XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 18:37

“Gül var, Xocalıdan sonra açılmır…” –Mayor Hafiz Təmirov "Şəhid şəhər"dən yazdı

Çox qəribədir. İnsan doğulduğu yurda, torpağa oxşayır. İlk dəfə onu televiziya ekranlarında görəndə görkəmindən bir ömürə sığmayan həsrətini, yanğısını hiss etmişdim. Bəlkə də lal olsaydı belə, onun halını anlamaq mənimçün elə də çətin olmayacaqdı. Bəzən insanın dərdi özündən əvvəl danışır adamla…

Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun ifasında “İndi məndən küs görüm” mahnısını dinləyəndən sonra şair Ələmdar Quluzadənin ürəyinə yazığım gəldi. Və öz-özümə pıçıldadım: bəxtəvər o sevginin başına ki, şair ürəyində özünə yer eləyir.

Düzü, ona bəxtəvərlik vermək keçdi içimdən, amma…

 

Sükut olub sakitcə yanından ötüşərəm.

Saçı saçından uzun söyüdlə öpüşərəm.

Nəğməmi dinləyəndə mən yadına düşərəm,

İndi məndən küs görüm… 

 

– deyən şairin yaşadıqlarına bircə gün belə şərik olsaq, sağ qalacağımıza güman etmirəm. Şair ömrü yaşamaq ona görə fərqlidir ki, heç nəyə biganə qala bilmirsən. Gözü kor olan bulağın, kökü baltalanan ağacın, yuvasından perik düşən quşun dərdi də yuxunu ərşə çəkir, onusuz da rahatlıq bilməyən ömrünün üstünə qanadlarını elə gərir ki, aldığın hər nəfəsə "bu sonuncudur" deyirsən.

“İndi məndən küs görüm”ü şair pıçıltı ilə deyir. Amma misraların alt qatında yaşananları xatırlamayan uzunsaçlıya bir üsyan var, bir hayqırtı var…

Bu mahnıya yüz dəfə, min dəfə qulaq assan yenə də bezməyəcəksən. Çünki hər birimizin ürəyindən qayğılarla yüklənəndə, adamların içində darıxanda bir ömür boyu qulağımızda səsi və sözü qalan “buludgözlüyə”, “İsmi pünhan”a:

 

Bil, üz-üzə gələndə qəhərlənib çaşarsan,

Gözümün qabağında od tutub alışarsan.

Gördüyün yuxuları qızlara danışarsan,

İndi məndən küs görüm… 

– demək keçir…

Əlamdar Quluzadənin sözü, fikri sanki taleyinin boyuna biçilib. Həm də onda qəribə bir uzaqgörənlik var. Gələcəkdə olanları görürcəsinə şeirinin hər misrasında yaşaya-yaşaya yanır, yana-yana yaşayır. Sən demə, bu, doğurdan, beləymiş: yaza-yaza hər adam yaşaya bilmədiyi kimi, hər yaşayan da yaza bilmir…

Əslində mətləbi çox uzatmayacaqdım. Əlamdar Quluzadənin iç dünyasına, könül pıçıltısına şeirlərinin ucalığından sizlərlə birlikdə boylanmaq istədim…

Yenə də “bəxtəvər başına” Ələmdar Quluzadənin. Yaşadığı və yaşadığımız  ən böyük faciəyə həm də bir vətədaş kimi yanaşması onu bir daha gözümüzdə əsl söz adamı, əsil sözün adamı ucalığına ucaltdı. Bəli, söhbət şairin “Şəhid  şəhər” poemasından gedir. Məncə, elə ədəbiyyatımıza da “şəhid şəhər” ifadəsini Ələmdar Quluzadə gətirib.

“Şəhid şəhər”i xalq şairi Nəriman Həsənzadə ədəbi hadisə adlandırır. Yazır ki, od içində yanan şair ürəyinin qanıyla naxışlanan, vergülü-nöqtəsi o müqəddəs qanın damlaları olan bu əsər başdan-başa özünü, müasirlərini ittihamdır…

Və poemanın ön sözündə onun bütünlüklə mahiyyəti öz əksini tapır.

