“Mən sözümü o kəslərə deyirəm ki, gözlərini belə qırpmadan Günəşə baxır, barmaqları belə titrəmədən oda toxuna bilir və bu dünyanın qışqırtıları içində əbədi ruhun səsini eşidirlər!…” – Cibran fəlsəfəsinin özəyindən baş alıb gələn bu işıqsaçan duyğular sonradan qərib livanlının Nyu-Yorkdakı hücrəsindən dalğa-dalğa bütün dünyaya yayılacaqdı…
Cibran Xəlil Cibranı məmləkətindən, doğma yurdundan didərgin salan kim idi, nə idi?! – Dünya imperiya siyasətinin sərt hökmü! XIX əsrin sonlarında Livan torpağını çoxlu ərəb tərk etməyə məcbur olmuşdu. Onlardan biri də Cibran Xəlilin ailəsi idi…
Doğrudan da, bu təsadüfdürmü ki, dünyanın iki böyük romantiki bir çağın övladları olub: 1882-ci il oktyabrın 24-də qədim Naxçıvanda Hüseyn Cavid, 1883-cü il yanvarın 6-da Livanın Bşarrə adlı dağ kəndində Cibran Xəlil dünyaya gəlib. İkisi də taleyin acılarını dadıb… İkisi də gəc dövrana sinə gərib…
Diqqətəlayiq burasıdır ki, hər iki romantik eyni vaxtda “Peyğəmbər” adlı əsər yazıb! Və hər iki “Peyğəmbər” əsəri ulu Şərq mədəniyyətinin böyük ənənələrinə söykənir…
Yox. Livanda yaşamaq artıq mümkün deyildi… Ərəblər Avropa və Amerika ölkələrinə səpələnirdilər. Cibran ailəsi də Birləşmiş Ştatlarda sığınacaq tapdı. Onlar Boston şəhərinin ətrafında – müflis bir çinlinin evində sakin oldular. Cibran Xəlil burada mühacir uşaqları üçün təşkil olunmuş məktəbə gedirdi. Ailənin bütün ağırlığı zəhmətkeş ananın çiyninə düşmüşdü.
Ərəb oğluna avropasayaq Amerika məktəbində oxumaq asan deyildi. Amma Cibran tez bir zamanda ingilis dilinə yiyələndi… O, sonralar həm doğma ərəb dilində, həm də ingilis dilində şedevrlər yaradacaqdı. Təsadüfi deyil ki, ərəb Cibran XX əsr ingilisdilli bədii-fəlsəfi ədəbiyyatın da yaradıcılarından sayılır.
Cibranın müxtəlif bədii sənət sahələrindəki parlaq istedadı tez bir zamanda üzə çıxdı. Artıq o, yeniyetmə ikən Bostonun yaradıcı adamları – şair və rəssamları ilə oturub-dururdu. Bu elə bir vaxt idi ki, Cibran Şərq və Qərb mədəniyyətini təşnəliklə öyrənir və öz dəst-xəttini axtarırdı.
Amma… bütün çətinliklərə baxmayaraq ailə məsləhət gördü ki, Cibran doğma ərəb dünyasını daha yaxından tanımaq üçün mütləq Vətənə – Beyruta qayıtmalıdır… 1898-ci ildə Cibran Beyruta gəldi. Burada dörd il “Mədrəsət-əl-hikmə” – “Müdriklər mədrəsəsi”ndə təhsil aldı. Və burada da çağdaş ərəb maarifçilərinin, Avropa fikir inqilabçılarının, xüsusilə Jan Jak Russo və digər ensiklopedistlərin ideyaları ilə, fransız romantik ədəbiyyatı ilə tanış oldu. Ərəb ölkələrinin, xüsusilə Livanın milli faciəsinin köklərini aradı…
Cibran 1902-ci ildə Amerikaya qayıtdı… və bu qürbət ölkədə bir-birinin ardınca bacısını, qardaşını, anasını itirməyi gənc yazıçını sarsıtdı…
1904-cü il. Müəllimi olmuş Fred Deyin studiyasında 21 yaşlı Cibran Xəlil Cibranın ilk sərgisi açılır. Gənc rəssam burada Boston Qadın Gimnaziyasının direktoru Meri Yelizabet Haskellə tanış olur. Bu geniş dünyagörüşlü və zərif qadın ömrü boyu Cibranın ən yaxın sirdaşı və himayədarı olacaqdı…
Cibran 1908-ci ildə Yelizabet Haskellin təkidi və köməyi ilə Fransaya gedir və XX əsrin əvvəllərində Avropa bədii-intellektual həyatının mərkəzinə çevrilmiş Parisdə iki il yaşayır. Zərif Sənətlər Məktəbində və Julian Akademiyasında məşğul olur, məşhur rəssam Berannodan dərs alır və özü də dolanmaq üçün rəssamlıqdan dərs deyir, sərgilərdə iştirak edir. Elə Parisdə olarkən görkəmli yazıçı, rəssam, bəstəkar və aktyorların – Roden, Debüssi, Rostan, Sara Bernar kimi sənətkarların portretini işləyir.
