XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 06:56

“Adamlara boylanıb ürəyini aça bilməməkdi ehtiyac”

Eldar İsmayıloğlu

Eldar Ismayıloğlu (Hüseynov Eldar İsmayıl oğlu) 1965 -ci ildə Gəncə şəhərində anadan olub. Ailəsi 1970 -ci ildə Salyan rayonunun Şəkərli kəndinə köçərək orada məskunlaşıb. Energetika kollecini bitirib. Hazırda Salyan rayonunun Şəkərli kəndində yaşayır. İstedadlı şairin şeirlərindən örnəkləri strateq.az saytının oxucularına təqdim edirik:

Bu boyda ömürdə sənə sarı yer də yox

lağım atmağa..

gözüməcən suyun içindəyəm,

yer də yox sənə batmağa…

Damla-damla əriyirsən-

Sən- buz qatımdan,

gözümün yol çəkdiyi –

Sən -şam işartısında…

Bu boyda dünyada bütün körpülər -Sən tərəfdən başlar,

-Sən tərəfdə bitər…

Sənlər ötər,

Mənlər ayaqlarının ucunda ,

darısqallıqlarının su genişliyində ,

çaldığın havalara, dabanlarımı cadar-cadar eliyər…

Mənsə, payızın əlləriylə bütün divarları sənə çevirirəm,

bütün qaranlıqların şəklini divarda çevirəsən deyə…

Gözüməcən suyun içindəyəm…

Əllərinin şəklini axtarıram, divarları söyə-söyə….

*****

Əlindən tutub, iynə gözündən ötürdüyün,

Allahın yüz illik səbridi…

Səninsə, səbr kasan “kiçikdi” işarəsi qarşısında

doğradığın ümidlərin yumşaltmaq cəhdi…

adamlara boylanıb ürəyini aça bilməməkdi ehtiyac…

hər gün yuxularını suya danışmaq,

hər gün darıxmaq…

Sevdiyini hər nəfəs soyunub yağışdan asmaq,

onda göyərmək,

günahları yumaq…

bir də ki, günəşə bel bağlamamaq,

xəzan eynəyindən baxırsa payız.

başının altına qaramtıl bulud yastıqları yığırsa…

hər gün yatıb özünü yandırmaqdı oyanmaq…

Nə qədər ki, pəncərələr Səndən açılmayıb…

Nə qədər ki, göy üzünə Səndən yağışlar yağırsa…

*****

Bilirəm… qulaqların cingildəyir.

Səndən danışıram elə…

Qaranlıq da darısqal yoxluğunda əyilə-əyilə

gözləyir gəlməməyini…

Yadındamı… saçlarımın ağ çiçək açdığı gün…

bir ovuc kədərə büküb, sevindirdin son məktubundakı

üç nöqtəni…

Qollarıma hələ də anlada bilmirəm ki,

dizlərim sevdiyim deyil, ay qucağı boş qalmış…

ürəyimə hələ də anlada bilmirəm ki,

gözdən ürəyə yol var, ürəkdən gözə yox…

ay sinəmdə daş qalmış…

Bilirəm… qulaqların cingildəyir.

Səndən danışıram elə…

Səsim də balıqların şirin sükutuna qarışıb..

Birdən geri dönərsən çaşıb…

payız haçandı ötdü…

Qar da yağdı.

Bənövşələrə danışıram səndən,

ipisti ürəyimdə üşüməyindən…

Bu gün üç nöqtələr günüdü.

Unutmamısan ki…

xəbərin var, ölməyindən…?

*****

Unutmaq üçündü sabahları bütün şəkillər.

ümidlərsə,

xatirələrin tək şəklidi sənsiz…

ürəkdən köçür ovcumuzdakı adamlar daşlara, kağızlara…

sulu qar təki yaddaşını üşüdür eləcə.

