XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2015 - 03:58

“Bütün fəlakətlərimiz kal əməllərdən doğur”

Strateq.az-ın bu dəfəki qonağı Stokholm şəhərində yaşayan ünlü Azərbaycan yazarı Eluca Atalıdır.

  • öncə yaradıcılığınızdakı yeniliklərdən başlayaq.

– Mənim yaradıcılığımı ardıcıl izləyən oxucularımı sevindirəcək qədər yenilik var. Türkiyədə o taylı-bu taylı Azərbaycanın taleyüklü dərdlərindən bəhs edən “Azadlıq hekayələri” və dünya, həyat, insan problemini bədii formada həll etməyə çalışdığım “Atlara kurşun sıkmayın” adlı iki kitabım yayımlandı. Azərbaycanlı oxucularıma isə yeni bir romanı yaxın aylarda təqdim edə biləcəm. Bu roman “İt yuvasında bitən yol” adlanır. “Kərküklülər-təklənmiş Türklər” kitabım yayın evinin verdiyi sözə görə iki həftədən sonra Türkiyə türkcəsində İstanbulda yayımlanmalıdır. Qalan yeniliklərimsə hələ ideya olaraq toxum səviyyəsində münbit torpağa səpilib, göyərəndə nələr bitdiyini görəcəksiniz.

– Uzun zamandı Avropada yaşayırsız. Bu baxımdan maraqlıdı, Avropadan baxanda Azərbaycan necə görünür?

– Azərbaycan övladı kimi bu sualınıza cavabım “ürəkağrıdıcı”dır! Yerüstü, yeraltı sərvətləri ilə dünyada az qala bərabəri olmayan bir məmləkətdən düşünən beyinlər uzaqlaşırlar. Səbəbini soruşandasa “işıqlı gələcək üçün yaşamağa məkan axtardıqlarını” deyirlər. Açığını deyim ki, az qala hər gün şəxsən mənə avropalılar tərəfindən verilən suallardan biri belədir: “Bu qədər yazıb-yaratdığın halda niyə öz ölkəndə özünə münasib yer tuta bilməmisən?” Yəqin ki, yadellilərin suallarından doğan cavablar bir gün idrakımın meyvəsi olaraq kitablaşacaq. İnanıram ki, onda həm türk və həm də kənar oxuculara “Niyə hər kəs Azərbaycandan qaçmaq istəyir” sualının cavabı aydın olacaq.

-Avropada diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiz? Diasporamız Azərbaycan adına uğurlu nəticələrə imza ata bilirmi?

-Haqqında danışmaq istəmədiyim bir mövzu varsa, o da diaspora mövzusudur. Mahiyyətinə uyğun əməlləri olmayan bir qurumdur bizim diaspora. Müstəqil hərəkət etməyə qadir olmayan, qoltuğa sığınan bir qurumdan nə gözləmək olar? Amma əslində müstəqil olmalıydı, elə etdiyim giley də onun hökmü və əməli özündən doğa bilməməsidir. Bu qurum elə bil bayramdan-bayrama ayılıb şənlik təşkil edir, ya da Azərbaycanın tarixi günlərini beş-on nəfərlə qeyd edir – varlığını sübut etmək üçün. Sovet dövrünün gözdən pərdə asma kimi çirkin oyunçuluğu bu qurumun iş planında əsas yeri tutur. Ən pisi də xaricdəki soydaşlarımızın inamını itirmiş təşkilatların mövcudluğudur.

-Son dövr dünyada baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Sizcə Azərbaycanı nələr gözləyir və yüksəlişə nail olmaq üçün hansı addımları atmaq lazımdır?

