XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 09:29

Tanınmış yazıçı Azad Qaradərəli: Saatlıda böyük bir xəzinə var [color=red](rəssam Sürəyya Muğanlının rəsmləri üzərinə)[/color]

“Yazı” ədəbiyyat dərgisini çap edəndə düşünmüşdüm ki, hər nömrədə bir rəssamın işlərindən söz açacaq, əsərlərindən nümunələr verəcəyik. Bu o demək idi ki, sözlə rəsmin daha yaxın qohum olduğu qənaətindəydik.

Sənətə daha həssas olan mərhum Rafiq Tağı “o boyda rəssamı haradan tapacaqsan?”,-deyəndə mən dünya rəssamlığına da üz tutacağımı bildirmişdim. Belə də oldu. Azərbaycan rəssamlığı ilə dünya rəngkarlığını tarazlıqla verə bilməsək də, buna daim cəhd etdik.

İlk müraciət etdiyimiz yerli rəssamlardan biri Sürəyya Muğanlı oldu. Özünü tanımasam da, əsərlərini görüb heyrətləndim. Və dərgimizin 3-cü sayının üz qabığı və içərisi onun sürrealist əsərləri ilə süsləndi. Muğanda – Saatlıda yaşayan bu rəssam xanıma sifariş etdim ki, dərgidə əsərlərinizi vermişik, alıb tanış ola bilərsiniz…

Üstündən 3 il keçəndən sonra yolum Saatlıya düşdü. Dərgimizin oxucuları ilə maraqlı görüşdən sonra xahiş etdim ki, məni Sürəyya Muğanlı ilə tanış etsinlər. Və biz Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinə yollandıq. İlk söhbətdəncə məlum oldu ki, Sürəyya xanımın əsərlərinin bizim dərgidə getməsindən xəbəri yoxdur (!?). Ucqarın belə çətinlikləri var, buna sözüm yox, amma dərgimizin yaradıcı qrupunun üzvü olan muğanlı şairin bunu niyə ona demədiyinə isə heç cür haqq qazandıra bilmədim…

Bir görəydiniz ki, rəssam xanım üç il qabağın dərgisinin əlimdəki nüsxəsini necə acgözlüklə seyr edirdi. Mən onu Sürəyya xanıma bağışlayanda sanki dünyanın ona bağışlandığını zənn etdi.

Və o bizi uzun illərin əziyyəti  hesabına öz əlləri ilə qurduğu muzeylə tanış etdi. Muzey haqda, onun eksponatları haqda elə danışırdı ki, sanki ən doğma adamlarından söz açır…

Sonra ondan xahiş etdim ki, bizi öz əsərləri ilə tanış etsin. Bir görəydiniz ki, onun üzü necə işıqlandı. Muğan günəşinin (yeri gəlmişkən, burda günəş hiss olunmur, yəni batdı-çıxdısı bilinmir – o həmişə muğanlıların yanındadır) əks olunduğu bu simada oxumağa çalışdığım ifadələr gəzir.

“Burda mənim rəsmlərimi sevmirlər ki… Deyirlər, bu nə təhər rəssamdır, qulağı boyunda çəkir. Göz dizdə olur, ürək bir ayrı yerdə… Məni dəli hesab edən də var, bəlkə…

Bunları deyə-deyə işlərinin yığıldığı bir otağa aparır bizi. İlk qarşıma çıxan əsər sarsıdır məni: bu gördüyüm yüzlərlə “Dədə Qorqud”un içində xüsusi seçilən əsərdir. Onun reproduksiyasını görmüşdüm və dərgimizin üz qabığında getmişdi. İndi orjinalla üz-üzəyəm.

Bu da “Sirli alım” tablosu. Çoxlu qulaq var, yaxud əsər özü iri bir qulaq kimidir. Mən “Yerin qulağı” adlandırıram bu tablonu. Mənim izahım və bu cür ad verməyim Sürəyya xanımın çox xoşuna gəlir. Əsərinə verilən qiymətdən fərəh duyduğunu hiss edirəm.

Sirli-aem.JPG

Bu da başqa bir “Sirli alım” tablosu. (Rəssamın bu adda tabloları çoxdur, bir silsilə kimi.)  Qoca bir kişi  tablonu tamam tutub, sanki dünyanı  tuutub, saç-saqqalı yerlə sürünür, əl-ayağımıza dolaşır… İblismidir, məlkəmidir, nəmidir? Sürəyya xanım çətinlikdən qurtarır məni: “Mən burda dünyanı – qoca dünyanı öz duyduğum kimi vermişəm…”

Can-yenil-si.JPG

Qulağıma Mefistofelin qəhqəhəsi gəlir:

Hərdən xoşum gəlir lap bu qocadan,

Onunla aranı vurmamaq şərtdir…

Şeytanın özüylə belə mehriban

Danışmaq özü də bir kəramətdir…

Və başqa bir tablo: Yer kürəsinin üstündə tutaşan iki adam… Qrafikayla işlənmiş bu əsərdə güclü kölgə effektləri  hələ çılpaq olan insanın torpaq üstə didişməsini elə sərrast çatdıra bilir ki…

..Mən Sürəyya xanımdan və onun əsərlərindən ayrıla bilmirdim. Heç bu əsərlər də məni buraxmaq istəmirdi. (Sonradan məlum oldu ki, muzeyin başqa bir otağı da var ki, rəssamın əsərlərinin anbarıdır bura. Bir bilsəniz, burada rəssamın necə nadir inciləri yatır!)

Yazının sonunda aidiyyatı qurumlara bir xatırlatma: Muğanda  – Saatlıda bir xəzinə var, Sürəyya Muğanlının əsərlərindən ibarət xəzinə. O xəzinəni xalqa çatdırmaq və dünyaya çıxartmaq sizin boynunuzun borcudur. Bakıda bu xanım rəssamın böyük bir fərdi sərgisini təşkil etsəniz, səfirliklərin iştirakı ilə bunun arenasını genişləndirsəniz, mədəniyyətimiz də udar, rəssamlığımız da qazanar…

Biz muzeyi tərk edəndə zəif qış günəşi zenitdəydi. Zatən burda günəş hiss olunmur ki…

Azad Qaradərəli