1910-cu ildə Amerikaya qayıdan Cibran Bostondan Nyu-Yorka köçür. Çünki Birləşmiş Ştatlardakı mühacir ərəb sənətkarlarının çoxu burada toplaşmışdı. O, 1911-ci ildə Manhettendəki Onuncu Qərb küçəsində studiya açır və ömrünün sonuna – 1931-ci ilə qədər burada yaşayır…
İlk əsərlərini ərəbcə yazmağa başlayan Cibranın, necə deyərlər, bəxti gətirir. ABŞ-da bir-birinin ardınca kitabları nəşr olunur. Artıq 20-ci illərin əvvəllərində bu ərəb rəssamı, yazıçısı və filosofu mühacirətdə yaşayan həmvətənlərinin – sənətkar və ziyalıların qabaqcıl nümayəndələrindən idi…
Cibran Xəlil Cibran 1920-ci ildə ən yaxın ədəbiyyatçı məsləkdaşları, özünün dediyi kimi, “Həqiqət qardaşları” ilə birlikdə “Yazıçılar Liqasını” yaradır. Bu Liqa “Suriya-Amerika məktəbi” adlanan bir ədəbi məktəbin təşəkkülündə mühüm rol oynayır.
Birinci Dünya müharibəsinə, onun törətdiyi dəhşətlərə Azərbaycan romantikləri Hüseyn Cavid və Məhəmməd Hadi necə barışmazlıqla münasibət göstərirdilərsə, Cibran Xəlil də elə yüksək faciəvi notlarla bu cahan savaşını əks etdirmişdi…
Cibran döyüşən sənətkar idi. O, bir an da olsun, Livansız yaşamadı. Əmin ər-Reyhani, Mixail Naimi və digər yurddaşları ilə birgə “Suriya-Dağlıq Livanın azadlığı uğrunda İttifaq”da mübarizə apardı. Həmvətənlərinin haqq işinin müdafiəçisi oldu. Özü də onun silahı – bütün silahların ən kəsərlisi olan Söz idi!
“Bu dünyanın tikanlı yolları ilə getməkdən qorxmayın! Çünki o tikanlar sizin dabanlarınızdan artıq, xarab olmuş qanları çıxaracaq!…”
“Ey Vətən qardaşlarım!.. Aclıqdan qıvrılırsınız, dərələrin-təpələrin daşından-çınqılından çoxdusa da ağlın bərəkəti, – ona meyliniz yoxdur…
Mən mübarək bir gecənin səssizliyində sizi çağırdım ki, on dörd gecəlik ayın gözəlliyinə, ulduzların doluluğuna baxasınız. Sizsə – xof içində yatağınızdan sıçrayıb, hay-harayla qılınc qapdınız: “Hanı düşmən? Gedək, onu yerlə-yeksan edək!”
Ancaq… haçan ki, bir səhər düşmən qoşun çəkib başımızın üstünü kəsdirdi, – mən sizi harayladım, sizsə ayılmadınız, böyrü üstə çevrilib yuxuya daldınız!..
Mən sizin mütiliyinizə və itaətkarlığınıza ağlayırdım, göz yaşlarım da büllur kimiydi… Fəqət o sizin kir-kəsafətinizi yuyub aparmadı, yalnız mənim gözlərimin torunu aldı…
Qəlbiniz kahinlərin və boşboğazların torunda titrəşir, cisminiz zülmkarların və başkəsənlərin caynağında qıvrılır, məmləkətiniz zalımların və qəsbkarların dabanları altında inləyir. Al günəş altında dayana-dayana bəs siz nəyə ümid bəsləyirsiniz?!
