Strateq.az şairə Adilə Nəzərin bir neçə şeirini təqdim edir:
DÜNYA TƏZADLAR ADASI
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
Gələn gedər, gedən gələr…
Varlıqların kəmiyyəti
keyfiyyətin üstələr…
Nəfsilə yaşayanların
canları günah geyər,
Nəfsini öldürənlərin
ruhuna savab gələr…
“Qüvvə”liyəm deyir çoxu –
bilinmir ağ, ya qara?…
Gözlərindən oxuyuram
bəziləri
oxşayırlar əmmara…
Kimin nəfsi arxayındır
bu qarışıq zamanda?…
Dünya mənəm, dünya sənsən,
qulağında sırğa elə bir kərə –
nütfə kürə, dünya kürə, yer kürə…
Mütləqi var, ötərisi,
əbədisi, keçicisi…
Cismanisi, ruhanisi –
boşdur birlik ideyası,
dünya – təzadlar adası…
Allah deyir –
sirr saxlamaq ibadətdir, ay ömrüm.
Desəm,
yəqin hamı kimi olmayacaq ölümüm…
Süpürəcək bu dünyanı
saçlarımın nəsimi…
Görkdü mənə gözlərindən toru silmiş
Həllac Mənsur, Nəsimi…
Kimlər kimə biyətdədir,
söyləməz dil, – nəbadə…
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
BU MƏNƏM
Ürəyim ovcumda yenə bu gecə,
gəzirəm şəhəri küçəbəküçə,
quş olsa qanadı qalxmazdı uça,
-bu mənəm…
Yollar da yorulub ayaqlarımda,
sükutdan çatlayır qulaqlarım da,
bir kitab yazıram tale haqqında,
-bu mənəm…
Erkən yıxılıram yeddinci qatdan,
gözümdən silinir arzu, murad da,
çəkiblər cənnəti ayağım altdan,
-bu mənəm…
Könlümdən hər gecə bircə səs keçir,
keçir, taleyimə qaralar biçir,
bir körpə gözümün yaşını içir,
-bu mənəm…
Gündüzlər dərd olmur yaşanılanlar,
gecələr qoynumda odlanır ahlar,
məndə gizli qalır mənə olanlar,
-bu mənəm…
Hər gün əksilərək bir yeni kölgə,
köçüb gedir məndən, dönərək heçə,
ürəyim ovcumda yenə bu gecə,
-bu mənəm…
YUXUDA SAÇ GÖRMÜŞƏM
Bu gecə yuxum qarışıb,
yuxuda saç görmüşəm, –
saçsa yoldur, deyirlər.
Saçlarım da içimə uzanırdı nədənsə…
Uzandığı yollarda bir uşaq böyüyürdü…
Göy üzünün buludları arasından hüzünlü baxışları,
baxışından yer üzünün ağrıları süzülürdü.
Gözlərindəki ümid Qarabağ qədər uzaq,
Xocalıdan götürülmüş girov qızcığaz qədər yaşlıydı…
Duruşunda bənövşə səssizliyi,
səssizliyində ayrı dil,
hər iççəkişində ayrı din,
hər ürkək çırpıntısında bir ayrı qorxu vardı…
Hamısına ayrı-ayrı yalvarırdı hər gecə…
– Susdurun məni, nolar,
məni burda susdurun,
qumarbazlar kirlətdiyi şəhərə aparmayın.
Mən orada üşaq ikən böyüdüm, – bircə günə…
Bundan sonra qəlbin qonaq otağıdır, – dedilər,
o otaqda qalan qonaq olmadı,
qapısının qıfılı açılmadı…
Susdurun, məni, nolar,
endirin göydən məni,
çıxarın yerdən məni,
baxın, qurudum artıq,
çığırmaqdan qurudum,
çağırmaqdan qurudum,
bundan artıq sıxmayın,
mənim məndən uzaqda
bircə nəfərim belə hövsələdən çıxmayır…
Bu gecə yuxum qarışıb,
yuxuda saç görmüşəm…
Saçlarım da içimə uzanırdı nədənsə…
ÜSYANIM VAR
Mən Allahın yorğun səsindən var olmadım ki…
Niyə yalanlarla uyudub,
günahlarla kəfənlədilər məni?
Ayıq düşüncələrimin səsini
yuxulu hadisələrlə batırdılar…
İtgin azadlığımı axtarıb tapmaq,
darixan qalibiyyətimi öpmək üçün
çırpındım…
Süründüm dağda, dərədə…
Səadətin bir addımlığında
üzüntülər sıxdı əlimi hər yerdə.
Mən Allahın yorğun səsindən var olmadım ki…
Bəs niyə addımları sürüklənən yolçu oldum?!..
Qıyılan gözlərim sürgün talelər ölkəsidir –
qorxuram gözlərimdən…
Gündüzlər yalançıların doğru suçundan,
gecələr sözlərin hücumundan qorxuram.
Ovcumda sıxdığım düyünlər
qan çiçəkləri tək süzülür barmaqlarımın arasından…
Ey parlayan kabuslar!
Siz dünyanın təntənəsindən,
mən Allahın yorgün səsindən var olmadım ki…
HEYİF Kİ…
Heyif ki, mən səninçün acı bir xatirəyəm,
Hər dönüb baxdığında gözün, könlün göynəyib.
Elə bilmə, əzizim, səndən sonra məni də
Qasırğalar vurmayıb, külək, tufan döyməyib.
Elə olub əllərim uzanıb sənə sarı,
Qaranlıqda toxunub kölgənə gizli-gizli.
Elə olub od tutub dodaqlarım alışıb
Yanıb, yapışıb daşa, çatlayıb sızlı-sızlı.
Yatmamışam gecələr, hava, atəş, su uyub,-
Ümid eyləmişəm ki, kimə isə gərəyəm.
Səni xatırlayanda acı ağzım tam duyub,
Heyif ki, mən səninçün acı bir xatirəyəm.