XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 10:06

Əlabbas: “Böyük kürü əməliyyatı”

“atəşi altmış ilə sönməyən sevgi…

Həə, deyirəm axı…

ötən əsrin yaşıdı olan nənəm gözünün qabağında böyüyən Məmmədin əvvəl-əvvəl İnfiloğlu, sonra isə İbrahim olmasına birtəhər alışsa da, dönüb Məmməd Araz olmasını heç cür sinirə bilmirdi. Şairin səhhətindəki nasazlıqlar da onu bir tərəfdən üzürdü. Bir vaxtlar yerişindən yer-göy titrəyən şairi haçan televizorda görürdüsə, qəhərdən boğulurdu. Günün birində dedi:

-Ağır eli-günü vardı, İnfil kimi mərd atası, Cahan kimi xanım-xatın anası, tayfa-toluğu, qohum-əqrabası… Məni bu sirdən agah elə görüm Araz hardan çıxdı?

O vaxt (1978) universiteti təzəcə bitirib, qonşu kənddə ədəbiyyatdan dərs deməyə başladığıma görə özümü bir nənəmə də göstərməyi qərara aldım:

-Şair-yazıçı addan çox təxəllüsü ilə tanınar, – dedim, – məsələn, Nizami, Füzuli, Vurğun, Cavid, Müşfiq… Arazı da Məmməd əmi özünə təxəllüs götürüb. Bu adı bütün dünya tanıyır, İbrahimovları isə yalnız nurslular. Məmmədlər çox, Arazsa bircə dənədi. Onlar bir-birinə qovuşub, sərhədlər aşacaq, uzaq sahillərə birgə çatacaqlar.

Dediklərimi çox diqqətlə dinləyən nənəm ondan heç gözləmədiyim nəticə çıxartdı:

-Həə, deyirəm axı, dostları öz aralarında Abdurahmanı niyə Borya çağırırlar…

Nənəmin üzünü beş-on ildə bir dəfə görüb-görmədiyi dost-doğma qardaşı Abdurahman dayı o vaxt Aşqabadda yaşayırdı, bütün ömrü orda keçmişdi və o ləqəbi ona verənlər də canbir qəlbdə olduğu həmpiyalələri idi.

Yerini isti elə”

“Yük”ü yazıram. Onun ilkin variantı ilə tanış olan Fərzuq (Seyidbəyli) zəng eləyib soruşur ki, orda bir yer var, əsir erməninin rayona aparıldığı səhnə, o necə baş verir?

-Maşının üstə, altında ot, üstündə də palto, – deyirəm.

Nə fikirləşirsə:

-Onun yerini isti elə, – deyir, – qoy deməsinlər bizdə əsirlə vəhşi kimi davranırlar. Adımız-sanımız var. Əceybanilər oxuyub eləyər, biabır olarıq. özlərinə sərf eləyən şeyi tez eşələyib tapırlar. Həm də iş insafa qalsa, o şaxtada yaralı adamın başqa səbəbdən ölməsi də bir az inandırıcı görünməz.

Yazının lazım olan yerlərinə əl gəzdirib yarım saatdan sonra telefonla Fərzuqa belə bir mesaj göndərdim:

-Yaralının altına döşək, üstünə güllü yorğan saldım. Qoy bilsinlər ki, binəva donvurmadan yox, qanaxmadan gedib.

Siqaret

Bir erkək dəvənin yükücən kitab yazdığından özünü məşhuri-cahan sanan bir yazıçımızın son əsərini özünü toplayıb ölüm-zülüm oxuyandan sonra Eyvaz (Zeynalov) fikirlərini qəribə, amma ağlabatan müqayisə aparmaqla bölüşür:

-İki cür siqaret çəkən olur. Acgözlüklə sinəsinə sümürənlər, tüstünü bekaraca ağzına alanlar. Oxudum, gördüm bunun yazıçılığı bundan ibarətdi. Nə var boğazdan yuxarıdı, sinəlik bir şey yoxdu, aşağı bircə qətrə də keçməyib.

