XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2018 - 11:42

SİYASİ GİROV, DİPLOMAT, VƏFALI SEVGİLİ, ŞAİRƏ…  –Köhnə qeydlərə yeni naxışlar - ARAŞDIRMA

Əziz RZAZADƏ

 

Tarixin üzü qara olsun! Elə şəxsiyyətlər var ki, onlar haqqında bircə cümləlik yazımız yoxdur. Bir qədər dəqiqləşdirim – öz tarixçi yazımız. Ümid qalır əcnəbi salnaməçinin insafına, nəyi düz, nəyi əskik qələmə aldığı ta Qiyamətədək müəmma olaraq qalacaq. O cümlədən Agabacı ağa, yaxud Ağabəyim xanım kimi çağırılan Qarabağ xanının qızı haqqında yazılanlar…

 

Qanbahası-girov

 

Köhnə salnamələrdə və elə indiki bəzi tarixi kitablarda da yazırlar ki, Ağa Məhəmməd şah Şuşada öldürülür. Fətəli şah Qacar hakimiyyətə gəlir. Az sonra İbrahim Xəlil xan Şuşaya qayıdır və hakimiyyətini bərpa edir. Qacar sarayına etibar qazanmaq və münasibətlərini möhkəmləndirmək üçün o, qızı Ağabəyim xanımı 1801-ci ildə Fətəli şaha ərə verir. O vaxt deyildiyi kimi, “hər iki tərəfin xatircəmliyi üçün”.

Məcid Yektayi “Bərrəsiha-ye tarixi”də bu həssas məqamla bağlı yazır ki, Qacar şahının öldürülməsindən sonra İbrahim xanım əmri ilə Ağa Məhəmməd xanın cənazəni böyük ehtiramla və şahın şəninə yaraşan şəkildə dəfn edirlər. İbrahim xan deyir ki, bu cənazə əmanətdir. Fətəli şah taxta çıxdıqdan sonra əmisi Ağa Məhəmməd şahın cənazəsini istəyir. Bunu münasib fürsət bilən Cavanşir xanədanın başçısı Qacar sarayı ilə münasibətini qurmaq üçün cənazəni qəbirdən çıxarıb böyük bir ehtişamla Tehrana yollayır.

Mirzə Fəzlullah Şirazi Xavəri “Tarix-e Zülqərneyn”də hekayəti belə davam etdirir: “Fətəli şah İbrahim xanın bu nəcabətli davranışından təsirlənib ona bir qılınc hədiyyə göndərir. Qacar hökmdarının tam etibarını qazanmaq istəyən Qarabağ hakimi öz qızını 200 nəfərlik heyətlə Tehrana girov göndərir”.

Şahın rəsmən dörd xanımı olduğundan Ağabəyim ağa hərəmdə mütə-siğə (müvəqqəti nikah) qaydasında məskən salır. Lakin şah xanımı Asyanın ölümündən sonra o, “Ağabacı” adı ilə dördlüyün bir üzvü olur.

Əyan-əşrəfin şahidliyinə əsasən, Ağabəyim ağanın sarayda nüfuzu və ehtiramı o qədər böyüyür ki, o, otağa daxil olanda, hətta şahın digər xanımları hökmdar hüzurunu tərk edirlərmiş…

 

Zəruri haşiyə: Saray tarixinin bilicisi, babası İbrahim Xəlilin Osmanlı sarayında elçisi olmuş, özü də Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy imiş. Lakin bu eşq dastanı açıldığı vaxtda da qapanıb.

Güman ki, xan nəslindəki ikitirəliyin, düşmənçiliyin bir səbəbi də bu imiş.

Həmin eşq macərası haqda, əlbəttə, nə “Qarabağnamə”lərdə, nə də digər salnamələrdə bircə cümləlik qeyd var. Lakin hər halda, gümanı kənara atmağın da yeri deyil.

 

Şah sarayında zifaf gecəsi

 

O, girov idi.

Canlı girov.

Həm də sərt qaydaları olan o dövrdə Ağabacı ağa saraylara “peşkəş edilən” yeganə xan övladı deyildi.

 

Zəruri haşiyə: Digər girov İbrahim Xəlil xanın oğlu Əbülfət ağa idi. Çox-çox sonra Fətəli şah ona xan titulu verdi. Əbülfət ağanın nəslindən xeyli tanınmış şəxs çıxıb.

Ümumiyyətlə, 1813 və 1828-ci ilin müqavilələrindən sonra Qarabağ və Gəncə xanlıqlarından İrana xeyli insan köç edib. Ərdəbildə və Təbrizdə Qarabağlılar məhəlləsi, habelə Həmədan ətrafında Qarabağlılar-Gəncəlilər kimi tanınan yurdlar var.