Mən sizə nifrət edirəm, Vətən qardaşlarım, – ona görə ki, siz rəşadətə və ucalığa nifrət edirsiniz!
Mən sizə nifrət edirəm, – ona görə ki, öz-özünüzə nifrət edirsiniz!
Mən sizin düşməninizəm, – ona görə ki, siz Tanrının düşmənisiniz, fəqət bunu anlamırsınız!..”
…Vətəni vəsf etməyə nə var!.. Cibran Vətənin dərdini, yarasını açırdı…
“Dostlarım və məsləkdaşlarım, bədbəxt o millətdir ki, dindən-şəriətdən bol, inamdan kasaddır!
Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyini yeyir!
Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır!
Bədbəxt o millətdir ki, igidlərini basdıranda, xarabalıqlarından savayı vəsf etməyə bir şeyi qalmayanda etiraz səsini ucaldır, cəllad təpəsinə döyəndə qiyama qalxır!
Bədbəxt o millətdir ki, mənsəb sahibləri – tülkülər, filosofları – hoqqabazlar, sənəti isə – təqlid sənətidir!
O millət bədbəxtdir ki, təzə rəhbərini urralarla, bəh-bəhlə qarşılayır və onu da vaxt gələndə təpikləyib yola salır ki, bir başqasını eyni təmtəraqla, bəh-bəhlə yuxarı başa çəksin!
O millət bədbəxtdir ki, müdrikləri yaşanmış illərin ağırlığından lal olub. Cəngavərləri isə hələ bələkdədir!
O millət bədbəxtdir ki, didim-didim didilib, bölüm-bölüm bölünüb və hər bölümü, hər parçası da özünü millət sayır!”
Hələ XIX əsrin ortalarında alman bəstəkarı Vaqner belə bir ideyaya rəvac vermişdi ki, bir-birilə tutaşan sənət sahələrini birləşdirməklə epik-monumental janrın əsasını qoymaq olar. Vaqner üçün belə bir əzəmətli-kolossal janr – özündə musiqini, dramı, tarixi qəhrəmanlıq eposunu birləşdirən opera idi.
XX əsrin əvvəllərində bu böyük ideyanı başqa istiqamətdə Cibran Xəlil Cibran inkişaf etdirirdi. O, yaradıcılıq aktında müxtəlif sənət növlərinin üzvü vəhdətinə nail olmağa, daxili formanın bütövlüyünü tapmağa, poeziya ilə musiqi harmoniyasını, rəssamlığa xas rəng çalarlarını, ritm və intonasiyanı, plastik vasitələri birləşdirməyə, onları Söz yaradıcılığının nüvəsinə cəm etməyə və “İdeya Atomu” yaratmağa çalışırdı.
Buna görə də Cibranın əsərlərində esse ilə pritça, şerlə nəsr, klassik fəlsəfi ənənələrlə XX əsr bədii dünyagörüşü qaynayıb-qovuşub. Belə vəhdət romantizmin ruhuna doğmadır. Azərbaycan romantikləri “Məhəbbətdir ən böyük din!” – deyərək, insanları birliyə çağıranda, Amerikada Cibran Xəlil də milli-dini mənsubiyyətlərdən ali ümumbəşəri dinə səsləyirdi! Cibran dinin üzərindən ortodoksal pərdəni götürür, onun insani-dünyəvi mahiyyətini üzə çıxarırdı. Cibran deyirdi: “İsa – insan övladıdır. O, Yerüzünə gəlməmişdi ki, dərdi-müsibəti – həyat rəmzinə, həyat məqsədinə çevirsin, gəlmişdi ki, həyatı – həqiqət və azadlıq rəmzinə ucaltsın!..”
– “Gözəllik nədir? – Gözəllik sənin qəlbinin can atdığıdır. Gözəllik – əldə etmək istədiyin deyil, fəda olmaq istədiyindir. Gözəllik – cismin sınağı, ruhun pərvazıdır. Gözəllik o qüvvətdir ki, sənin varlığının müqəddəsliyində doğulur və xəyallarının son həddinədək varır…”
– “Mən insanları sevmişəm… Mənim qanunumda insanlar üç qisimdir: bir qisim – həyatı lənətləyir, bir qisim – ona “Eşq olsun!” deyir, bir qisim də onu dərk edir. Birinciləri – bədbəxtliyinə görə sevmişəm, ikinciləri – ülfətinə görə, üçüncüləri – müdrikliyinə görə…
…Məsciddə səcdə edən, məbəddə sitayişdən usanmayan, kilsədə dualar qılan kəslər – sevmişəm sizi. Çünki siz də, mən də – bir vahid dinin övladlarıyıq, qəlbin kamilliyinə yol göstərən ilahi əlin bərk-bərk sarmaşmış barmaqlarıyıq…”
– “Qiyamın nə olduğunu bilməyən həyat – ilin Yazsız keçən fəslinə bənzər! Həqiqətin nə olduğunu bilməyən Qiyam – səhraya yazın gəlməyinə bənzər. Həyat, Qiyam və Həqiqət – bax budur dəyişməz, bölünməz varlığın üç üzü!