Siz məni sevmədiniz”

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində 1973-1978-də təhsil alan, təxminən, qırx tələbə dostu otuz beş ilin ayrılığından sonra bir yerə yığa bilməyim özümqarışıq hamının təəccübünə səbəb oldu. Bir neçə saatlığa təzədən çılğına döndük, yeniyetmə olduq, rəqs elədik, şer oxuduq, tələbəyə çevrildik, xatirələr dilə gəldi. Ən çox yadımda qalan isə Arif Əmrahoğlunun indı hərəsi bir evin xanımı olan “qızlarımıza” iş işdən keçəndən sonra oxuduğu eşqnamə oldu:

-O vaxt sizin hamınızı sevirdim, amma birciyiniz də məni sevmədi. Mən də acığa gedib dayım qızı ilə evləndim. Aradan otuz beş il ötüb, gəlin görək kimdə günah çoxdu, sizdə, ya məndə?

Ağ üzə dara teli

Abır-həya mücəssəməsi olan istedadlı şair, gözəl dost Hüseyn (Bağıroğlu) “Mən Qarateli sevirdim” kitabımı oxuyandan sonra matı-qutu qurudu:

-Bu necə sevgidi, – soruşdu, – atəşi altmış ilə də sönməyib.

Belə yerdə döşə döyməyib neyləyəsən? üstəlik həm də bu, həqiqətdirsə…

-Mənim başqalarından fərqim də ondadı, – dedim.

Ayrılandan vur-tut on dəqiqə sonra Hüseyn telefonuma bir bənd bayatı göndərdi:

Əzizim qara teli,

Ağ üzə dara teli,

Saçlarım ağarsa da,

Sevirəm Qarateli.

Böyük kürü əməliyyatı

-Hardasan? – Aslan (Quliyev) həmişəki kimi mülayim səslə xəbər alır.

-İşdə, – deyirəm, – adam bu vaxt harda olar?

-Neçədə görüşə billik?

Elə vaxt zəng vurub ki, şübhələnməyə bilmirəm: səhər saat onda çay ləzzət eləməz, deməli, bu süfrə söhbəti deyil, nərdi, adətən, axşamın sərinində oynayırıq, bu barədə də düşünməyinə dəyməz… Bəlkə, araba?…

-Maşın lazımdı? – soruşuram, amma bilirəm ki, Aslan kimsəyə əziyyət verməyi xoşlayan deyil, illah da günün bu saatlarında… Bir Dübəndiyə Rəhim Əliyevlə kabablamağa, bir də Lökbatana Eyvazla nərd oynamağa gedəndə əvvəldən ağzımı arayır.

-Qardaşın günortadan sonra gedir. – Aslan eşitdirir. -Sənə çatası balaca bir amanat var, dedim, həm onu, həm də nərddə dərsini verərdim.

Amanatı görəndə az qalır yer ayağımın altından qaça. Olanda da beləsindən ola: kilo yarım kürü!…

-Arxayın olma ha, – gülə-gülə deyirəm, – belə yerdə naxçıvanlı olmaq da köməyə gəlmir… Yazıçı-şair hərləyən yoxdu. Mağaza-zad yarmamısan?

Maraqlı detektiv ustası olsa da, Aslan həm ehtimalımı, həm də sualımı udquna-udquna qarşılayır:

-Xabarovski, Naib…

-Həə, belə de. Qadasın alım Naibin.

Bilirəm, kürü xoşlayan deyil Aslan, amma daha bu mətahın mayasından xəbəri olmamış da olmaz; harda, hansı zəmanədə yaşayır ki? Eşidib gördükləri bir yana dursun, kirayə qaldıqları mənzilin on addımlığında iri balıqçı dükanı yerləşir, buna nə deyəsən? O üzdən nəfis etiketi və üç dəyirmi, yaraşıqlı şüşə qabı olan kürünün azı uki min manat dəyəri olduğunu dilimdən eşidəndə əsla təəccüblənmir.

-İki min yox, lap beş min olsun! Bunun məsələyə nə dəxli?

Daha mən də uzatmıram:

-Belə olmur axı, onda dilə görüm nə dilərsən məndən?

-Olanda olur,-gözütox Aslan çox sadə bir izahla söhbətə son verir,-mən kürü yemirəm, vəssalam. Qismət səninmiş…

Onu tanıdığıma, həm də çox yaxşı tanıdığıma görə ədalətsiz olduğunu bildiyim halda, o gün bu dünyanın, bəlkə də, ən görünməmiş sövdəsinə qol qoydum:

-Bundan sonra səni nərddə udana Göylər qənim olsun.

