XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 06:06

Meyxananı ciddi ədəbiyyat nümunəsi saymaq olarmı?

Bəzi televiziya kanallarının can-başla təbliği sayəsində meyxana verilişləri meyxana küncündən, çayxanalardan və mağarlardan yüksək səhnələrə qədər ayaq açdı. Meyxana hər gün çağırılmamış qonaq kimi evlərimizə də qonaq gəlir. Cəmiyyətin bu janra münasibəti birmənalı deyil. Kimisi onu şifahi ədəbiyyatın bir janrı, kimisi xalq sənəti, kimisi isə küçə ədəbiyyatı adlandırır. Maraqlıdır, bu janrın hələ də televiziyalar səviyyəsində təbliği kimə və nəyə gərəkdir?

Strateq.az-ın suallarını cavablandıran “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal meyxananı etnomədəniyyətimizin bir elementi hesab etdiyini dedi: “Bununla belə, son illərdə meyxananın qədərindən artıq təbliğinin şahidi oluruq. Əgər ənənəvi meyxana Azərbaycanın Abşeron bölgəsinə xas idisə və meyxanaçılar məhz bu bölgədən çıxırdılarsa, maraqlıdır ki, indi Azərbaycanın bütün bölgələrindən də meyxana deyənlər ortaya çıxır”.

Bunun düşündürücü olduğunu deyən Aqil Camal meyxananın bu qədər yayğınlaşmasının başlıca səbəbini hal-hazırda düçar olduğumuz restoran-toy biznesinin gətirdiyi özəlliklərdə görür: “İndi bir çoxları meyxanaya məhz şou-biznesdə olmaq, irəli getmək imkanı kimi baxırlar. Nədən ki, bu yolla xeyli populyarlaşmış meyxanaçılar var. Meyxananı ciddi ədəbiyyat nümunəsi saymaq olmaz”

Meyxananın düşündürücü, qalıcı təsirə malik olmadığını deyən baş redaktora görə, yalnız söyləndiyi zaman effektiv olan, xalqımızın toyda-düyündə dinləyib əyləndiyi bir folklor ünsürü kimi onu qoruyub yaşatmalıyıq: “Amma böyük meyxanaçılar ordusunun yetişdirilməsinə gərək yoxdur”.

Tanınmış bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramovun meyxanaya münasibəti isə açıq və kəskin oldu. O, meyxananı ciddi sənət nümunəsi hesab etmədiyini söylədi. Meyxanaya efirlərdə geniş yer verilməsini özünəməxsus şəkildə izah edən sənətçi “bunlara efirdə geniş yer verilməsinin səbəbi , milləti əsas problemlərdən yayındırmaqdır” – dedi: “Ona qulaq asanların savadını yoxlasanız, qarşınızda acı bir mənzərə açılacaq – kütləvi savadsızlıq! Elmdən, dunyagörüşdən uzaqdır bu sənət nümunəsi. Mən ya toyda, ya da efirdə ona qulaq asmıram və asmaram da! Meyxana ədəbiyyat nümunəsi deyil! O, baş qatmaq, gün kecirməkdir”!

Yazıçı-publisist Əkbər Qoşalı meyxananın özəl ilgi duyduğu bir janr olmadığını, lakin ona böyük ilgi ilə yanaşan xeyli vətəndaşımızın, gənclərimizin olduğunu dedi: “Onların hisslərinə sayğısılıq etmək düzgün olmazdı; onlar meyxana dinləməklə, yazmaqla, meyxana məclisində olmaqla öz mədəni təlabatlarını ödəyirlər. Gənəl olaraq, bəlkə ziyanlı iş də sayılmaz, ancaq sizin sözlə desək, “bu qədər təbliğ olunması” Azərbaycan ictimai fikrinə, sənət dünyamıza nə qazandırır? – bilmirəm. Ən azından, artıq “bədii şura”ların bərpa olunması, hətta “dil polisi”, “ədəbi senzura” kimi özəl olanaqlar güncəllik qazanırsa, deməli, yanlış olan bir şeylər var”.

Gənc yazıçı Yeqzar Cəfərli meyxana deməyi bədii qiraətin bir forması hesab edir. Onun fikrincə meyxana qafiyəli şeirin ritmlə oxunan növüdür: “Ədəbiyyatımızda buna bənzər bəhri-təvil janrı var. Ciddi meyxananı ciddi hesab etmək olar və bunun təbliği də normaldır. Nə yazıq ki, meyxana ciddi bir janr kimi özünü göstərə bilməyib”.

Şair Ayaz Arabaçı meyxanaya münasibətinin pis olmadığını, hər bir janrda olduğu kimi bəzən meyxanada da düşündürən, ciddi məsələlərin qabardıldığını, eybəcərlik və rəzalətin qamçılandığını söylədi. Ayaz Arabaçı “Zənnimcə meyxananın ciddi ədəbiyyat kimi qəbul olunması onun mövzu dairəsindən asılıdır, qısaca fikrimi belə ifadə edim, özümüz yüngülsaqqal eləməsək meyxana kifayət qədər ciddi ədəbiyyat sayılar” – deyə fikrini tamamladı.


Namiq Hacıheydərli