XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2019 - 15:49

YURD SEVGİSİNİ ƏSƏRLƏRİNƏ HOPDURAN NƏCİB İNSAN – HÜSEYN İBRAHİMOV

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyildiyi kimi: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır”.

Bu baxımdan Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-2008) çoxəsrlik Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm xidmətləri olmuşdur. Onun xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı xidmətləri danılmazdır. Geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir. Onun irili-xırdalı hər bir əsəri torpağa və insana hörmət və sədaqət ruhu əxz edir.

Xalq yazıçısı Hüseyn İbrahimovun əsərləri vətənə məhəbbət ruhu əxz etməsilə bərabər, həm də milli ədəbiyyatımızın ideya-estetik və məzmunca zənginləşməsində mühüm xidmətlər göstərmişdir. O, 1919-cu il  mayın 23-də “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtı kəndində dünyaya göz açıb.

Görkəmli Xalq yazıçısı geniş və əhatəli bir yaradıcılığa malikdir. Yaradıcılığa şeirlə başlasa da, hətta iki pyesi teatr səhnəsində tamaşaya qoyulsa da, Xalq yazıçısı özünü ədəbiyyat sahəsində görkəmli nasir kimi təsdiq etmişdir. Ümumiyyətlə isə, onun irsində 100-ə yaxın hekayə, 20-dən çox novella, 8 povest, 3 pyes, 5 roman yer almaqla yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir.

Mövzu və problem cəhətdən çoxşaxəli olan Hüseyn İbrahimov yaradıcılığında “Bahar yağışı”, “Sabahın sorağında”, “Əsrin onda biri”, “Böhtan”, “Nəciblik”, “Kənd həsrəti” və başqa əsərləri ciddi əhəmiyyətə malikdir.

Xalq yazıçısının peşəkar ədəbi yaradıcılıq sahəsində tanınması və nüfuz qazanmasında yaradıcılığının ilk illərində yazdığı “Bahar yağışı” və “Sabahın sorağında” əsərlərinin rolu böyükdür. Əbəs deyil ki, yazıçını ədəbi tənqiddə hətta ““Bahar yağışı”ndan çıxan sənətkar” kimi də təqdim edirlər (akad. İ.Həbibbəyli).

Xalq yazıçısını müharibə dövrünün yazıçısı adlandırmaq da olar. 1944-cü ildən, yəni müharibə dövründə ədəbiyyata şeirlə gələn Hüseyn İbarhimov “O qoymadı düşməndə anasının qanını” şeiri, “Məzar daşına yazılan yazı”, “Senanın göz yaşları”, “Qorxmaz kapitan” və s. kimi əsərləri ilə müharibənin gətirdiyi və yaşatdığı problemləri əks etdirmişdir.

O, bir yazıçı olaraq təkcə müharibə kimi dəhşətli bir hadisənin savaş və qırğın səhnələrini əks etdirməyib, o daha çox insanların qəlb dünyası və ruhunda yaşanan hissi-psixoloji “savaşı” təqdim etməyə çalışıb. Onun üçün insan əbədi və əzəli bədii məqsəddir. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə, insan həyatlarına enib, məhz bu ömür dünyalarında baş verən prosesləri diqqət mərkəzinə gətirib.