-Sözsüz ki, dünyada geden prosesler hər mənada Azərbaycana təsirsiz qalmaz. Həm Azərbaycan dünyanın bir hissəsidir, həm də dünyanın diqqət mərkəzində olan bir məkandır, balaca dövlət olmasına baxmayaraq. Əlbəttə, mahiyyət baxımından bizim üçün balaca deyil. çünki VƏTƏNdir! Vətən heç vaxt balaca ola bilməz. Uşağın anası balaca boy olsa belə, onu başqa qadınlardan çox sevir. çünki ona dünyanı təqdim edən qadın odur. Bizim də Azərbaycana münasibətimiz budur – Ana Vətənimizdir! Amma onun balaca dövlət olması dünya xəritəsində tutduğu yerlə bağlıdır. Azərbaycanda yüksəlişə nail olmaqdan ötrü yurddaşa münasibət dəyişilməlidir, onu yurdun qiymətli neməti saymaq lazımdır. İnsanın beyin əməyindən bəhrələnməli, yeni ideyalar dövlət səviyyəsində gerçəkləşməlidir. Bizdə elə bil hamı problemin həllini kimdənsə gözləyir. özündən yox, kənar qüvvələrdən gözləyir. Asif Ata “Rəmzlər” kitabında deyir: “Homerin demədiyi: İnsan taleyini özündən kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir”. Bizim taleyüklü məsələmizi bizdən savayı kim həll edə bilər? Kim həll etsə, onda o, imkan verməyəcək ki, biz BİZ kimi qalaq. Bizi yumşalmış plastik kütlə kimi yoğurub öz istədiyini yapacaq materialımızdan. Təəssüf, bizim bu gözləmə mövqeyimiz buna imkan verə bilər. Siz əgər konkret Azərbaycanın sabahından danışırsınızsa, onda deyirəm, iqtisadiyyat insan həyatını hər mənada idarə etmir. Ağıl, idrak insanı idarə edir. Əlbəttə, söhbət sivil ölkələrdən gedir. O cümlədən, buna biz də vətənimizdə nail olmalıyıq. İnsandan kənarda Vətənin sabahı yoxdur!

-Hər il Azərbaycanda kifayət qədər ədəbi əsərlər nəşr olunur. Yazar adına iddialı olan minlərlə insanımız var. Bəs niyə səsimiz dünyada eşidilmir, ədəbiyyatımız çağdaş dünya ədəbiyyatının tərkib hissəsinə çevrilə bilmir?

-Kitab vasitə olmalıdır. İdeyanı çatdırmaq üçün bir vasitə. Amma siz dediyiniz yazarlarda kitab yazmağın özü məqsədə çevrilib. Ona görə də Biləcəridən o tərəfə çıxmır ədəbiyyatımız. İstedad var, amma boşluq dolmur. Tək ədəbiyyat yox, elə hər sahədə. Amma indi söhbətimiz konkret olaraq ədəbiyyatdan getdiyi üçün diqqətimizi yazarların üzərində cəmləməliyik. Fikrimizə aydınlıq gətirmək üçün ilk növbədə baxaq, görək nə qədər təmənnasız əsər yaradan yazıçımız var? Təəssüflər olsun, heç barmaq hesabına belə gəlməz. Hamıda bir azar var ki, tələm-tələsik nəsə yazıb Yazarlar Birliyinin üzvü olsun, prezident təqaüdü alsın, adı hallansın. Hamısının arxasında təmənna durur. Sonra da deyirlər, niyə bizdə döyüşən ədəbiyyat yoxdur? Əgər yazar qoltuğa qısılmağa meyllidirsə, yaldan imtinası yoxdursa, sən hansı döyüşən ədəbiyyat gözləyirsən? Kimdən istəyirsən? Ədəbiyyat göydən düşmür, istilikxanada yetişmir. Ədəbiyyat yazarın MƏNLİYindən gəlir. Qoltuğa sığınan yazarın boyu Qulliver boyda olmayacaq, mikroskopla görünən lilliput olacaq. Bu səviyyəli adamın beyin məhsulu hansı ölçüdə ortaya çıxmalıdır? Dünya ədəbiyyatı sırasına qatılan əsərlərin müəllifləri hakimə məddahlıq edənlər deyil, öz-özünü doğub-böyütmüş şəxslərdir. Bizə zamanla, mühitlə, cəmiyyətlə, bu günlə döyüşən əsər yaradanlar gərəkdir.

– Bu yaxınlarda Türkiyədə uğurlu görüşlərə imza atdınız. Bir qədər də bu görüşlər barədə…