-O vədlərdən çox eşitmişik, yoldaş Bağırov.

Təmənnasız Aslanın lütfü ilə müqayisədə bu, əlbəttə, boş bir şeydi, amma yenə də olsun… Guya, başqa nəsə eləyə bilərdim? Məsələn, neçə ildi öz aləmimdə o yaxşılığın əvəzini yalnız Naibə tez-tez salam göndərməklə çıxıram.

Sözün ustadi-kamili də hərif-zad deyil ha, həmən deyir:

-özünü yorma, ikra-mikra yoxdu. O da bir iş idi, oldu, keçdi…

Məsti-xumar

Səhər-səhər yeni yazmağa başladığım “Məsti-xumar” adlı hekayənin yağlı şriftlə çox da iri olmayan sərlövhəsini və ilk cümləni təzəcə bismillah eləmişdim ki, iş yerimdə qapı döyüldü, Mahmud Vəli şəstlə içəri girdi. Başımı qaldırıb qarşımda sanki mahir Ali Vaallakı gördüm. Yada salım ki, o, Klint İstvuudun dünyaca məşhur “Qəddar, namərd, comərd” filmindəki namərd rolunun ifaçısıdı.

Xoş-beş, on beş… Mahmud o saat başladı ki, bir nəfər var bu tərəfdə, görüşməlidilər, ondan ötrü gəlib. Arada Sadayı (Budaqlı), Əhmədi (Oğuz), Rəfaili (İncəyurd), çingizi (Ələsgər) görüb-görmədiyimi xəbər alır, Avdını (Qoşqar), Seyfəddini (Əhmədov) və başqa dostları soruşur, öz ləhcəsində orasını deməyi də unutmur ki, biz gərək bundan sonra taa da etibarlı, taa da mehriban olaq, nədən ki, yavaş-yavaş qırağını qatlayırıq. Azdımı atmış yaş, a qıvlasız?

-Eşit, gör, nə deyirəm, – qonaq qara şumda qara quzunu seçən balaca şabalıdı gözlərini bir az da qıyaraq – belə anlarda, gəl, onu Vaallaka oxşatma görüm necə oxşatmırsan – gendən kompüterin ekranına nəzər salır, ciddi bir görkəm alaraq səsini uzada-uzada:

-Pah atounan, – deyir, nəqqq… qədər poetik bir ad?! Mən deyərdim ki, belə uğurlu tapıntı tarixdə görünməyib. “Məclisi-qumar”. Sən öz canın, birdən bilməzsən, dəyişərsən haa, mənim xatirimə qoy eləcə də qalsın, “Məclisi-qumar”…

Olana dəymədim, qalanı dəyişmədim, intəhası Mahmudun şərəfinə elə o adda başqa bir yazı qaraladım.

Məclisi-qumar

Mahmud (Vəli) əsrin lap əvvəllərində hardansa zəng vurub, deyir, kitab oxumağa gedirik. Başını orda islat, Sumqayıt yolunun qırağında qırxdırarsan…

Məni çaşdıran daha çox Mahmudun qarğa dilinə, jarqona sən deyən meylli olmadığını bilməyim idi. Nə kitab balam? özü də Sumqayıt yolunun qırağında?…

Qərəz… Siftə olduğuna görə, ya nə isə dostlar insafən o gün başımı çox insafla və kamali-ədəblə “qırxdılar”. Sonralar bildim ki, məni hürkütməmək üçün üzdən gediblər. Bunda işim yoxdu. Gerçək adının nəmənə olduğunu ilk dəfə təxminən on beş il əvvəl, Sumqayıt şossesindəki “Laçın koridoru”nda bildiyim o cür kitabları dostlar mənə sonralar da az “oxutdurmadılar”. O da yadımda deyil ki, nə vaxtsa o “məclis”lərdən halı pərişan qayıtmamış olum. Onlardan ən maraqlısı isə Binəqədidə olub…

Demək, belə: əlli manatı yarımca saatın içində Az.TV-li dostlara uduzdum və nə illah elədim, borca bir qara quruş da vermədilər. Yalvardım da vermədilər. Bu sənətin xiridarları deyir ki, guya, pul verdin, əl ölür. Kor-peşman maşına oturub, özümü söyə-söyə evə qayıdırdım ki, Sadayın telefonundan zəng gəldi.

