XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2019 - 10:55

“Kəsəyənlər və küsəyənlər” –Vasif Sadıqlı yazır

Vasif SADIQLI,

Publisist

Dilimizdə bir “kəsmək” sözü var. Kəsmək də digər təzahürlər kimi, yaxşı və pis ola bilər. Məsələn, süd kəsəndə kəsmik olur. Pis deyil. Toyda “dups-dups” kəsiləndə adamın qulağı dincəlir və nə vaxtdır görmədiyin birisi ilə göftgu etmək imkanı yaranır.

Azərbaycanda sağ qalmağın vacib şərtlərindən biri özünü üzdəniraq həkimlərdən qorumaqdır. Yazıçı Çingiz Abdullayev deyir, həkimlərin çoxu əllərinə fürsət düşən kimi, pasiyenti cərrahiyyə masasına yıxıb müvafiq seqmentini kəsirlər. Bir dəfə Çingiz müəllimin sürücüsünü də yıxıb kəsmək istəyirlərmiş, sürücüyə deyib ki, təcili ordan qaç və sürücü də qaçıb qurtula bilib.

Amma kəsəyənlərin hamısını pis saymaq olmaz. Mən şəxsən bir neçə yaxşı kəsəyən barədə oxumuşam. Əvvəllcə əsl mənbədə, sonra isə plagiatda. Biri Lev Tolstoya aiddir. Deyəsən, dərslik üçün yazıb. Məzmunu belədir ki, bir dəfə sürət həddini aşan bir Kəsəyən (siçan) “povorotu” kəsə bilməyib və Şirin üstünə çıxıb. Şir bunu boğmaq istəyəndə Kəsəyən deyib ki, gəl, belə bir tarixi yanlışa imza atma. Vaxt gələr, mənə işin düşər. Şir qəşş edərək siçanı buraxıb. Və bir gün Şir tora düşəndə, həmin Kəsəyən toru kəsərək Şiri xilas edib.

Məncə, bu süjet “Xitopadeşa”dan götürülüb. L.Tolstoy da Lafonten, Bokkaçço, Krılov… kimi kəsib – kopy-paste edib sanki. Belə kəsintilərin yaxşı-pisliyi barədə siz qərar verin.

İkinci yaxşı kəsəyən vaqiəsi Q.Zakirdədir. O da hind mənbələrindən kəsilib. Orta məktəbdə oxuyubsunuz: Zakirin kəsəyəni tora düşmüş ahunu xilas edir.

Əlbəttə, pis kəsintilər həkimlərlə bitmir. Noyabrın əvvəlində bir lüğətin təqdimatı keçirilirdi. Sonradan məlum oldu ki, həmin lüğət azı 3 lüğətdən kəsməklə (kontrol x+ kontrol v) ərsəyə gətirilib. Elə həmin lüğətin təqdimatında çıxış edən bir akademik lüğəti kənara qoyub, orfoqrafiya layihəsinin fiaskoya uğramasına bais olanları asıb-kəsməyə başlayıb. Deməzsənmi, rəqibləri “bir “y” hərfinə görə ölkədə sabitliyi pozmağa çalışırmış…”.

Bu hiddətin səbəbi var. Çünki həmin layihədə tərkibində qoşa”y” samiti olan yüzlərlə sözü cərrahiyyə masasına uzadıb “y”-lərdən birini amputasiya etmək hədəfə alınırdı. Yaxşı ki, Çingiz bəy öz sürücüsünə sahib çıxıb cərrahların əlindən qurtaran kimi, həmin sözlərə də sahib çıxan tapıldı və onlar zalım dil “doxturlarının” əlindən qaçıb qurtula bildi. Yeri gəlmişkən, deyəsən, orfoqrafiya lüğəti çapı pis biznes deyil. Çünki 2013-cü ildə hazırlanan,  ciddi nöqsanları olduğu üçün Nazirlər Kabineti tərəfindən təsdiq edilməyən (yəni hüquqi qüvvəsi olmayan) həmin lüğət hələ də satışdadır.

Həri, deyirlər, bu akademikin kurasiyasında 4 institut var (düzünü Allah bilir, həmçinin deyirlər, 7 vəzifəsi, 4 kabineti, 2 xidməti avtomobili, 2 cangüdəni var). Hər instituta onun bir həmyerlisi rəhbərlik edir. Hər il büdcə piroqundan yekə bir pay kəsib o 4 instituta rəhbərlik edən zatlara ayırırlar. O institutların birində bir elmi jurnal var. O jurnal üçün də bir yekə piroq kəsilib və o piroq da yenə o akademikin 4 həmyerlisi arasında bölünür. Bunun adı aşkar traybalizmdir…

Son illər Azərbaycan ədəbi dilinin başına gətirilənlər (orfoqrafik və orfoepik anarxiya, dil haqqında gözəl qanunların çox vaxt kağız üzərində qalması) hər kəsə məlumdur. Bəzən, belə bir qənaət yaranır ki, dil təxribatçıları koordinasiyalı fəaliyyət göstərir. Məqsəd Azərbaycan dilinin fabrik əyarlarını pozmaq, onu substrat dilə çevirməkdir (inşAllah, bu barədə ətraflı yazacağıq).

Sovet dövründə Bakı kinoteatrlarının ekranlarından düşməyən bir film vardı: “Əhədi kəsilmiş atları güllələyirlər, elə deyilmi?” (“Загнанных лошадей пристреливают, не правда ли?”). Əgər ötən il ictimaiyyət sussaydı, Azərbaycan dilinin də əhədini kəsəcəkdilər və missiya başa çatandan sonra Türkiyə türkcəsinin ədəbi dil kimi qəbul edilməsini, Azərbaycan dilinin isə məişətdə işlədilməsini arzu edən BDU-lu  “beysbolkalı professor”, daha kimlər, kimlər əllərinə həna qoyacaqdı…

Bu günlərdə “Platon” psevdonimli birisi (deyilənə görə, bərbad orfoqrafiya layihəsini müdafiə edən 6 həqiqi akademikdən biridir) Feysbuk səhifəmizə girib cəfəng şərhlər yazmışdı. Təsəvvür edin, əsrimizin Platonu hələ “kampaniya” ilə “kompaniya”nın fərqini bilmir, amma camaata moizə oxuyur…

Platon dedim, yadıma düşdü. Antik yunan filosofu Platon «Demokratiyanın əleyhinə» adlı əsərində yazırdı: «Dövləti xəyalən üç hissəyə bölək – bu, həqiqətdə də belədir. Bir hissə tüfeyli arılara oxşayanlardan ibarətdir… Demokratiya şəraitində onlar nadir istisnalarla başda dayanırlar: tüfeyli arıların ən zəhərliləri nitq söyləyir və fəaliyyətdədirlər, qalanları isə kürsüyə yaxın yerləşirlər, hay-küy salır və heç kəsin başqa cür danışmasına imkan vermirlər. Yaxşı dövlət başçısı təcrübəli arıçı kimi tədbir görməlidir ki, tüfeyli arıların əmələ gəlməsinə meydan verməsin. Əgər onlar, hər halda, meydana gəlsələr, onları şanları ilə birlikdə kəsib atmaq lazımdır».

Məncə, ən yaxşı kəsinti işi bu olacaq və labüddür. Yoxsa “istiqbalımız lağlağdır”. 

İntizarla gözləyirik.

P.S. Küsəyənlərə gəlincə, bunu, bəlkə də, qafiyə üçün yazdım. Olmaz?