Ədəbiyyat gözəllikdir,
Ədəbiyyat ucalıqdır,
Ədəbiyyat “dünyaya üç dəfə talaq verib”, ömrün anlamını “şam kimi yanmaqda” aramaqdır.
Ədəbiyyat taleyindən bezib kəndiri boğazına keçirən ümidi tükənmişin ürəyində ümid toxumu əkmək, yaşam eşqi cücərtmək, onu yenidən həyata qaytarmaq sənətidir.
Ədəbiyyat min-min söz içindən ən gözəlini seçib oxucuya çiçək çələngi kimi sunmaq sənətidir.
Ədəbiyyat Tanrını insanlaşdırmaq yox, insanı Tanrılaşdırmaq sənətidir…
Ədəbiyyatdakı ədəb sözünü görməzdən gəlib də biədəbiyyat yaradanları, ədəbiyyatı intriqa alanına və söyüş atışmaları poliqonuna çevirənləri, zaman böyük ədəbiyyatın yaddaşında saxlamayacaq. ƏDƏBin qəbul etmədiyini ədəbiyyat da qəbul etməyəcək. Bu ülviliyə xidmət etməyən nə varsa Ulutürkün dediyi kimi “böyük ədəbiyyat alovlarında” kötük kimi alovlanıb yanacaq.
Hələ ki, ədəbiyyatımızdan, özəlliklə poeziyamızdan gah küçə itlərinin səsi gəlir, gah inilti səsi, gah da təkcə insandan aşağı yox, qurşaqdan aşağı istəklərdən doğan ah-uf zırıltıları duyulur.
Səhnəyə çılpaq çıxan bəzi müğənnilər kimi ədəbiyyat səhnəsinə təkcə özünü deyil, sevgilisini çılpaq şəkildə çıxaranlar, axşam yaşadıqlarını səhər realizm deyib ədəbiyyata gətirməyə cəhd edənlərin boyundan böyük iddiaları acı təəssüf doğurur.
Bunlar ədəbiyyat deyil, Ədəbiyyatın əks qütbündə dayanan biədəbiyyatdır.
Hələ ki, poeziyamızda səslərin harmoniyası yox, çığırtıların, iniltilərin və kəkələmələrin qarışıq səslərindən yaranan xaos var…
Ədəbiyyat insanları nadanlıq, cəhalət kimi xəstəliklərdən xilas etmək, kobudluqdan, bayağılıqdan qurtarmaq sənətidir. Harda ki, nadanlıq var, cəhalət var, orada ədəbiyyatın uğurlarından danışmaq yersizdir.
Ədəbiyyat toplumdan millət yaratmaq, xaosdan harmoniya yaratmaq sənətidir.
Ədəbiyyat qaranlıqdan qurtulmaq üçün yol göstərən işıqdı. İşıq ola bilmirsə, deməli, ədəbiyyat da ola bilməyib ədəbiyyat dediyimiz…
Ədəbiyyat göylərin qutsallığını yerə daşımaq, yerdəkiləri göylərə, uçalığa səsləmək üçündür.
Ədəbiyyat damla-damla, addım-addım dünyanı gözəlləşdirmək üçündür.
Ədəbiyyat nifrəti sevgiyə, savaşları barışlara döndərmək üçündü. İçində ədəbiyyat, poeziya sevgisi olan insanları sevər, insanlığı sevər. İnsanı və insanlığı sevən qan gölünə çevrilmiş ölkələrdə çocuqların sinəsinə güllə sıxmaz, kimsəsiz çocuğu sinəsinə sıxar.
Dünyada Söz yox, silahlar hökm edirsə, diqtə edən ağıl yox, gücdüsə, insanlar bir-birinə gül-çiçək yox, güllə “ərməğan” edirsə;
Dünyada tək bircə nəfər bədbəxt varsa, tək bircə nəfər özünü kimsəsiz hesab edən varsa, tək bircə nəfər aşağılanan insan varsa hələ ədəbiyyatın görəcəyi və görməli olduğu çox böyük işlər var.
Ədəbiyyat yaxşıları və yaxşılıqları birləşdirmək, böyütmək, dünyanı yaxşıların dünyasına döndərmək üçündü…
Əbu Turxan:
Kol kola söykənibdir,
Gülsə tikan üstədir.
Yaxşılar ayrı düşüb,
Yamanlarsa dəstədir – deyirdi.
Yaxşılar birləşəndə yamanlar da yaxşı olmaq, yaxşılardan olmaq istəyəcək…
Strateq.az