Onun yaradıcılığında ailə mövzusu, ailə problemi çox əhəmiyyətli yer tutub. Bəlkə də buna görə o, müharibənin dəhşətlərini göstərməli olan əsərlərində məhz ailələrin yaşadığı dəhşətləri göstərməyi məqsədəuyğun bilib. Onun təbirincə, müharibəni udan da, uduzan da, insan deyil, ailələrdir. Bu mənada onun döyüşçüləri məhz ailə kontekstində öz yerini tapır, bir döyüşçünün döyüş, mübarizə, savaş yolu onun ailə həyatında əks edilməklə təzahürünü tapır. Hər bir döyüşən əsgərin qəhrəmanlığı və rəşadətinin arxasında məhz geridə buraxdığı sevimli bir ailə məhəbbəti və onun həsrəti dayanır. Düşmən ona görə irəliləyə bilmir ki, ailəsi üçün sinəsini sipər edən, balalarının xoşbəxtliyi, anasının qoynu, həyat yoldaşının isməti, qızının namusu, bir sözlə elinin şərəf və ləyaqəti, xoşbəxtlik və səadəti üçün özünü sipər edən bir döyüşçünün qırılmaz mübarizə əzmi var. Bu baxımdan onun əsərlərində əsgərlər ailə və el xoşbəxtliyinin qorunması üçün düşmən qarşısında sərhəd dirəyi kimi dikilirlər.

“Ata məhəbbəti” hekayəsində məhz yazıçı bir döyüşçünün geridə buraxdığı ailəsi və hələ doğulmamış körpəsinə olan məhəbbətini əks etdirir. Doğulmamış körpəsinin şəklini fəhmlə yaradan Bahadır hamını heyrətdə buraxır. Həyat yoldaşı ərinin bu məhəbbəti qarşısında heyrətdən donub qalır. Poçtalyon belə, onun bu qeyri-adi fəhminə heyranlıqla tamaşa etməli olur. Yazıçının Vahid adlı döyüşçü obrazı isə uzaq yerlərdə xəstəxana mühitində özünün əzmi, sabaha olan ümidi, insanlara olan sayğısı ilə seçilir. O, öz davranışları ilə hər kəsin sevimlisi olmaqla bərabər, həm də bir örnək, nümunədir. Həkim Şalva İrakliyeviçin hər bir əsgərə öz övladı kimi can yandırması isə insan qəlbinin əzəmətini göstərmək baxımından çox nümunəvidir (“İnam”). Azərbaycanlı qızı Yazgül bir möhtəşəm qadınlıq əzəməti, məhəbbət və sədaqət nümunəsi olaraq təqdimini tapıb. Sevgilisinin ardınca müharibəyə gedən, bütövlükdə vətən aşiqi olaraq özünü təsdiq edən bu qadın öz əməli, eşqi, məhəbbəti ilə qəlblərdə bir abidə ucaldır – əzəmətli QADIN abidəsi (Əslində, ədibin böyük məhəbbətlə təsvir etdiyi Göyərçin, Qızlar, Bahar, Nazlı və digər qadın obrazları bu abidəni tamamlayır və daha da əzəmətləndirirlər – R.Q.). Məhz bu ehtiramın göstəricisi idi ki, Yazgülün ən böyük məhəbbətlə sevdiyi, öz həyatını qurban etdiyi Rəşidin yeni həyat yoldaşı Humay qardaşının da xilaskarı olan bu əzəmətli qadının xatirəsinin yaşadılmasına qətiyyətlə sayğı duyur, divardan onun rəsmini asmaqla bərabər qızlarına da məhz onun adını qoyurlar (“Şirin xatirə”).

“Zərifənin çiçəkləri”, “Sakit axşamlar” və b. əsərlərinin hər birində məhz bu ruh, bu məna var.

Yazıçı cəmiyyət quruculuğu, ayın-şayın yaşayış dövründə də insan taleləri ilə ailə talelərini paralel, qoşa qanad olaraq təqdim edir. Əmək, sadəlik, nəciblik onun təsvir və təqdim etdiyi qəhrəmanların əsl sifətidir. Ümumiyyətlə, bu keyfiyyətlər yazıçının insanda görmək istədiyi ən ali keyfiyyətlərdir. “Qoca və dəniz”, “Nazbalış”, “Göyərçinin məhəbbəti”, “Baharın hekayəsi”, “Səhv edəndə” kimi əsərlər insan talelərinin göstərilməsilə bərabər, xarakterlərin təqdimi baxımından da diqqətəlayiqdir.

