XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 00:02

Heydər Oğuzun şeirlərindən seçmələr:"İnsanın ayısı düşərmi ələ?"

H.Oguz_

 

Jurnalist, siyasi təhlilçi kimi tanıdığımız Heydər Oğuz həm də gözəl şeirlər müəllifidir. Onun poeziyasında vətənpərvərliklə yanaşı, sevgi, sosial problemlər və başqa mövzular  poetik təhlilə çevrilir.

 

Heydər Oğuzun şeirlərində mövzu poetik duyğuların, daxili düşüncənin ifadəsi ilə oxucunu cəlb edir, onu öz arxasınca apara bilir.

 

Bir sözlə, Heydər Oğuz əsil şairdir.

 

Aşağıda onun cəmiyyətimizdəki problemlərə özünəməxsus baxışını ifadə edən, az qala, gənclərimizin dilində aforizmə çevrilən bir neçə şeirini Strateq.az oxucularına təqdim edirik.

 

Məmməd Tahir

 

 

 

Koroğlu

 

 

Sənin dövrün keçib, Koroğlu dədəm!

Nigarlar üzünə baxıb gedərlər.

Çalış, “dəli” demə dəliqanlıya,

Gülləni alnına sıxıb, gedərlər.

 

 

İndi “dəli” adı alıb yaramaz,

Artıq ərlər belə səni aramaz,

Ha nərə çəksən də işə yaramaz,

Qulağa qulaqcıq taxıb, gedərlər.

 

 

Qılıncla, qalxanla girsən meydana,

Pulla bədənini boyarlar qana.

Həmzələr səni də doyurar cana,

Ruhunu yandırıb-yaxıb, gedərlər.

 

 

Eyvazı səsləsən – Həmzə verər səs,

Görərsən, yalanmış aldığı nəfəs.

Qalmaz döyüşməyə qəlbində həvəs,

Dəlilər yanından çıxıb, gedərlər.

 

 

Bir put plov yeyən nəhəng qarınla

Yaşaya bilməzsən namus, arınla.

Sənin də haqqını arsız harınlar,

Gözünün önündə “tıxıb”, gedərlər.

 

 

Günün kişisində axtarsan hünər,

Vallah, kişiliyə ümidin sönər.

Mərdlər səhralarda yağışa dönər,

Namərdlər sel kimi axıb, gedərlər.

 

 

Qırata gözucu baxmazlar indi,

Qılınc misri ola, taxmazlar indi.

İgidi biləklə yıxmazlar indi,

Heydər der: "Kələklə yıxıb, gedərlər".

 

 

 

Mal yiyəsi

 

 

 

Öz malını oğrulardan

Qorumasa mal yiyəsi,

Hamı baxıb gülər ona,

Deyər: "Maldır, mal, yiyəsi".

 

Yatdıqca fil qulağında,

Alov yanmaz ocağında.

İt də tutar balağından

Az verərsə, yal yiyəsi.

 

Yoxsa qolunun tutarı,

Neyləyirsən dövlət-varı?

Ömrü boyu işlər arı,

Olmaz, amma bal yiyəsi.

 

Dik dayan ki zülmə qarşı,

Yolu budur hər savaşın.

Dikəltməsə fidan başın,

Olmaz budaq, dal yiyəsi.

 

Kim yataqda can isidir,

Öz qətlinin canisidir.

Öz dərdinin banisidir

Hər ölkənin lal yiyəsi.

 

 


İnsanın ayısı

 

 

Növbənöv, cürbəcür olur ayılar:

Var onun qarası, var ağı, bozu…

Adam var, yalandır qonur ayılar,

Olmaz qanacaqda ayının tozu.

 

Adam var, özgəyə “ayıdır” deyir,

Özüsə ayıdan ayı adamdır…

Adam tanıyıram, ayını yeyir,

Yazıq ayıların adı bədnamdır.

 

Qırmızı kitaba düşsələr belə,

Yalandır, ayının sayı azalıb.

İnsanın ayısı düşərmi ələ,

Kim deyir, dünyada ayı azalıb?

 

 

 

Mənim CV-im

 

Məndən CV istəyən adam,

Məndə CV nə gəzir?

Mən nə bildiyin nazir balasıyam,

Nə deputat, nə vəzir…

Özümü biləndən bəri,

Tanıdığım iki siyahı olub dünyada:

Biri baqqaldakı borc dəftəridir,

Biri könül dəftəri.

Könül dəftərimdə

Bir Allahımın adı var,

Bir elimin,

Bir də uzaqbaşı anamın,

Uşaqlarımın, sevgilimin.

Borc dəftərim isə cızıq-cızıq,

Yazıq-yazıq.

CV-mi yazmaq istəməsəm,

Hansından başlayım mən yazıq?

 

 

Qəzəllər

 

Hansı bir kəlmədə ki, zərrə qədər kin görünər,

Cümlənin zərrəsi yox, cümləsi çirkin görünər.

 

Ciddi söz qüdrətini niyyəti-saflıqdan alar,

Kəsəyənlikdə qılıncdan belə, kəskin görünər.

 

Oğurluq xislətidir, fikri bağırmaqla demək,

Tonu artdıqca səsin sahibi miskin görünər.

 

Adamın kimliyi sözdür, özü kimlik qabıdır,

Sözü zəngin olanın könlü də zəngin görünər.

 

Hər ağız tüstünü dümdüz çıxaran bir bacadır,

Sözdə insan içinin hər yönü düzgün görünər.

 

Kimdə söz haqqı bulunmaz, lələsiz yurd kimidir,

Bədən elsiz obatək, ruhsa didərgin görünər.

 

Çox mələküzlülərin çadrasıdır bağlı dodaq,

Açsa ağzın, Oğuz, İblis görünər, cin görünər.

 

 

***

 

Adətən, kimdə nə yoxdursa, hey ondan danışar.

Qısaboy, bəstəboyun sərvi-boyundan danışar.

 

Özünün cəddi bilər ən böyük aslanı pişik,

Sığınıb sahibinə, qurda soyundan danışar.

 

Ümidin yaxşı hürən bir itə bağlarsa çoban,

Sürünü fövtə verib, qoç və qoyundan danışar.

 

Min fırıldaq düşünüb Həccə gedən tülkü lələ,

Başına sözdə gələn min bir oyundan danışar.

 

Əsliyox, zatıqırıq şəxs özü görmüş, sanasan,

Atasıyla anasın “şanlı toy”undan danışar.

 

Yenə açdırma, Oğuz, boş yerə ağzın ulağın,

Xəz bilər öz gönün, üstündəki “yun”dan danışar.