İranın ilk ədliyyə nazirindən tutmuş sərkərdələrə qədər neçə-neçə tanınmış simanın əcdadı Arazın bu tayındandır.

 

…Və xan qızı öz varlığı ilə, sözsüz ki, sülhün qoruyucusu olduğunu dərk edirdi.

Burda nöqtə qoydum. Gerisini iranlı tarixçi Mehdi Bamdad deyəcək:

“Lakin Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızından xoşu gəlmirdi. Bunun səbəbi İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi, yaxud da ortada hər hansı başqa səbəb vardı.

Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və qadın Qumda ondan ayrı yaşayırdı”.

(Mehdi Bamdad. İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı, Tehran, I cild, s.12.)

Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra oraqdan dəli kimi çıxır və bircə kəlmə söz deyir: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.

Yalan-doğru deyirlər, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır.

 

Birinci xanımın nüfuzu

 

Agabacı ağa 1780-ci ildə Şuşada anadan olmuşdu. O, gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi sayılır.

Şahbanu xanımın fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Şah sarayında ikən, Ağabəyim xanım Avropanın ümumişlək dili olan fransızcanı da mükəmməl mənimsəmişdi.

O zamanlar Qacar elçilərinin çoxu erməni tacirləri idi (bu ayrıca bir mövzu olduğundan dərinə getmirəm), lakin Avropa sarayları ilə məktublaşma işlərində də şah xanımı çox fəal idi.

1811-ci ildə o, Napoleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası ilə məktublaşmışdı. “Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz”, – deyə rus imperatriçası Ağabəyim xanıma yazmışdı.

1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı – şahbanu ilə görüşməkdə israrlıydı.

Sarayın məlaikəsi Ağabacı ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”.

(Ceymz Moriyer. İkinci səfər. Tehran, “Tus” nəşriyyatı, 1386 (2007), s. 213-214.).

Yeri gəlmişkən, saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər – qiymətli ətir hədiyyə etmişdi.

 

Zəruri haşiyə: Yalnız şah xanımları qızıl düymə və qumaş parçadan libas geyə bilərdi. Bu qədim bir ənənə, yazılmamış qanun idi. Nə qədər təəccüblü səslənsə də, xanlıqlar dövründə qızılı paltarı yalnız bir hakim – İrəvan sərdarı Hüseynqulu xanın hərəmləri geyinirdi.

Bu müstəsna ixtiyarı ona heç kim verməmişdi, ancaq və ancaq xanın şah sarayındakı fövqəladə nüfuzundan irəli gəlirdi. Üstəlik, Hüseynqulu xanın qızı Fətəli şahın sevimli xanımı idi.

Yeri gəlmişkən, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabacı ağanın xidmətidir.

Arazın bu tayında ruslara ən güclü müqavimət göstərən məhz İrəvanlı Qacar (Qoyunlu) hakimləri (Hüseynqulu xan və Həsən xan) olub. Buna görə də, Türkmənçay müqaviləsində onlar barədə müstəsna bənd var. Digər Azərbaycan xanları öz titul və mal-dövlətini qoruya bildiyi halda, İrəvanlı cütlük bu hüquqdan məhrum edilib.

 

…Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüddövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə qədər ayaq üstə dururdu”. (Şotlandiyalı səyyah və rəssam Ceyms Beyli Freyzer “Qış səyahəti” əsərində Qacar sarayında qadınların nüfuzundan yazarkən, Tacüddövlənin adını xüsusi çəkir).

Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” adlı əsərində Ağabacı xanımın şah sarayındakı intriqalarda fəal iştirakına diqqət çəkdirir.

Mühafizəkar qüvvələrin təhqiqi ilə üzləşmiş şahzadə Abbas Mirzənin tərəfini tutan şah xanımı Abbas Mirzə ilə İbrahim Xəlil Cavanşir arasında bir çox hallarda vasitəçilik edir: “İbrahim Xəlil gizlicə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz, şəhər darvazalarını üzünüzə açacağıq”. Lakin ruslar tərəfindən dəstəklənən xanın yaxınlarından biri bundan xəbərdar oldu və rusların yardımı ilə İbrahim Xəlil xanı Şuşadan çıxmağa məcbur etdi.

Bu hadisədən xəbərdar olan Abbas Mirzə İbrahim Xəlil xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı.

Təqribən yüz süvari yas içində İbrahim Xəlil xanın cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlı xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü”.

 

Kədər sarayı

 

Mirabbas Mirbağırzadə yazır: “Ağabəyim ağa Qacar sarayında “Ağabacı” adlanırdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi”.

