XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2019 - 13:42

Politoloq Elşən Nəsibovun romanı çap olundu:"Qayalıqda qızcığaz" nədən bəhs edir?

Politoloq, siyasətşünas-alim, yazıçı və publisist Elşən Nəsibovun “Qayalıqda qızcığaz” romanı çapdan çıxıb.

Strateq.az xəbər verir ki, əsərdə kiçik yaşlı, tam orta məktəbin ibtidai sinifində təhsil alan Elşanə adlı qızcığazın və ailəsinin bir tərəfdən xoşbəxt, firavan, digər tərəfdən də acı və dramatik faciəsi obrazlı şəkildə təsvir olunur.

Qızcığazın narahat və kədərverici həyatı üzərində formalaşan dərdli düşüncələr, ardıcıl qorxular, həyəcanlar, təşvişlər və qızcığzın başına gələn hadisələrdən doğan fəryadlar, ah-nalə hissləri, nəhayət, ailənin başqa  üzvünün –atanın – başqa bir aləmdə, röyada “ölüm itkisi”  ilə şərtlənərək sonuclanır. Qəmli, kədərli və xəyallara söykənən həyat başa çatır və reallıq dövrünə qədəm qoyulur. Reallıqda xəyallar, röyalar xatırlanır. Real həyatın çətinlikləri ilə barışılır. Ailə təkrarən real həyatın keşməkeşli həqiqi problemləri ilə üzləşir və gerçəkliklərə qatlaşmağa, hadisələrlə ayaqlaşmağa və günün tələbləri ilə barışmağa məcbur olur.

Həkimin tam da təsdiq oluna bilməyən diaqnozuna görə, anadan doğulanda Elşanənin sağlamlığında bir qədər qüsur olur. Belə ki, səhhətində əksər hallarda ümumi zəiflik, halsızlıq  müşahidə edilir. Həkimin qənaətinə görə, ürəyindən problem  yaşayır. Səbəbi tam bilinməyən  ürək problemi ailənin əməlli-başlı qəlb iztirabına  çevrilir. Problem özü ilə məyusluğu, ruh düşkünlüyünü, fikir dalğınlığını  yaradır. Elə ətraf üçün də, yaxınlarına da  iztirabları yaşadır. Lakin fərdi həkimin diaqnozu ailədə şübhə ilə qarşılanır. Çünki başqa həkimlər onun ürək problemi diaqnozunu tam da təsdiq etmirlər. Ehtimallar,  təxminlər, şübhələr daha çoxdur. İkitirəlik, çaşqınlıq var. Bu da bir tərəfdən narahatlıq, digər tərəfdən isə çaş-başlıq yaradır,  şübhələr doğurur.

Fərdi həkimlə başqa həkimlərin diaqnoz uyğunsuzluğu ailədə təlaş doğurur. Bir tərəfdən iman, inam və güvən yaradır, digər tərəfdən də məyusluq, ümidsizlik ortaya qoyur. Qızcığazın səhhəti bütün yaxın qohumlarını, eləcə də valideynlərini hər zaman narahat edir. Ata və anası uşağa qarşı çox həssas yanaşırlar.  Onun üzərində gecə-gündüz əsirlər. Nəzarət və qayğı daha artıqdır.

Uşaq həm də  həkim nəzarətindədir. Uşağın həkimi nəvazişli, xoşxasiyyət bir şəxsdir. Əlləri şəfalıdır. Siması nurludur. Həkim uşağın təkcə ürəyini müalicə etmir, həm də onunla dost kimi davranır. Elə bil, qızcığazın bağça tərbiyəçisidir, ya da şəxsi dayəsidir, baxıcısıdır. Uşaq onunla söhbətdən xoşlanır, rahatlanır.

