XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 December 2019 - 13:44

Elşən Nəsibovun daha bir romanı çapdan çıxdı –"Zavallı Fəxriyyə" nədən bəhs edir?

Politoloq Elşən Nəsibovun daha bir romanı çapdan çıxıb. 

Strateq.az xəbər verir ki, “Zavallı Fəriyyə” adlı roman bir məktəbli gəncin nakam eşqindən bəhs edir.

***

Romanda həyatın bu bir maraqlı anı və müəyyən, bəlli zövqlü dövrü geniş təsvir edilir. Bu dövr çağlayan, coşan, qaynayan və enerjili  yeniyetməlik həyatının eşq, məhəbbət səhnəsidir. Sevgi hadisələri ilə dolu aynadır, müstəvidir. Ülvi duyğular, nəcib hisslər və saf məhəbbət bu yaşlarda əksər hallarda məsum və kövrək qəlbli  yeniyetmə və gəncləri öz ağuşuna alır, onların daxili dünyası ilə məşğul olmağa başlayır. Yeniyetmə və gəncləri öz səhnəsinin oyunçularına çevirir. Ülvi və nəcib duyğular qızlara və oğlanlara xəyallar aləmində qol-qanad açmağa imkan və təkan  verir. Sevgi hissləri yeniyetmələrin və gənclərin arzularını, xəyallarını yönləndirir. Sərhəd çəkə-çəkə, əl-qollarını bağlaya-bağlaya  onları gələcəyə doğru xəyallarla, istək və arzularla sürükləyir.

Hissləri cilovlayan, hərəkətləri sərhədləyən, gəncləri öz isti ağuşuna alan məhəbbət bu yaşlarda ona mübtəla olmuşların  davranışlarını, münasibətlərini sanki idarə edən duyğulu mücərrəd dəyərə çevrilir. Gənclərin qəlblərinin “sükanına” sahib çıxan mahir “sürücü” rolunu oynayır.

Məhəbbət, eşq gəncləri idarə edən real və mücərrəd idarəçi səhnə və bələdçi müstəvi roluna sahib çıxır. Sevgi duyğuları yeniyetmə və gənclərin düşüncə və qəlblərini birlikdə alovlandırır. Ağıl və hissiyyat arasında çevik əlaqə və reaksiyalı münasibət yaradır.

Məhəbbət deyilən məfhum dərin istək duyğularını özündə cəmləşdirərək yeniyetmə və gənclərin hətta tilovuna belə çevrilir, onları duyğulu, kövrək, gərgin və qəmli hala salır. Bəzən sürətlə addımlayan ayaqlarına “badalaqlar” da vurur, onları sarsıdır və büdrədir. Çətin sınaqlarla üz-üzə qoyur.

Bu sevgi duyğusu  gənclərin hissləri olmaqla yanaşı, onları oynadan vasitə rolunda da çıxış edir. Ancaq bu şirin və dadlı  duyğular yeniyetmə və gənclərə ilham da verir. Onları ətrafın diqqət mərkəzində saxlayır.  Şərəfləndirir, ucaldır. Yeniyetmə və gənclərin  məhəbbəti onların qəlbində rəhm hissi oyadır, əllərində əliaçıqlığı və qəlblərində səxavət toxumunu cücərdir. Onları güzəştli, səxavətli və xeyirxah ünsürə çevirir. Məhəbbət əxlaqlı olmağı tərənnüm edir. Hərəkətlər üçün artıq-əskikləri qayçılamanı şərt kimi irəli sürür.  Yeniyetmələr özlərini cilovlamaqla məhəbbətin incə duyğularının nemətlərindən əməlli-başlı yararlanmağa, qidalanmağa çalışırlar. Həkimlərin dili ilə ifadə etsək, sevgi hisslərini yaşayanlarda “eşq kimyası” kimi bilinən dopamin beyində xoşbəxtlik hissi yaratmağa başlayır. Ürəyin sürətli döyüntüsü və həyəcan noradrenalin maddəsini artırır.