H. İbrahimovun qəhrəmanları əməksevər, vətənpərvər, sədaqətli və vəfalı, bağışlayan və qayğıkeş olmaları etibarilə də xarakterik və mənən zəngindirlər. Fərrux kişi (“Qoca və dəniz”) əməksevərliyi, Kərim əmi (“Kərim əmi”) təbiətcanlılığı, Nazlı nənə (“Nazbalış”) ailəcanlılığı, Vahid müəllim (“Səhv edəndə”) insansevərliyi məharətlə təcəssüm etdirir. Yazıçı “Səhv edəndə” əsəri ilə cəmiyyətə insanları yol verdikləri səhvə görə bağışlamağı və yeni, doğru bir həyat yaşamağa qayğı göstərmələri üçün səslənir. “Bağışlayan və mərhəmətli” olan Allahın adı ilə yaşamağa başladıqları həyatda insanları bağışlamağa və günaha uğramışlara mərhəmət, əhv və qayğıya çağırır.

Hüseyn İbrahimovun əsərlərinin bir özünəməxsusluğu da var: doğulub, boya-başa çatdığı Naxçıvanı bütün varlığı ilə əks etdirmək və bu vəsilə ilə də bütöv vətənini tərənnüm və təsvir etmək. Onun ucaltdığı qəhrəmanı da, tənqidə məruz qoyduğu nanəcib insanı da, məhəbbətini, sədaqəti və vəfasını öydüyü aşiq-məşuqu da, əməksevərliyini, vətənpərvərliyini, qayğıkeşliyini təqdim etdiyi insanlar da, gözəlliyini, təravətini, tarixini, mədəniyyətini tərənnüm və vəsf etdiyi yeri, yurdu, daşı da məhz canına hopdurduğu Naxçıvandır, Azərbaycanın dilbər guşəsi və ayrılmaz hissəsi olan Naxçıvan.

Naxçıvanın şanlı tarixini və bu tarixin görkəmli qəhrəmanı Əcəmi Əbubəkr oğlunun taleyi və sənətindən bəhs edən “Əsrin onda biri” romanı tarixi mövzuda yazılan qiymətli əsər kimi xüsusi bir yer tutmaqdadır.

Böyük Azərbaycan şairi Hüseyn Cavidin ağrı-acılı ömür yoluna həsr olunan “Böhtan” əsərində həm də çalxalanan və mürəkkəb, ziddiyyətli, psixoloji gərgin bir dönəmin vəziyyəti əks olunur, müdrik və uzaqgörən fikirləri, vətəndaş qeyrəti ilə xalqına böyük inkişaf və inam bəxş edən dahi şair Hüseyn Cavidin əzəmətli fəaliyyətindən fəxarətlə bəhs edilir.

Ümumiyyətlə, görkəmli yazıçının “Əsrin onda biri”, “Böhtan”, “Ölməz mahnılar” roman və povestləri Azərbaycan ictimai fikri və mədəni inkişafında əhəmiyyətli yer tutan dövrlərdən və Əcəmi Naxçıvani, Hüseyn Cavid, Üzeyirbəy Hacıbəyov kimi əvəzsiz tarixi şəxsiyyətlərin taleyi və sənətindən bəhs etməklə Azərbaycan tarixi nəsrində mühüm yerə malikdirlər.

