Rahid ULUSEL
“Bhaqavad-qita” (e.ə. I minillik) poetik transendentallığı ilə yetərincə vəcdə gətirsə də, insanı yalnız marionet-xidmətçi timsalında təqdim edən “Əhdi-Ətiq” və s. dini kitabələr kimi real dünyanı onun ayaqları altından yuyub aparır. Bu möhtəşəm abidəni yaradanlar, görəsən, onun əsas məğzi olaraq bəyan edəndə ki, insan yalnız “Allah – Ali Şəxs-Krişnanın xidmətçisi, onun həzz ödəyicisidir” – bununla varlığın ilahi mahiyyətini nə qədər daraltdıqlarını və sonda puça çıxartdıqlarını düşünmüşlərmi?! Heç bir iradəsi olmayan marionetin göstərdiyi “xidmət”, verdiyi “həzz” Allaha (hinduist anlamında Krişnaya), doğrudanmı, lazımdır?! Bütün varlığın yaradıcısının buna nə ehtiyacı var ki, onun üzərində din yaradıla və yüz milyonlarla insan da bu “müqəddəsliyin” ilğımında dolandırılıb sitayişə gətirilə?! Əgər “Bhaqavad-qita” təsdiq edirsə ki, “insanlar Tanrının ayrılmaz hissəcikləridir” – deməli, Onun öz “marionet” hissəsindən “ləzzət alması” ilahi varlığın əsas mahiyyəti imiş?! Halbuki “Mən Kainatın hissəsi yox, onun mənbəyiyəm” (9:5), “Mən … toxumam” (10:39) – deyən Tanrıda İnsan elə bu düşüncə ilə vəhdət tapa bilər… Sufilikdə olduğu kimi. Bütün dinlərin – ortasında məbəd, sağında cənnət, solunda cəhənnəm tikdiyi bir dünya modeli “Bhaqavad-qita”da da İnsanla onun Xaliqini birləşdirmək əvəzinə, ayrı salır…
“Bhaqavad-qita”nın əsas mövzusu – “Həzrət Şri Krişna Allah-İlahi Şəxs”in Kurukşetra döyüş meydanında üz-üzə gələn hər iki orduda öz doğmalarını görən və döyüşmək istəməyən Arcunanı bu savaşa təhrik etməsindən ibarətdir: insanı (həm də doğmalarını) öldürməkdən imtina edən Arcuna buna başlanğıcda o səbəbdən məcbur edilir ki, onsuz da “bu dünyadakı canlar müvəqqətidir”. Həmin “canlar” isə bəşəriyyətdir! “Bhaqavad-qita”nın qayəsini “bəşəriyyəti maddi aləmin zülmətindən xilas etməkdə” görən Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin banisi Bhaktivedanta Svami Prabhupada kitabəyə yazdığı şərhin sonunda isə Kurukşetra döyüşünün baş verməsinin daha qəddar və miskin səbəbini ortaya çəkir: məlum olur ki, bu qırğın – “həddən artıq çoxalmış əhalinin sayını azaltmaq” üçün (18:72) törədilməli imiş. Ən radikal maltusçuluğun arxetipik olayı kimi qavranıla bilən bu aktda “Bhaqavad-qita” Krişnası “Əhdi-Ətiq” Allahından, Arcuna isə Moiseydən heç nə ilə fərqlənməyən bir rolda çıxış edir. Belə bir “müqəddəs” kitabəni Svami Prabhupada təkcə “krişnaçılığın deyil, bütün dinlərin kanonu, krişnaçılığı – dünyanın yeganə dini, Şri Krişnanı – dünyanın yeganə Allahı” (“Bhaqavad-qita”, Giriş) kimi zəmanəmizin yeni Kurukşetra meydanına atır… Doğulduğu gündən insanı öldürməyə başlayan, bu dünyasını söndürüb o dünyasını çil-çıraqla bəzəyən din – bax beləcə, onun ən zəif yerindən oxla vurur: insanın real dünyadakı həyatının bitməsi nöqtəsindən! Bütün dinlər diqqəti məhz bu nöqtəyə – faniliyə yönəldir. Dünyada elə bir din yoxdur ki, bilərəkdən fanilik ilğımında azdırıb aldatmasın İnsanı! Dünyada elə bir din yoxdur ki, İnsana bu titrək həqiqəti deməyə qüdrəti çatsın: Sənin elə ölümlə bitən kamil ömrün – qığılcım-həyatın – Əbədiyyətindir: İlahi Səltənət – Yoxluq üzərində deyil, Varlıq üzərində qurulub!