-Mart ayında İstanbuldakı Aygan yayın evində “Azadlıq hekayələri” və “Atlara kurşun sıkmayın” adlı iki kitabım yayımlandı. Səfərim həm bu kitabların təqdimat və imza günləri ilə bağlı idi, həm də Türk Dünyasının Birləşən ürəkləri Dərnəyinin başqanı Yasemen Meydan Yaşılhisar xanımın dəvəti iləydi. Ankarada Şeir Şölənində, Kayseridə bir neçə imza günlərim və görüşlərim, çanakkalada “çanakkala – 100 Kitab Fuarı”ında gənc yazar və şairlərlə görüşdə, Bursadakı ördəkli Türkçü-Turançı Dərnəyinin qonağı idim, “İtirilimiş yurd yerlərimiz və Güney Azərba
ycan” adında konfrans verdim. Bu konfransda əsasən Azərbaycanın yaxın tarixi olan son iki əsri təhlil edərək torpaqlarımızın itirilmə prosesini və səbəblərini açıqladım. Görüşün sonunda imza dəqiqələrim oldu. Aprelin 8-də İzmirdəki Nihal Atsız Kultur Evində “Azadlıq hekayələri” kitabımın təqdimatı və imza günü keçirildi. Bu, kitab təqdimatından daha çox Güney Azərbaycanın bugünki vəziyyətinə həsr olundu. Sözsüz ki, belə də olmalıydı, kitabı da yazmaqda məqsədim Güney Azərbaycanda bu gün baş verən ictimai-siyasi prosesləri bədii formada çatdırmaq idi. Elə kitabın mahiyyətindən yola çıxaraq məsələləri anlatmağa çalışdım, söhbət əsnasında türk gəncliyində güney gəncliyimizlə bağlı saysız-hesabsız suallar doğdu. Mən də öz növbəmdə bütün sualları açıqlamağa çalışdım. Gərgin, maraqlı fikir mübadiləsi oldu, ardındansa kitablarıma imza atımı oldu. 9-10 apreldəsə İstanbuldakı Nihal Atsız Kultur Evində və hamımızın mətbuatdan yaxşı tanıdığımız Kəbutər xanım Haqverdiyevanın rəhbərlik etdiyi Araz yayınevində və digər yerlərdə ayrı-ayrı yazarlar, ədəbiyyat tədqiqatçıları, oxucularla görüşlərim, imza dəqiqələri və sonda 10 apreldə İstanbuldakı Hikmət Elp bəyin rəhbərlik etdiyi Azərbaycan Kultur Evində görüş və imza günü keçirildi. Burda da kitabın hərtərəfli müzakirəsi oldu. Kitabın tərcüməçisi Kürşad öztürk və kitablarımın yayım rəhbəri, onların işıq üzü görməsində böyük səyi olan “Azadlıq hekayələri”nə ön söz yazmış Hasan Kocabey kitablardakı ayrı-ayrı əsərlərin mahiyyətini şərh etdilər.

– Təhsil sistemimizdəki acınacaqlı durumdan çox adam danışır. Ancaq bu yöndə heç bir uğurlu addım atılmır. Azərbaycan təhsilini dünyada sayılıb-seçilənlərdən etmək üçün hansı addımlar atılmalıdı?

-Mən təhsilə adi təlim və tərbiyə işi, uşaqları yetişdirmək əməli kimi baxmıram. Təhsil Vətənin gələcəyi deməkdir. Məncə, hər bir ağlı başında olan, az-çox ölkəsinin gələcəyin düşünən adam təhsilə belə baxır. Təhsilin belə acınacaqlı səviyyədə olması o deməkdir ki, gələcəyimiz qaranlıq bir sabaha doğru gedir. Elə zənn et, sürətlə gələn qatarın şütüyüb qabağa getdiyi yerdə qarşıdakı relslərdən bir neçəsi sıradan çıxıb. Onda nə baş verəcəyini təsəvvür et: Faciə! Bizim indiki təhsilimiz gələcəyimizin faciəsindən xəbər verir. Biz Azərbaycanın faciəli gələcəyinin hazırlanmasının göz şahidiyik. Bunu qulaqardına vururuqsa, demək bu faciəli halı yaradanların cinayətinə şərikik. Təhsildəki rüşvətə birmənalı şəkildə “YOX!” demək gərəkdir. Hamılıqla bunu etmək gərəkdir. Əgr bu gün mənim öz uşağım təhsil almırsa da, mən bunu etməyə borcluyam. Dövlətimin sabahı xatirinə, millətimin genefonduna vurulan zərbənin qarşısını almaqdan ötrü. Bir sözlə, hər bir dövlətin sabahı onun təhsil sistemindən asılıdır. Təhsil siseminə Azərbaycansevər, damarında halal qan axan, vətənin sabahını düşünən, öz cibinin ölçüsünə görə qarşısındakı tələbəyə-gəncə qiymət verməyən ziyalılar gərəkdir. Təhsildə vaxt itirmədən ciddi nizam, hərbi dəqiqlik yaranmalıdır. Əslində təhsil sistemi də ölkənin hərbi sistemi kimi çalışmalıdır. Sivil ölkələrdə bu var. Mən özüm İsveçin təhsil sistemindəyəm, bizimki ilə müqayisədə təkcə bunu deyim ki, burda qəti rüşvət yoxdur.

