XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 14:19

Esmira Məhiqızı: “barmaqlarım ölsün şeir yazdığı yerdə”

Ağdamda anadan olub. Hazırda Bakı şəhərində yaşayır. Uzun illərdi ədəbi yaradıcılıqla məşğul olur. “Bir xışma xəyal” adlı şeirlər kitabı çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

bir damla qız qaçır gözlərimdən…
və şeirlər çiçəyini tökür ürəyimin içinə,

sonra barmaqlarım…
ah…bu barmaqlarım!

barmaqlarım ölsün şeir yazdığı yerdə.

***

keçəsən bir şair
ruhunnan belə,
başına bir şeir
sıxıb gedəsən.
sənnən gedənlərin
yolunnan çıxıb,
bir ayrı tərəfə
çıxıb gedəsən.

elə gedəsən ki,
izin silinə,
izinə düşənlər
aza izində.
kiminsə yuxusu
aza gözündə,
kiminsə gözləri
üzə üzündə…

hələ barmaqların,
o barmaqların…
ikicə kəlməlik
çiçəkdən keçə.
o sevir…bənövşə
bəndinə düşə,
o sevmir…bir soyuq
üzükdən keçə.

bütün xatirələr
yanıq qoxuya,
məktublar yananda
ucunnan yana.
küncünnən alışa
gizli sevdalar,
bir qız umudları
saçınnan yana…

həsrətlik sığallar
payıza düşə,
kölgəsi tökülə
yaş ağacların.
o kimsə qəfildən
qarşına çıxa,
əlləri deyə ki,
-hanı saçların…?

***

ikicə kəpənəkli bantdan sonra…
saçlarımın uşaqlığı itdi.

saçlarım böyüdü əllərimnən qabaq…

əllərim cibimdə uşaq qaldı.
sonra şeirlərin arasında gizləndi.

hərdən əllərimin uşaqlığını gizlədirəm
saçlarımın böyüklüyündə…

sonra…barmaqlarıma dən düşür.

***

ağlımın ucundan keçməmişdi də…
mən qəmi yıxaram, qəm məni yıxar ?
bəlkə də bilmirəm…nə bilim elə,
cırtdan məni yıxar, cin məni yıxar.

gediş silələmə, gəliş kəm gələr,
sevinc tək gələndə, kədər cəm gələr,
özüm də bilmirdim, elə gün gələr,
o günün içində gün məni yıxar.

bir sevgi yüz belə aşrımdan keçir,
ütülər qırışdan, qırçından keçir,
əvvəlin axırı uçrumdan keçir,
uçrumun ağzında kim məni yıxar.

bir ömrün bəndini su yıxmasa da,
ona umudumu o yıxmasa da,
məni bu sel var ha, bu yıxmasa da,
elə gün gələr ki,…mən məni yıxar.

***

silinmiş bir şeirin xatirəsi kimi…
gözümə qaçır içində quşları gecələməyən
yuvaların kədəri.

hələ quşları uçmayan göy vardı…
hələ qağayıları sahildə ovcuma baxan dəniz…
mənimsə ovcumda bir vida.

bir vidaya köynəkdi ovcum,
köynəyini soyundura bilmirəm vidanın.

və…bu şeirin də ürəyi quş ürəyi,
çırpınıb uçdu qağayıların göyündən,
silinmiş bir şeirin xatirəsi kimi…

və…
bütün açıq yaralarıma şeir basıram,
cızzzz….eliyir.