XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 09:38

““Olum”la “ Ölüm” arasındakı məsafə SÖZ-ün özüdür”

ETİBAR QƏRİB: “Səmimi olmaq bəzən şairlikdən daha üstündür”

Təxminən 2 il öncə oxucuların diqqətinə sunulan “Elçibəy” poeması yaxın tariximizə işıq tutan gözəl ədəbi nümunələrimizdəndir. Bu dəfəki qonağımız da poemanın müəllifi Etibar Qəribdir. Şairlə öz əsərlərinin dilində danışdıq:

-Buraxıb hər işi öz axarına,

Açdı əllərini haqq dərgahına.

Şükürlər söylədi öz varlığına,

Bu dünya yamanca oxşayır mənə.

Dünyanı qoyaq bir kənara. Mən bu dünyanı deyil, yaratdığınız şeir dünyasını sizə oxşadıram. Həqiqətən şeirləriniz sizə bənzəyir. Allaha gündə 5 rükət namazla, tutduğu orucla, oxuduğu ayələrlə ibadət edən şair “Ey insan!” deyib hər birimizi bu yola çağırır:

“Dünya əbədidir, sən müvəqqəti,

Tək olan Allahdır, bunu bil qəti”.

Etibar bəy, şairliklə dindarlıq tuturmu?.

-Rəhmli və mərhəmətli Allahın adıyla! Aysu xanım (icazə verin, “xanım” deyə müraciət edim!), sualınızı Dərviş Cavanşirin fikri ilə cavablandırmaq istərdim: “Şair bütövlükdə özünü, öz həyatını yazır. Elə olur ki, dünən yazdıqlarım bu gün başıma gəlir!” Mən də qeyd etdiyiniz bu misraları anamı itirdikdən sonra yazmışam. Dünyaya umu-küsümü bildirmişəm! Ancaq dinimiz bu cür şikayəti bəyənmir! Allahın verdiyi hər bir nemətə şükür etmək imandan sayılır. Heç nə verməsə belə aldığımız nəfəs şükr etməmizə yetərlidir! Bir də ki, şairin şikayəti yer üzündəki haqsızlıqlardan doğur.İnsan nə qədər Ali varlıq olduğunu, nə üçün xəlq olunduğunu dərk etsə, zəmanədən, bəxtdən, taledən şikayət etməz. Görünür, biz o məqama yetişməmişik. İslam dini çox böyük bir elm məktəbidir. Bu yola qədəm qoydunsa, gərək onun elminə yetişəsən, öyrənəsən ki, dünya işlərindən də baş çıxarasan. Mən də çalışıram şəriəti, təriqəti öyrənim və mərifətə, Həqiqətə ulaşım. Allah nəsib edərsə…

-İnşallah, nəsib edər. Dini elmlər ağıl, şairlik sənəti hiss tələb edir. Bir-biriylə ziddiyyətdə olan bu iki qavramı bir arada necə tutursunuz?

-Sözsüz ki, hər bir şeir parçası şairin o anda yaşantılarının məhsuludur. Sözümün əvvəlində qeyd etdiyim kimi, başımıza gələni kağıza köçürürməyə cəhd edirik. Bir şeirimdə deyirəm ki, “gileysiz bircə bənd yaratmaq olmur”. İnsan, öz hissləri-duyğularıyla nəfəs alır. ümidləri ilə sabaha göz açır. çox vaxt ağlının deyil, hisslərinin diqtəsinə boyun əyir. Qaldı ki, bu dünyadan umacağım “dördcə misra söz” şair təkəbbüründən savayı bir şey deyil. İnsan bu həyatda kim olursa olsun, özü ilə əbədi dünyaya aparacağı azuqə əməldir. Odur ki, gərək, hislərinlə yanaşı əqlinlə də bərabər yaşayasan.

-“Ha yazdım ilhamla, şair olmadım.

Qələm də əlimdən naçaq düşübdür”-

deyirsiniz bir şeirinizdə. Bildiyimə görə, harda olsanız şairliyinizi inkar edirsiniz. Elə yuxarıdakı bəndin özünü yazan adam, eyni zamanda bu sayaq bəndlərlə dolu 3 şeir kitabının müəllifi şair deyil, bəs kimdir?

-Söhbət mənim özümə “şair”deyib-deməməyimdən getmir. Ola bilsin ki, Nəsimi də öz dövründə mənim kimi şair olduğunu inkar edib.Yanaşma başqa cür olmalıdır. Görək, məni nəinki tanımayanlar, hətta tanıyanlar belə şair kimi qəbul edirlərmi ki, mən də özümə şair deyim? Səmimi olmaq bəzən şairlikdən daha üstündür. Əgər sözüm varsa, məni ucaldacaq. Olmaq istədiyim məqama deyil, layiq olduğum yerə gətirəcək. Budur əls şairlik – insan olduğunu unutmamaq, layiq olduğun yeri bilmək.

