı.

Bir həzin nəğməyə dönüb gəlirəm,

Mən sənin olmağa, Qızlar bulağı.

 

Yüz ildir, min ildir saçın qurumur,

Yaşıl səltənətin, tacın qurumur.

Buludlar quruyur, damcın qurumur,

Düşmüşəm marağa, Qızlar bulağı.

 

Payız da yaşılsan, qış da yaşılsan,

Sən mamır qanadlı tovuz quşusan,

Sevən ürəklərə elçi daşısan-

xəyala dalmağa, Qızlar bulağı.

 

Yəqin həsrət idin səsə, şənliyə

İndi son qoymusan daha təkliyə.

Gəlmişəm, telinə sığal çəkməyə,

Könlünü almağa, Qızlar bulağı.

 

QAZAN GÖLÜM, GÖY-GÖLÜM

 

Keçdim Biləv yolunu,

Ələhidən sovuşdum.

Odasını yolçudan-

yolağadan soruşdum.

Sıyrılıb çən-dumandan,

Vüsalına qovuşdum.

Gördüm on beş gecəlik

Gözəllikdə Ay gölü,

Qazan gölü, Göy gölü.

 

Kürəyindən Gün doğub,

Coşub halı dağların.

Gördüm, düşüb sulara

Gül camalı dağların.

Titrəyir rəqqasətək

Başı, beli dağların.

Güzgülənən, güllənən

Sandım bir humay gölü,

Qazan gölü, Göy gölü.

 

Sallar altından gələn

Səsdən doğub, tökülüb,

Böyründə qar suvağın

Görən yoxdu sökülüb.

Qızıl balıqlarının

Pullarına bükülüb…

Bir gözəllik pərisi,

Tanrı payı say gölü,

Qazan gölü, Göy gölü.

 

Aran məhəbbətiylə

Salıbdı meyli çaya.

Saqqarsuyu həvəslə

Tökülüb Əyri çaya.

Şırran, Gilan səs verib,

Çevrilib Ulu çaya.

Çəkib düz aparıblar

Xan Araza bəy gölü,

Qazan gölü, Göy gölü.

 

Ehey, Xan Qazan, dedim

Ulus, el gülümsədi.

Şimşək doğrayıb tökən

Bulud lal gülümsədi.

Bəyaz bətnindən düşən,

Bir cüt göl gülümsədi.

Çəkib saldı döşünə

Dağlar ekiztay gölü,-

Qazan gölü, Göy gölü.

 

Nuhdan qalan Qapıcıq,

zirvələrin qafası.

Ayna göllər sarayı,

Gəmiqaya qapısı.

Döşənib dörd yanına

Dörd fəsildən xalısı.

Buz kimi saxlayıbdır,

Qucağında yay gölü,

Qazan gölü, Göy gölü.

Gül-çiçəyi şəfadı,

Dibi-dibçəyi külçə.

Qazlıq dağı kitabə,

Ləpələri düşüncə.

Ordubadın əlində

Gümüş camdı bütüncə.

Təbiət özü verib

Yurdumuza pay gölü,

Qazan gölü, Göy gölü.

1987

 

DAĞLAR

 

At səyirdim dumanına,

Tərsə düşsün yolum, dağlar.

Yatım kəhər yalmanına,

Hey qarışsın halım, dağlar.

 

Diləyinə, muradına,

Qayaların qanadına,-

Əl çatmayan buluduna,

Yol ver, çatsın əlim, dağlar.

 

Çiçək yağsın dolayından,

Səngərindən, sarayından.

Yükünü tut gül tayından,

Keyfini çək, kəlim dağlar.

 

Gəzə-gəzə yaylağını,

Qoy yandırım çırağını.

Dərə-dərə otağını,

Doğma evim bilim, dağlar.

 

Vurulmuşam bu çağına,

Yüz yol gəlim ayağına.

Dönüm oba uşağına,

Qucağında qalım, dağlar.

 

YADDAŞ ÇIRAĞI

 

Atam abidələr,

anam türbələr.

Qardaşım qalalar,

bacım qübbələr.

Mavi minarələr

pak meracımdır.

O gəlin qayalar,

o Kül təpələr.

O Gümüş zağalar,

şəkil təpələr.

O yazı daşları,

Carçı daşları

mənim alın yazım,

taxtım, tacımdır!

Yanar, meteortək

alışar onlar.

Dili var, dindirsən

danışar onlar.

Ta ki, dünəninə

dönməyi bacar.

Sən onu ürəkdən

sevməyi bacar.

Oxu tarixini,

oxu maraqla.

Vətən torpağıdır

kitabın, bala

varaqla, varaqla,

onu varaqla…