XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 11:13

Surxay Sultanın şeiri:Xocalıda ağlayan uşaq...

 surxay-sultan-1

 

Surxay SULTAN

 

Ermənilərin Xocalıda törətdiyi soyqırım zamanı  qətlə yetirilən 613  nəfərdən 63-ü uşaq idi

 

 

Oldu qış gecəsi bir şəhər şəhid,

O qandan düşübdür iz qara, sına.

Tək qarlı, şaxtalı o gecə şahid,

Dünyanın daha bir üz qarasına.

 

 

 

Güllələr oyandı günəşdən qabaq,

Alışdı Xocalı, yandı Xocalı.

Səhər açılmadı, açılmayacaq,

O gündən bir dərya qandı Xocalı.

 

 

Sancıldı millətin- türkün köksünə,

Gecənin bağrını yaran güllələr.

Bir anlıq fırlandı dünya əksinə,

Qışın şaxtasında açıldı “güllər.”

 

 

Bir ananın sinəsində “gül” aça…

Yaxasının düymələri qırılıb.

Məsum körpə əl uzadıb astaca,

“Gül” oynadar, anasına sarılıb.

 

 

Yalar qanı, özü özün ovudar,

Kəsər səsin, aram olub, dinləyər.

Bir kimsə yox olsun ona havadar,

İçin çəkib,  için-için inləyər.

 

 

Eşitməz o səsi, ana eşitməz,

Olan tək canıydı, keçibdi candan.

Sipər olub, batıb qana, eşitməz,

Sorur körpə, sorur indi o qandan.

 

 

Uşaq hardan bilsin, doğulub harda,

Hansı qandır axan  qan damarında?

Hardan bilsin, puç olacaq arzular,

Qanına susayan nankor qonşu var?

 

 

Hardan bilsin, təkdir çölün düzündə,

Nədən anasının sinəsi “gül”dür.

“Ay ana, təbəssüm olsun üzündə,

Təki bircə dəfə sən onu güldür.”

 

 

O hardan bilsin ki, tək türklüyüdür,

Süd əmən körpənin böyük “günahı”.

Hayın dəyirmanı yalan üyüdür,

Guya ki, məzlumdur, qurtarmır ahı…

 

 

O hardan bilsin ki, bu yağı düşmən,

Onun varlığına kəsilib qənim?!

Bir sərsəm, ağılsız xülyaya düşən,

Erməni yurduma göz dikib mənim.

 

 

O hardan bilsin ki, dünya kar olub,

Böhtan ayaq tutur, yalan yeriyir.

Dünya haqq deyənə niyə dar olub,

Dünya qaniçənə niyə “can” deyir?!

 

 

… Xocalı yaralı, sinəsi dağlı,

Düşmən tapdağında, yolları bağlı.

O qarın içində, çölün düzündə,

O qandan yaranan gölün üzündə,

Sərgərdan ruhları dağlayar uşaq,

Hələ də, hələ də ağlayar uşaq.

 

 

Elə hey ağlayar, kəsməz, kiriməz,

Orda zaman donub, zaman yeriməz.

Kömək  diləməyə ümid yeri yox,

Ona həyan duran kimsə biri yox…

Böyüməz, boy atmaz  heç vaxt o uşaq,

Bədbəxt doğulubdu,  bədbəxt o uşaq.

 

 

Sən, ey nəvəsini oynadan baba,

Hərdən yaddaşını oyadan baba!

Sən, ey nəvəsini güldürən nənə,

Gülən nəvəsinə gül dərən nənə!

Sən, ey övladına süd verən ana,

Ömrün yanan şama çevirən ana!

Övlad  arzusuyla yaşayan gəlin,

Ay bəy, subayların başına əlin,

Hələ Xocalıda ağlayır uşaq,

Ümidin yollara bağlayır uşaq.

Xocalı qoşulub ona  ağlayır.

Yetmir müsibəti sona, ağlayır…

 

 

Ağlayan o uşaq həm sən, həm mənəm,

Gündə yüz yol öləm, diriləm, mənəm.

O – babam, o – atam,  o – balam, nəvəm,

Onu qurtarmamış mən öləmmənəm!

 

 

04.02.2012