“Şair bütün bunları ürək ağrısı ilə açıb göstərir, dərslik yazır, oxuyun, öyrənin",– deyir…

Şair poemanı 1992-ci ilin fevralında erməni və rus hərbi birləşmələri tərəfindən yerlı-yeksan edilmiş Xocalıya, xocalılara, şəhid olmuş 88 yaşlı atasına deyil, həm də o illərdə başsız, yiyəsiz qalmış xalqımıza həsr edib. Elə poemanın ilk misralarından həsrət boylanır, vətənsizlik ağrısı baş qaldırır.

 

Bir lələk düşsə yerə durnanın sırasından,

Bir Qarabağ göyərər gözümün qarasından.

Çınqılı dolaşanda daşların arasından

Bir utancaq bənövşə, boy göstərsin, boy deyim.

 

Şeirin ikinci misrası “Vətən” deyib ağlamaqdan gözünün qarası gedib ağı qalanların demək istədiklərinin məcmuudur. Ürəyində olanı korlara, karlara daha hirslə, daha qəzəblə hayqıran şair Vətənə üz tutanda yumşalıb muma dönür və xətrinə dəyməsin deyə, bu misraları da dərdinin, nisgilinin göynərtisi kimi qəbul etməyini təmənna edir.

 

Mən susanda vulkanam, od tutanda kömürəm,

Əllərimi üşüdən səsimi üşütməyib.

Bir kabab süfrəsində sənə sağlıq demirəm,

Sənə dediklərimi kitab da eşitməyib.

 

Ələmdar Quluzadə “Şəhid şəhər”i heca vəznində qələmə alıb. Amma Xocalı elə bir dərddir ki, bu dərd əruz, sərbəst vəznlərində də yazılsa, bədii gücü itməz, bütün ağrısı ilə ruhumuza hakim kəsilər. Bəlkə də şair ona görə hecaya üstünlük verib ki, o, dərdimizə olduğu kimi, onu yazıya alan qələmimizə daha simsar,  onunla həmahəngdir. Onsuz da qələmin yükü ağırdır. Burda deyiblər ey: “Hər kəsin dərdi özünə dəvə boydadır”.

 

Dünyanın baharı qışdan seçilmir,

Çillədə yağan qar nə bitirəcək?

Bu dərdi bir ölkə daşıya bilmir,

Bu qələm çiyninə nə götürəcək?

 

Amma poemanı oxuduqca görürük ki,

 

Vətənin çörəyi ucuz tutulsa,

Torpağın qiyməti bir cibə sığar.

 

misralarını da, bir ölkənin daşıya bilmədiyi dərdləri də qələm yazır, qələm daşıyır.  

Ələmdar Quluzadə tarixi unutmur, onu yada salmaqla bir daha demək istəyir ki, unutqanlıqlar, “məndən ötdü”lər gələcək, miqyası daha geniş faciələrə yol açır.

 

Qarakənddən üzü bəri,

Neçə yolçu izdən dönüb.

Qara-qara qutuların

Qara üzü bizdən dönüb.

 

Və…

Bizi bizdən ayrı salan,

Çəpərlərmiş, barılarmış.

Xəncər kimi qalxmayanlar,

Pencər kimi qırılarmış…

 

Buyurun, 1991-ci il də daxil olmaqla, ondan sonrakı, taleyimizin ipdən asıldığı illərin siyasi mənzərəsi bu misralara köklənib. Qarakənd faciəsi, əsl həqiqətlərin gizlədilməsi, hələ də gün işığına çıxmayan qara qutuların səssizliyi. Bəs, görəsən, bu sükutu kim pozacaq, kimin buna cəsarəti çatacaq. Məncə, heç kimin…

20 Yanvar qətliamından sonra Xəzərin sahilində insan dənizinə dönən xalq imperiyaya meydan oxudu. 1992-ci ilin fevralında erməni millətçilərinin zülmündən canını qurtaran, Vətəndən-Vətənə pənah gətirən insanlar bu dənizə qovuşdu.

Hərdən insana elə gəlir ki, oxuduğumuz, bildiyimiz, nənələrdən, babalardan yadigar qalan bayatılar elə onlar kimi tarixə qovuşdu. Demə, zamanı gələndə  hər dövrün, hər zamanın öz bayatısı, ağısı yaranırmış. Şair xocası itkin, tüstülü bacası dağılmış evinə-eşiyinə dil deyib, ağlayır bu misralarda.

