XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 07:55

Redyard Kiplinqin “özünütanıma” düsturu

Ridyard Kiplinq Hindistan doğumlu ingilis yazıçısıdır. 1865-ci ildə Bombeydə doğulub. 1936-cı ildə Londonda vəfat edib. O, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk ingilis yazıçısıdır. Bu mükafata 1907-ci ildə “Müşahidə etmək bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik istedadına görə” layiq görülmüşdür. Onun “Cəngəllik kitabı” (Mauqli) əsəri bütün dünyada məşhurdur. Ridyard Kiplinq yazıçı olmasına baxmayaraq, həm də maraqlı şeirləri ilə də diqqət çəkir. “Əyər” adlı şeirində zəngin təcrübəsinə dayanaraq insan ola bilmənin, başqa sözlə desəm, insanın özünü kəşf etməsinin və tanımasının düsturunu verir. Şeirin oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb Azərbaycan türkcəsinə çevirdim. Olsun ki, bu şeirdə kimsə özünü tapacaq:

Əyər…

Ətrafındakılar təlaş içinə düşüb də,

Bunun səbəbini səndən bildikləri zaman,

Əyər sən başını dik tuta bilir və məntiqini itirməzsən;

Əyər sənə kimsə güvənməzkən sən özünə güvənir

Və onların güvənməmələrini də haqlı görə bilirsən;

Əyər gözləməsini bilir və gözləməkdən yorulmazsan

Və ya haqqında yalan söylənsə də, sən yalanla iş görməzsən,

Ya da səndən nifrət edildiyi halda özünü nifrətə təslim etməzsən,

Bütün bunlarla bərabər nə çox yaxşı, nə də çox ağıllı görünməzsən;

Əyər xəyal qura bilir, amma xəyallara əsir olmazsan,

Əyər düşünə bilir və düşüncələrini məqsədə çevirə bilirsən,

Əyər zəfər və yenilgi ilə qarşılaşır,

Və bu iki hoqqabaza eyni şəkildə davrana bilirsən;

Əyər ağzından çıxan bir gerçəyin bəzi nadanlar tərəfindən

Axmaqlara tələ qurmaq üçün əyilib bükülməsinə qatlana bilirsən,

Ya da ömrünü verdiyin şeylərin bir gün başına yıxıldığını görür,

Və əyilib yıpranmış alətlərlə onları yenidən edə bilirsən;

Əyər bütün qazancını bir yığın edə bilir,

Və şans oyununda hamısını təhlükəyə ata bilirsən;

Və yenilsən da yenidən başlaya bilirsən,

Və yenilgən haqqında bir kərə də olsun bir şey söyləməzsən;

Əyər qəlb, sinir və əzələlərin tükəndiyində belə onları daha artıq məcbur edə bilirsən,

Və özünə “dayan” deyən bir iradədən başqa bir güc qalmadığı zaman dayana bilirsən;

Əyər hər kəslə zaman keçirib yetkin qala bilirsən,

Əyər krallarla dolaşsan da mənliyini itirməzsən,

Əyər nə düşmənlərin, nə də sevgili dostların səni incitməzsə;

Əyər ifrata varmadan bütün insanları sevə bilirsən;

Əyər bir daha dönməyəcək olan hər dəqiqənin hər saniyəsini dolu-dolu yaşaya bilirsən;

Yer üzü və üstündəkilər sənindir, oğlum!

Və önəmlisi sən bir İNSAN olursan, oğlum!

Namiq Hacıheydərli