Həkimin yüksək psixoloq qabiliyyəti var. Valideynləri həkimi uşağın “Yerdəki Allahı” hesab edirlər. Ancaq həkim xəstəliyin tam diaqnozunu təsdiq etmək üçün qızcığazın bir qədər böyüməsini gözləyir. Öz xoş niyyətləri ilə valideynlərini rahatlaşdırır. Onlara ürək-dirək verir.  Zaman-zaman müayinələr aparır. Xəstəliyi sərasər (başdanayağa) izləyir. Müalicə metodu ilə onu təqib etməyə, üzərində qələbə çalmağa çalışır. Müxtəlif metodları tətbiq edir.  Uşağın atası isə uşaqda ürək yox, daha çox həsasslıq, emosionallıq, münasibətlərdə ifrat yaxınlıq  problemini görür. “Ürək problemi” məsələsi onda şübhə yaradır.  Problemi həqiqi mənası ilə uşağın xarakterində, psixi dəyişən halında  axtarır və bunun da sinirlərinə təsir etdiyini, ürəyini sıxdığını, halını bir qədər dəyişdiyini təxmin  edir. Ata qızcığazın  ürəyi yumşaq, qəlbi kövrək, əliaçıq,  saf, məsum qəlbli, pak  birisi olduğunu hesab edir.

Valideynləri gecə-gündüz Allaha dua edirlər ki, uşağa nəisə olmasın. Onu itirməsinlər. Onun itkisi digər uşaqların da depressiya dolu həyatına səbəb olar. Ailədə uşağa görə yaşanan kədər dolu mühitə baxmayaraq, onlar ailədə üçüncü uşaq olan Elşanəni Allah qisməti  sanır, taleyin alın yazısı, qədəri, qisməti  hesab edir, bununla da  öz diqqət və qayğı borclarını yerinə yetirirlər. Ata-ananın uşaqla bağlı söhbətlərində, dialoqlarında  əsas mövzu bu qızcığazın sağlamlığıdır, gələcək səadətidir.

Qızcığazın səhhəti ailədə bəzi hallarda ruh sarsıntısına səbəb olsa da, qəm-qüssə mühiti formalaşdırsa da, ata və ana gələcəyə olan ümidlərini itirmirlər, parlaq ümidlərlə yaşayırlar. Bu vəziyyəti sadəcə bir sınaq, çətin imtahan dövrü  hesab edirlər. Səbir, təmkin və dözüm  nümayiş etdirirlər.  Həkim də böyüdükcə xəstəliyin keçə biləcəyini deyir. Bu da çox zaman  valideynlərin gələcəyə yönəlik sevinc göz yaşlarını axıtmalarına səbəb olur. Gənc ailədə mövcud kədərlə gələcəyə yönəlik xoşbəxtlik arzusu və ümidi sintez olunur. Bu, gah kədər, gah da sevinc yaradır.

Ailədə ata-ananın bu uşaqdan başqa aralarında yaş fərqi böyük olmayan daha üç övladı var. Ata, ana, üç  qız və bir  oğlandan ibarət olan ailə üzvləri bir-birilərinə qarşı  çox mehribandırlar. Uşaqlar arasında yaş fərqləri ardıcıl olaraq təxminən bir yarım, iki və üç yaşdan  ibarətdir.  Ancaq uşaqlar arasında böyük qızlardan yaşca kiçik olan qızcığaz – Elşanə  daha şirin dillidir, gülərüzdür, adama çox  yanaşandır. Aktivdir, açıq təbiətlidir.  Həm də “ataya yapışan”dır. Bir an onu gözdən qoymaq istəmir.  Gözləri daima parıldayır.  Siması nurludur. Qəlbi həmişə işıq saçıb, ətrafa enerji verir.  O,  özünü hər kəsə istədir. Hər kəsin qılığına girir, hamının diqqətini özünə çəkir. Ona ətrafdan zarafatla “yaltaq balaca”, “özünü istədən şeytan”, həm də ciddi olaraq  “şirindilli mələk” adını  qoyublar.  Ailədə uşaqlar qızcığazın şirin dilinə görə uşaq səmimiyyətlərini daha da artırırlar.  Qızcığazın xoş xassiyyəti və özünü  əzizləməsi, hamıya sevdirməsi  ailədə mehriban bir uşaq mühitini yaradır. Onun öz qəlbini və maddi dünyasını  bölüşməyi bacarmaq xüsusiyyəti bir tərəfdən o biri uşaqların qısqanclığını şərtləndirir, digər tərəfdən isə onları bir araya cəlb  edir. Uşaq sanki mərkəzləşdirici bir vasitə rolunu oynayır. Kollektiv sevəndir. Bacılarını  və qardaşını, yaxın qohumlarını  başına toplayır. Qəlbi kövrəkdir.  Uşaqlar arasında küsmək baş verdikdə, dərhal qızcığaz dillənir: “Bacılarım  və qardaşım,  gəlin bir yerdə oynayaq! Küsmək olmaaaz..!”.  O, öz oyuncaqlarını da bölüşür, açıq qəlblidir, nəzakətlidir, ünsiyyətcildir, ürəyi yumşaqdır.