Əsas bələdçimiz Mehdi Bamdad isə yazır ki, Qarabağın böyüklərindən olan Məlik bəy Ağabacıya vəzirlik edirdi. “Möhtərəm” ləqəbi ilə tanınan Ağa Bəhram onun xacələrindən idi.

Şahzadə Keykavus Mirzə ilə Mürəsse xanımı ona oğulluğa və qızlığa vermişdilər. Üstəlik, bacısı və qardaşı uşaqlarının tərbiyəsi ilə məşğul olurdu.

Ağabacının şahdan övladı olmadı, çünki kəbindən sonra Fətəli şahın diqqətini cəlb etməmiş və bakirə qalmışdı. Bir gün Fətəli şah öz yaxınlarına demişdi: “Ağabacı gözümə ilan kimi görünür”. Bununla belə, Fətəli şahın yanında uca məqamı, yeri və hörməti vardı.

Xanım vəfat etdikdə (1832-ci il), şah demişdi: “Mən bu qadınla xoşbəxt idim”.

Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasimin (ə.) məqbərəsindəki hücrəsində tənha qalırdı.

Sonralar hz. Məsumənin ziyarətgahı ilə məşhur olan Qum şəhərinin idarəçiliyini də ona verirlər.

Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı”.

Vüsalına yetməmiş şah xanımı hicri-qəməri 1248-ci ildə Qumda vəfat edib və orada torpağa tapşırılıb.

Çağdaşları onu dininə bağlı, həqiqi zöhd sahibi kimi səciyyələndirir. Hətta ərəb dilində nəşr edilmiş “E`lam nisa-il muminat” – “Mömin qadınların tanıtımı” (اعلام النساء المؤمنات) kitabında Şərqin ən mömin xanımlarının sırasında Ağabəyim ağanın adı çəkilir.

 

Zəruri haşiyə: Ağabəyimin övladlığına verilmiş şahzadə Kavus (Keykavus) da onun kimi mömin bir şəxs olub. Xanımın vəfatından sonra Qumda naiblik edən bu şəxs həcc ziyarətində olub, ziyarətdən qayıtdıqdan sonra Tehranda məskən salıb və siyasətdən uzaq guşənişin həyat keçirib.

Şahzadə İrəc Mirzənin xatiratında da Keykavusun adı ehtiramla yad edilir. “Bu şəxs dini məsələlərə çox bağlılıq göstərirdi. Hər il Seyyidüş-şühəda İmam Hüseynin (ə.) əza məclislərində iştirak edirdi. Amma övladlarının kamil təhsili yoxudu, hərzəlikdən başqa heç nə bacarmırdılar. İstəyirdilər ki, şahzadə varını-yoxunu onlara versin, şərab içib qumar oynasınlar”.

Qısası, o cür atadan bu cür naxələf övladlar!

 

…Bacarıqlı xan qızının həm də şer təbi vardı və ”Məluli” təxəllüsü ilə yazırdı (“Tuti” təxəllüsü də ona şamil edilir).

Fətəli şahla zifaf gecəsi cəmi bir neçə sual-cavabla keçmiş, ertəsi gün səhər Ağabacı ağa azəri türkcəsində bu sadə və anlaşıqlı beyti zümzümə etmişdi:

 

Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə qaldı, necə getdi.

 

Bu yanıqlı bayatı da onundur:

 

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

 

Bayatının müəllifi üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırmışdı. Gülüstana “Vətən bağı” adı verirlər. Fətəli şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin.

Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib üzüntüsünü belə ifadə edir:

 

“Vətən bağı” al-əlvandır,

Yox üstündə Xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

 

Bəzi mənbələr, – təkrar biliyin anasıdır, – Ağabacı ağanın “Tuti” təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir (Fətəli şahın digər xanımı Məryəmbəyimin və Müstəvərin də şerə etinasız olmadığı deyilir). Onun farsca şerləri, deyilənə görə, “Divan-e-Baci” adı ilə yayımlanıb.

“Qarabağ şikəstəsi” də Ağabacı Ağanın ayağına yazılır. Sözləri və musiqisi ilə birgə. “Qarabağ şikəstəsi”ndəki qüssə, kədər qürbətin mahiyyətini anladır.

 

P.S. Xan qızı Ağabəyim xanım haqqında bu qədər yaza bildim. Qərib İmamın (ə.) ziyarətinə gedənlərdən bir təvəqqem var: yolunuz Qumdan keçəndə, hz. Məsumənin (ə.) ziyarətgahında mənim adımdan qərib və nakam həmvətənlimiz üçün – Ağabəyim ağa üçün bir “Fatihə” oxuyarsınız, – savabdır…