Azadlığın nə olduğunu bilməyən Həyat – cansız bədənə bənzər, Amalın nə olduğunu bilməyən Azadlıq – çaşqın ruha bənzər. Həyat, Azadlıq və Amal – bax, budur başlanğıcsız, yenilməz əbədi varlığın üç üzü!
…Məhəbbət və onun doğurduğu, Qiyam və onun yaratdığı, Azadlıq və onun Yerüzünə yaydığı – bax, budur ilahi varlığın üç görüntüsü!…”
…Tanrı – idrak dünyasının vicdanıdır!
– “Mən öz qəlbimə yeddi dəfə nifrət etmişəm: ucalığa yetmək üçün əyildiyini görəndə; şikəstlərin yanında axsadığını duyanda; asanı, yoxsa çətini seçmək lazım gələrkən asandan yapışanda; yamanlıq edəndə və elədiyi yamanlığa başqalarının da belə etdiyi ilə haqq qazandıranda; zəifliyinə qatlaşıb, gücünü də səbrinə qurban verəndə; nifrətlə eybəcər simalardan uzaqlaşanda və bu simalardan birinin də onun özü olduğunu bilməyəndə; və nəhayət, öygülər öyəndə və bu öygüləri xeyirxahlıq kimi qələmə verəndə!”
Cibran Xəlil Cibran XX əsr gerçəkliyindən, yaşadığı zaman nöqtəsindən bütün bəşər tarixinin gedişatını görə bilən, insan duyğularının ağır tarix yollarındakı dönümlərini “bərpa” edən, əbədiyyət bağlarını tutan sənətkardır.
O, XX əsrin texnokratiya məngənəsində can çəkişdirən insan mənəviyatının ölməz, itməz, sozalmaz gücünə arxalanır.
Cibran ən müxtəlif dini-fəlsəfi baxışları araşdırarkən görür ki, bunların heç biri ayrı-ayrılıqda İnsanın nicat yolu deyil. Odur ki, Cibran İntibah dövrünün panteistləri kimi vəhdət məqamlarına diqqət kəsilir, bəşəri ideyaların vahid təcrübəsindən çıxış edir. Klassik panteizmlə yeni çağ romantizminin, Şərq və Qərb mədəniyyətlərinin ən aparıcı axınlarının bir işıq nöqtəsində cəmləşməsi – Cibran yaradıcılığına misilsiz bədii dəyərlər bəxş edir.
Cibran hər bir insanın ruhuna, həm də dövrün tələbinə cavab verə bilən, bütün faniliklərdən, keçəriliklərdən, güzəran sayalığından xilas yolunu göstərə bilən əsaslı əxlaqi mövqe hissini üzə çıxarası fəlsəfi inam və təlim yaradırdı. Bu məqamda Cibran universalizmi ən dərin realist xassələr, hətta müəyyən mənada praktiki xassələr kəsb edə bilmişdi. Bu məqamda Cibran bilavasitə həyat məqsədlərinə yaxın olan və gerçəkliyin romantik laylarını qaldırmağı bacaran qüdrətli bir sənətkardır.
Cibran Xəlilin həm ərəb, həm ingilis dilində yazdığı əsərlər – “Qırılmış qanadlar”, “Göz yaşları və təbəssüm”, “Müjdəçi. Onun pritçaları və şerləri”, “Tufan”, “Qum və köpük”, “Zəvvar. Onun pritçaları və şerləri”, poemaları və esseləri, “Sulban”, “Çoxsütunlu İram” pyesləri Birləşmiş Ştatlar və Ərəb ölkələrindən sonra bütün dünyada tərcümə edilərək yayılıb tanınır (təqribən yüzə yaxın dildə on milyonlarla tirajda!). Müəllifin təkcə “Peyğəmbər” əsəri 1923-cü ildən bəri ABŞ-da 60 dəfə nəşr olunub!..