Sizi təkcə yazar kimi yox, həm də filosof-yazar kimi tanıyırıq. Necə düşünürsüz, bu gün Azərbaycanın hansı filosoflara daha çox ehtiyacı var?

– öz fikri olan filosofa daha çox ehtiyacı var. Elə bir filosofa ki, camaatdan xalq yarada bilsin, xalqı arxasınca aparsın. öz fikri ilə xalqı yetişdirsin, onun beynini özgə düşüncə tərzindən təmizləsin. Bir sözlə, xalqı yadlıqdan xilas edə biləcək filosofa ehtiyac var. Ondan-bundan cümlə-cümlə oğurlayıb elmlər doktoru olan diplomlu filosofları nəzərdə tutmuram. Dünyaya fikir sahibi kimi gəlmiş, fitri ideya yaradıcısından söhbət gedir. Beləsi nadir hallarda olur, yüz ildə, min ildə bir dəfə dünyaya gəlir. Xoşbəxtlikdən mənim ömrümə bu düşdü, bu baxımdan özümü xoşbəxt sayıram. Mənim ömrümə Asif Ata kimi filosof ilə təmasda olmaq düşdü.

-Azərbaycana və burada yaşayan oxucularınıza sözünüz və arzularınız…

-Azərbaycanla zarafat etmək, odla oynamaqdır. çünki Azərbaycan bizim Vətənimiz, MƏNLİYİMİZDİR! Vətəni çürük ideyalardan, yadlıq düşüncəsindən xilas etmək gərəkdir. Oxucularıma birinci sözüm bu ki, mənim əsərlərimi oxuyanda özləri ilə əsər arasında məsafə saxlamasınlar. özlərini əsərdəki obrazların yerinə qoymağı bacarsınlar. Belə olmasa oxuduqlarından heç nə öyrənə bilməyəcəklər. İstanbuldakı imza günümdə bir türk yazar mənim “Azadlıq hekayələri” kitabımdakı “Xomeyni və varisin söhbəti” əsərimlə bağlı sual etdi ki: “Siz bu əsəri nifrətlə yazdınız?” Dedim: “Yox, insan halına acıyaraq yazdım. Mən özümü ordakı Ağakərim kişinin yerində hiss edərək yazdım. Mən orda adi yazar olmadım, hadisələri kənar bir gözlə izləyən valideyn roluna girdim. Qızı əqidəsinə görə bir neçə dəqiqəlik İran İnqilabının keşikçi əsgərinə siğə edilən, asılan və sonra cəsədi atasına, ailəsinə qaytarılmayan və atadan şirni tələb olunan bir adamın yerində durub yazdım. Asılanı öz qızım sayaraq obrazını yaratdım. Axı başqa cür necə ola bilərdi? çünki o mənim millətimin qızı idi, bu mənim millətimin başına gələn hadisədir. Əslində mahiyyətinə baxsan, vəhşilikdi. Və yaxud bu kitabımı oxuculara imzalayanda oxucumun Ənqa quşu aqibətini öz ömründə gerçəkləşdirməsi arzusu ilə imzalayırdım. Əfsanəyə görə öz aqibətini yaratmış, özünü əbədiyyətə qovuşdurmuş bir quşcığazdır bu. Bir sözlə, yaradıcı oxucu olsunlar. Əsəri sönük ağılla yox, alovlu idrakla oxusunlar, beyinlərindən, ürəklərindən keçirib həll etsinlər ideyanı öz içlərində. Duyğu ilə oxusunlar. Onda ordan nəsə taparlar, kitab onların gözlərin yormaz, mənəvi dünyaları zənginləşər. Oxucularım Fərəhlərini Qorusunlar! İmkan verməsinlər ki, fərəhsizlər onların fərəhlərini oğurlasınlar. Əks halda Kamil Əməl yetişdirə bilməzlər. Bütün fəlakətlərimiz kal əməllərdən doğur.

Söhbətləşdi: Namiq Hacıheydərli