Qısqanclıq istəklərin, sevginin təcəüssümü və  dayağıdır. Qısqanclıq məhəbbətin, qəlblərdə baş qaldırmış nəcib və şirin duyğuların testidir. Yeniyetmə və gənclər qısqanclıqla öz sevgi hisslərini müdafiə funksiyasını büruzə verirlər. Qısqanclıq  hissləri eşqə mübtəla olmuşların daxili aləmlərini qaynadır. Hiss ilə ağıl arasında mübarizəni və vəhdəti  meydana gətirir. Bəzən də hissləri ağıl üzərində qalibə çevirir.

Orta məktəbin onuncu sinifində təhsil alan gözəl qəlbli, incə duyğulu, cazibəli və füsunkar, estetik görünüşlü, ətrafın diqqətini daima özündə saxlayan Fəxriyyə birdən-birə, ondan  asılı olmayaraq, qəlbinin hökmünə, gözlərinin hisslərinə  tabe olaraq  öz sinif yoldaşı olan Eltuna aşiq olur. Ona saflıqla, təmiz qəlblə vurulur. Məktəbin şagirdləri içərisində avanqard hesab olunan və  qabaqcıl oğlanlarından biri olan Eltuna aşiq olmaq səbəbi onda olan gözəlliyin, alicənablığın, mədəniyyətin təşəkkül tapmasıdır.

Məsum Fəxriyyə də bir çoxları kimi ömrünün bu çağlayan, coşub-daşan anında məhəbbətin tilovuna rast gəlir. Məhəbbət duyğuları qızı gah gözəl, enerjili  yaşadır, gah da sındırıb naümid edir. Məhəbbətin titrəşimləri, rəngarəng fon yaradan simləri qızcığazın qəlbini əməlli-başlı silkələyir. Öz keşməkeşli ştrixlərini cızır.  Məhəbbətin telləri məsum Fəxriyyənin qəlbinə toxunduqca orada öz melodik izlərini buraxır, ştrixlərini cızır.

Ümidli Fəxriyyə öz sevgisinə tezliklə qovuşacağı fikirləri ilə həyatını  coşqu ilə yaşayır.  Məhəbbətin bəxş etdiyi duyğulardan ard-arda  xüsusi zövq və ilham alan qızcığaz həqiqətən də həyatını mənalı etməkdədir. Özünü sinif qızları içərisində tam fərqli hiss edir.  Demək olar ki, sevdiyi oğlanın, sinif yoldaşının yanında olması, onunla bir məktəbi bölüşməsi ona arxayınlıq gətirir, ürəyini sakitləşdirir.

Fəxriyyə sevdiyi Eltunu daima qoruyur, onu özününkü hesab edir. Hər gün öz sinif yoldaşına görə məktəbə tələsən, evdən çıxmamış güzgü qabağında özünə tumar verən qızcığaz, geyimlərinə səliqə-səhman qatan sevgi aşiqi  öz nəcib gözəlliyini sevdiyi Eltuna əbədi olaraq hədiyyə etmək niyyətindədir. İndi Eltun onun həyatında mərkəzi yeri tutur. Qəlbinə hakim kəsilib. Bütün xəyallarının cəlbedici elementini təşkil edir.  Buna görə də yeniyetmə Fəxriyyə  özünün ruhundan qaynaqlanan xoş ətrini sevdiyi oğlana “qoxulatmaq” həvəsindədir. Sevgilisinə  xoş olsun deyə,  saatlarla güzgü önündə özünə tumar verən, xumar saçlarına daraq vuran Fəxriyyə eşqdən parlayan gözləri ilə  onu valeh edən Eltunun aydın simasını, gülərüzünü, nəcib baxışlarını   hər gün  görməyə tələsir. Narahat və tələsik  addımlarla hər gün  məktəbə sarı addımlayan Fəxriyyə məktəb dəhlizlərində  Eltunu görmək üçün tez-tez ora-bura baxır.  Daima onu axtarır.  Addımlaya-addımlaya gözlərini ətrafa zilləyir. Tapmasa belə, ümidini qırmır. Sinif otağına  daxil olarkən Eltunu görən kimi ürəyini rahatlayır. Fikirləşir ki, hər necə olursa- olsun, onsuz da Eltun da məktəbdə, onunla eyni sinifdə olmaq məcburiyyətindədir. Hara getsə də hər gün müəllimə dərs cavabı verən, çalışqan və oxumağa böyük həvəs göstərən, bütün fənlərdə lövhələr önünə çıxan  Eltun nəhayət sinifdə olacaqdır.  Məktəbdə olduğu müddətdə Fəxriyyə xəyallarla öz düşüncələrini zənginləşdirir və evə gedərkən yolda yeni xəyallara düşür, yeni arzular qurur. “Kaş Eltunla bir addımlayardıq!”, “Kaş mənim arxamca düşəydi!”, “Mən də ona bir naz edərdim!”,  “Kaş məni o evə ötürərdi!” kimi fikirlərlə Fəxriyyə evlərindən çox da uzaq olmayan məktəb yollarında ürəyinin istəyini öz-özünə bildirə-bildirə qalırdı.  İstəyini arzulara çevirirdi.