Kimsə gözündə ilişib qalırsa ,

asdığın şəkillərdi sadəcə…

qıvrılıb soyuqların, uzaqların çiynindəki güzgüdən boylanırsa …

nəsə deyəcəkdim bütün namərd uzaqlara ,

söz ürəyimdə qaldı,

kürəyimdən vur ötsün .

Qaranlıqda axı işıqlar yatır,

həm də ürəyimə damır…

gözlərini açıq qoy, ürəyimə gün düşsün…

divarlar üzümə şəkil saxlamır…

*****

Mən sənə uçulan bir daş parçası,

Elə hey ovursan , yazırsan elə..

O qədər Mən var ki bu boş qucaqda,

Gözümü yumanda azırsan elə…

Min ildi gəzirəm Sən qız çölünü,

Sənə boylanmağa bu dağ da qısa.

Yenə dartınırsan Mən ipə sarı,

Səni görmürəm ki, gözümdən asam…

Min ildi üstümə səpələnirsən,

Yığıram… ovduğun daşına səni…

Mən də sənin kimi şəkiləm axı,

De, necə dolanım başına sənin?

O qədər ovdun ki, damıram daha,

Sənin cadar-cadar qız çöllərinə…

Səni tanımaqçün payız geyindim,

Məni budaq-budaq çız əllərinə…

*****

Bilirəm,

toz basıb, mənli xatirələrin kitab rəfini.

Dərindən ah çəkmə yanımda,

toz qalxacaq içindən… allergiyam var

gözəgörünməz toza qarşı..

bir də,

xatirələrini pinti saxlayan qıza qarşı…

Bilirəm,

akvariumun o üzündəki qurumuş təbəssümümü

ovundurur kipriklərin.

Mən yarpaq-yarpaq qopuram

sənin rəngindən,

sən çiçək-çıçək tozlanırsan xəzəl sinəmə…

Dedim axı, allergiyam var toza qarşı,

xəzəllərin üstü ilə ərə gedən qıza qarşı…

*****

Sən… uzaqların üstündə…

Mən… sonuncu dayanacağın deyilmiş..

Sükutların hıç
qırtısını da içinə çəkmisən büsbütün,

gözünün o üzündə .

Bir ağız hönkürtüyə susayıb,

mən ürəyi dizində…

Aramızda bir şüşə sınıqlığı,

akvarium səhralığı..

indi bütün tənhalar çəkir, ayrilığın şəklini..

ürəklərinin çatından daman,

mışıl-mışıl yatıb , bir-birinə sarılmış xatirə siluetlərinin…

Mən… sonuncu dayanacağın deyilmiş…

kağız qayıqlar da ötdü məktublarda,

bulud qatarlar da itdi ovuclarda…

Aramızda bir şüşə sınıqlığı…

indi lal dilindədi barmaqlarım.

Yumdum ki , gözümü Sən dayanacaqda düşməyim…

Barmaqlarımın sözü var sənə, aç ovcunu…

yığıram yoxluğundan şüşə sınıqlığını tələsə-tələsə,

qıymıram,

ürəyimdən düşəndə ləpirlərin kəsilər…

*****

Ovcumda bir söz gizlənir,

tapsan, halal xoşun olsun.

Gəl bürün eşq hicabına,

ölsəm, lap çarşabın olsun…

Ağaclar əl açıb ölür,

Payızın sarı gözünə.

Ayrılığı əmanət tək,

Sıxır, bir qarı gözünə.

Bəsdi gözə boylandıq,

damıb-damıb göl oldum ki…

Bir ovuc da əyil götür,

suyun altda kül oldum ki…

Gözüm dartılır bir qarış,

ay Allah, yeri boş qalır.

Gözümdə ölən gözəlin ,

indi qəbri bomboş qalır…

İpisti qəbir kimiyəm,

bürün, saçıma ağ geyin.

Tələs, gözlərim yol çəkir…

ölsən də, məni sağ geyin…

Təqdim etdi: Namiq Hacıheydərli