Cibran Xəlil Cibran XX əsrin 20-ci illərinin əvvəllərində – bəşəriyyətin “texniki yürüşə” başladığı bir vaxtda pünhan bir mövzu – “Peyğəmbərlik ideyası” ətrafında düşünür. Gerçək-liyin mayasında yetişən Azad Ruhun İntibah Zərurətini Cibran duymuşdu! Beləliklə, o, trilogiya yaratmaq qərarına gəlir: “Peyğəmbər” adlanan birinci hissə – İnsanın İnsana münasibətini, “Peyğəmbərin bağı” adlanan ikinci hissə – İnsanın Təbiətə münasibətini, “Peyğəmbərin ölümü” adlanan üçüncü hissə – İnsan-Tanrı münasibətlərini əks etdirməliydi. Ancaq Cibran ilk hissəni bütövlükdə yaza bildi. İkincini tamamlaya bilmədi. Üçüncünü isə ölüm heç başlamağa macal vermədi!..
Cibranın “Peyğəmbər” əsəri – ərəb fəlsəfi romantizminin və esseistikasının zirvəsi sayılır. “Peyğəmbər” – Cibran dünyagörüşünün bədii ensiklopediyasıdır. Yazıçının poetik vəhyi, onun həyat və ölüm metafizikası, əzəli mövcudluq və təkamülə uğrayan dəyərlər üzərində ilahi düşüncələri burada tam gücü və dolğunluğu ilə öz əksini tapıb. Burada Cibran sufi ədəbiyyatının şərtiliklərindən, ən parlaq obrazlarından, rəngarəng metafora və simvollarından güc alıb… “Peyğəmbər”in üslubu – son dərəcə cilalı, ruhayatardır. Burada söz pardaqlanır, fikir qat-qat, lay-lay açılır. “Peyğəmbər” əsərində Tövrat şairanəliyi, Budda müdrikliyi və sadəliyi, Quranın vəcdi, qüdsiyyəti, ləngərli ritmikası var. Üztutmalar ən incə aforizm sayrışları ilə süslənib. Cibran bu əsər üzərində özünü şam kimi əridib. Əridib ki, Peyğəmbərinin dilindən deyilənlər təkcə eşidilməsin, oxunmasın, birbaşa qana keçsin, iliyə işləsin.
“…əl-Müstəfa on iki il idi ki, Orfales şəhərindən onu Vətəninə aparacaq gəmini gözləyirdi… Barlı-bərəkətli bir payız günündə, o, şəhər qalası boyunca uzanan yamaca qalxdı, sis-duman arasından sahilə yaxınlaşan gəmini gördü… Qəlbinin qapıları taybatay açıldı.., gözlərini yumub dua etdi…”
Şəhər sakinləri on iki il bu torpaqda tək-tənha yaşamış qərib Peyğəmbəri Vətəninə yola salmaq üçün sahilə gəlmişdilər. Gəlmişdilər ki, həyat-ölüm arası hikmətləri Peyğəmbər onlara agah etsin…
Orfales camaatı Peyğəmbəri dinləyir. Peyğəmbər nigah, sevgi və övlad haqqında, qida, zəhmət, sevinc, kədər, ev, geyim, alqı-satqı, cinayət və cəza, qanun, azadlıq, ağıl və ehtiras, ağrı, özünüdərk, təlim, dostluq, söz, xeyir və şər, dua, həzz, gözəllik, din və əqidə haqqında, dünya insanlarını zaman-zaman düşündürən əbədi həqiqətlər haqqında danışır… Əsər Peyğəmbərin Vida sözü ilə sona yetir…
“… Toplayıb yığdığı var-dövlət insanın nəyinə lazımdır? Bəlkə, sabah karına gələcək? Sabah?… Görəsən, ziyarətçilərin ardınca müqəddəs şəhərə yollanarkən, əti yeyilmiş sümükləri bir də bu yolu qayıdanda sümürmək iştahı ilə səhrada qum altında gizlədən hiyləgər bir tazıya o sabah nə gətirəcək?!