Fəxriyyənin aylardır  dərin sevgi yaşamasına rəğmən, özünün ciddi görkəmi ilə seçilən Eltunun qızın  məhəbbətindən  geniş şəkildə xəbəri olmur. Bəzi hallarda sadəcə olaraq hərəkətlərdən, mimikadan, cizgilərdən, baxışlardan  duya bilir. Ancaq tam ayırd edə bilmir. Fəxriyyə isə bu məhəbbəti qəlbində yaşadır və günü-gündən lal formada, dinməzcə dərinləşdirir.  Ürəyini çox adama aça bilmir.  Sinif qızlarından ehtiyat edir. Şayiələrin yayılacağından ehtiyyatlanır. Buna görə də hələlik susur. Özünün çağlayan məhəbbətini Eltundan daima gizlədir.  Eltunun ciddi xarakteri və valehedici  görkəmi Fəxriyyəni ehtiyatlı davranmağa məcbur edir. Qızın dilini  qapayır. Onu açmağa, ürək sözlərini ifadə etməyə  imkan vermir.  Ancaq Eltunun səmimiyyəti, insanlığı və alicənablılığı, həm də yaraşıqlı olması əməlli-başlı qızı valeh edir. Qızın dilini qapasa da, ürəyini açmaqda, qəlbinə hakim kəsilməkdə  davam edir.  Qızın bütün xəyalları ona bağlanır. Bu məhəbbət daha çox gizli və qapalı şəkildə, həm də ürəyin dərinliyində böyük mənalarla baş qaldırır. Fəxriyyənin zahiri estetikası onun mənalı zəngin daxili ilə uyğunlaşmaqdadır. Bu həmahənglikdən zavallı qız gah dözüm və səbr nümayiş etdirir, gah da sarsılaraq  hərdən göz yaşları axıdır. Qızın sevgisi onun Eltuna olan ünsiyyətinin tərzini də dəyişir. Adi sözü belə ehtiyatla soruşur. Eşq, saf duyğu  onun Eltunla münasibətlərinin sərhədlənməsinə, məsafələnməsinə və süzgəclənməsinə  səbəb olub.

Məhəbbətin simptomları qızın qəlbinin dərinliklərinə qədər işləyir və qızın xəyalı dünyasının ülvi bir nemətinə çevrilir. Günü-gündən Fəxriyyənin həyatında baş verən  dönüş onun ata və anasının, eləcə də bac4ılarının diqqətini çəkməyə başlayır. Evdə onun qəribə, ətrafın diqqətini həssaslıqla cəlb edən davranışları ailə üzvlərini, xüsusilə, ana və bacılarını şübhələndirməyə başlayır. Başlanğıcda müəyyən iradlar meydana gəlir.

