XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 12:29

Rəşad Məcid: “Kişi gözəl qadını görəndə həyəcanlanmırsa,…”

“Kişi gözəl qadını görəndə həyəcanlanmırsa, ona heç kişi demək də düzgün deyil”.

Strateq.az xəbər verir ki, bunu APA TV-nin “üç dama” verilişinin qonağı, “525-ci qəzet”in baş redaktoru, yazar Rəşad Məcid deyib:

“On bir ildir Yazıçılar Birliyində gənclər üzrə katibəm. Rəhbərlik etdiyim qəzetin ilk buraxılışında yazmışdım ki, “525-ci qəzet” gənclərin qəzeti olacaq. İllərdir bu belə davam edir. Amma indi hamının qəzetidir, həm gənclərin, həm də klassiklərin. Ancaq ətrafımda olan əsasən gənclərdi. Gənclərlə işləmək adamı gənc saxlayır. Mən də o üzdən gənc qalmışam”.

O, rəhbərlik etdiyi qəzetdə xeyli eksperimentlər apardıqlarını bildirib. Amma bununla yanaşı qaydaları və ənənələri də qoruduqlarını deyib:

“Sizin televiziyanın bu verilişə qədər başqa bir layihəsi vardı, “üç valet”. Məsələn, mən onda arzulayırdım, gözləyirdim ki, orda çoxlu sayda savadlı, ziyalı qadınlar üzə çıxsın. Savadlı, istedadlı, ünsiyyətcil qadınların çox olmasını mən həmişə arzu edirəm. Həmişə arzulamışam ki, o qadınlar suallara açıq olsunlar, heç bir sualı cavabsız qoymasınlar. çox təəssüf ki, Azərbaycanda savadlı, ağıllı, özünə güvənən qadın azdır. Mənim üçün savadlı və ağıllı qadınlarla söhbət eləmək, bölüşmək son dərəcə maraqlıdır. Mənim Azərbaycanda tanıdıqlarım xaric yeni və maraqlı qadın yoxdur”.

Rəşad Məcid qadın gözəlliyinə münasibətini də açıqlayıb:

“Gözəllik zahirən olur. Və deyim ki, gözəl qadın insanı həmişə cəlb edir. Amma o gözəlliyin ardınca gedirsənsə, orda mütləq hissiyyat, emosionallıqdan başqa intellekt, savad və sair olmalıdır ki, o maraqlı qadın sayılsın. Quru gözəllik qadına olan marağı qoruyub saxlaya bilməz. İstəyirəm ki, xanımlarımız gözəl və özünə baxımlı olsunlar”.

Həmsöhbətimiz insanın öz məqsədinə çatması barədə fikirlərini də bölüşüb:

“İnsan nəyisə dəlicəsinə istəyirsə, mütləq ona çatır. Əgər çatmırsa, deməli onu dəlicəsinə istəməyib. Bu mənim kəşfim deyil. Oxuduğum ədəbiyyatdan, eşidib bildiklərimdən gəldiyim qənaətdir. Araşdırsaq dini kitablarda da bunun köklərini tapmaq olar. özümə gəlincə, mən istədiyim kimi olmuşam. Hər dəfə deyirlər ki, sən millət vəkili olmadın. Mən də deyirəm ki, deməli millət vəkili olmağı dəlicəsinə istəməmişəm. Yəqin dəlicəsinə bir istək olsa elə bu payız millət vəkili ola bilərəm, amma istəmirəm…

“Xarakter olaraq kəskin “hücumçuyam”. Müdafiə və qorunmaqdan çox hücumda olmuşam. Amma deyə bilərəm ki, bəzən müdafiə də ehtiyacım olub.

Mənim haqqımda qadınların bir çoxunun dedikləri təxminən belədir: Rəşad həssas, emosional, bəzən kobud adamdır. Amma onun içində qadınlarla bölüşmək istəyi var. Fikirləşirəm ki, niyə qadınlar haqda bu qədər çox danışıb, onlarla daha çox bölüşürəm? Bilirsinizmi, mən kişilərlə söhbətləri danışıb bitirmişəm. Kişilərlə illərlə eyni-məclisləri, eyni tədbirləri bölüşmüşük. Onların hansı halda nə edəcəklərini, nə deyəcəklərini gözüyumulu bilirəm. Amma qadınlarla məsələ fərqlidir. Qadın elə gözəgörünməz addımlar ata bilər ki, uzun müddət onu anlaya bilməzsən. Açığını deyim qadınlar haqda o qədər düşündüm ki, başladım onları anlamaq üçün xeyli əsərlər oxumağa“.

Həmsöhbətimiz bildirib ki, qadınlar haqda ən sərt yanaşmaya Otto Veninqerin əsərində rast gəlib. O, qadın beyninin böyük uğurlar qazanması üçün uyğun olmadığını deyib. Eyni zamanda bildirib ki, həm gözəl, həm ağıllı qadınların arxasında mütləq güclü bir kişi var. Ya əri, ya atası, ya da sevgilisi:

“Və məncə bunu əksini söyləyənlər də haqlıdır. Hər güclü kişinin də arxasında bir güclü qadın dayanır. Amma mən bir də onu dəqiq bilirəm ki, gözəl, ağıllı, savadlı, bacarıqlı qadınlar tək nəyəsə nail ola bilmirlər. Cəmiyyət onları məhv edir …

Qadınlar mənim üçün o qədər maraqlıdır, bəzən deyirəm ki, bəlkə də bu haqda çox danışmaqla ağ edirəm. Qadınlar daha çox bir-birlərinə etiraf edirlər sirlərini. Amma bəzi qadınlar var ki, həyatlarında olan elə məsələni mənə etibar ediblər ki, az qalmışam dəsmal götürüb ağlayam”.