…Unutmayın, unutmayın ki, sizin yalın ayaqlarınıza toxunmaq – torpaq üçün də xoşdur və küləklər həsrət çəkir ki, sizin saçlarınızla oynasın…
Siz daim deyirsiniz ki, kim şər əməlin sahibidir, guya o, heç sizdən deyil, sizə yaddır və tamam başqa dünyadan gəlib. Amma mən deyirəm: müqəddəslərin belə qalxdığı elə yüksəklik yoxdur ki, sizin hər biriniz o zirvəyə qalxa bilməyəsiniz. Elə bir alçaqlıq da yoxdur ki, siz ora enə bilməyəsiniz!..
Ağacın istəyi olmadan onun bircə yarpağı saralmır. Və heç bir bədəməlli sizin hamınızın iradəsinin ziddinə heç nə edə bilməz!
…Siz insanlar çox həvəslə qanunlar bərqərar edirsiniz, sonra da çox ötkəmliklə o qanunları tapdalayırsınız. Dəniz sahilində qumdan evcik düzəldən, sonra da onu uçurub dağıdan uşaqlar kimi…
…Nə deyəsən o qoca ilan haqqında ki, özü qabıqdan çıxa bilmir və acığından hamını lüt və bihəya sanır?!
…Mən nə deyim o kəslər haqqında ki, Günəş altında dayanıblar, ancaq arxalarını ona çeviriblər; onlar yalnız qarşılarına düşən kölgələrini Qanun sayırlar!
…Mən bu vadilərdə, bu qala civarlarında nələr görməmişəm?! Görmüşəm ki, ən azadlıqsevər insanlar belə öz azadlığını boyunduruq və qandal kimi gəzdirir…
…Despotu yıxmamışdan öncə, bir baxın görün – onun sizin qəlbinizdə ucaltdığı taxt-tac dağılmayıb ki?!
…Sizin qəlbiniz elə bir dava meydanıdır ki, orada ağlınızla ehtiraslarınız çarpışır…
…Heç vaxt deməyin: “Mən qəlbimin yolunu tapmışam!” Deyin: “Yoluma çıxan qəlbimə rast gəlmişəm…”
…Bu dünyada heç kəs sizin duyğu və idrakınızın oyuqlarında, kahalarında uyuyub gizlənənlərdən savayı heç nəyi sizə aşkar edə bilməz!
…Həyatla ölüm birdir, çayla dəniz kimi…
…Həyat və bütün canlı aləm kristalda deyil, dumanda doğulur… Kim bilir, bəlkə, kristal – elə dağılan, yayılan dumandı?!
…Özünüzdə ən zəif saydıqlarınız, ən çaşqın güman etdikləriniz – sizin ən güclü, ən aydın olanlarınızdır.
…İnsan cisminin bərki sümükdür, zərifi nəfəs. Ancaq… sizin sümüklərinizə həyat verən, onları möhkəmləndirən nəfəsiniz deyilmi?!
…Vida deyirəm sizə, Orfales camaatı! Mən sizə bir də qayıdacağam!
…Qoy bircə an ötsün, meh bircə an nəfəs dərsin – bir başqa qadın doğacaq məni! Əlvida!..”
Trilogiyanın 2-ci hissəsi – “Peyğəmbərin bağı”. On iki ilin ayrılığından sonra, Peyğəmbərin ayağı doğma torpağa dəyir. 40 gün cığırlarını ot basmış, kimsəsiz qalmış ata evinə çəkilir. Vaxtilə anasının becərdiyi bağda işləyib düşünür… Onun yanına adamlar gəlməyə başlayır. Peyğəmbər dünya vətəndaşları üçün böyük, ədəbi həqiqətdən misqal-misqal dilinə gətirir…
“…Bir şeh giləsində əks olunan günəş – Səma Günəşinin özü qədər böyükdür. Sizin hər birinizin qəlbində əks olunan həyat Böyük həyatın özü qədər dolğundur…
Üstünüzə qaranlıq çökəndə… deyin: “Bu qaranlıq hələ doğulmamış sübhdür. Olsun! Qoy mən işıq doğan gecənin ağrısını onunla birgə çəkim – mənim də sübhüm doğular!..
…Əgər şeh damlası söyləsə ki, min ildən bir dəfə dünyaya gəlmək qismətim olur, onda ondan soruşun: “Məgər sən bilmirsən ki, bütün zamanların işığı sənin üzünün nurunda əks olunub?!