Onun əsərlərində təmiz insani sevgi, elə, obaya bağlılıq, yer-yurd sevgisi, nəciblik, sədaqət və vəfa, zəhmətkeşlik və halallıq və b. digər zəruri, həm də yüksək əxlaqi dəyərlər başlıca yer almışdır. Konkret olaraq ayrı-ayrı mövzulara həsr olunsalar da, onun yaradıcılığında əksini tapan hər bir müsbət qəhrəmanın arzusunda, niyyətində, qəlbində, əməlində yurd sevgisi, vətən məhəbbəti xüsusi qabarıqlıq nümayiş etdirir. Göyərçinin vəfa və sədaqətində (“Göyərçinin məhəbbəti”), uzaq torpaqlarda döyüşüb yaralanan Vahidin dözüm və qəhrəmanlığında (“İnam”), Yelmar Zərgərlinin insanlığı, təmizliyi və halallığnda (“Təmiz adam”), Sabirənin səbir, dözüm və iradəsində (“Xəcalət”), Musa müəllimin məhəbbət və vəfasında (“Köhnə onluq”), Fərrux kişinin zəhmətkeşliyi və işgüzarlığında (“Qoca və dəniz”), Kərim əminin təbiətə məhəbbətində (“Kərim əmi”), Şadiyyənin vəfası və qayğıkeşliyində (“Qadın nəfəsi”), Sənəmin əfsanələşmiş məhəbbətində (“Qızlar bulağı”), Nazlı nənənin kənd həsrətində (“Nazbalış”), Yazgülün qəhrəmanlığı və vəfalılığında (“Şirin xatirə”), Zərifənin ehtiramı və unutmazlığında (“Zərifənin çiçəkləri”), Bahadırın ata məhəbbətində (“Ata məhəbbəti”), Eldənizin nəcibliyində (“Nəciblik”), Baharın ləyaqəti və əzmində (“Baharın hekayəsi”), Vahid müəllimin qayğı və insanlıq əzəmətində (“Səhv edəndə”) məhz yurd sevgisi, xalqa, vətənə bağlılıq, insana məhəbbət öz yerini tapır. Əlbəttə, Əcəminin şah əsəri olan Mömünə xatın türbəsinin möhtəşəmliyi və fövqəladəliyinin səbəbində təmiz, saf bir məhəbbət, insanlıq vəfası dayanmırmı? Atabəy Eldənizin ömür-gün yoldaşı Mömünə xatına olan sonsuz məhəbbət və tükənməz vəfası əgər bu möhtəşəm abidənin sifarişi səbəbi olaraq əhəmiyyətli yer daşıyırsa, onun qeyri-adi gözəllik, incəlik, zəriflik, əsl sənət möhtəşəmliyinin sirrində isə Əcəminin öz sevgisi, məhəbbəti, elə, torpağa bağlılığı, sənətə vəfası dayanır, əlbət ki. Müəllifin “əsrin onda biri” adlandırdığı bir dövrdə Naxçıvanın inkişaf və intibahının kökündə, nüvəsində məhz el, oba, yer-yurd sevgisi, vətəninə, elinə, xalqına məhəbbət bəsləyən qeyrətli insanların nəcib fəaliyyətləri yar alır.

Hüseyn Cavidin (“Böhtan”) şəxsiyyət əzəməti təkcə onun şair, sənətkar qüdrəti ilə müəyyənləşmir, daha çox xalqına göstərdiyi xidmət və vətəninə bəslədiyi məhəbbətlə ortalığa çıxır, özünə əsl əzəmət, möhtəşəmlik qazanır. Çünki bu qüdrətli söz ustadı şair olmaqdan başqa, həm də ləyaqətli və əzmkar xalq müəllimi, nəhəng bir pedaqoqdur. Xalqına istiqlal düşüncəsi bəxş etməkdə, maarif, mədəniyyət nuru sahib etməkdə Hüseyn Cavidin misilsiz xidmətləri əsərin başlıca mövzusundan birini təşkil etməkdədir. Elə ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin əzəmət dolu şəxsiyyəti və qiymətli yaradıcılığına bəslədiyi ehtiram və məhəbbətin kökündə də məhz dahi liderin xalqına bəslədiyi məhəbbət və vətəni yolunda xidmət göstərmək amalı dayandığını qətiyyətlə söyləyə bilərik.

