Əbədiyyət qazanan [color=red]alim

Neçə gündür bir yazı yazmaq istəyirəm, xatirələr, düşüncələr içimdə qövr etdiyindən yazmaqda çox çətinlik çəkirəm, sözün içində itib batıram. Insan öz yaxınını itirəndə necə də onun üçün çətin olurmuş! Gözəl insan, yaxşı dost, yaxın qohum, görkəmli alim haqqında yazmaq necə də ağırmış. Onun cismanı yoxluğuna inanmaq istəmirsən.
Onu da deyim ki, insan öz yaxını bildiyi adamı yaxında, uzaqda və harda olmasından asılı olmayaraq həmişə öz yanında hiss edir. Heç vaxt onu tərk etmir. Bir neçə gün bundan əvvəl cismani olaraq itirdiyimiz biologiya elmlər doktoru, professor Ramazan Əliyevin yoxluğu ilə heç cür barışa bilmirsən, reallığı yaxına buraxmaq istəmirsən. Heç olmasa olanlardan, olmuşlardan sözlə bir portret cızmaq istəyirəm. Buna nə qədər nail olacam bilmirəm, amma çox çətindi. İstədiyim kimi təsvir edə biləcəyəmmi? Məgər insanın iç dünyasını, onun keşməkeşli həyat yolunu bir yazıda təsvir etmək o qədər də asanmı? Özü də görkəmli bir alimin haqqında. Burda elə rənglər tapmalısan ki, çalarlar bir-birini tuta bilsin, rənglər bir-birinin içərisində itib batmasın. Hardasa bu rənglərdə görünən duyğulara, düşüncələrə çox ehtiyatla yanaşmalısan, zərgər dəqiqliyi ilə baxmalısan. Axı Ramazan müəllim təbiət vurğunu idi.Təbiətin füsunkar qucağından özünü bir anda uzaqda hiss edə bilmirdi. Öna görə də biologiya elmini özünə sənət seçmişdi. Vətənin dağını, daşını, meşəsini, düzünü, çayını, gölünü çox sevirdi. İstəyirdi öyrənilməmiş təbiət canlılarını öyrənsin, tədqiqat işi aparsın, elimdə müəyyən nailiyyətlərə nail olsun. Buna nail oldumu? Əlbəttə həvəs, bacarıq varsa, zəhmətə qatlanırsansa nail ola bilərsən. O, çox şeyə nail oldu! Bir dəfə söhbətində deyirdi:
“Mən həkim də, ədəbiyyatçı da ola bilərdim, amma nədəndir bilmirəm, içimdə biologiyaya bir bağlılıq var idi."
Ağstafa rayonunun Poylu kəndində18.06.1951-cildə maddi cəhətcə o qədər də imkanı olmayan bir ailədə dünyaya göz açmışdı. Atası Alı kişi müharibənin ağrı-acısının təsirindən yenicə özünü düzəldib özünə xırda bir koma qura bilmişdi. Ailənin dolanışığı o vaxtkı şəraitlə, güzəranla tam üst-üstə düşürdü. Camaatın güzəranı kolxozda işləyib özünə müəyyən bir gün-güzəran yaratmaqdan asılı idi. Bu isə müharibədən çıxmış bir ölkədə kolxozda işləməklə çox çətin idi. O deyirdi: – Onda Ağstafadan Bakı çox uzaqda görünürdü. Elə bilirdim oraya gedib çıxmaq çox çətindi. Nə maddi imkansızlıq, nə də Ağstafadan Bakıya uzanan uzaq yol onun arzularının qarşısına sədd çəkə bilmir.