…Sənə niyə elə gəlir ki, bu Bağın daşları cansızdır. Yox. Burada bircə dənə də cansız şey yoxdur. Daş da yaşayır. Fərq – ürəyin döyünməsindədir. Səninki bir qədər bərk döyünür. Onunkunu isə eşitmirsən. Hərgah sən öz qəlbinin dərinliyini və dağ zirvələrinin ucalığını ölçə bilsəydin, onda sən o melodiyanı eşidərdin ki, daşlar da, ulduzlar da eyni kökdə, eyni ahəng üstündə oxuyurlar…
…Gözəllik ardınca qoşun, – o sizi uçurumun kənarına – sıldırımın qaşınadək gətirsə də. Qoy o qanadlı olsun, siz piyada; əgər o qət etsə ki, uçurumu adlayasınız, yenə də onun ardınca gedin.
Çünki harada ki, Gözəllik yoxdur, demək, orada heç nə yoxdur!
…Barmaqları ilə görən dərzi olun, məkanı duyan, işığı tutan bənna olun. Bu dünyanın əkinçisi olun və torpağa toxumu – ləl-cəvahir əkirmiş kimi əkin. Balıqları, quşları düşmənlərindən qoruyan balıqçı, ovçu olun. Lakin hər şeydən öncə, İnsanı pənahsız, kimsəsiz qoymayın!..
…Qan qardaşlarım mənim! Siz bu dünyanın yollarında qoltuq ağacları ilə alver edən çolaqlara, güzgü satan korlara rast gələcəksiniz. Məbəd qapıları ağzında dilənən dövlətlilərə tuş olacaqsınız!
Şikəstlərə cəsurluğunuzdan, korlara bəsirətinizdən verin. Və düşünün ki, dilənçi varlılara nə veribsiniz. Çünki o kəslər əl açırlar ki, onlar var-dövlətdən boğulsalar da, dilənçidirlər ki, dilənçi!..”
…Hamı çəkilib getdi… Yol üstündə tək-tənha dayanmış qadın, qürubun alatoranlığına qarışaraq uzaqlaşıb itən Peyğəmbərin son kəlmələrini ürəyində təkrar elədi: “…Mən gedirəm.. Əgər mən hələ dilimə gətirmədiyim, bəyan etmədiyim həqiqəti özümlə aparıramsa, demək, o həqiqət özü məni arayıb-axtaracaq, məni bir də bu dünyaya gətirəcək və mən yenə də işıqlı cahanda zühur edəcəyəm!”
Cibran Xəlil Cibranın ensiklopedik zəkası dünya mədəniyyətinin bir sıra problemlərinin işıqlandırılmasında mühüm rol oynadı. Cibranın “Millət və onun mahiyyəti”, “Yeni zamanlar”, “Ərəb dilinin gələcəyi”, “Tənhalıq və hücrəyə çəkilmə”, “İbn Sina və onun poemaları”, “əl-Qəzali”, “İbn-əl-Fərid”, “Əbül’əll Mə’əri”, “İncəsənət”, “Musiqi” kimi əsərləri Şərq klassikasının öyrənilməsinə yeni baxış, yeni ruh gətirdi.
Cibran ənənəvi şərhlərdən imtina etdi; örnəklərdən yozulmamışları yozdu, deyilməmişləri aşkarladı. Şərq mədəniyyətinin yaşarılığını, potensial imkanlarını göstərdi, onun dərinə çəkilmiş qüvvələrini nişan verdi. Özü də bütün araşdırmalarında Qərb mədəniyyəti ilə bənzərsiz müqayisələr, tutuşdurmalar apardı…
Cibran “Ərəb dilinin gələcəyi” məqaləsində yazırdı: “Qərb ruhu bəşər həyatının mərhələlərindən, keçid anlarından yalnız biridir. Bəşəriyyətin həyatı isə – daim irəli qoşan bir hərəkatdır ki, bu hərəkatın yolundan qopan qızıl tozlardan dillər, təlimlər, dövlətlər əmələ gəlir. Yaradıcı millətlər bu hərəkatın önündə gedirlər, “yaradıcı” isə – təsir göstərmək gücünə malikdir. Bu hərəkatın sonunda təqlid edən millətlər gəlir; təqlid etmək isə – təsirə məruz qalmaq deməkdir.
Şərq xalqlarının irəlidə getdiyi, Qərbinsə geri qaldığı çağlarda Şərq mədəniyyəti Qərb xalqlarına öz təsirini göstərmişdi. Lakin nə vaxt ki, Qərb irəli sıçradı, bizsə arxaca gedər olduq, – onda Qərb sivilizasiyası, təbii ki, bizim dilimizə də, fikrimizə də, əxlaqımıza da təsir göstərməyə başladı.