Ancaq qız ona qarşı yönələn iradlara məhəl qoymur. Zavallı, biçarə Fəxriyyə həyatının keçid dövrünü məhəbbət deyilən dəyərə bağlayıb, daha doğrusu məhəbbət şöləsi onun  bu yaşda qəlbini işıq kimi nurlandırmaqdadır. Sevgi duyğuları  onun simasına əbədi nur bəxş etməkdədir. Eşqındən aldığı zövq sanki onu başqa bir aləmə, həm də gözəl duyğulu aləmə aparır. Fəxriyyənin saf, məsum dünyası məhəbbət alovu ilə enerjilənir, işıq saçır. Qızı məftun edir.  O, öz gələcək arzularını, ümid və niyyətlərini, saf xəyallarını  daxilindən aldığı məhəbbət enerjisi ilə bağlayır və gələcək  həyatını ancaq  öz sinif yoldaşı Eltunla birgə təsəvvür edir. Fəxriyyə məhəbbətdən qol-qanad açır, gələcəyə ümidlə baxır. Özünün yalnız və yalnız Eltunla birlikdə xoşbəxt olacağını mütləqləşdirir.  Daxilini əminliklə rahatlayır. Fəxriyyə öz qəlbini əbədi olaraq dərindən sevdiyi Eltuna bağlamaq arzusu ilə yaşayır.  Fikirləşir ki, ciddi görkəmli, humanist qəlbli, həyata ciddi baxışlı, həm də liberal düşüncəli  Eltunla gələcəkdə ailə həyatı qurmaqla, o, öz sevdasına tam qovuşa biləcəkdir. Həyatını zəmanətləyəcəkdir. Bu yöndə  düşüncələrində  yaşa uyğun hakim olan sadəlövlük və saf inam qızın ideal dünyasını əməllicə zənginləşdirib.

Bir müddət keçdikdən sonra ətrafdan sinif yoldaşlarının bəziləri eşq yaşayan Fəxriyyənin qəlbindən xəbər tuturlar. Lakin bu barədə Eltuna geniş məlumat vermirlər. Bəlkə də bu, qısqanclıqdan baş verir.  Eltunun da qəlbində olan istək  başqasına yönəlir.  Eltun qəlbində öz sinif yoldaşı olmayan, ondan kiçik olan  başqa bir qızdan xoşu gəlir.  Bunu eşidən Fəxriyyə tez-tez məyus olur, heyfislənir.  Kədər aləminə qərq olur.

Həm də Fəxriyyəni onunla paralel sinifdə oxuyan Asim  sevir. Asim daima onun dalınca düşür. Söhbətlər edir. Onu sevdiyini bildirir.  Bunu aşkaranə edir və hər kəsə Fəxriyyəni sevdiyi barədə məlumatlar verir. Məktəbin bütün uşaqları və müəllimləri bundan xəbər tuturlar. Asimin və Fəxriyyənin valideynləri də bundan hali olurlar.  Ancaq Fəxriyyənin qəlbi öz dərinlikləri etibarilə Eltuna bağlanıb. Eltunun kölgəsi qızın bütün aləmini əhatə edib. Fəxriyyə öz eşqi barədə Eltunun da  yaxın dostu olan Asimə bir kəlmə də belə deyə bilmir. Fəxriyyə Asimi yalnız bir dost kimi, sinif yoldaşı olaraq  qəbul edir. Onunla yol getməyə və Asimi onu evlərinə qədər ötürməsinə də adi baxır. Asim onunla söhbət edəndə Fəxriyyənin fikri başlıca olaraq dağınıq olur.  Öz düşüncələrini toparlaya bilmir. Fəxriyyəni narahat edən məqam ondan ibarət olur ki, Eltunu başqa siniflərdən qızlar sevir. Onun cazibəliliyi çoxlu sayda qızların “ağıllarını əlindən alır”. Eltun haqqında çoxlu sayda söz-söhbətlər gəzir. Eltun əksər hallarda qızlar arasında söhbətin  baş qəhrəmanına, sevgi simvoluna  çevrilir.  Eltunun şirin dili, mülayim davranışı, savadı, biliyi və istedadı, cazibədarlığı və yaraşığı  məktəb qızlarının bir çoxunun diqqətini cəlb etməkdədir. Bu da Fəxriyyəni dərindən narahat edir, qısqandırır  və onu çox zaman kədərə bürüyür. Naümidləşdirir, məyus edir. Onda dərin narahatlıq yaradır. Fəxriyyənin ən böyük qorxusu Eltunu itirməkdən ibarət olur. Lakin Eltunu tam qazanmaq üçün qız əməlli-başlı canfəşanlıq edə bilmir, onunla bir müddət   məsafə saxlayır və sadəcə olaraq salam verməklə, bəzi söhbətlər etməklə kifayətlənir. Onu dərindən sevdiyindən gözlərinin içinə aydın baxa bilmir, çəkinir,  başını utancaq halda aşağı salır. Digər sinif yoldaşları kimi zarafatlar edə bilmir, şənlənə bilmir. Qız özünü onun yanında çərçivələrə salır. Çox ciddiləşdirir. Eltunun yanında olarkən qızın qəlbində titrəşimlər oyanır. Bununla da platonik və “lal məhəbbət” yaşayırlar.  Fəxriyyə Eltunu qısqandığından müdafiə edir. Eltun bir müddət onun bu reaksiyasını dost diqqəti kimi qəbul edir. Nəhayət bir müddətdən sonra agah olur. Eltun da bu nəcib gözəlin sevgisinə sevgu ilə cavab verməklə  məhəbbət aləmini bütövləşdirir.  Fəxriyyə Eltunu sevdiyini həm də ona əhatəli məktub yazmaqla bildirir.