 

Dərə ağlar, döş mələr.

Daşda qaldı eşmələr.

Bu üzdə gözümdədir

O üzdəki çeşmələr.

 

Əhdi gümana döndər,

Yolu dumana döndər.

Üzüm yox üzə çıxam.

Üzünü yana döndər.

 

Bağışla bizi Xocalı, biz sənin harayına çatmadıq, səni tək qoyduq. Sən kömək istəyirdin, burda təkəm deyirdin, Bakıdan isə vəd verirdilər. Necə ki, poemada haqlı olaraq şair yazır:

 

Yenə o yanıqlı səs,

Sızlayır qırıq-qırıq.

Bu sonuncu nidadır,

Bu sonuncu hıçqırıq.

-Düşmənlər Xocalını

Yandırıb çatır daha!

Biz öldük Vətən üçün,

Siz batdınız günaha!

Ağdam! Bakı! Qərərgah!

Bu xəyanətdir, anla!

Şuşa, denən sən niyə,

Susdun cəbbəxananla?

Qoşun qeybə çəkildi,

Tanklar, toplar qəhətə.

Sərkərdə nə deyəcək

Sabah yazıq millətə?

Bu müsibət Vətəni,

Kölgə kimi izləyir.

Bu gecə bizə olan

Sabah sizi gözləyir!

 

Əzizini, doğmasını, oğlunu, qızını itirsə də şair ümidini itirmir, haqqın nahaqq qarşısında əyilməyəcəyinə, bir gün Xilaskarın gələcəyinə olan inamını belə ifadə edir:

 

Sinəmi yandıran oddu, buz deyil,

Yaram göynəyəndə yada qısılmır.

Bir igid öldüsə yurd sonsuz deyil,

Bir şəhər öləndə Vətən basılmır.

 

Və bu misralarda Xocalının da, xocalıların da əzəməti, vüqarı bir şair dilində  belə nəzmə çəkilir.

 

Harda istəsəniz qəbrimi qazın,

Onsuz da sədaqət, peyman pozulub.

Kənd kimi doğulan Xocalımızın,

Alnına şəhər tək ölmək yazılıb.

 

Torpağın girovu adamı daha çox yandırır, nəinki insan oğlunun. Çünki insan övladı çəkdiyi əzaba, əziyyətə, zillətə dözməyib nə vaxtsa haqqa qovuşur, yəni canı çəkdiklərindən biryolluq qurtarır. Bəs torpaq? Nə quş olub uça, nə də baş götürüb qaça bilir. Yandıqca yanır içində. Can verə də bilmir, çünki gözləyəni, gözü yolda qalanı var…

Ələmdar Quluzadə də Xocalının bir parçasıdır. Qisas gününü gözləyir, özü də söz-söz, misra-misra.

 

Dolanda doluram buludlar kimi,

Qismət boğçasından alacağım kəm.

Axı Xocalıda itirdiyimi

Bakıda axtarıb tapa bilmirəm.

 

O müdhiş gecədən, fevralın 26-dan bugünə kimi

 

Qurumu tökülür əsəbin, hirsin,

Xəlbirdən umuruq neçə xəbəri.

Allaha, tanrıya ağır getməsin.

Qibləm Xocalıdır o vaxtdan bəri,

 

– deyən soydaşımızın dərdinə şərik, elə qibləsi Xocalı olanlardan biri kimi biz də üzümüzü şair qardaşımıza  tutub bunları demək istəyirik: "Bu torpağın, bu millətin qısas günü uzaqda deyil. 2016-cı ilin aprelində Xocalının başı üzərində dövrə vuran nigaran ruhları çoxları görməsə də, o torpağın həsrəti ilə yaşayanlar, dönmək ümidini itirməyənlər gördülər. Azərbaycan oğlu, Vətən əsgəri qanına and içdiyi Xocalını, bütün işğal olunmuş torpaqlarımızı qanı ilə, canı ilə düşməndən azad edəcək və arzusunda olduğumuz Azərbaycanı üçrəngli bayrağın altında birləşdirəcək. O gün gələcək, vallah gələcək, Xocalı haqqı gələcək!"

 

Hafiz Təmirov,

polis mayoru

DİN Mətbuat Xidmətinin əməkdaşı