XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 19:07

Kişilik insanın ürəyindədi

Məhyəddin Məhərrəmoğlu: 1942-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində anadan olub. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu (indiki Gəncə Dövlət Universiteti) bitirib. İlk vaxtlar Ağdaban məktəbində müəllim işləmiş, sonralar isə Kəlbəcərin işğalına qədər Şorbulaq kənd orta məktəbində direktor vəzifəsində çalışmışdır. Kəlbəcər işğal ediləndən sonra Mingəçevirdə məskunlaşmışdır.

2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

2013-cü ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

“Ağlı-qaralı dünyam”“Dünya həmin dünyadır”adlı kitabları nəşr edilmişdir. “Mürgüləyən qönçələr” adlı kitabı çapa hazırlanır.

KİŞİLİK

Kişilik var – dövlət toplamaq deyil,

Kişilik insanın ürəyindədi.

Vəzifədə deyil, rütbədə deyil,

Süfrənin duzunda, çörəyindədi.

Kişilər heç zaman yeməz kəlməsin,

Xalqına, elinə salar kölgəsin.

Şərəfli yaşamaq bil ki, hər kəsin,

Halal zəhmətində, əməyindədi.

çalış dostluq elə Kişilər ilə,

Səxavət göstərsən gətirmə dilə.

Kişilər dayaqdı obaya – elə,

Tanrı Kişilərin köməyindədi.

****

DüŞüNüRƏM

Düşünürəm Vətən adlı yurduma

Duman yenə ağ örpəyin çəkirmi?

Sərt qayada qaqqıldaşan kəkliklər,

Ayrılıqdan göz yaşların tökürmü?

Bir xoş xəbər gətirmədi küləklər,

öz yurduna həsrət qaldı ürəklər.

Səhər – səhər gözü yaşlı çiçəklər,

Mürgüləyib qönçələrin bükürmü?

Meşəsində qaçıb tərə batardım,

Yamacında min arzuya çatardım.

Kölgəsində şirin – şirin yatardım,

Qoca palıd həsrətimi çəkirmi?

Bəsləyirəm Vətən adlı sevgimi,

Bahar gəlir təzələyir dərdimi.

Tərtər çayı kükrəyəndə şir kimi,

Dərələrin sinəsinə çökürmü?

Yarəb, bir də bizim yurda sal nəzər,

Elsiz kəndlər qan ağlayır hər səhər.

övladından kömək üçün Kəlbəcər,

Gözlərini Murov dağa dikirmi?

***

OLSUN

Vara maraq göstər, əsiri olma,

Halal zəhmət ilə şöhrətin olsun.

Haram pul toplayıb, qürrələnmə heç,

çalış ki, süfrəndə zəhmətin olsun.

Əgər pul toplasan min kələk ilə,

Əlindən çıxacaq bəd külək ilə.

Zarafat eləmə, gəl, fələk ilə,

Şeytandan uzaq dur qüdrətin olsun.

Başdan aşağıda yerləşir gövdən,

Qoru kişiliyin hər şərtini sən.

Heç nə aparmadı dünyadan gedən,

Nəfsini boğmağa cürətin olsun.

Qananla qanmazı bir cürə sayma,

çalış yalançının sözünə uyma.

Paxılı, yaltağı yaxına qoyma.

Qorun ki, üzündə ismətin olsun.

Şöhrət zəncirindən özünü qoru,

Fitvadan, böhtandan üzünü qoru.

Söhbətini qoru, sözünü qoru,

El içində xətir – hörmətin olsun.

****

İçİNDƏ

Itirdim mən səni niyə bilmədim,

ümidsiz gəzirəm ellər içində.

Elə bil yerindən qopub ürəyim,

Qalıbdı o ipək tellər içində.

İnana bilmirəm məndən dönmüsən,

Yoxsa, günəş kimi yanıb sönmüsən?

Deyirəm, bəlkə də gülə dönmüsən,

Gəzirəm mən səni güllər içində.

Yenicə gəlmişdi ömrümə bahar,

Göylər haray çəkdi, titrədi dağlar.

Yamanca insafsız bir ürəyin var,

Məni qoyub getdin sellər içində.

*****

SONET

Gülüm, haqdan gəlir şair nəfəsi,

Yaşamaq həvəsi, yanmaq həvəsi.

Məni unutsan da, atsan da inan,

Səni yaşadacaq ruhun naləsi.

Ancaq bilmirəm ki, baxışlarından,

Gözlərim gözünü çəkmir, nədəndi?

Onlar bir rəhimli burulğan kimi,

Yolçunu bir anlıq yoldan edəndi.

Qoy, məni məst etsin mavi gözlərin,

Onsuz da könlümün meyli ondadı.

Bu eşqin olsa da qanlı burulğan,

Hər şeydən şirindi vüsalın dadı.

Dünyada yüz canım olsaydı, inan,

Deyərdim hamısı bu eşqə qurban.

*****

OLAR

Gəl yanıma şirin danış, şirin gül,

ömrə şəfa şirin söhbət, söz olar.

Gir qəlbimə, gözlərimdə gül, gülüm,

ürəkləri bəndə salan göz olar.

Görən deyir göydən enmiş pəridi,

Bu görkəmdə nə qəsd etsəm yeridi.

Naz etdikcə canım şam tək əridi,

Zalım qızı, bəs bu qədər naz olar?

Məhyəddini bəndə salan gözündü,

Ağlın, huşun, şirin söhbət – sözündü.

Məni nikbin yaşadan da nazındı,

Az naz elə, birdən nazın azalar.

Təqdim etdi: Namiq Hacıheydərli