Ancaq qızcığaz  çox həsassdır, ətrafa qarşı qıcıqları çoxdur, emosionaldır. Sanki ətraf qıcıqlarla, oyadıcı siqnallarla  yaşayır.  Hadisələri özünə çox doğmalaşdırır. Bilmək olmur – bu xasiyyət nədir. Bacıları  və qardaşı ondan küsəndə ağlayır, özünü pis hiss edir. Küsməkdən zəhləsi gedir. Küsməyə qarşı qəlbi incədir, kövrəkdir. Bu hala dözə bilmir.  Özünə qəbul edə bilmir. Mübahisələrdən, ailə söz-söhbətlərindən, qıcıqlı danışıqlaran  qorxur. Ətrafda kimsə uca səslənəndə, bərkdən, qəzəbi danışanda  halı dəyişir, bənizi ağarır, gözləri dolur, kövrəklənir. Uşağı ata ilə bağlayan ilahi, ruhi  bir sirr mövcuddur.  Faciəvi xəyali sonluq da bu bağlılıqdan baş verir.

Valideynlər uşaqlara baxıb sevinirlər, onları fəxrlə müşahidə edirlər. Uşaqların simasında  öz indiki həyatlarını və  gələcəklərini xoşbəxt sanırlar. Maddi çətinliklər olmasına baxmayaraq, ailədə etinasızlıq, diqqətsizlik, qayğısızlıq mühiti yoxdur. Əksinə, yüksək diqqət və qayğı yaşanır.  Uşaqlar valideynlərin  zinətidir, mənəvi irsidir. Uşaqları həyat incisi hesab edirlər.

Uşaqların  atası geniş və çox mövzulu, əhatəli yaradıcılıqla məşğuldur. Təsəvvürdə, arzu olunan, ümid dolu  vəziyyətlərdə, röyada kitablarına görə dünyada tanınır. Kitabları çox satılan müəlliflərdən biridir-best seller-dir. Kitablardan müəyyən  gəlirlər əldə edir. Ətrafda belə hesab olunur ki, varlı bir adamdır. Onun ailəsi qıraq üçün, kənardakıların diqqət nəzərində   xəyalən zəngin, yüksək maddi təminatlı ailə  təəssüratı bağışlayır.

Əsərin əsas  dramatik məzmunu, gərgin ruhu  onunla müəyyən olunur ki, əsərin baş qəhrəmanı olan  qızcığaz məktəb həyətində şəhər oğruları (uşaq oğru quldurları), – məktəbə gedən qızcığazı  uzun müddətdən bəri müşahidə altında saxlayan qurup,  – tərəfindən şirin dillə aldadılır, maşına otuzdurulur, kisəyə salınır və dövlət nömrə nişanı örtülü olan avtomobillə  naməlum istiqamətə aparılır. Sonradan məlum olur ki, oğurlanmış uşaq kəndlərin birindəki qayalıqda mağarada  gizlədilir.  Oğurluğun səbəbi və məqsədi valideynlərindən pul tələb etməkdir. Əsil dramatiklik də bununla başlayır. Uşaq bir tərəfdə əzab çəkir, ailə isə başqa tərəfdə bəlaya düçar olur.  Digər bacılar və qardaş da psixoz vəziyyətdədirlər. Yaşca kiçik olan qardaşı bütün günü onun həsrətini çəkir. Aləm qarışıb, ailə kəskin itkilər astanasındadır.