Oxuduğu Poylu orta məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Pedaqoji İnstitutunun Biologiya fakültəsinə qəbul olur. İnistitutda oxuduğu illərdə elmi işlərlə məşğul olmaq arzusuna düşür. İnstitutu qırmızı diplomla bitirsə də Sabirabad rayonuna müəllim göndərilir. Bir neçə il müəllimlik fəaliyyəti ilə məşğul olur, lakin elmə olan həvəsi onu sakit buraxmır, Bakı ilə əlaqəsini tam kəsmir. Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya qəbul olur və müvəffəqiyyətlə müdafiə edib alimlik dərəcəsi alır.
Professor Ramazan Əliyevin namizədlik (PhD) dissertasiyasının mövzusu "Kür çayı nizama salındıqdan sonra Hacıqabul və Naxalıqçala göllərinin dib faunası", doktorluq dissertasiyasının mövzusu isə "Azərbaycanın şirinsu hövzələrinin amfipodları (növ tərkibi, ekologiyası, biologiyası, mənşəyi və əhəmiyyəti)" elmi işləri olub.
Alimin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 110, xaricdə çıxmış elmi əsərlərinin sayı isə 3-dür. 3 elimi monoqrafiyanın, 12 dərs vəsaitinin müəllifidir. Bu vəsaitlərin bir neçəsi qida texnologiyasına həsr olunmuşdu. O, Zoologiya İnstitutunda şöbə müdiri olmaqla yanaşı, həm də Azərbaycan İqtisad Üniversitetində kafedra müdiri idi. Onun balıq təsərrüfatının genişləndirilməsi və ərzaq məhsullarının texnologiyasının inkişafına dair bir neçə səmərəli təklifi vardı. Çox təəssüf ki, alimin bu təkliflərindən səmərəli surətdə istifadə olunmadı. Bir də ona təəssüf edirəm ki, alim layiqli yerini tuta bilmədi. Ona qarşı ögeylik münasibəti göstərildi. Hardasa bunlar da alimin səhhətinə öz təsirini göstərirdi.
Əldən tutmağı, kimsə kömək etməyə ehtiyac duyduqda o köməyi əsirgəməzdi. 10-dan çox elmlər namizədi yetişdirmişdi.
Həm də alim evə, ailəyə çox bağlı insan idi. Övladlarını çox sevirdi. Söhbət ərəfəsində deyirdi: “Şükür Allaha, uşaqlarım etimadımı doğrultdu, zəhmətimi itirmədilər.. Dördü də həkimdi. Söz arası – vallah, hamısı öz zəhməti ilə oxudular. Belə də olmalı idi. Zəhmət çəkməsən, oxumasan həkim olmaq olar ki? İndi hamısı adlı-sanlı həkimdilər. İnanın nə qədər dəyərli, sanballı elmi əsərim olsa da, övladlarımı hər şeydən yüksəkdə tuturam. Övladlarımla fəxr edirəm, elə bilirəm dünyanın ən zəngin adamı mənəm."
***
Bu yerdə Jan Pol Sartrın belə bir fikri yada düşür:
“Ziyalını ziyalı edən xüsusiyyət, yaşadığı dövrün gərçəklərinə və ziddiyyətlərinə qarşı ortaya qoyduğu mövqedir”.
Ziyalı sözünə həmişə böyük ehtiyac duyulur, özü də bizim məmləkətdə. Ziyalı da ona ehtiyac duyulan yerdə öz himayəsini əsirgəməməlidir. Ramazan müəllim xalqa, elə-obaya bağlı adam idi. Bütün yaxınları, qohumları, tanışları onu özünə yaxın simsar bilib, dost hesab edirdi. Kimsəyə deyə bilmədiyi sözünü ona çox rahatlıqla deyirdi. Səbrli, təmkinli məsləhəti ilə qəlb oxşaya bilirdi. Heç vaxt heç kəsdən köməkliyini əsirgəməzdi. Başqa cür köməyi çata bilməyəndə heç olmasa gözəl bir məsləhətlə kiminsə könlünü duyğulandıra bilirdi.