-Amma sizdən fərqli olaraq çox adam özünü şair hesab edir. Yazıçılar Birliyinin üzvlüyündə, səhv etmirəmsə, 2000-nə yaxın şair və yazıçı var. 9-10 milyonluq xalq üçün bu rəqəm çoz deyilmi?

-Bilirsinizmi, istər dünən, istərsə də bu gün ədəbiyyat zəifi-güclüsü ilə yaşayıb. Zaman hər şeyin yağını yağ, ayranını ayran edir, ələyib ələkdən keçirir. Bəzi qələm sahibləri son zamanlar şeir yazanların çoxluğundan şikayət edirlər. Mənim fikrimcə, bu çoxluğun özü çox yaxşı haldır. Necə ki, orduda minlərlə döyüşçü arasından bir və ya bir neçəsi qəhrəman çıxırsa, burda da vəziyyət eynidir. 2000 adamın içindən 3-4 nəfər sıyrılıb gələcək nəsillərə qədər gedə bilsə, bunun özü gözəl nəticə sayılacaq. Amma digər şairlər də o bir neçə nəfərin güclü şəkildə ortaya çıxmasına zəmin hazırlayır. Bir nəfərlə döyüşə gedilmədiyi kimi, yalnız bir neçə ciddi qələm sahibiylə də ədəbiyyat ədəbiyyat ola bilməz.

– Bir başqa şeirinizdə deyirsiniz:

“Varmı məndən bir istəyin, qələmim?!

Vermədiyim sənə nəyim qalıbdı?

Siz yetərincə qələmin istədiyini ona veribsiniz. Bəs, qələminizdən mürəkkəb şəklində kağızlara tökülən o ürək sözləriniz nələri verdi sizə?

-Söz mənim üçün çox müqəddəsdir. Ondan, çalışıram ki, xəsisliklə istifadə edim, əgər belə demək mümkünsə… Bir şeirimdə dediyim kimi:

“Sözü ucalığa sözlə çəkmişəm,

Əsmişəm üstündə öz balam kimi”.

Söz insandan öncə gəldi. Allah, “ol” dedi, insan və kainat yarandı. Bu mənada sözə qiymət vermək, elə şair işidir. Məsuliyyətini dərk edən şair sözü ancaq və ancaq yerində-yatağında deməli, onu ucuz etməməlidir. Söz Allaha sevgidən başlanır və Onunla da bitir. Yəni “Olum”la ” ölüm”arasındakı məsafə SöZ-ün özüdür. Bu mənada gərək, qəlbini və dilini gözəl sözlə ətirləyəsən ki, Allah da Söz demək eşqini –şair ilhamını artıra.

Sözün damarını elə tutmuşam,

Möhürlü qəlblərə sızdırır məni.

Daşları isidən od-ocaqmışam,

Daş ürək qızanda yazdırır məni.-Yəni, bu bənddə söylədiyim kimi.

-İlk kitabınızla tanışlıq zamanı “Sazım” adlı bir şeirə rast gəldim. Bu şeiri oxuyanda anlamaq olar ki, ata sənətini davam etdirən bir saz ifaçısının ifa etdiyi havacatdan təsirlənmisiniz. Varlı bir kəsin var-dövlətinə sahib çıxan bir varisə ehtiyacı olduğu kimi, söz sahibinin də davamçıya ehtiyacı var. Şeirləri, yaradıcılığı qələm əhlinin xəzinəsidir-qızıldan qiymətli söz xəsinəsi. Bu var-dövlətə sahib çıxacaqmı övladlarınız? Onların sözə-şeirə, sənətə həvəsi varmı? Günlərin birində biri qalxıb desə ki, mən şeir yazıram, şair olmaq istəyirəm, bu istəyə münasibətiniz necə olar?

– O şeiri, rəhmətlik aşıq Xanların oğlu Azərin Az.Tv-nin “Səhər” proqrmındakı çıxışından təsirlənib yazmışam. Mənə elə gəldi ki, Azər sazın pərdələrində atasını arayıb-axtarır. Sözsüz ki, hər övlad ata yolunu tutmur və yaxud tuta bilmir.Məncə, sözün varisi olmaq övlad üçün həm məsuliyyətli, həm də şərəfli b
ir varidatdır. övladlarıma gəldikdə isə, bunun işartıları hər ikisində də var. Kiçik oğlum Cavidanın ilk cəhdi çox sevindirici və uğurludur mənimçün. Bircəcik şeiri var, ilk qələm təcrübəsi olsa da, təsirli və mənalı olduğu üçün çox bəyənmişəm. Böyük oğlum Aslan isə, hələ ki, şeir oxumağı daha çox sevir. Hələ ki, ikisi də Universitetlərdə təhsillərini davam etdirirlər. Mən də o fikirdəyəm ki, övladlar ata yolunu mənimsəsinlər və bir addım irəliyə getmiş olsunlar. Allah xeyirlisini və doğrusunu nəsib etsin.