Hər halda Qərb xalqları qədim çağlarda bizim ərsəyə gətirdiklərimizlə qidalanıb. İndi isə Şərq xalqları Qərbin hazır etdiyi ilə bəhrələnir. Lakin dərd burasındadır ki, seçib-ayrıntılamır, elə bütöv-bütöv udur, faydalı ilə faydasızı ayırd eləmir. Məni, bax, bu qorxudur, həyəcanlandırır. Şərq bəzən mənə dişləri tökülmüş qocanı, bəzən də hələ dişi-damağı bərkiməmiş körpəni xatırladır.
Qərb ruhu biz şərqlilərin həm dostu, həm də düşmənidir. Dostumuzdu – əgər bəhrələnib-bəhrələndiririksə, düşmənimizdi – əgər bizim üzərimizdə hökmranlığa qalxırsa! Dostumuzdu – hərgah ürəyimizi ona açırıqsa, düşmənimizdi – hərgah ürəyimizi ona veririksə!
Şərqin də, Qərbin də yazıçı və mütəfəkkirləri indi belə bir əqidədədirlər ki, ərəb ölkələri siyasi və mənəvi cəhətdən, dövlət quruluşu cəhətdən xaos vəziyyətindədir. Belə fikirləşirlər ki, bu xaos da – hərc-mərcliyin və tənəzzülün başlıca səbəbidir. Mən soruşuram – bu xaosdur, yoxsa yorğunluq, üzgünlük?! Əgər yorğunluqdursa, onda bu – xalqın sonu və məhvi deməkdir. Yorğunluq, etinasızlıq – artıq alaqaranlıq içində can çəkişdirmədir, yuxuda ölümdür…”
“…Xalqı dirçəldən ən böyük qüvvələrdən biri – şair sözüdür. Şair, dilin həm atası, həm də anasıdır. Əsil şair – dili yaradandır, təqlidçi isə – o dilin kəfən toxuyanı və qəbirqazanıdır. Qərbin təqlidçiləri Şərq ruhunu oyandıra bilməz!..”
Şərq ilə Qərb arasında ən möhkəm mədəniyyət körpülərindən birini salmış Cibran Xəlil Cibranın sağlığında nəşrini gördüyü son əsəri – “Yer üzünün tanrıları” poeması idi. Cibranın bu mif-dram səpkili poeması çağdaş kosmoqonik poeziyanın ən seçmə nümunələrindən sayılır. Burada Cibran poeziyasının epikliyi, patetik vəcdi, dramatik gərginliyi son həddə çatıb. Şair modernist eksperimental poetika ilə bədii dilin arxaikləşdirilməsini birləşdirir. Nəticədə Anı da, Tarixi də özündə əks etdirməyə qadir, Əbədiyyət məqamından deyilən Sözün qüdrəti bəyan olur.
…Livan, Fələstin torpağında 100 il bundan qabaq olduğu kimi bu gün də qan axıdılır. Ərəb xalqı bu gün də öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. Bu torpağın, dünya dövlətlərinin işğal olunmuş torpaqlarının, Azərbaycan Qarabağının qeyrətini çəkən silahdaşlar arasında Cibran və onun Sözü də döyüşür!..
…Cibran, gəncliyinin müdrikliyindən barınsa da, qocalığının müdrikliyinə yetmək ona qismət olmadı. 48 il – bir Nəsimi ömrünü yaşadı. Nəsimilər karvanına qoşuldu. 1931-ci il aprel ayının 10-da, ömrü boyu can atdığı Vətən torpağı – Livan dağlarının yamacları gül-çiçəyə bürünəndə… qürbətdə gözlərini yumdu. Böyük mütəfəkkirin vəsiyyətinə məsləkdaşları sadiq qaldılar – onu Livanda, doğma kəndinin məbəd divarlarının yanında dəfn etdilər…
…Yerüzünə hər dəfə yaz gələndə, gurşad yağışların suvardığı ilk tər çiçəklər arasında Cibranın qəbri üstündə bitən çiçəklər də boy atacaq… Cibranın qəbri üstündə bitən çiçəklər dünyanın ən bəxtəvər, ən şanlı çiçəkləri olacaq!..