Uşağın oğurlanması ailənin və yaxınlarının  böyük fəlakətinə, iztirabına  çevrilir. Bu hadisə böyük itki ilə sonuclanır. Xəyali hadisədən sonra, reallıqda  ailədə diqqət və qayğı mühiti daha da möhkəmlənir, uşaqlara diqqət çox artır. Qızcığazın problemi də aradan qalxır.

Təxəyyül hadisələri bədii üslubda  təsəvvür edərkən, obrazlı şəkildə canlandırarkən və qələmlə təsvir edərkən real həyatla qeyri-reallıq arasında bir bağlantı yaradır. Oxuculara maraqlı gəlsin deyə, reallıqdan qeyri-reallığa – xəyali həyata  keçid edir, sonra yenə də reallığa qayıdır. Bununla da bədii əsəri zənginləşdirir, çoxçalarlı edir. Fərqli məkanlardakı rəngarənglik, müxtəlif epizodlar, fərqli, lakin bir-birini tamamlayan səhnələr, hadisələr  birləşərək zəngin bitkinlik yaradır. Maraqlı ardıcıllıq oxucunun  diqqətini çəkir.  Əsərin oxucunu daha çox cəlb edən hissəsi reallıqdan təkrar reallığa keçid zamanı arada yaşanılan xəyali hissəsidir.

Əsərin sonluğu əsas mətndə göstərilir.  Burada əsərin  necə  sonluğunu müəyyən etmək, xarakterini üzərə çıxarmaq  artıq oxucuların öz  ixtiyarına verilir. Sonluğu gözləmək üçün əsəri axıra kimi oxumaq tövsiyə olunur.

Əsər bir xəyal məhsuludur. Obrazlı təsəvvürdən ibarət olan bədii yaradıcılığın ifadəsidir. Sistemli təfəkkürün konstruksiyasıdır.  Mövzunu seçməkdə və janrı, sujet xəttini  müəyyən etməkdə müəllifin yaradıcılığının  əsas məqsədi etik üsullarla  və estetik duyumlarla  ailədə valideynlərin  uşaqlara olan məhəbbətini, mərhəmət və iltifat hissini, valideyn sevgisini artırmaqdan və qarşılıqlı məhəbbət əsasında ailə birliyini möhkəmlətməkdən  ibarətdir. Valideynlərin imkanları daxilində uşaqlarına olan  diqqətini və qayğısını  çoxaltmaq  üçün, onların  təfəkkürünə, ünsiyyət və münasibətlərinə  müsbət təsir etmək də müəllifin əsas amalıdır. Uşağa sıx qayğı hissini oyatmaq, onlara qarşı  məhəbbəti aşılamaq, uşağın qəlbinə asan yol tapmağı göstərmək müəllifin yaradıcılıq qayəsini təşkil edir.

Əsər  fəsillərdən ibarətdir. Birinci fəsildə Elşanənin böyüməsindən, ailənin ilkin  formalaşması mərhələsindən bəhs edilir. Ardınca isə acı və dramatik həyat təsvir olunur.  Mətləb, mahiyyət, məğz başlıca olaraq sonrakı fəsillərdə və bölmələrdə aşkar olunur, aydınlaşır, müəyyənləşir.

Əsər qayəsinə görə  reallıqla fantaziyanın dramatik və şən-xoşbəxt ruhda  çulğaşmasıdır. Reallıqdan uzaq olan məqamları da  çoxdur.

Əsərlə tanış olan oxucunun diqqətini  mövzuya  cəlb etmək və onu  xəyali dünyada yaşatmaq üçün müəllifin fantaziyası  işə düşüb.  Hadisələr zəncirvari qaydada təsvir olunub, canlandırılıb.