Xalq yazıçısının “Kənd həsrəti” hekayəsi isə bilavasitə yurd sevgisinin ən uca zirvəsi və ən layiqli nümunəsini təşkil edir. Qoşqar Çinarlının uzun illər doğulub, boya-başa çatdığı doğma Kosalı kəndindən uzaq düşməsi onun qəlbində, ruhunda bir yurd nigarançılığı formalaşdırır. Yaşadığı xoşbəxt, firavan və rahat həyat şəraitinə, bütün şüurunu mənimsəmiş elmi fəaliyyət və vaxtını alan beynəlxalq konfranslara baxmayaraq, qəlbinin dərinliyində sızıltılı bir kənd həsrəti onu narahat etməyə başlayır. Bir televiziya kanalından doğma Kosalı kəndindən göstərilən qısa bir süjet isə onu daha da kədərləndirir, bu həsrətə atəşli bir od vurur. Təkliyə qapılan bu yaşlı professoru uşaqlıq xatirələri, keçmiş həyatı ağuşuna alır, ömür-gün yoldaşı Mehri yadına düşür, xəyalən onunla danışır, ata-anasını xatırlayır və artıq keçmişə dönmüş bu xatirələr qoca professoru özü ilə aparır; övladları otağa daxil olub ona baş çəkəndə isə bu qocaman atadan sadəcə vəsiyyət ifadə edən bir parça kağız qalmışdı: “Məni Kosalıda dəfn edin”.

Onun əsərlərində xüsusi məhəbbətlə və bir az da həsrətlə təsvir olunan Kosalı kəndi elə yazıçının öz dos-doğma kəndi olan Şahtaxtının özüdür. Müxtəlif əsərlərində tez-tez adına rast gəlinən müsbət qəhrəman, əzəmətli insan obrazını canlandıran Vahid müəllim də (bu obraz hətta bir neçə əsərində rast gəlinir, hətta yazıçının yaradıcılığında “Vahid müəllimin hekayələri” silsiləsi ayrıca bir yer tutur – R.Q.) elə ədibin özüdür. Bu görkəmli yazıçı insanda hər zaman nəciblik axtardığı kimi öz yaradıcılığı, həyatı və fəaliyyəti boyunca da öz nəcabətini ləyaqətlə qorumuş, nəcibliyin keşiyində dayanmışdır.

Yazıçının “Nəciblik” əsərində təsvir etdiyi hadisələrdən çıxan dərs insanın yaşadığı həyat boyunca nəcib davranmasına çağırışdır. Vaxtilə “yumruğunu stola çırpanda bədənlərə üşütmə salan” qocaman Sərdar müəllimin peşmanlığı və xəcaləti məhz bu bu fikirləri insana aşılayır. Gənc rəis Eldənizin nəcib davranışı isə gənc nəsillərə bir nümunə kimi görsənir. Və təsadüfi deyil ki, Xalq yazıçısının yaradıcılığına çox yüksək dəyər verən görkəmli elm adamı akademik İsa Həbibbəyli bu barədə haqlı olaraq yazırdı: “Yazıçı hekayələrindən yalnız birini “Nəciblik” adlandırsa da, əslində bütün yaradıcılığı boyu nəcib insani dəyərləri qələmə almış, yarım əsrdən çox nəcibliyin keşiyində dayanmışdır. “Nəciblik” Hüseyn İbrahimovun təkcə hekayəsinin adı deyil, özünün də yaradıcılıq portreti və mənəvi pasportudur”.