Amma Rəşad Məcid sirr saxlamaq məsələsinə də münasibət bildirib:

“O sözü ki, təklikdə mənə etibar ediblər onu qoruyaram. Amma o sözü ki, tək mənim yox bir neçə nəfərin yanında danışıblar onu hərdən açıqlayıram. çünki onu bir neçə adamın yanında deyiblər və mən onu sirr hesab eləmirəm”.

Həmsöhbətimiz doğulub böyüdüyü bölgədən – Qarabağdan, Laçından danışıb:

“Mənə görə həssas məsələdir bunları danışmaq. Doğulduğum kənd işğal altındadır, yaşadığım şəhər, Laçın işğal altındadır, Ağdamda oxuduğum məktəb işğaldadır. Ən çox sevdiyim şəhər, Şuşa işğal olunub. Hərdən işğalda olmayan bölgələrə gedirəm. Oradan işğalda olan o dağlara baxanda elə bil məni cərəyan vurur. Tez üzümü başqa səmtə çevirirəm. Düşünürəm ki, mənim beynim, ruhum daim oralarda olsa fiziki varlığımı davam etdirə bilmərəm. Az-az olur ki, mən o hissi öz işimdə yaşayıram. çünki o, çox ağrı verir. Atam vəzifə adamı idi. Yaxşı kitabxana yaratmışdı özünə. O vəzifədə olduğuna görə mənim də pulum çox olurdu. Sizə deyim ki, on il kitaba, özü də yaxşı kitablara pul xərcləmişdim ki, oxuyum onları. O qədər kitab almışdım ki, böyük bir kitabxanam var idi. Azı üç minə qədər kitab olardı. Hamısı qaldı Ağdamda. Hərdən o kitablarımın da xiffətini çəkirəm. İndi də gözümün qarşısındadır Laçında nənəmin həyətindəki tut ağacları, onların altına salınan gəbələr, qoyulan yastıqlar. Mən orda uzanıb dincələrdim. İnternetdə axtarış proqramları ilə Laçında nənəmin evini tapmışdım. Evin üstü uçulmuşdu. Mənə qohumlar dedilər ki, evin üstünün uçmasını nənənə demə. Yoxsa pis olacaq. Mən də susdum. Mən real kadrlara baxmaqdan, xatirələri yada salmaqdan qaçıram. Dünyanın harasına gedirəmsə gedim, o yer doğulduğum kəndə, sevdiyim Şuşaya bənzəyirsə təsirlənirəm…

Məni çox şey təsirləndirir, təəccübləndirir. Bir filmə baxanda da, bir kitab oxuyanda da ola bilər bu. Amma mən maraqlı adam da görmək istəyirəm. Maraqlı bi
r adam görəndə sevinirəm. Həmişə maraqlı, istedadlı adama dəstək olmuşam, ortaya çıxmasına çalışmışam”.

Həyat yoldaşından danışan Rəşad Məcid, qadın təbəssümünün önəmli olduğunu bildirib:

“Xanımımdan razıyam. üç övladımız var. Amma yenə də mübahisələrimiz olur. Mənim bütün qadınlardan, öz xanımından da umduğum bir şey var, təbəssüm. Qadın kişiyə həmişə təbəssüm bəxş eləməlidir. Bir təbəssüm çox şeyi xilas edir. Yaşamağa stimul olur. Daim insana yüksək əhval-ruhiyyə verir. Mənim xanımımla davalarımın səbəbi daha çox bu məsələ üstündə olur”.

Həmsöhbətimiz həm də babadır. Bu üzdən “baba olmaq necə hisdir?” sualını da cavablandırıb:

“Tam fərqli hissdir. Kitabımın üstündə olan şəkilimi görüb reaksiya vermişdi uşaq. Mənə hədsiz xoş olmuşdu uşağın məni tanıması…

Yaşla bağlı ən böyük stressi qırx yaşım olanda keçirtmişəm. Mənə elə gəlmişdi ki, dünyanın da, həyatın da sonudur. Hər şey bitib. İki üç ay mən bu cür yaşadım. Sonra baxdım gördüm ki, yanılıram. Kişi üçün yaşın gözəlliyi hələ qırxdan sonradır. O üzdən əlli yaşı rahat yaşadım. İndi fikirləşirəm ki, için, ruhun gəncdirsə əlli beşdə də, altmışda da, yetmişdə də gənc olmaq olar “.

Sonda Rəşad Məcid özünə olan münasibətdən danışıb:

“Yaşayıb görürəm ki, mənə paxıllıq edənlər də, mənfi enerji ötürənlər də var. Amma nə edirlər etsinlər, mən aktualam. Tərifləyən də var, tənqid edən də. Bir də sözü arxada yox üzdə deyənləri sevirəm mən. O üzdən qalanlara əhəmiyyət verməməyə çalışıram”.