XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2015 - 05:47

“Başsız başçıların bəd qərarları”

Saytımızın əməkdaşı Namiq Hacıheydərlinin indiyə qədər heç yerdə dərc olunmayan şeirlərini Strateq.az oxucularına təqdim edirik:

Kişilər var idi…

Kişilər var idi bu yer üzündə,

Bir elin yükünü çəkən kişilər.

Quduz sultanlara qılınc sıyırıb,

Yetim qarşısında çökən kişilər.

Babalar var idi, bir kəlmə sözü,

Qan söhbəti bağlamağa bəs idi.

Nənələr var idi, nənə deyirəm;

Təpədən dırnağa nur kündəsiydi.

Qadınlar var idi şimşək baxışlı,

Qanında yüz ərin qeyrəti vardı.

Nə oldu, necoldu ülvi adamlar,

Torpaqmı gizlədi, yelmi apardı?!

Oğullar var idi, qaya parçası,

ölsələr, harama yanaşmazdılar.

Qurban gedərdilər namus üstündə,

Namusdan bir kərə danışmazdılar.

Obalar var idi, barlı-bəhərli,

Bir giriş, bir çıxış cığırı vardı.

Gələn yolçuları hələ uzaqdan,

Təndir çörəyinin ətri vurardı…

…Günəş həmin Günəş, Ay həmin Aysa,

Bəs niyə dəyişdi bu cahan belə?!

Kök həmin kökdüsə, soy eyni soysa,

Nədən cılızlaşdı bəs insan belə?!

Hələ ki nidayam

Dan yeri ağarır, oyağam hələ,

Nə gözlər yumulur, nə qəlb dincəlir.

Açılmaz səhərim ta innən belə,

Baxma üfüqlərdə Günəş yüksəlir…

Dostları min olsun, nə faydası var,

Əyər tənhadısa ruhu insanın.

Duyulmaz oldusa bir qaydası var,

Yüksələr göylərə ahı insanın.

Din gəzdim, ruhuma dinclik aradım,

Sonunda gördüm ki, özüm dinmişəm.

Yerlərdə, Göylərdə min sirr aradım,

Dünyanın ən böyük sirri mənmişəm.

İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,

Beşikdən qəbrəcən sirri açılmaz.

Sabah nə olacaq, bir kimsə bilmir;

Yazısı dəyişməz, qədər – qaçılmaz.

Nə olsun milyondu hər yerdə sayı,

Milyonlar içində təkdi hər adam.

Bu göylər altında, bu yer üzündə,

Bəxtəvər olmadı hələ bir adam…

…Nə arzu tükəndi, nə də ki dərdim,

Yaxşı ki, dərd boyda min xəyalım var.

ömrü palaz kimi yollara sərdim,

Göylərə verəcək çox sualım var.

Hələ ki nidayam bu yer üzündə,

Heyrətlər içində çoxmu qalacam?!

ömrümə qoyulan işarə kimi,

ömrümün sonunda sual olacam..

Dedi

Əllərimdən tutmasan,

Bu yollarda azaram.

Dedim: qoyma darıxım,

Dedi: tez-tez yazaram.

Dedim: incitsəm səni,

əfv edərmisən məni?!

Dedi: acı kəlməni,

Mən yaxşıya yozaram.

Dedim: qoyma baş qatam,

Kədər gölündə batam…

Dedi: sənə üz tutan

Dərdə quyu qazaram…

Ah çəkdim yana-yana;

Mən atayam, sən ana…

Dedi: hər şey bir yana,

Taleyimi pozaram.

Dedim: dərd oldum sənə…

Dedi: eşqsiz yaşam nə?

Ya yurd ollam eşqinə,

Ya da sənə məzaram.

Olar

ömrü yellərə vermək,

Aqillərə ar olar.

Bir başçı yanılarsa,

Min ardıcıl xar olar.

Könüllərdə qalanlar;

Dünyada iz salanlar.

Var ikən yox olanlar,

Yoxkən necə var olar?!

Ulus, yurd nədi bilməz;

Canda varsa yad nəfəs.

özgədən süd əmən kəs,

özgələrə yar olar.

Bədbəxt kimdi; yol əyən,

Qazancını yeməyən.

Haqqı görüb deməyən,

Kor olar, həm kar olar.

(Söz demə almayana,

Tanrıdan dolmayana).

Könlü tox olmayana,

Geniş yer də dar olar.

Yox! – deyib batma yasa,

Var! – söylə – var, hardasa;

üç-beş yaxşı olmasa,

Yaşamaq çox zor olar.

…ay dəli adam

Hardasan, hardasan ay dəli adam?!

Bir dəli baş gərək yer kürəsinə.

Min ildi bu dünya həsrət qalıbdı,

Azman bir dəlinin gur nərəsinə.

Bütün dəliləri yığıb qəfəsə,

Dünyanı aldılar ağıllı başlar.

Itildən Dəcləyə, Fərata kimi,

Hər şeyi çaldılar ağıllı başlar.

Dünyanı yönətən ağıllıların,

Nə nəfsi dayandı, nə gözü doydu.

Ağıllı adamlar, ağıllı başlar,

Bizim dünyamızı xaraba qoydu.

Hardasan, hardasan ay dəli adam?!

Gəlməsən bəşərin bitməz göz yaşı.

Gəl ki, törənməsin yeni qırğınlar,

Olmasın üçüncü cahan savaşı.

Başsız başçıların bəd qərarları,

Dünyanın sonunu gətirər ancaq.

Ağıllı başların qırğınlarını,

Bir dəli ürəkli bitirər ancaq…

Şair

Bir ayrı cür səslənər

Sənin dilində “şair”.

Gecə yuxuna gələr

Əli əlində şair.

Nur çilədin ömrünə,

Sənsiz onun ömrü nə?!

Həsrətdi “gəl”!- əmrinə

Dərdlər selində şair.

Hazırdı dağ aşmağa,

Sənə doğru qaçmağa…

Qanadlanar uçmağa

Səsin gələndə şair.

Sənsiz yetim görünür,

Yerdən, Göydən üşünür…

Bilki, səni düşünür;

üzü güləndə şair.

Hər an yadda qalarsan,

Sanma unudularsan.

Son sözü sən olarsan

Bir gün öləndə şair.

Atam

(Atamın məzarı başında düşüncələr)

Gec görəndə darıxardın,

İndi darıxmırsan, atam ?

Səhər-axşam boylandığın

Yoluma çıxmırsan, atam…

ölüm, yolları bağlayıb,

Od basıb, sinə dağlayıb.

Daha məni qucaqlayıb,

Köksünə sıxmırsan, atam.

Məzarını süsləyirəm,

Könlümdə gül bəsləyirəm,

Axı səni səsləyirəm,

Bəs niyə baxmırsan, atam?

Şahid olsun Tanrım özü,

Bu yovşanlı Küdrü düzü;

Nə gecəni, nə gündüzü

Yadımdan çıxmırsan, atam.

Dağıldıq son nəfərədək,

Yaylaqlardan şəhərədək…

Yuxularda səhərədək,

əlimi buraxmırsan, atam…