XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 20:08

İnsan qarışqa

Bu gün, May ayının 13-də Türkiyənin Soma kömür mədənində baş verən faciənin bir ili tamam olur. 301 mədənçinin ölümüylə nəticələnən bu fəlakətdə kapitalizmin insan əməyini necə istismar etdiyi, qul yerinə işləyən işçilərin hətta ən zəruri təhlükəsizliyinin təmin olunmadığı bir daha ortaya çıxdı. Bu mənada Soma fəlakəti yalnız orda həyatını itirənlərin və onların ailələrinin yox, bütün əməyi istismar olunanların faciəsidir. Hadisəni yaddaşlarda həmişə diri tutmaq tərin namusuna sayqı duymaq qədər önəmlidir.

Şair-publisist Heydər Oğuzun bu fəlakət zamanı həyatını itirənlərə həsr etdiyi “İnsan qarışqa” şeiri də məhz bu istismarı gündəmə gətirir. Soma qurbanlarının timsalında sömürülən bütün insanların dərdindən danışan şeiri Strateq.az oxucularına təqdim edirik:

(Soma kömür mədənində həyatını itirən mədənçilərə)

Anadan olanda insan doğuldun,

Amma yaşamadın bir insan kimi.

Kiminsə gözündə qarışqa oldun,

Halın açıtmadı sağkən heç kimi.

Sən bir qarışqatək yaşadın ömrü

Həyatının coxu yer altda keçdi.

Alnına yazıldı aclıq, sömürü,

Pula susayanlar tərini içdi.

İnsan qarışqası oldun, mədənçi!

Bundan özünün də xəbərin yoxdu.

Canlı makinaydın, halın dilənci

Sənin bundan başqa dəyərin yoxdu.

özünə mülk yığır qarışqa belə,

Sənsə başqasına mal toplayırdın.

Verib yer altında ömrünü yelə

Bal tutan barmağa bal toplayırdın.

Oyanıb yuxudan hər səhər erkən

Sivri külüngünlə dağı yarardın.

Qarışqa qarnına yem arayarkən,

Sənsə başqasına yem aparardın.

Səni qarışqatək görən insanlar

Sənə baxmırdılar qarışqa qədər.

Daş kömürə dəyər verən insanlar

Onu çıxarana vermirdi dəyər.

Sən bir qarişqaydın: insan qarışqa,

Atlı qarışqatək şansın yox idi.

Heç nəyin yox idi qarnından başqa

O da ki, bir gün ac, bir gün tox idi.

İşlər dayanardı acından ölsən,

Vardı bu səbəbdən yavan çörəyin.

Bir də yataq yerin vardı deyəsən,

Bir də ki əlində qazma, kürəyin.

Səni qarışqatək gördüklərindən

Bəzən məzarına dönürdü mədən.

çıxarıb mədəndən başqa məzara

Cismini gömərlər, bilirsən, nədən?

Yox, əsla bilmədin, ölü mədənci?

Bu qayğı ruhuna sayqıdan deyil.

Lütfən, sözlərimdən nə küs, nə inci

Sadəcə həqiqi dəyərini bil.

Qiymət verilməzkən hətta dirinə,

Sanırsan, ölünü əzizləyirlər?

ölü qoxu yayar öz iş yerinə,

Onlar iş yerini təmizləyirlər.

Sənə baxmadılar bir insan kimi,

Cansız makinanın canlı dişiydin.

Narahat etmirdi halın heç kimi,

Sən insan cildində zəhmət, iş idin.

Dəyərin yox idi tərindən başqa;

Beş quruş etməzdi sümüyün, ətin.

çünkü qarişqaydın: insan qarışqa,

Atlı qarışqatək yoxdu hörmətin.