Yazıçının məhəbbət ruhlu əsərləri içərisində xüsusi yeri ilə seçilən “Qızlar bulağı” hekayəsi Naxçıvanı əfsanələr yurdu kimi təmsil edən Qızlar bulağı haqqındakı əfsanəvi hekayətidir. Çox zaman Naxçıvanı təmsil edən, ulu Mömünə xatının ayaq tərəfindən çıxan bu bulaq özü haqqında rəvayətlərlə adını əfsanələşdirmiş, yazıçı Hüseyn İbrahimovun məharətli qələmi və zəngin intuisiyası ilə sanki yenidən qələmə alınmışdır. Onun məhəbbət mövzulu əsərlərində əzəmətli bir eşq, qabil və qadir bir məhəbbət öz yerini tapır. “Göyərçinin məhəbbəti”, “Şirin xatirə”, “Qadın nəfəsi”, “Qu quşları öləndən sonra oxuyur”, “Baharın hekayəsi”, “Qızlar bulağı” və b.  əsərlərdə məhz təmiz, saf məhəbbətin tərənnümü, sədaqət və vəfa dolu sevginin qələbəsi insana təmiz duyğular bəxş edir. Onun əsərlərində vəsf və tərənnüm olunan məhəbbət mövzusu sadəliyi, saflığı, təmizliyi ilə sevilir. Çox zaman da kənd həyatında yaşanan məhəbbət macəraları bu ülvi, təmiz hisslərilə insan qəlbini zənginləşdirir. Məhəbbətin insanı xilas edəcəyinə inamı qətiyyətlə yer alır. Tamamilə doğru deyilib ki, “nəcib hisslər, xeyirxahlıq, başqalarının səadəti üçün çalışmaq yazıçının qəhrəmanlarının səciyyəvi cəhətidir” (“Ömrün və sənətin müdriklik çağı”).

Xalq yazıçısı H.İbrahimov böyük ustadı Cəlil Məmmədquluzadədən də təsirlənərək bir sıra satirik-yumoristik əsərlər yazıb. “Yeddinci meyid”, “Nəciblik”, “Zırrama”, “Eyvazovun salamı”, “Day lazım olmadı” və b. əsərlər yeni həyatdakı köhnəlikləri, gerilikləri tənqd və ifşa baxımından çox əhəmiyyətlidir. O, insanların nəcabətinə kölgə salan keyfiyyətləri qırmanclayaraq mənəvi zənginlik və ali keyfiyyətlər əxz etdirir. Tənqidçi Q. Xəlilovun təsdiq etdiyi kimi: “Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir”.

Ümumiyyətlə, Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı nəcib hisslər, ülvi duyğular, təmiz, saf məhəbbət əxz edir. Doğru deyilib ki, “Hüseyn İbrahimov düşünən və düşündürən yazıçıdır” (Ş.Səfərov). Yaradıcılığında doğma Naxçıvan aləmindən dünyaya boylansa da, Xalq yazıçısı, Süleyman Rəhimovun dediyi kimi, “Hüseyn İbrahimovun yaradıcılığı məhəlli ölçü istəmir… O, bütöv Azərbaycan yazıçısıdır”. Bəli, əlli ildən artıq qos-qoca bir müddəti bədii yaradıcılıq işinə həsr edən Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı gənc nəsillərin əxlaqi-mənəvi tərbiyəsi üçün çox əhəmiyyətlidir. Onun bu zəngin yaradııcılığını çox yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “…yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, müdrik ziyalı mövqeyiniz Sizə hörmət gətirmişdir”.

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamında da deyildiyi kimi: “Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.

Vətəninə, torpağına bağlı, xalqa dərin məhəbbət bəsləyən Xalq yazıçısı Hüseyn İbrahimovun gələcəyə  səslənərək dediyi: “Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı…” kimi dəyərli, müdrik sözlər neçə illər gənc nəsillərin qulağında əks-səda verərək onlara el, oba, yer-yurd cavabdehliyi və vətənpərvərlik ruhu, tərbiyəsi əxz edəcəkdir. Eləcə də qos-qoca bir çinar ömrünü xatırladan Xalq yazıçısının zəngin söz sərvəti, müdriklik əxz edən qiymətli əsərləri illərcə insani dəyərlərin və nəcibliyin əhatəsində qol-qanad açaraq onun keşiyində dayanacaqdır.