Lakin biçarə məktəbli Fəxriyyənin eşqı nakam qalır. Ümidləri, arzuları puça çıxır. Həyatının erkən yaşlarında məcburən başqası ilə ailə qurur. Bu ailə ona heç də mənəvi  uğur gətirmir, iztirablar çəkir, ömrünün xeyli hissəsini Eltunun eşqi ilə yaşayır. Onu unuda bilmir. Eltunun həyatını məlumatlarla izləyir. Onu müşahidə edir və bununla bir qədər ürəyinə toxtaqlıq gətirir, həyatına rahatlıq verir. Uzun zamandan sonra Eltunun ailə həyatı qurması xəbəri Fəxriyyənin ruhunu sarsıdır. Aləmini alt-üst edir. Dünyasını təkrar qaranlıqlaşdırır.   Lakin bir müddətdən, illər ötdükdən sonra   Eltunu görür və  daxilindən keçən cərəyanlarla məhəbbətinin sönmədiyinin bir daha şahidi olur. Eltun onun hələ də sönməyən dərin məhəbbəti haqqında sonradan-sonraya da xəbər tutur. Əlamətlərdən hiss olunur.  Həm duyur, həm də  Fəxriyyənin dərin məhəbbəti haqqında sinif yoldaşlarından tükürpədici, şokedici  məlumatlar əldə edir. Lakin artıq hər şey arxada qalıb. Hər ikisinin ailəsi var.  Çox illər ötüb.  Ancaq  buna baxmayaraq Fəxriyyənin uşaqlıq məhəbbəti Eltunun düşüncələrini yenə də narahat edir. Bu da ondan asılı olmur.  Fəxriyyəyə qarşı  yenə də mücərrəd hisslər yaşayır. Onu düşüncələrinə hakim edir. Qəlbini alovlandırır.

Hansısa bir məqamda onlar qarşılaşırlar. Bu qaşılaşma dəhşətləri, çıxılmazlıqları, çətin durumları və gərgin anlaşılmazlıqları   özündə əks etdirir. Bu qarşılaşmada  Fəxriyyə həyatını itirir və öz  nakam eşqinin qurbanı olur.

Hər ikisinin ayrılıqda rastlaşma səhnəsi özündə dərin kədəri, qəm və qüssəni əks etdirir. Eltun iyirmi yeddi  ildir ki,  onun eşqini qəlbində saxlayan Fəxriyyəni itirir. Bu da Eltunu dərindən sarsıdır.  Mənəvi hisslərinə  həlledici zərbələr vurur.