-Polis bizi tutub, qayıt görək neynirik, – zarıyan Mahmud idi.

Həmən cövlana gəldim:

-Başına dönüm o polisin, dönüm başına onun, qoy bassın sizi içəri. Əclaflar. Elə bilirdiniz, əlli manatın dalına keçmək elə-belə şeydi? Halaldı bizim polislərə.

-Onun vaxtı deyil, əl çəkmirlər, – Əhməd də ilan dili çıxarandan sonra bildim ki, zarafat eləmirlər, iş ciddidi. Bu məqamda namərd dostların nə kökə düşdüyünü öz gözü ilə görməkdən ötrü, bəlkə, daha bir əlli manatdan keçməyə can-başla razı olardım… Qayıtdım…

Bəzən namərdlərin da anası namaz üstə olur: sözügedən rayonun cinayət axtarışı şöbəsində işləyən dosta bircə dəfə zəng etməklə işi yoluna qoydum və ona mat qaldım ki, görəsən, öz işlərimi niyə belə asanca düzəldə bilmirəm?… Əlqərəz, sevinc və həyəcandan sifətləri pörtmüş çörək dostlarımı qırmızı “011”-ə doldurub dərin təşəkkürlərini dinləyə-dinləyə metroyacan gətirəndə məxsusi olaraq qulağının dalını mənə göstərmək üçün maşını yarıyolda saxlatdıran Əhməd təkidlə:

-Bax, gör burda salamat yer qalıb? – soruşdu, – elə bildin başa düşmədik sənin qurduğun tələni?… Ay hayy! Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq.

Göylər aldatdı məni

Yaşı yetmişə yaxınlaşsa da, şair Mürvət (Qədimoğlu) iş dalınca hər gün Xırdalandan Suraxanıya qədər ayaq döyür. Hələ səhərin gözü açılmamış Nərimanov parkına baş çəkməyə də tənbəllik eləmir. İş yerimin yanı olduğundan təsadüfi səhərlər olar ki, görüşməyək. Hər dəfə kənd həyatından, müxtəlif sənət adamları ilə görüşlərindən maraqlı əhvalatlar danışan şairin şövqlə şer oxumağından da heç olmaz. Soyuq günlərin birində yaraşıqlı şlyapasını başında görməyib, soruşdum ki, nə tez yaylayıb, qorxmur ki, xəstələnər?

-Səhər-səhər hava xoş gəldi, göy məni aldatdı, – deyib, yatımına əlini saçlarına çəkdi, o adda şeri olduğunu da həmən diqqətimə çatdırdı və əlüstü avazına düzəliş elədi,-göylər aldatdı məni, aldatdı yerlər məni…

-Göylər aldadanda nə olar, – deyirəm, – a Mürvət, təki Göydəki aldatmasın!

Tərs oxucu

İlkin iqtisad universitetini bitirib. Maliyyəçidi. Amma o da, qızlarım da başqa ixtisas sahibi olmalarına baxmayaraq, dünya ədəbiyyatının ən say-seçmə əsərlərini sevə-sevə oxuyublar. Beş-on əvvələcən hərdən elə bilirdim, İlkin nə vaxtsa mənim də yazılarımı ən azı gözdən keçirəcək. Əvvəllər Ramizi (Rövşən), Rafiqi (Tağı), Sadayı (Budaqlı), indi isə Aslanı (Quliyev), Eyvazı (Zeynalov), Kamranı (Nəzirli), Salamı (Sarvan), Kənanı (Hacı) və Təvəkkül Zeynallının ingiliscədən tərcümələrini oxuyur. Bütün zamanların stolüstü kitabı isə birmənalı olaraq M. Arazdı. Hərdən hansısa yazımın mütaliəsinə başlasa da, o stolun üzünü görmək mənim kitablarıma qismət olmayıb. Onları ya yataq otağındakı gecə şamdanının yanında, ya divanın üstündə, ya da çirkli mətbəx stolunda görərdim. O da əvvəllər… indi daha o da yoxdu.