Nədəndi bilmirəm, bu xatirələr qəlbimdə qövr edir, xatirələrlə danışıram bir də görürəm metroda, avtobusda, elə küçədə duruşu, baxışı, yerişi gözümə sataşır. Bir anlıq onun yoxluğu yaddan çıxır. Və yaxınlaşırsan görürsən o deyil. Birdən qəflətən onun səsi qulağında cingildəyir. Hayana boylanırsan onu görə bilmirsən. Sonra xəyal, düşüncə səni öz qoynuna çəkir. Yenidən çox-çox yaxınlara, uzaqlara aparır. İçində bir göynəmə hiss edirsən. Dərin düşüncəyə dalırsan. Sözlə özünü ovutmağa çalışırsan. Nədənsə bir neçə il bundan qabaq yazdığım şeiri zümzümə edirəm, özümü sakitləşdirməyə çalışıram:
Səni axtarıram, hər zaman səni
Bəxtimin qaranlıq döngələrində.
Bəlkə də qəlbimdən uzaq düşmüsən
Ümidin ümidsiz kölgələrində.
Qəlbimə sığmayan arzularım da,
Uşaq tək iməklər sənin yolunda,
Kədərin xəlvəti bir diyarında,
İtirdim sayını bəlkələrin də.
Arzuma şirinlik qata bilmədim,
Yüyürdüm arxanca çata bilmədim,
Axtardım-axtardım, tapa bilmədim
Xəyalın ən uzun cərgələrində.
Ümidim böyükdü; bəlkə tapardım….
Qəlbimin simini çəkib qopardın..
Səbrimi yollarda yeyib qurtardım,
Ömrümün bu səfil küçələrində..
***
Ramazan müəllimin ən yaxın dostlarından biri şair Akif Səməd idi. Akiflə onu tale ömrün ən ağır sınaqlarında görüşdürmüşdü. Hər ikisi eyni xəstəliklə – infarktla "Semaşko" xəstəxanasında eyni palatada müalicə olunurlar. Bunlar arasındakı səmimiyyət dostluğa çevrilir. Müalicədən sonra reabilitasiya məqsədi ilə Bilgəh kardioloji sanatoriyasında sonraki müalicələrini davam etdirirlər.
Hər ikisi cavan yaşlarında bu xəstəliyi keçirmələrindən çox məyus olurlar. Ramazan müəllim keşməkeşli həyat yolunun əzab-əziyyətindən, çətinliklərindən danışır. Akif Səməd şeirlə cavab verir. Bəlkə də şeir də, sənət də insanı dərdini-qəmini ovutmaq, sakitləşdirmək, onda xoş duyğular yaratmaq üçün bir bəhanə, bir vasitədir.
Professor bir dəfə söhbət əsasında bunları özü danışdı və Akif Səmədin öz xətti ilə yazdığı əlyazmanı mənə verdi. "Saxla" dedi. Mən də saxlamışam. İndi hər ikisi haqq dünyasına qovuşub. Allah hər ikisinə rəhmət eləsin. Mən bu şeiri də burada verməyə özümə borc bildim:
Qalib Şəfahət
Ramazan Alıoğluna
Ramazan qardaşım, səni bilmirəm
Şairi dünyada söz ahı tutdu.
Oğul ucbatından çayır bitirən,
Cığır ahı tutdu, iz ahı tutdu.
Nələri gətirim yada bilmədim,
Torpaq tapdaq oldu yada, bilmədim
Yanan yaşıl şöylər, ya da bilmədim
Üstə su calanan köz ahı tutdu.
Otüz il yaşadım, yaxşı ki, qandım:
Telli saz yaralı, ulu söz qandı,
Kəbə yıxmaq bir qan, könül yüz qandı,
Məni bir könülün yüz ahı tutdu.
Dünya Əsli köynəyində yanan düymədi,
Heyif göz yaşıma, qardaş dəymədi
Gözünə döndüyüm Akif Səmədi
Kimsənin suçu yox, öz ahı tutdu.
Bilgəh, fevral 1994
Akif Səməd