-“Azəri yurduma elə bağlıyam,

“Qayıt gəl” – o yollar səsləyir məni…”

Vətənimizdən uzaqlarda – Rusiyanın İjevsk bolgəsində yaşadığınız dönəmlərdə qələmə alınan bu şeir vətənə nə qədər bağlı olduğunuza dair ən gözəl nümunədir. Bir başqa şeirinizdə isə belə deyirsiniz:

“Dağlar, görüşümüz haçana qaldı?

Gerçəklər yuxuya döndü,nə döndü.

Sellərin, elinə qaça-qaç saldı,

Ayrılıq illərə döndü, nə döndü”.

Bakımız da sizə qürbət sayılır. İrəvandan – Ağbaba mahalından uzaqlarda Qərib şairimiz qərib şəhərdə qəribsəmir ki?

-Misralardan da hiss olunur ki, bu sətirlər qürbətdə yazılıb. Vətən, Yurd həsrəti ilə yüklü bir şeirdi. Əlbəttə, Yurd həsrəti biz nəslin ağrılı yeridi. İnsanoğlunun göbəyi harda, hansı torpaqda basdırılıbsa, onu həmişə hansısa İlahi qüvvə o torpağa çəkir. Doğrusu, məni təkcə doğulduğum torpaq deyil, uşaqlıq illərimi keçirdiyim Borçalı, üzünə həsrət qaldığım Təbriz, Şuşa da çəkir. Vətən bütövlükdə bu gün ağrılı-acılı yerimizdi. Sarı simlərə toxunursunuz. Elə Qərib təxəllüsüm də bu qəribçilikdən doğulub. Qəribçilik elə dünyaya gəlməklə başlar. Ana bətni özü bir dünya deyilmi? Doğulub qürbətə gəlmədikmi?!

-“Qonşu bağçasından bar dərən şair,

Onun zəhmətini çəkəsən gərək”. Sizin bağçadan bar dərən, “oğurluq edən” olubmu?

-Aysu, deyəsən ilk kitabımı təpə-dırnaq oxumusunuz. Məni təəccübləndirə bildiyiniz üçün sağ olun! Qayıdaq sualınıza; bu yerdən susaraq keçmək istərdim. Belə bir hadisə olub, ancaq bilənlər bilir. Bilməyənlərinsə bilməsi məsləhət deyil.

-Bu yaxınlarda müəllif hüquqlarının müdafiəsi günü idi. İnşallah, bu müdafiəyə qalxarıq bir gün. Mənsə sizə başqa bir sual vermək istərdim.

“Dayanmır, dincəlmir, tələsir zaman

Bir qayda çarxını fırladıb gedir.

Diz çöküb yalvarsan: – “Bircə an dayan.”

Yenə də dövr edər,nə möcüzədir?”

Əgər əlinizdə zamanı dayandırmaq imkanı olsa idi, nələri dəyişərdiniz? Ən əsası, yenə şeir yazardınız?

-Qeyd etdiyiniz misralarda, insanın heç də gücsüzlüyünə işarə edilmir. Sadəcə, bu qədər elmlə kamil yetişmiş insanın vaxtı-zamanı saxlama imkanı olmadığı düşündürücüdür. Və Nəsiminin bizə miras qoyduğu kamil insan, görəsən, buna qadirdirmi? ümumiyyətlə zamanı durdurmağa ehtiyac varmı? Bu sualların özü kəsə yollarla Allahın varlığına və qüdrət sahibi olduğuna dəlalət edir. Qaldı ki zamanı saxlaya bilsəydim, nə edərdim, yenə yazardımmı? Bu sualı birmənalı cavablandırmaq çətindir, düşünmək lazımdı. Bu gün zamanı durdursam nə dəyişəcək ki? İş-işdən keçib! Dünənimi itirmişəm. Gələcəyi də itirmək ağılsızlıq kimi görünür. Ona görə də, dəyməyək, qoy, dünya fırlansın!

-Son kitabınızda “Elçibəy”adlı əsərinizi oxuculara əmanət etdiniz. Necə oldu ki, unudulmuş Azərbaycan tarixinin yada düşməyən səhifələrini açdınız? Sizi nə sövq etdi bu mövzuya toxunmağa?

-“Elçibəy” poemasının yazılması, hesab edirəm ki, təkcə mənim iradəmə bağlı bir hadisə deyil. Bu, Allahın lütfüdür ki, mən bu ağır yükdən yapışdım və bu kitab pis-yaxşı işıq üzü gördü. Məni bu əsərin yazılmasına ruhlandıran və məsləhətlərini əsirgəməyən Elçibəy müridi-Dərviş Cavanşir olub. Allah hər ikisinin ruhunu şad eləsin!

Müsahibəni aldı: Aysu Məmmədli